Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 78

İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

Vəftiz olunduqdan qısa müddət sonra İsa Məsih təbliğ etməyə başlayır. O, «Allahın Padşahlığı yaxındır», — deyə təbliğ edir. İsa Məsih Cəlilə və Yəhudiyyəni dolaşanda şagirdləri də onun yanında olur. O, doğma şəhəri Nasirəyə qayıdanda sinaqoqa girib Əşiya peyğəmbərin yazdığı tumarları açıb ucadan oxuyur: «Yehova Allah mənə Öz müqəddəs ruhunu verib ki, xoş xəbəri təbliğ edim». İsa Məsih nə demək istəyir? O demək istəyir ki, insanlar onun möcüzə göstərməsini istəsələr də, onun müqəddəs ruhu almaqda əsas məqsədi xoş xəbəri təbliğ etməkdir. Sonra isə o, camaata deyir: «Bu gün bu peyğəmbərlik yerinə yetir».

Sonra İsa Cəlilə dənizinə gedir. O, oradakı dörd balıqçını özünə şagird seçir. İsa onları dəvət edir: «Mənimlə gəlin. Bundan sonra insan tutacaqsınız». Bu şagirdlərin adları Butrus, Andreas, Yaqub və Yəhyadır. Onlar dərhal balıqçılıqdan əl çəkib İsanın ardınca gedirlər. Onlar bütün Cəliləni gəzib Yehovanın Padşahlığı haqda danışırlar. Həmçinin sinaqoqlarda, bazarlarda və küçələrdə təbliğ edirlər. Getdikləri hər yerdə çoxlu camaat onların ardınca gedir. İsa Məsih haqda xəbər hər yerə, hətta Suriyaya da gedib çatır.

Bir müddət sonra İsa Məsih bəzi şagirdlərinə insanları sağaltmaq və cinləri çıxarmaq gücü verir. Onlar İsa ilə birgə şəhərbəşəhər, kəndbəkənd dolaşıb təbliğ edir. Məcdəlli Məryəm, Yuhənna, Süsən və başqa imanlı qadınlar İsanın və şagirdlərinin qulluğunda dururlar.

Şagirdlərinə təlim verəndən sonra İsa Məsih onları təbliğ etməyə göndərir. Onlar Cəliləni dolaşıb təbliğ edirlər. Bir çox insan vəftiz edilib İsa Məsihin şagirdi olur. Çoxları onun şagirdi olmaq istədiyindən, İsa Məsih onları biçinə hazır olan zəmi ilə müqayisə edir. O deyir: «Yehovaya dua edin ki, məhsulu  yığmaq üçün çoxlu biçinçi göndərsin». Sonra şagirdlərindən 70-ni seçib, onları iki-iki bütün Yəhudiyyədə təbliğ etməyə göndərir. Onlar hər cür insana Allahın Padşahlığı haqda öyrədirlər. Şagirdlər geri qayıdanda həvəslə İsa peyğəmbərə başlarına gələnləri danışırlar. Şeytan onların təbliğ etməsinə mane ola bilmir.

İsa Məsih əmin olur ki, şagirdləri o göyə qayıdandan sonra da bu vacib işi görməyə davam edəcəklər. O şagirdlərinə deyir: «Dünyanın hər yerində xoş xəbəri təbliğ edin. Camaata Allahın Kəlamını öyrədin. Onları vəftiz edin».

«Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43)