Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 84

İsa Məsih suyun üstü ilə gəzir

İsa Məsih suyun üstü ilə gəzir

İsa Məsih yalnız xəstələri sağaldıb, ölüləri diriltmir, o, həmçinin küləyi və yağışı ram edə bilir. İsa Məsih dağda dua edəndən sonra Cəlilə dənizinə baxır və görür ki, dənizdə fırtına qopub. Onun həvariləri qayıqdadır. Külək onlara üzməyə aman vermir. İsa Məsih aşağı düşüb suyun üstü ilə qayığa tərəf gedir. Həvarilər kiminsə suyun üstü ilə yeridiyini görəndə çox qorxurlar. Ancaq İsa Məsih onlara səslənir: «Bu mənəm. Qorxmayın».

Butrus deyir: «Ağa, əgər, doğrudan da, sənsənsə, əmr et ki, yanına gəlim». İsa Məsih Butrusa deyir: «Yanıma gəl». Butrus fırtınanın ortasında qayıqdan çıxıb suyun üstü ilə İsaya tərəf gedir. Ancaq İsaya çataçatda fırtınaya baxıb qorxuya düşür və batmağa başlayır. Bu zaman o qışqırır: «Ağa, məni xilas et!» İsa Məsih onun əlindən tutub deyir: «Niyə şübhə etdin? Hanı sənin imanın?»

İsa və Butrus qayığa minir. Elə həmin an fırtına sakitləşir. Təsəvvür edirsən, həvarilər hansı hissləri keçirirlər? Onlar deyirlər: «Sən, doğrudan da, Allahın Oğlusan».

Bu, İsanın küləyi ram etdiyi yeganə hadisə deyil. Bir dəfə İsa və həvariləri qayıqla dənizin o biri sahilinə üzür. İsa qayığın arxa tərəfində yatır. Həmin ərəfədə şiddətli fırtına qopur. Dalğalar qayığı atıb-tutur, qayığın içərisi su ilə dolur. Həvarilər İsanı oyadaraq qışqırırlar: «Müəllim, öləcəyik, kömək et!» İsa durub dənizə səslənir: «Dayan, sakit ol!» O andaca külək dayanır, dəniz sakitləşir. İsa həvarilərindən soruşur: «Hanı sizin imanınız?» Onlar bir-birilərinə deyirlər: «Külək belə ona itaət edir». Həvarilər başa düşürlər ki, əgər onlar İsaya tamamilə etibar etsələr, nədənsə qorxmalarına ehtiyac qalmaz.

«İşıqlı dünyada Yehovanın kəramətini görəcəyimə inanmasaydım, halım necə olardı!» (Zəbur 27:13)