Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 48

Qüdrətli peyğəmbəri Nasirədə də qəbul etmirlər

Qüdrətli peyğəmbəri Nasirədə də qəbul etmirlər

MƏTTA 9:27—34; 13:54—58 MARK 6:1—6

  • İSA PEYĞƏMBƏR KAR VƏ KOR ADAMI SAĞALDIR

  • NƏSRANİLƏR İSA PEYĞƏMBƏRİ RƏDD EDİRLƏR

İsa Məsih bu gün çoxlu işlər görüb. Qayıqla Dekapoldan qayıdandan sonra qanaxmadan əziyyət çəkən qadını sağaldıb və Yairin qızını dirildib. Amma gün hələ sona çatmayıb. Yairin evindən qayıdanda iki nəfər kor kişi onun dalınca düşüb bərkdən qışqırır: «Davud Oğlu, bizə rəhmin gəlsin!» (Mətta 9:27).

«Davud Oğlu» deməklə bu kişilər İsanın Davud padşahın taxt-tacının varisi və vəd edilmiş Məsih olduğuna inandıqlarını göstərirlər. Amma İsa peyğəmbər özünü eşitməməzliyə vurur, çünki onların nə dərəcədə istədiyini yoxlamaq fikrindədir. Onlar, həqiqətən də, peyğəmbərdən əl çəkmirlər. O, evə girəndə onlar da içəri daxil olurlar. O, bu adamlardan soruşur: «İnanırsınız ki, mən bunu edə bilərəm?» Onlar əminliklə cavab verirlər: «Bəli, Ağa, inanırıq». Onda İsa peyğəmbər onların gözlərinə toxunub deyir: «Qoy inandığınız kimi olsun» (Mətta 9:28, 29).

Onların gözləri dərhal açılır. Peyğəmbər başqalarına tapşırdığı kimi, onlara da bərk-bərk tapşırır ki, bu barədə heç kimə heç nə danışmasınlar. Amma onlar sevindiklərindən bunu bütün el-aləmə yayırlar.

Bu kişilər gedər-getməz camaat İsa peyğəmbərin yanına cinə tutulmuş bir adam gətirir, cin onu lal edib. Peyğəmbər cini qovan kimi bu adamın dili açılır. Camaat heyrətlə deyir: «İndiyəcən İsraildə belə şey olmayıb». Burada fərisilər də var. Onlar möcüzələrin olduğunu inkar edə bilmirlər, amma bu dəfə də İsa peyğəmbərin göstərdiyi möcüzələrin Allahdan olduğunu danıb onu ittiham edirlər: «Bu adam cinlərin hökmdarının əli ilə cin qovur» (Mətta 9:33, 34).

Bundan bir az sonra İsa Məsih boya-başa çatdığı Nasirəyə yollanır, bu səfər şagirdləri də onunladır. Təxminən bir il qabaq o, burada sinaqoqda təlim vermişdi. Əvvəlcə, camaat onun xoş sözlərini heyrətlə dinləmiş, sonra isə verdiyi təlimdən qəzəblənərək onu öldürmək istəmişdi. Ancaq Məsih keçmiş qonşularına kömək etməyə yenə də cəhd göstərir.

Şənbə günü o yenidən sinaqoqa təlim verməyə gedir. Onu dinləyənlərin çoxu heyrətə gəlib soruşurlar: «Bu adamda bu qədər hikmət haradandır? Bu möcüzələri kimin gücü ilə edir? Məgər bu, dülgərin oğlu deyil? Anasının da adı Məryəm deyil? Məgər bu, Yaqub, Yusif, Şimon və Yəhudanın qardaşı deyil? Bütün bacıları da aramızda deyillərmi? Elə isə bu adamda bütün bunlar haradandır?» (Mətta 13:54—56).

Onlar İsa peyğəmbərə bir yerliləri kimi baxırlar. Onlar düşünürlər: «Axı o, gözümüzün qabağında böyüyüb. Necə Məsih ola bilər?» Bütün sübut-dəlillərə, ondakı hikmətə və göstərdiyi möcüzələrə baxmayaraq, onlar İsa peyğəmbəri qəbul etmirlər. Hətta qohum-əqrəbası onu tanıdığı üçün ona inanmır. Bu səbəbdən İsa peyğəmbər deyir: «Peyğəmbərin hörmət görmədiyi yer varsa, o da öz yurdu, öz evidir» (Mətta 13:57).

İsa peyğəmbər onların bu imansızlığına məəttəl qalır. Buna görə də o, Nasirədə cəmi bir neçə xəstənin üzərinə əlini qoyub sağaldır və daha bir də orada möcüzə göstərmir (Mark 6:5, 6).