Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 24

Müjdə Cəlilədə vüsət alır

Müjdə Cəlilədə vüsət alır

MƏTTA 4:23—25 MARK 1:35—39 LUKA 4:42, 43

  • İSA PEYĞƏMBƏRİN DÖRD ŞAGİRDİ İLƏ BİRGƏ CƏLİLƏYƏ SƏYAHƏTİ

  • ONUN TƏBLİĞ XİDMƏTİ VƏ GÖRDÜYÜ İŞLƏR HƏR YANDA ƏKS-SƏDA VERİR

İsa peyğəmbər dörd şagirdi ilə birgə Kəfərnahumdadır. Bu gün başları yaman qarışıqdır. Axşamüstü camaat xəstələri İsanın yanına gətirir. Onların təklikdə qalıb dincəlməyə vaxtları belə olmur.

Səhərisi gün İsa Məsih alaqaranlıqdan durub çölə çıxır. O, Yaradana, səmavi Atasına dua etmək üçün səssiz bir yerə gedir. Amma orada tək qalması çox çəkmir. Şagirdlər görəndə ki, Məsih yoxdur, durub onu axtarmağa başlayırlar. İsa Məsih Butrusgildə qaldığı üçün, ola bilsin, axtarış zamanı təşəbbüsü üzərinə o götürür (Mark 1:36; Luka 4:38).

Onlar İsanı tapanda Butrus deyir: «Hamı səni axtarır» (Mark 1:37). Aydın məsələdir ki, Kəfərnahum əhli İsanın qalmasını istəyir. Onlar onun gördüyü xeyirxah işləri çox qiymətləndirirlər, buna görə də yalvar-yaxar edib onu yolundan saxlamağa çalışırlar (Luka 4:42). Bəs İsa peyğəmbər yer üzünə yalnız möcüzə göstərmək və adamları sağaltmaq üçün gəlib? O, ancaq Kəfərnahumda fəaliyyət göstərməlidir? O özü bu barədə nə deyir?

İsa peyğəmbər şagirdlərinə belə deyir: «Gəlin başqa yerə, yaxın şəhərlərə gedək ki, mən müjdəni oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm». Hətta onun qalmasını istəyən insanlara belə deyir: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Mark 1:38; Luka 4:43).

Bəli, İsa Məsih yer üzünə, ilk növbədə, Allahın Padşahlığı barədə müjdəni çatdırmaq üçün gəlib. Bu Padşahlıq Allahın adını ucaldacaq və bəşəriyyəti bütün xəstəliklərdən azad edəcək. Möcüzə ilə verdiyi şəfalar isə onun Allah tərəfindən göndərildiyini təsdiq edir. İsa Məsihdən bir neçə əsr əvvəl yaşamış Musa peyğəmbər də Allah tərəfindən göndərildiyini möcüzələrlə sübut etmişdi (Çıxış 4:1—9, 30, 31).

İsa Kəfərnahumdan çıxıb təbliğ etmək üçün başqa şəhərlərə gedir. Dörd şagirdi — Butrusla qardaşı Andreas, Yəhyayla qardaşı Yaqub onu müşayiət edirlər. Bir həftə bundan qabaq İsa onları özü ilə təbliğ işinə çağırmışdı və bu şagirdlər onunla səyahət edən ilk əməkdaşları olurlar.

İsa bu dörd şagirdi ilə Cəliləni gəzə-gəzə təbliğ edir və bu təbliğ çox uğurlu alınır. İsanın gördüyü işlər hər yana səs salır. Onun sorağı Suriyadan tutmuş Dekapol adlanan on şəhərə və İordan çayının o biri tayına qədər yayılır (Mətta 4:24, 25). Həmin ərazilərin, eləcə də Yəhudiyyənin əhalisi İsanın və şagirdlərinin ardınca gedir. Şəfa tapmaq üçün onun yanına çoxlu xəstələr gəlir. İsa onların ümidlərini puç etmir. O, xəstələri sağaldır və cinə tutulmuş adamlardan pis ruhları çıxarır.