Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

Almaniya. Qaçqın düşərgəsinin qarşısında araba ilə şahidlik verilir

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Xəbər lenti

Xəbər lenti

Qaçqınlara və miqrantlara təbliğ edilir

Ölkəyə çoxlu sayda qaçqınların və miqrantların gəlməsi nəticəsində Almaniyada əcnəbilərə təbliğ etmək tələbatı artdı. Son doqquz ay ərzində 229 əcnəbidilli qrup və yarımqruplar fəaliyyət göstərməyə başladı. Təxminən 800 təbliğçi 13 dildə keçirilən 30-a yaxın dil kursunda iştirak etmişdi.

Bacı-qardaşlar qaçqınlara təbliğ etmək üçün onların qaldığı düşərgələrə gedirlər. Onlar iki yüz ərazidə qoyduqları ədəbiyyat arabaları vasitəsilə 640 000 nəşr paylayıblar.

 Rəhbərlik Şurasının razılığı ilə 2016-cı ilin may ayından iyul ayına kimi xüsusi təbliğ kompaniyası keçirildi. Yeddi ölkədən təxminən 700 ərəbdilli təbliğçi Avstriya və Almaniyaya gəlib ərəbdilli insanların üstünlük təşkil etdiyi on ərazidə təbliğ etdilər.

Yerdən yığılan qəpiklər

Belizdə bir yığıncaqda xidmət edən 50 təbliğçi çox vaxt piyada təbliğ edir. Əksər bacı-qardaşlarımızın maddi durumu zəif olsa da, onlar əliaçıqlıq göstərmək üçün fürsət axtarırlar. Bir neçə il bundan öncə təbliğçilər ev-ev təbliğ edərkən tozlu yollarda tapdıqları qəpikləri yığmaq qərarına gəlirlər. O vaxtdan bəri hər ilin sonunda onlar birgə yığışıb tapdıqları qəpikləri yuyur, dəyərinə görə ayırır və hesablayırlar.

Tapdıqları qəpiklərin dəyəri çox az olsa da, onlar hər il 225 dollara yaxın qəpik toplayırlar. Qardaşlar pulun yarısını yerli ibadət evinin xərclərini ödəmək üçün, digər yarısını isə ümumdünya işi üçün ianə edirlər.

Dörd milyonluq dinləyici kütləsi

2016-cı il martın 5-i baş idarənin nümayəndəsi Entoni Qrifin qardaşın filiala ziyarəti zamanı Burundinin teokratik tarixində yaddaqalan bir hadisə baş verdi. Yığıncaqlar üçün keçirilən xüsusi proqram tam şəkildə ölkənin əsas milli radiostansiyasında yayımlandı. Görüşü təxminən dörd milyon insan dinləmişdi!

Radioyayım vasitəsilə böyük şahidlik verildi. Proqramla bağlı çoxlu xoş sözlər eşitdik. Görüşün yayımlanmasına kömək edən texniki heyətdən bir nəfər demişdi: «Gərək belə proqramları tez-tez yayımlayasınız!» Radioda  işləyən başqa bir nəfər isə yazmışdı: «Bir çox insanı xilas edəcək [bu kimi proqramlar hazırlamağa] davam edin». Avtobus və taksilərin radiolarında da məruzələri eşitmək olardı.

Musiqinin səsi kəsildi

2016-cı ildə keçirilən anma mərasimindən bir gün əvvəl Nepalın kiçik bir qrupunda xidmət edən qardaşlar çox dilxor olmuşdular. Onlar eşitmişdilər ki, kirayələdikləri zalın yanındakı məktəbdə böyük bir konsert olacaq.

Bu cür konsertlər çox səs-küylü keçir. Anma mərasimi günü qardaşlar səhər zalı təmizləyərkən konsertin təşkilatçısı onlara dedi: «Musiqinin səsindən heç nə eşidən deyilsiniz».

