Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

«JW televiziyası bizə qol-qanad verir»

«JW televiziyası bizə qol-qanad verir»

2014-cü ildən başlayaraq yayımlanan JW televiziyası saysız-hesabsız izləyicisi üçün güc və təravət mənbəyi olmuşdur. Bu televiziya hal-hazırda 90 dildə yayımlanır. Misal üçün, televiziyada yayımlanan proqramlar indi eve, qa və tvi (yuxarıdakı) dillərinə də tərcümə olunduğu üçün Benin, Kot-d’İvuar, Qana və Toqodan olan 130 000–dən çox təbliğçi bu proqramları izləyə bilir *.

Qanadan olan bir rayon nəzarətçisinin arvadı Aqata deyir: «Rəhbərlik Şurasının üzvlərinin və onların köməkçilərinin çıxışlarını dinləyərkən mənə elə gəlir ki, sanki, Yehova otağımda mənimlə söhbət edir. Bu vasitə  olmasaydı, dünyanın kiçik bir guşəsində yaşayan mənim kimi adi bir insana bu qardaşları dinləmək şərəfi necə nəsib olardı?! Doğrudan da, bu televiziyanın sayəsində biz dünyadakı bacı-qardaşlarımıza daha yaxın olduq».

Zambiyadan belə bir məlumat almışıq: «Bir çox yığıncaqdan olan təbliğçilər maddi durumlarının zəif olmasına baxmayaraq, JW televiziyasını izləmək üçün əllərindən gələni edirlər. Misal üçün, Misako yığıncağı şəhərdən 30 kilometr uzaqda, kənd təsərrüfatı ərazisində yerləşir. Yağışlı mövsümlərdə çaylar aşıb–daşdığı üçün bu ərazidən keçmək müşkül olur». Tələbat olan ərazidə xidmət etmək məqsədilə buradakı bir yığıncağa gələn Simon adlı yığıncaq xidmətçisi deyir: «Videoları yükləmək üçün hər ay bir nəfər piyada iki saat yol gedib baş yola çıxır, oradan isə ictimai nəqliyyata minib şəhərə yollanır. Yetmiş yaşlı bir kişi və onun iki oğlu Yehovanın Şahidlərinin ibadət görüşlərində heç vaxt olmamışdı. Amma kənd kimi bir yerdə videoların göstəriləcəyini biləndə onda maraq oyandı. Həmin kişi demişdi: “Bu, Allahı tanımağın bir yoludur”».

Rusiyadan gələn bir minnətdarlıq məktubunda yazılmışdı: «Biz bir ildir ki JW televiziyasını seyr edirik. Buna görə çox xoşbəxtik. Baxdığımız ilk yayımdan sonra özümüzü bütün dünyadakı bacı-qardaşlara yaxın hiss elədik. Bu hissi ifadə etməyə sözlər belə yetməz. Sanki biz böyük bir ailəyik! Rəhbərlik Şurasının üzvlərini görmək çox xoşdur. Bu qardaşlar ilahi bilikləri vaxtı-vaxtında vermək üçün çox çalışırlar. Onlar heç birimizdən uzaq deyillər. Biz hər yeni yayımı səbirsizliklə gözləyirik. İndi Yehovanın Şahidi olduğumuza görə daha çox  qürur duyuruq. Əziz qardaşlarımız, çox sağ olun! Yehova Allaha və İsa Məsihə şükür olsun ki, belə möhtəşəm işlər görürlər. JW televiziyası bizə qol-qanad verir!»

Almaniyadan olan Horst və Helqa adlı yaşlı bir ər-arvad yazır: «JW televiziyasına söz ola bilməz. Biz ondan güc alırıq, ən çox da fiziki qüsurlu bacı-qardaşların hadisələri bizi ruhlandırır. Onların nümunələri bizi təşviq edir ki, səhhətimizdə problemlərin olmasına baxmayaraq, əlimizdən gələni edək. İflic olmuş qardaşın ağsaqqal kimi xidmət etdiyini görəndə başa düşdük ki, hər kəs Yehova üçün nəsə edə bilər. Belə nümunəvi bacı-qardaşlara görə Yehovaya şükür etməli və onlara bol-bol nemətlər verməsini diləməliyik».

İngiltərədən olan Kodi deyir: «Vaxtınızı və gücünüzü sərf edib jw.org saytını, JW televiziyasını və Eminlə Nərminin videolarını hazırladığınıza görə çox sağ olun. Müqəddəs Kitabı başa düşmək indi çox asandır, buna görə sizə minnətdaram. Mən səkkiz yaşımda vəftiz olmuşam. Bir az böyüyüm, ibadət evlərinin tikintisində kömək edəcəm. Həm də Beyteldə xidmət etmək istəyirəm. İndi mənim 9 yaşım var. Məqsədlərimə çatmağıma lap az qalıb».

Səkkiz yaşlı Arabella İngiltərədən yazır: «Videolara, tapşırıqlara görə çox sağ olun. Bunlar mənə Yehovanı daha yaxından tanımağa kömək edir. Saytımızdakı tapşırıq vərəqələri həm Yehova haqqında öyrənməyə, həm də vaxtımı şən keçirməyə kömək edir. Yazdığınız mahnıları əzbərləmək asandır. Emin və Nərminin videolarından da çox şey öyrənirəm. Çox sağ olun ki, bu qədər zəhmət çəkirsiniz».

^ abz. 3 JW televiziyasını tv.jw.org saytından izləyə bilərsiniz.