Əziz bacı-qardaşlarımız!

Bizim eradan əvvəl, yeddinci əsrdə Hizqiyal peyğəmbərə möhtəşəm görüntü nazil olmuşdu. Peyğəmbər görüntüdə əzəmətli səmavi araba görmüşdü. Araba Külli-İxtiyar Sahibinin idarəsi ilə hərəkət edirdi. Arabanın necə hərəkət etməsi valehedici idi. O, ildırım sürətilə gedirdi, istiqaməti dəyişəndə belə, sürəti azalmırdı! (Hizq. 1:4, 9, 12, 14, 16—27).

Bu görüntüdən görünür ki, Yehova Allahın təşkilatının səmavi hissəsi daim hərəkətdədir. Bəs bu təşkilatın yer üzü hissəsi barədə nə demək olar? Ötən xidmət ili sübut edir ki, Yehova Allah yer üzündəki xalqını sürətlə irəli aparır!

Yehova Allahın təşkilatının səmavi hissəsi daim hərəkətdədir

Birləşmiş Ştatlardakı Beytel ailəsi Bruklindən yeni baş idarəyə, Uorvikə, həmçinin başqa binalara və sahəyə köçməklə məşğuldur. Digər filiallardakı beytellilər də tikinti və ya bərpa işləri ilə, filialların birləşdirilməsi və yeni binalara köçmək işi ilə məşğuldurlar. Bəs şəxsən sizin haqqınızda nə demək olar? Əminik ki, siz də boş durmamısınız.

 Allahın xalqının bu qədər çox çalışdığını, Yehovanın təşkilatı ilə qoşa addımladığını görmək bizə, Rəhbərlik Şurasına xoş təsir bağışlayır. Çoxlarınız təbliğçilərə ehtiyac olan ərazilərə köçmüsünüz, yeni xidmət növlərində, məsələn, əcnəbidilli ərazidə xidmətə başlamısınız. Digərləriniz sizin üçün yeni və yad olan xidmət növlərində iştirak edirsiniz, yaxud başqa sahələrdə xidmətinizi genişləndirmisiniz. Ümumilikdə isə, hamınız, yaşlılar da, səhhəti zəif olanlar da, həyat uğrunda gedən yarışda sədaqətlə qaçırsınız, Allaha xidmətdə boş durmursunuz, Şeytanın yalançı olduğunu ifşa edirsiniz! (1 Kor. 9:24).

Bir şeyə əmin ola bilərsiniz ki, çəkdiyiniz zəhmət Yehovanın nəzərindən yayınmır (İbr. 6:10). Sizlərə  baxanda İbrahim peyğəmbərlə Sara yadımıza düşür. İbrahim peyğəmbər yetmiş yaşlarında olanda kəldanilərin Ur şəhərindən çıxıb ailəsi ilə uzaqlara, Kənan diyarına getdi, ömrünün qalan hissəsini, yüz il çadırlarda yaşadı. O və arvadı görün necə fədakar idi! (Yar. 11:31; Həv. 7:2, 3).

Siz də belə fədakarsınız? Bu çətin zəmanədə hər birimiz İsa Məsihin tapşırığını yerinə yetiririk. O buyurmuşdu: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin» (Mət. 28:19).

«Gedin» sözü özü-özlüyündə göstərir ki, biz daim hərəkətdə olmalıyıq. Ötən xidmət ilində İsa Məsihin davamçılarının nə qədər işin öhdəsindən gəldiyini görmək bizə çox xoşdur! Açıq-aşkar görünür ki, xoş xəbərin bütün dünyada bəyan edilməsinə Yehova Allah rəhbərlik edir! (Mark 13:10).

Çox insanlar xoş xəbərə maraq göstərib. Ötən il təbliğçilərin ən yüksək sayı 8 340 847, Müqəddəs Kitabı öyrənənlərin orta aylıq sayı 10 115 264 nəfər olub. Bəli, səmavi araba hərəkətdədir, elə siz də! Hələ ki, Yehova qurtuluş qapısını bağlamayıb, bu gözəl işi davam etdirin.

2017-ci ilin ayəsi lap yerindədir: «Sən Yehovaya güvən, yaxşılıq et» (Zəb. 37:3). Siz bu əmrə tabe olanda, müqəddəs xidməti icra edib yaxşılıq edəndə Allaha güvəndiyinizi göstərirsiniz. Unutmayın ki, siz tək deyilsiniz, çünki İsa Məsih demişdi:  «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:20).

Əmin olun, Yehova bundan sonra da sizin sədaqətlə yerinə yetirdiyiniz işi avand edəcək. Nə qədər xidmət etməyimiz Yehova üçün əsas deyil, əsas odur ki, Ona bacardığımız qədər və düzgün niyyətlə xidmət edək. Verdiyimiz bəxşişlər Allaha xoşdur və O, bizə baxanda fərəhlənir (2 Kor. 9:6, 7). Müntəzəm dua etməklə, Allahın Kəlamını mütaliə etməklə, ibadət görüşlərində iştirak etməklə və xidmətdə fəal olmaqla mehriban Atamız Yehovaya daha da yaxın olun.

İblisə verilmiş möhlət sona çatmaq üzrədir. Ona görə bu məkrli düşmən əlində olan hər vasitədən istifadə edərək Yehovaya sədaqətimizi sarsıtmağa çalışır (Vəhy 12:12). Yehovaya yaxınlaşsanız, Şeytanın bütün cəhdləri boşa çıxacaq (Zəb. 16:8). Unutmayın, biz sizi çox istəyirik və bu axırzamanda Ağanın işində çəkdiyiniz zəhməti çox qiymətləndiririk.

Qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası

2017-Cİ İLİN AYƏSİ:

«Sən Yehovaya güvən, yaxşılıq et»