Eramızın 32-ci ilinin Pasxa bayramından bir az əvvəl həvarilər təbliğ səyahətindən qayıdırlar. Onlar yorğundurlar, buna görə İsa Məsih onları da götürüb dinclərini almaq üçün qayıqla Beytsəydaya üzür. Ancaq qayıq sahilə yaxınlaşanda İsa Məsih görür ki, minlərlə adam onların arxasınca oraya gəlib. O, şagirdləri ilə dincəlmək istəsə də, camaatı xoş qarşılayır. İsa Məsih xəstələri sağaldır, camaata təlim verir, bütün günü onlara Allahın Padşahlığı haqda danışır. Axşam düşəndə həvarilər ona yaxınlaşıb deyirlər: «Camaat acdır. Qoy gedib nə isə yesinlər».

İsa Məsih deyir: «Heç hara getməsinlər. Siz onlara yemək verin». Həvarilər soruşur: «Deyirsən gedib camaata çörək alaq?» Həvari Filip deyir: «Hətta 200 dinarlıq çörək alsaq da, bu qədər adama bəs etməz».

İsa Məsih soruşur: «Nə qədər çörəyimiz var?» Andreas cavab verir: «Bizim beş çörək və iki xırda balığımız var. Bu kimə bəs edər?» İsa Məsih deyir: «Çörəyi və balığı mənə gətirin». O, camaata deyir ki, əlli-əlli, yüz-yüz otursunlar. İsa Məsih çörəyi və balığı götürür, göyə baxaraq Allaha dua edir. Sonra çörəklə balığı həvarilərə verir ki, camaata paylasınlar. Hamı, 5000 kişi, arvad-uşaq yeyib doyur. Sonra həvarilər artıq qalan tikələri yığırlar ki, heç nə zay olmasın. Onlar nə az, nə çox düz 12 səbət çörək  yığırlar. Görürsən, İsa Məsih necə möhtəşəm möcüzə göstərir!

Bunu görən camaatı heyrət bürüyür. Onlar İsa Məsihi özlərinə padşah etmək istəyirlər. Ancaq İsa Məsih bilir ki, Yehovanın onu padşah təyin etməsinə hələ var. Buna görə də o camaatı geri göndərir və həvarilərinə deyir ki, Cəlilə dənizinin o tayına getsinlər. Onlar qayığa minib gedirlər. İsa Məsih isə tək qalmaq üçün dağa qalxır. Nəyə görə? Çünki Atasına dua etmək istəyir. Nə qədər məşğul olsa da, İsa Məsih dua etməyə həmişə vaxt ayırır.

«Xarab olub gedən qida üçün əlləşməyin, əbədi həyat gətirən və daim qalan qidadan ötrü çalışın. Bu qidanı sizə insan Oğlu verəcək» (Yəhya 6:27)