Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 69

Cəbrayıl mələk Məryəmə görünür

Cəbrayıl mələk Məryəmə görünür

İlsəbanın Məryəm adlı gənc qohumu var. Məryəm Cəlilənin Nasirə şəhərində yaşayır. O, dülgər Yusiflə nişanlıdır. İlsəbanın hamiləliyinin altıncı ayında Cəbrayıl mələk Məryəmə görünür. O deyir: «Salam, Məryəm. Yehova səndən çox razıdır». Məryəm onun nə demək istədiyini başa düşmür. Sonra Cəbrayıl ona deyir: «Sən hamilə qalıb, bir oğul doğacaqsan. Onun adını İsa qoyarsan. O, padşah olacaq. Onun Padşahlığının sonu olmayacaq».

Məryəm deyir: «Axı mən bakirəyəm. Mənim necə uşağım ola bilər?» Cəbrayıl cavab verir: «Yehova üçün mümkün olmayan heç nə yoxdur. Müqəddəs ruh üzərinə gələcək və sənin bir oğlun olacaq. Bax qohumun İlsəba da hamilədir». Sonra isə Məryəm deyir: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun».

 Məryəm İlsəbaya baş çəkməyə gedir. O, İlsəbanı salamlayanda İlsəba bətnindəki uşağın tərpəndiyini hiss edir. O, müqəddəs ruhla dolaraq deyir: «Məryəm, Yehova səni şərəfə layiq görüb. Ağamın anasının evimə gəlməyi mənim üçün şərəfdir». Məryəm deyir: «Bütün qəlbimlə Yehovanı ucaldıram». Məryəm üç ay İlsəbanın yanında qalır. Sonra isə Nasirəyə evinə qayıdır.

Yusif Məryəmin hamilə olduğunu öyrənəndə nişanı qaytarmaq istəyir. Ancaq mələk yuxuda ona görünüb deyir: «Onunla evlənməkdən qorxma. O, səhv iş tutmayıb». Buna görə də Yusif Məryəmlə evlənib, onu evinə gətirir.

«Göydə və yerdə... Yehova istədiyi hər şeyi edir» (Zəbur 135:6)