Allah, Cəbrayıl mələyi Məryəm adlı gözəl bir qızın yanına göndərir. Mələk qıza deyir ki, onun bir uşağı olacaq və əbədiyyən Padşahlıq edəcək. Adı İsa olan həmin uşaq tövlədə doğulur. Çobanlar onu görməyə gəlirlər. Daha sonra bir ulduz münəccimləri şərqdən körpənin qaldığı yerə gətirir. Biz ulduzun kimin tərəfindən hərəkətə gətirildiyi və İsanın ölüm təhlükəsindən necə qorunduğu haqqında öyrənəcəyik.

Sonra biz 12 yaşlı İsanı məbəddə müəllimlərlə danışarkən tapırıq. Bundan 18 il sonra İsa vəftiz edilib Allahın tapşırdığı işə — Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyə və insanları öyrətməyə başlayır. İsa bu işdə ona kömək etmək üçün 12 kişi seçib, onları öz həvarisi edir.

İsa bir çox möcüzələr də edir. O, minlərlə adamı bir neçə balıq və çörəklə doydurur, xəstələri sağaldır, hətta ölüləri dirildir. Axırda, ömrünün sonuncu günü İsa ilə nə baş verdiyi və necə öldürüldüyü haqqında da oxuyacağıq. İsa üç il yarım təbliğ etmişdi, bu səbəbdən də ALTINCI HİSSƏ 34 ildən bir qədər çox vaxtı əhatə edir.