Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

Syerra-Leone. Bir kişi Kristala yol göstərir

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Afrika

Afrika
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 58

  • ƏHALİSİ 1 109 511 431

  • TƏBLİĞÇİLƏRİN SAYI 1 538 897

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 4 089 110

O, eşitmə qüsurlu insanları tapmaq istəyirdi

Syerra-Leonedə jestdilli sahədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Kristal səhər çağı Allaha dua eləyir ki, xidmətdə eşitmə qüsurlu insanları tapsın. O, təbliğ etdiyi bir nəfərlə təkrar söhbət etmək üçün yola düşür, amma bu dəfə həmişəkindən fərqli yolla gedir. Kristal qonşulardan həmin ərazidə lal-kar insanların yaşayıb-yaşamadığını  soruşur, qonşular da onu bir evə yönəldirlər. Orada Kristal mehriban bir qadınla rastlaşır. Qadın xoş xəbərə hay verir və jestdilli yığıncağa gəlmək istədiyini bildirir. Həmin ərazidə yaşayan insanlar Kristaldan başqa bir lal-kar insanla görüşmək istəyib-istəmədiyini soruşur. Nəticədə, bacımız həqiqətə maraq göstərən başqa bir insanla da tanış olur. Maraqlıdır ki, bacı bu küçədə dəfələrlə təbliğ edib, amma bu iki nəfərə heç vaxt rast gəlməyib. Kristal əmindir ki, onlarla Yehovanın köməyi sayəsində tanış oldu.

«Bu çıxış mənim üçün idi!»

Liberiyada yaşayan İmanuel maşını ilə yığıncağa gedirdi. O, yolun kənarında səliqəli geyinmiş bir nəfər görür. Həmin insan o qədər pərişan görünürdü ki, İmanuel maşını saxlayıb ona köməyini təklif edir. Qardaş bu kişinin adının Musa olduğunu öyrənir. Sən demə, keçən gecə onun bütün pullarını oğurlayıblar və hal-hazırda o, intihar etməyə hazırlaşır. İmanuel qardaş Musanı axıra qədər dinləyir, sonra şəfqətlə ona deyir: «Xahiş edirəm, gəl mənimlə ibadət evinə gedək». Onlar birlikdə ibadət evinə gedirlər. Görüşdə eşitdikləri Musaya o qədər təsir edir ki, o, göz yaşlarını saxlaya bilmir. Məruzədən sonra o deyir: «Bu çıxış mənim üçün idi!» Musa Müqəddəs Kitabı öyrənməyə razılıq verir və hal-hazırda müntəzəm olaraq yığıncaq görüşlərinə gedir.

 «Mən bütpərəst deyiləm»

Qvineya-Bisauda yaşayan Aminatanın hal-hazırda 15 yaşı var. Onun 13 yaşı olanda rəsm müəllimi şagirdlərə karnaval bayramına aid maskaların və digər şeylərin şəklini çəkməyi tapşırmışdı. Aminata bunun əvəzinə heyvanların və rəngarəng bitkilərin şəklini çəkir və şəklin yuxarısına «Cənnət» sözünü yazır. Müəllim hamının çəkdiyi şəkilləri yığanda Aminataya deyir ki, onun çəkdiyi şəkil mövzuya uyğun deyil və ona «sıfır» qiymətini verir. Dərsdən sonra Aminata müəlliminə yaxınlaşıb soruşur:

— Müəllim, keçmişdə karnavalı kimlər qeyd edirdi?

Qvineya-Bisau. Aminata «Cənnət» şəklini çəkir

— Bütpərəstlər, — deyə müəllim cavab verir.

Aminata izah edir:

— Mən bütpərəst deyiləm, ona görə də bu cür bayramları qeyd etmirəm. Mən inanıram ki, Allah yer üzünü tezliklə Cənnətə çevirəcək. Ona görə bu şəkli çəkdim.

Onda müəllim deyir ki, ona yazılı suallar verəcək. Nəticədə, Aminata 20 baldan 18-ni toplayır.

Xeyli adam gəlmişdi

Malavidəki kiçik bir kənddə yeddi təbliğçidən ibarət bir qrup var. Onlar görüşlərini sütun, qamış və budaqlardan düzəldilmiş sadə bir yerdə keçirirlər. Təbliğçilər rayon nəzarətçisinin ziyarətindən ruhlanıb insanları anma mərasiminə dəvət etmək üçün əllərindən gələni etdilər. Yuxarıdan asılmış neft lampasının işığı altında natiq anma mərasimi ilə bağlı məruzə söylədi. İçəridə  o qədər adam var idi ki, demək olar, tərpənməyə yer yox idi. Təsəvvür edin, həmin yeddi təbliğçi mərasimə 120 nəfərin gəldiyini biləndə necə sevinmişdi!

Malavi. 120 nəfərin iştirak etdiyi anma mərasimi

Broşür onun ailəsinə kömək etdi

Böyük şəhərlərdə gediş-gəlişin sıx olduğu yerlərdə xüsusi ictimai şahidliyin bəhrəsi əvvəl-əvvəl görünməyə bilər. Toqonun paytaxtı Lomedə bir qadın tərəddüdlə ədəbiyyat masasına yaxınlaşıb «Xoşbəxt ailəm» broşürünü götürür. Yehovanın Şahidləri onunla Efeslilərə 5:3 ayəsi əsasında qısa söhbət edirlər. Sonra onlar bir-birilərinə telefon nömrələrini verirlər. İki həftə sonra qadın zəng edib deyir: «Düzünü desəm, Yehovanın Şahidlərindən xoşum gəlmirdi. Buna baxmayaraq, broşürü oxudum, çox xoşuma gəldi. Onun sayəsində artıq ailəmizdə bəzi problemləri yoluna qoymuşam. Hətta iki cütlüyə də kömək etmişəm. Bu vaxta qədər Yehovanın Şahidləri haqda səhv fikirdə idim. Çox istəyərdim ki, mənə Müqəddəs Kitab dərsi keçəsiniz». Yehovanın Şahidləri həm qadına, həm də qadının kömək etdiyi bir cütlüyə Müqəddəs Kitab dərsi keçməyə başladılar.

O, broşürü tərcümə etdi

Ankasiya Qananın balaca bir kəndidir. Bu kəndin əsas küçəsində alverçilər öz malını satışa qoyur. Yehovanın Şahidləri hər həftənin bazar ertəsi orada ictimai şahidlik arabasını quraşdırırlar. Bir dəfə Samuel qardaş İnok adlı bir nəfərə şahidlik edib ona «Allahın sözünə qulaq as» broşürünü verir. İnok broşürü götürüb kusasi dilində nəşrlərin olub-olmadığını soruşur.

Qana. O, broşürü kusasi dilinə tərcümə etmişdi

Samuel qardaş cavab verir: «Bağışlayın, bu dildə ədəbiyyatımız yoxdur. Amma o dilə yaxın olan frafra dilində  nəşrlərimiz var». Bundan bir müddət sonra İnok Ankasiyadan uzaqda yerləşən evinə qayıdanda qohumlarına paylamaq üçün ədəbiyyat istəyir.

İnok yenidən Ankasiyaya gələndə Samuelə bir neçə vərəq verir. Sən demə, o, «Allahın sözünə qulaq as» broşürünü kusasi dilinə tərcümə etmişdi! Hal-hazırda İnok yığıncaq görüşlərinə gedir və müntəzəm olaraq Müqəddəs Kitabı öyrənir.