Konsert günorta başladı və gözlənildiyi kimi, çox səs-küylü idi. Qardaşlar nəzərdə tutduqlarından qat-qat böyük səsgücləndiricilər kirayə götürsələr də, səs-küydən heç mikrofonun səsini yoxlaya bilmədilər. Onların qanı yaman qaralmışdı. Bununla belə, yaranmış vəziyyət barədə israrla dua edirdilər. Anma mərasiminin başlamasına 30 dəqiqə qalmış camaat gəlməyə başlayanda qəfildən musiqinin səsi kəsildi. Sən demə, konsert zamanı içkili insanlar arasında dava düşmüş və polis gəlib konserti dayandırmışdı. Beləcə, qardaşlarımız sakit və mehriban ab-havada, ləyaqətli tərzdə anma mərasimini keçirə bildilər.

Jw.org saytının ünvanına yağan təriflər

İtaliyada yaşayan Cüzeppe öncül kimi xidmət edir. O, internet xidmətləri göstərən şirkətdə işləyir. Keçən  ilin may ayında iştirak etdiyi müşavirədə qardaş və onun 70 iş yoldaşı şirkət üçün yeni təklifləri müzakirə edirdilər. Şirkətin müdiri sözə başlayıb dedi ki, bəzi veb-saytları nümunə kimi götürmək olar. Sonra o, monitorda həmin saytlardan birini göstərdi. Cüzeppe ekranda jw.org saytının ön səhifəsini görəndə məəttəl qaldı. Müdir dedi: «Bu, dünyanın ən yaxşı veb-saytıdır!» Sonra o, jw.org saytının texniki yönlərini qeyd etdi. Müdir saytda istənilən məlumatı tapmağın çox asan olduğunu vurğuladı və saytın qrafikasını təriflədi.

Cüzeppe deyir: «İş yoldaşlarım saytın bu qədər çox dildə olduğunu biləndə məəttəl qaldılar. Təqdimatın sonunda nəzarətçim üzünü iclasdakılara və müdirə tutub dedi: “Cüzeppe Yehovanın Şahididir”. Müdirim  bunu eşitcək dedi: “Təşkilatınız tərifəlayiqdir. Siz elə bir internet portalı yaratmısınız ki, bunu görən istənilən şirkət, firma və təşkilat sizə həsəd aparar. Sayta hər dəfə yeni məlumat yükləmək, istifadəçilər üçün asan etmək çox çətin işdir. Təsəvvür edirəm, xırda məqamlara və məzmuna nə qədər diqqət ayırırsınız”. Düzü, eləmədiyim bir şeyə görə bu qədər təriflənməyim məni utandırdı. Amma eyni zamanda, Yehovanın Şahidləri haqda heç nə bilməyən insanlara belə gözəl şahidlik verildiyinə görə çox sevindim. İndi bəzi iş yoldaşlarımla müntəzəm olaraq söhbətlər edirəm, hətta onlardan üçünə Müqəddəs Kitab dərsi keçməyə başlamışam». Şirkət jw.org saytını təhlil etməyə, Cüzeppe isə iş yoldaşlarına təbliğ etməyə davam edir.

O, futbolun «topunu atdı»

Argentina. Hore qardaşlarla birgə futbol oynayır

Hore Argetinada yaşayan gənc bir oğlandır. 2010-cu ilin əvvəllərində o, sinif yoldaşından xoş xəbəri eşidir və Müqəddəs Kitabı öyrənməyə başlayır. Eyni zamanda, Hore futbolla məşğul olur. Futbolu yaxşı oynadığı üçün onun əsas futbol klubunun aşağı diviziyasına düşmək imkanı yaranır. 2014-cü ilin aprel ayında o, Almaniyada bir komandada oynamaq təklifi alır. Bu təklif ona çox cəlbedici gəlir. Fikirləşir ki, təklifi qəbul etsə, gələcəkdə peşəkar futbolçu ola bilər, buna görə də razılaşır. Avropaya yola düşməzdən bir neçə gün öncə məşqçisi Horeyə deyir: «Mən bilən, sən Yehovanın Şahidisən. Xaricə gedib həyatını məhv etmə. Sənin yaşında olanda mən də Yehovanın Şahidi idim. Mənə Asiya ölkələrinin birindən komandaya dəvət gəlmişdi. Verilən vədlər gözümü qamaşdırdı. Beləcə, ailəmlə birgə ora köçdük.  Amma çox keçməmiş kor-peşman geri qayıtdıq». Hore deyir: «Onun sözləri mənə o qədər təsir elədi ki, Avropaya getmək fikrimdən daşındım. 2015-ci ildə mən təbliğçi oldum, sonra isə vəftiz olundum».

