Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 11

Allahdan ilham almış, təsəlli və təlim verən ruhani nəğmələr

Allahdan ilham almış, təsəlli və təlim verən ruhani nəğmələr

Davud və başqaları ibadətdə istifadə etmək üçün ruhani nəğmələr qoşmuşlar. Bunlardan 150-sinin sözləri «Zəbur» kitabında yazılıb

MÜQƏDDƏS YAZILARIN ən böyük kitabı müqəddəs nəğmələrdən ibarət topludur. Kitab bütünlüklə təxminən 1000 il ərzində yazılmışdır. «Zəbur» kitabında imandan irəli gələrək söylənilən ən dərin və təsirli sözlər öz əksini tapmışdır. Burada sevinc, fəxr və minnətdarlıqdan tutmuş kədər, qüssə və peşmançılığa kimi insanların müxtəlif hissləri ifadə olunur. Nəğmələrdə məzmurçuların Yehovaya etibar etdikləri, Onunla sıx münasibətlərinin olması aydın görünür. Gəlin bu ruhani nəğmələrdə öz əksini tapan mövzulardan bəzilərini nəzərdən keçirək.

Yehova ibadətə və həmdə layiq qanuni Hökmdardır. Zəbur 83:18 ayəsində oxuyuruq: «Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən Ucasan». Məzmurların bir çoxunda Yehovaya ulduzlu səma yerdəki ecazkar canlı və cansız aləm, möcüzəli insan bədəni kimi yaradıcı işlərinə görə həmd söylənilir (Zəbur 8, 19, 139, 148). Digərlərində isə Yehova Ona sadiq qalanları qorumaq və müdafiə etmək üçün hərəkətə keçən Allah kimi ucaldılır (Zəbur 18, 97, 138). Bir başqalarında isə O, məzlumlara təsəlli verən, zalımları isə cəzalandıran ədalətli Allah kimi mədh edilir (Zəbur 11, 68, 146).

Yehova Onu sevənlərə kömək edir və təsəlli verir. Yəqin Davudun Yehovanı Öz xidmətçilərinə yol göstərən, onları qoruyan və bəsləyən qayğıkeş Çoban kimi təsvir etdiyi 23-cü məzmur ruhani nəğmələr içində ən məşhurudur. Zəbur 65:2 ayəsi Allahın xidmətçilərinə xatırladır ki, Yehova «duaları eşidən»dir. Ciddi günaha yol verən bir çox insanlar 3951-ci məzmurlardan böyük təsəlli tapmışlar. Burada Davud ciddi günahlara görə tövbəsini səmimi sözlərlə söyləyir və Yehovanın əfv edəcəyinə imanını ifadə edir. Zəbur 55:22 ayəsində Yehovaya etibar etmək və bütün qayğı yükümüzü Ona vermək nəsihət edilir.

Yehova Məsihin Padşahlığı vasitəsilə dünyanı dəyişdirəcək. Məzmurlarda bir çox parçalar şəksiz-şübhəsiz Məsihə, vəd edilmiş Padşaha aiddir. 2-ci məzmurda bu Rəhbərin ona müqavimət göstərən pis xalqları məhv edəcəyi peyğəmbərlik edilir. 72-ci məzmur açıqlayır ki, bu Padşah aclığa, ədalətsizliyə və zülmə son qoyacaq. Zəbur 46:9 ayəsinə əsasən, Məsihin Padşahlığı vasitəsilə Allah müharibələri dayandıracaq və bütün döyüş silahlarını məhv edəcək. 37-ci məzmurda pislərin yox olacağını, əvəzində isə saleh insanların bütün yer üzündə sülh və birlikdən əbədiyyən zövq alacağını oxuyuruq.

«Zəbur» kitabına əsaslanıb.