Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 58

Bərəkətli çörək və fərisilərin mayası

Bərəkətli çörək və fərisilərin mayası

MƏTTA 15:32—16:12 MARK 8:1—21

  • PEYĞƏMBƏR 4000 NƏFƏRİ YEDİZDİRİR

  • PEYĞƏMBƏR FƏRİSİLƏRİN MAYASINDAN XƏBƏRDAR EDİR

İsa Məsih Cəlilə dənizinin şərq sahilində yerləşən Dekapol bölgəsindədir. Onun yanına axın-axın adam gəlir. Onlar özləri ilə azuqə dolu səbətlər götürüb İsa peyğəmbəri dinləmək və şəfa tapmaq üçün gəliblər.

Bir müddət keçdikdən sonra peyğəmbər şagirdlərini yanına çağırıb deyir:

— Camaata yazığım gəlir. Artıq üç gündür ki, yanımdadırlar, yeməyə də heç nələri yoxdur. Onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Axı çoxları uzaq yerlərdən gəlib.

— Bu çöllükdə bu qədər camaatı yedirtmək üçün haradan çörək tapmaq olar? — deyə şagirdləri soruşurlar (Mark 8:2—4).

— Neçə çörəyiniz var?

— Yeddi çörəyimiz var, bir neçə dənə də xırda balığımız (Mətta 15:34).

İsa peyğəmbər göstəriş verir ki, camaat yerdə əyləşsin, sonra çörəyi və balığı götürüb şükür edir və şagirdlərinə verir. Onlar da camaata paylayır. İşə bir bax! Hamı doyunca yeyir. Qadın və uşaqları çıxmaq şərtilə, burada 4000 kişi var. Bununla belə, axırda artıq qalmış tikələrdən yeddi dolu səbət yığılır!

Sonra peyğəmbər xalqı yola salır, özü isə şagirdləri ilə birgə qayığa minib Cəlilə dənizinin qərb sahilində yerləşən Məcdən torpağına üzür. Burada fərisilər saddukilərlə (saddukilər dini təriqətdir) birgə gəlib, İsa peyğəmbəri sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istəyirlər.

İsa peyğəmbər onların niyyətindən hali olduğu üçün belə cavab verir: «Axşam düşəndə deyirsiniz: “Hava yaxşı olacaq, çünki göyün üzü qıpqırmızıdır”, sübh çağı isə deyirsiniz: “Hərçənd göy qızarıb, lakin tutqun olduğundan bu gün hava soyuq və yağmurlu olacaq”. Göy üzünün görünüşünü yozmağı bacarırsınız, amma dövrlərin əlamətlərini yoza bilmirsiniz!» (Mətta 16:2, 3). Sonra peyğəmbər fərisilərlə saddukilərə deyir ki, onlar Yunus peyğəmbərin əlamətindən başqa əlamət görməyəcəklər.

İsa Məsih şagirdləri ilə qayığa minib dənizin şimal-şərq sahilinə, Beytsəydaya yola düşür. Yolda şagirdlərin yadına düşür ki, çörək götürməyi unudublar və cəmi bir çörəkləri var. İsa peyğəmbər fərisilər və Hirodun ardıcılları olan saddukilərlə görüşünü nəzərdə tutaraq şagirdlərini xəbərdar edir: «Baxın ha, özünüzü fərisilərin və Hirodun mayasından gözləyin». «Maya» sözünü eşidəndə şagirdlər elə düşünürlər ki, peyğəmbər onların çörək götürməyi unutduqlarına işarə edir. O görəndə ki, onu səhv başa düşüblər, deyir: «Çörək götürmədiyiniz üçün niyə mübahisə edirsiniz?» (Mark 8:15—17).

Məsih təzəlikcə minlərlə adama möcüzə ilə çörək vermişdi. Buna görə də şagirdləri bilməlidirlər ki, o, çörəyə görə narahat olmur. Məsih onlara xatırladır:

— Məgər yadınızdan çıxıb, mən beş min adam üçün beş çörəyi böləndə neçə dolu səbət yığmışdınız?

— On iki, — deyə onlar cavab verirlər.

— Bəs dörd min adam üçün yeddi çörəyi böləndə neçə dolu səbət yığmışdınız?

— Yeddi (Mark 8:18—20).

— Məgər başa düşmürsünüz ki, mən sizinlə çörək barəsində danışmıram? Dediyim odur ki, özünüzü fərisilərin və saddukilərin mayasından gözləyin (Mətta 16:11).

Nəhayət, şagirdlər onun sözünün məğzini başa düşürlər. Maya xəmiri acıdıb qaldırmaq üçün istifadə olunur. İsa peyğəmbər burada mayanı korlanma simvolu kimi işlədir. Bununla o, şagirdlərini xəbərdar edir ki, özlərini fərisilərin və saddukilərin korlayıcı təlimlərindən qorusunlar (Mətta 16:12).