Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 67

Yerusəlim divarları

Yerusəlim divarları

Gəl bir neçə il əvvələ qayıdaq. Fars padşahı Artakserksin Nəhəmya adlı israilli qulluqçusu olur. Nəhəmya Şuşda yaşayır. Bir gün Nəhəmyanın qardaşı Yəhudadan bəd xəbərlə gəlir: «Yerusəlimə qayıtmış xalq təhlükədədir. Babillilərin dağıtdığı şəhər divarları və darvazaları hələ də tikilməyib». Bunu eşidəndə Nəhəmya çox pis olur. O, Yerusəlimə qayıdıb xalqa kömək etmək istəyir, buna görə də Allaha dua edir ki, padşah ona getməyə icazə versin.

Bir gün padşah fikir verir ki, Nəhəmya kədərlidir. O, Nəhəmyaya deyir: «Səni heç vaxt belə görməmişdim. Niyə kefin yoxdur?» Nəhəmya cavab verir: «Kədərlənməyim, nə edim! Axı şəhərim, Yerusəlim xaraba qalıb». Padşah soruşur: «Sənin üçün nə edə bilərəm?» Nəhəmya cəld ürəyində dua edib deyir: «Xahiş edirəm, icazə ver ki, gedib Yerusəlimin divarlarını yenidən tikim». Artakserks padşah Nəhəmyaya icazə verir və onun Yerusəlimə təhlükəsiz şəkildə çatması üçün tədbir görür. Həmçinin o, Nəhəmyanı Yəhudanın başçısı təyin edir və ona darvazaları düzəltmək üçün ağaclar verir.

Nəhəmya Yerusəlimə gəlib çatır. O, şəhərin divarlarına göz gəzdirir və kahinləri, başçıları bir yerə toplayıb onlara deyir: «Bu ki dəhşətdir. Cəld işə başlamalıyıq». Xalq razılaşır və onlar divarları yenidən tikməyə başlayırlar.

Ancaq israillilərin bəzi düşmənləri onlara lağ edib deyirlər: «Tikdiyiniz divarın üstünə tülkü çıxsa, dağılar». İşçilər deyilən sözlərə fikir vermir və divarı tikməyə davam edirlər. Divar tikildikcə daha hündür və möhkəm olur.

Düşmənlər qərara gəlir ki, müxtəlif istiqamətlərdən qəfildən Yerusəlimə hücum etsinlər. Yəhudilər bunu eşidəndə çox qorxurlar. Ancaq Nəhəmya xalqa deyir: «Qorxmayın. Yehova bizimlədir». O, işçiləri qorumaq  üçün keşikçilər qoyur. Buna görə də düşmənlər hücum edə bilmir.

Cəmi 52 günə divarlar və darvazalar hazır olur. Nəhəmya bütün lavililəri açılış üçün Yerusəlimə toplayır. O, nəğmə oxuyanları iki qrupa bölür. Onlar pilləkənlə Bulaq darvazasındakı divara qalxırlar və şəhərin ətrafı ilə əks istiqamətlərə gedirlər. Onlar kərənay, çalğı alətləri və lira çalaraq Yehovaya nəğmə oxuyurlar. Üzeyir bir qrupla, Nəhəmya isə digər qrupla gedir və onlar gəlib məbədin qabağında görüşürlər. Bütün xalq, kişilər, qadınlar və uşaqlar Yehovaya qurbanlar gətirir, bayram keçirirlər. Onların sevinc sədaları ta uzaqdan eşidilir.

«Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» (Əşiya 54:17)