Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 15

Sürgündə olan peyğəmbər gələcəyə dair görüntülər alır

Sürgündə olan peyğəmbər gələcəyə dair görüntülər alır

Dənyal Allahın Padşahlığı və Məsihin gəlişi haqda peyğəmbərlik edir. Babil süquta uğrayır

YERUSƏLİMİN məhvindən əvvəl qeyri-adi nöqsansızlığa sahib olan Dənyal adlı bir gənc Babilə əsir aparılmışdı. Məğlub olan Yəhuda padşahlığından sürgün olunmuş Dənyala və digər yəhudilərə istilaçılar bir qədər sərbəstlik verdilər. Babildə keçirdiyi uzun ömrü ərzində Allah Dənyalı bol-bol xeyir-dualandırdı, hətta onu şirlərin pəncəsindən qurtardı və görüntülər vasitəsilə uzaq gələcəyi görmək imkanı verdi. Onun ən mühüm peyğəmbərlikləri Məsih və onun hakimiyyəti haqqındadır.

Dənyala Məsihin gələcəyi vaxt bildirilir. Dənyala Allahın xalqının gözlədiyi «Öndər Məsihin» nə zaman gələcəyi deyildi: Yerusəlimin divarlarının bərpası haqda fərmandan 69 həftə sonra. Bu fərman Dənyaldan çox illər sonra b. e. ə. 455-ci ildə verildi. O vaxtdan başlayaraq 69 həftə 483 il davam etdi və b. e. 29-cu ilində başa çatdı. Bu nəşrin növbəti bölməsində həmin ildə nə baş verdiyini görəcəyik. Dənyal həmçinin Məsihin günahları yumaq üçün həlak olacağını və ya edam ediləcəyini qabaqcadan demişdi (Dənyal 9:24—26).

Məsih göydə Padşah olacaq. Göyü gördüyü qeyri-adi görüntüdə Dənyal «insan oğluna bənzər bir nəfər» adlanan Məsihin Yehovanın taxtına yaxınlaşdığını gördü. Yehova ona «hakimiyyət şərəf və padşahlıq» bəxş etdi. Həmin padşahlıq əbədiyyən qalacaqdı. Dənyal bu padşahlıq haqqında başqa maraqlı bir şey öyrəndi: Padşah hakimiyyətini başqaları ilə bölüşəcək. Onlar «Haqq-Taalanın [müqəddəsləri]» adlanırlar (Dənyal 7:13, 14, 27).

Padşahlıq bu dünyanın hökumətlərini məhv edəcək. Allah Dənyala Babilin padşahı Navuxodonosoru çaş-baş qoyan yuxunu yozmaq bacarığını verdi. Padşah başı qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan, baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən olan nəhəng heykəl görmüşdü. Dağdan bir daş qopub heykəlin kövrək ayaqlarına dəymiş və onu toza döndərmişdi. Dənyal izah etdi ki, heykəlin hissələri qızıldan olan başı təmsil edən Babildən başlayaraq bir-birini əvəz edən dünya imperiyalarını bildirir. Dənyal bu pis dünyanın hökmranlıq edən sonuncu dövlətin dövründə Allahın Padşahlığının hərəkətə keçəcəyini peyğəmbərlik etdi. O, bu dünyanın bütün hökumətlərini məhv edəcək. Bundan sonra özü əbədiyyən hökmranlıq edəcək (Dənyal, fəsil 2).

Ahıl yaşlarına dolmuş Dənyal Babilin süqutunu öz gözləri ilə gördü. Peyğəmbər necə demişdisə, Kuruş padşah da şəhəri elə tutdu. Çox keçməmiş, düz vaxtında, yurdlarının 70 illik viranəliyi bitdikdən sonra yəhudilər nəhayət ki, əsirlikdən azad olundular. Sadiq valilərin kahinlərin və peyğəmbərlərin rəhbərliyi altında yəhudilər son nəticədə Yerusəlimi və Yehovanın məbədini bərpa etdilər. Bəs 483 il bitdikdən sonra nə baş verəcəkdi?

«Dənyal» kitabına əsaslanıb.