Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 20

Qanədəki ikinci möcüzə

Qanədəki ikinci möcüzə

MARK 1:14, 15 LUKA 4:14, 15 YƏHYA 4:43—54

  • PEYĞƏMBƏR PADŞAHLIĞIN YAXIN OLDUĞUNU MÜJDƏLƏYİR

  • PEYĞƏMBƏR UZAQ MƏSAFƏDƏN UŞAĞI SAĞALDIR

Səməriyyədə bir neçə gün qalandan sonra İsa Cəliləyə yola düşür. O, Yəhudiyyədə geniş miqyasda xidməti etmişdi. Amma onun Cəliləyə qayıtmasının məqsədi istirahət etmək yox, doğma yurdunda xidmətini daha da genişləndirməkdir. O yaxşı qarşılanacağını gözləmir. Çünki özünün də dediyi kimi, «peyğəmbər öz el-obasında hörmət görmür» (Yəhya 4:44). Şagirdləri isə onun yanında qalmaq əvəzinə, öz ev-eşiklərinə, əvvəlki işlərinə qayıdırlar.

İsa peyğəmbər nə haqda təbliğ edir? O deyir: «Allahın Padşahlığı yaxındır. Tövbə edin və müjdəyə iman gətirin» (Mark 1:15). Bəs bu xəbər burada necə qarşılanır? Cəlilə camaatının əksəriyyəti İsanı yaxşı qarşılayır, ona hörmət-izzət göstərir. Ancaq bunu yalnız xoş xəbərə görə etmirlər. Onlardan bəziləri bir neçə ay bundan əvvəl Yerusəlimdə Pasxa bayramında olarkən İsanın göstərdiyi möcüzələrin şahidi olduqları üçün onu qəbul edirlər (Yəhya 2:23).

İsa Məsih Cəlilədəki genişmiqyaslı təbliğ işinə haradan başlayır? Görünür, o, buna Qanədən, bir dəfə toyda suyu şəraba çevirdiyi yerdən başlayır. Bu səfərki gəlişi zamanı başqa hadisə baş verir, o öyrənir ki, bir oğlan ölümcül xəstədir. Bu uşaq Padşah Hirod Antipanın bir naibinin uşağıdır. Məhz bu Hirod gələcəkdə Vəftizçi Yəhyanın başını kəsdirəcək. İsanın Yəhudiyyədən Qanə şəhərinə gəldiyini eşidən naib İsanı tapmaq üçün Kəfərnahumdan bura gəlir. Dərd-qəm içində olan bu ata İsaya yalvarır: «Ağa, nə olar, gəl gedək, qoyma oğlum ölsün» (Yəhya 4:49).

İsa peyğəmbər ona deyir: «Get, oğlun sağaldı» (Yəhya 4:50). Naib məəttəl qalır, amma yenə də İsanın sözünə inanıb evinə qayıdır. Hələ yolda ikən nökərləri sevinə-sevinə gəlib uşağın sağaldığını ona muştuluq verir! Naib məsələni aydınlaşdırmaq üçün onlardan uşağın nə vaxt sağaldığını soruşur.

Onlar deyir: «Dünən günorta saat bir olardı, uşağın qızdırması keçdi» (Yəhya 4:52).

Naib başa düşür ki, uşaq məhz İsanın «oğlun sağaldı» dediyi vaxtda sağalıb. Bundan sonra çoxlu nökərləri olan bu imkanlı naibin özü və onun bütün ev əhli İsa Məsihin davamçısı olur.

Deməli, İsa Qanədə iki möcüzə göstərir: suyu şəraba çevirir, sonra isə təxminən 26 kilometr məsafədən uşağı sağaldır. Əlbəttə, bunlar İsanın göstərdiyi yeganə möcüzələr deyil. Amma göstərdiyi ikinci möcüzə sayəsində İsa Məsihin Cəliləyə qayıtdığı məlum olur. Aydın məsələdir ki, o, Allahın bəyəndiyi peyğəmbərdir. Bəs bu peyğəmbərə göstərilən hörmət uzunmu çəkəcək?

İsa peyğəmbər Nasirəyə, el-obasına qayıdanda bu məlum olur. Bəs orada onu nələr gözləyir?