«Pulsuz» xeyir-dua

2015-ci ilin sentyabrında Uqandanın Kampala şəhərində «Məsihdən örnək alın!» adlı regional toplantı keçirildi. Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş luqanda dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan edəndə toplantıya gələnlər böyük coşqu ilə bu xəbəri alqışladılar.

Müqəddəs Kitabı öyrənən bir qadın bu əlamətdar hadisə ilə bağlı demişdi: «Belə bir gözəl Müqəddəs Kitabı aldığım üçün çox xoşbəxtəm! Həmin vaxt camaat papanın gəlişinə hazırlaşırdı. Kilsənin büdcəsini artırmaq üçün “xeyir-dua oxunmuş” təsbehi 30 dollara satırdılar. İnsanlar xeyir-dua almaq istəyirdi, amma onların buna pulları çatmırdı. Mən isə əsl nemət aldım, özü də pulsuz. Yehova Allah toplantıya gələnlərin hər birinə bu neməti verdi. İstəyən şəxs ürəyindən gələn ianəni edə bilərdi. Mənim üçün hər gün öz ana dilimdə Müqəddəs Kitabı oxuyub Yehovanı daha yaxından tanımaq ən gözəl xeyir-duadır. Müqəddəs Kitabı mənə hədiyyə etdiyinə görə Yehovaya çox minnətdaram».

Ədəbiyyatlar qeyb aləmində çap olunur?

Konqoda (Kinşasa) bəzi kilsələrin din xadimləri www.jw.org saytını gözdən salmaq üçün kilsəyə gələnlərə deyirdilər ki, Yehovanın Şahidlərinin nəşrləri qeyb aləmində çap olunur. Dediklərinin həqiqət olduğunu  isbat eləmək üçün onlar saytımızın qarşısındakı «www» hərflərinin Vəhy kitabındakı 666 rəqəmi ilə əlaqəli olduğunu iddia edirdilər (Vəhy 13:18). Buna görə Müqəddəs Kitabı öyrənənlərin bəziləri dərslərini dayandırdılar.

Öncül kimi xidmət edən bir ər-arvad bu məsələ ilə bağlı dua etdikdən sonra Müqəddəs Kitab dərsi keçdikləri şagirdləri həyat yoldaşları ilə birgə qonaq çağırdılar. Üç ər-arvad bu dəvəti qəbul etdi. Yemək yeyəndən sonra öncüllər onlara «Yehovanın Şahidləri — Allahın xoş xəbərini bəyan edən təşkilat» adlı videofilmi göstərdilər. Bu video onların ədəbiyyatlarımızın çapı ilə bağlı yaranan şübhələrini aradan qaldırdı. Növbəti həftə şagirdlərdən birinin əri bu öncüllərə 100 dollar verib xahiş etdi ki, pulu ümumdünya təbliğ işinə ianə etsinlər, halbuki, o özü hələ Müqəddəs Kitabı öyrənmirdi.

Onlar yeni nəğmələri oxuyurlar

Papua-Yeni Qvineyanın ucqar bir ərazisində yaşayan bacı-qardaşların interneti olmasa da, onların yeni nəğmələri öyrənməyə böyük həvəsi var. Misal üçün, Mündip yığıncağından bir qardaş yaxınlıqdakı şəhərə getmək üçün iki saat piyada, iki saat da avtobusla yol qət edir. Orada o, internetə daxil olub yeni nəğmələrin sözlərini dəftərə köçürür, sonra isə geri qayıdıb həmin nəğmələri ibadət evindəki lövhəyə yazır. Bacı-qardaşlar isə yığıncaqda oxunacaq bu nəğmələri lövhədən köçürürlər. Bütün dünyadakı dindaşları ilə birgə Yehovaya ibadətin bir hissəsi olan bu nəğmələri oxumaq onlar üçün böyük şərəfdir.