Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

Kolumbiya

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Bütün diqqət təbliğ xidmətinə cəmlənir

Bütün diqqət təbliğ xidmətinə cəmlənir

2015-ci il sentyabrın 23-ü, Rəhbərlik Şurası bütün dünyadakı Beytel ailəsinə ianələri daha səmərəli istifadə etmək məqsədilə bir sıra təşkilati dəyişiklikləri elan etdi. Daha sonra həmin ilin oktyabrın 3-də edilən dəyişikliklərin səbəbi izah olundu: «Filippililərə 1:10 ayəsində yazılıb ki, biz daha vacib şeyləri ayırd etməyi bacarmalıyıq. Müqəddəs Kitabda verilən bu məsləhətə əsasən, biz [Rəhbərlik Şurası] belə qənaətə gəldik ki, Allahın xalqının ruhani rifahına daha çox xidmət edən işlərə diqqəti cəmləyək və təbliğ işini daha da irəli aparaq».

 Rəhbərlik Şurasının üzvü Stiven Lett JW televiziyasında bununla bağlı demişdi: «Rəhbərlik Şurası təbliğ işinin yaxşı getməsinə çox ciddi yanaşır. Buna görə biz ianələrin daha çox təbliğə sərf olunması üçün filiallara xərclənən ianələrin miqdarını necə azalda biləcəyimiz barədə düşündük. Misal üçün, Beyteldə uzun müddətdir görülən bəzi işlər və xidmətlər ya azaldıldı, ya da ləğv olundu. Buna görə də indi daha az Beytel ailəsinin üzvünə ehtiyac var».

Bu dəyişikliklərin icrası zamanı 2015-ci ilin sentyabr ayından bəri 5500 Beytel ailəsinin üzvü sahəyə təyin olundu. Edilən dəyişikliklərə uyğunlaşmaq elə də asan olmasa da, Yehovanın xeyir-duası göz qabağındadır. Bütün dəyişikliklər təbliğ və təlim işinin daha da canlanmasına təkan verdi.

Şri-Lankada yaşayan bir cütlük Beyteldən sahəyə təyin olundu. Bu cütlük yaranan vəziyyətə Yehovaya və təşkilata etibar etdiklərini göstərmək fürsəti kimi baxdı. Onlar yazır: «Bilmirdik bizi qarşıda nələr gözləyir. Amma bir şeyə əmin idik ki, Yehova bizi heç vaxt atmayacaq. Yehovaya dua edib dedik: “Yehova, hansı vəziyyətlə üzləşiriksə, üzləşək, bizə kömək elə ki, ikimiz də öncül kimi xidmət edə bilək”. İlk ay pul sarıdan bir az əziyyət çəkdik. Bununla belə, Yehovanın qayğıkeş əlinin üzərimizdə olduğunu hiss etdik və hal-hazırda bizim daimi gəlir yerimiz var. Biz həm işləyir, həm öncül kimi xidmət edir, həm də ev işləri ilə məşğul oluruq. Ancaq Beyteldə vaxtdan düzgün istifadə etməyi öyrəndiyimiz üçün bütün bu işlərin öhdəsindən gələ bilirik. Kiməsə xilas xəbərini çatdırmaqdan gözəl bir  şey ola bilməz və biz çox xoşbəxtik ki, bu işdə öncül kimi iştirak edə bilirik».

Kolumbiyadakı bəzi bacı-qardaşlar Beyteldən sahəyə təyin olunandan sonra yeni dil öyrəndilər və xoş xəbəri yaymaq üçün ucqar ərazilərə köçdülər. Bu bacı-qardaşlar getdikləri yığıncaqlar üçün əsl hədiyyədirlər. Bir rayon nəzarətçisi onun xidmət etdiyi əraziyə təyin olunan bir ər-arvad haqda belə sözlər yazır: «Onların bacı-qardaşlara çox köməyi dəyir. İndi yığıncaq təbliğ işində daha fəaldır. Qardaşlar yığıncaqdakı müxtəlif işləri görmək üçün təlim alırlar». Hal-hazırda artıq Beytel ailəsinin üzvü olmayan digər bacı-qardaşlar isə işlərini elə qurublar ki, həftənin bir və ya bir neçə günü Beyteldə kömək edə bilirlər.

Yaponiyadakı Beyteldə 31 il xidmət etmiş bir qardaş cəmi iki ağsaqqalı olan bir yığıncağa təyin olundu. Təyin olduğu yığıncaq ibadət evini təmir etməli idi. Bu işlərdə iştirak etmək üçün qardaş iki həftəlik heç bir işdə işləməmək qərarına gəldi. Amma təmir işlərinə başlayacaqları ərəfədə həmin ərazidə (Kumamoto şəhəri) 7 bal gücündə zəlzələ baş verdi. Qardaş verdiyi qərar sayəsində zərərçəkənlərə yardım etmək işinə rəhbərlik edə bildi, həmçinin onun bacı-qardaşları ziyarət edib ruhlandırmaq imkanı oldu. O deyir: «Baş verənlər haqda düşünəndə onu deyə bilərəm ki, Yehova məni məhz lazım olan yerə göndərmişdi».

Avstralaziya filialında xidmət etmiş Fil və həyat yoldaşı Şuqar deyir: «Bizim təyinatımız dayananda qərara gəldik ki, bundan sonra da sadə həyat sürək. Yehovaya dua etdik ki, bizə düzgün qərarlar verməyə kömək etsin  və verdiyimiz qərarlar yaxşı nəticə gətirsin. Çox istəyirdik başqa bir ərazidə xidmət edək. Yehova məqsədimizə çatmağa kömək etdi. O, hər şeyi elə yoluna qoydu ki, biz vaxtımızın çox hissəsini xidmətə ayıra bilirik». İndi bu ər-arvad Samal adasında (Filippin) ingilisdilli qrupda xidmət edir. Bu qrupda 34 təbliğçi və 9 öncül var. Hal-hazırda Fillə Şuqarda həqiqətə maraq göstərən 120 nəfərin ünvanı var. Onlar deyir: «Görüləsi maraqlı işlər çoxdur. Xoşbəxtik ki, tamamilə Yehovaya bel bağladıq. Bu, bizim imanımızı və Allaha sevgimizi daha da alovlandırdı».

Rusiyada xüsusi öncül kimi təyin olunan subay bir bacı deyir: «Öncül xidməti mənə imkan verir ki, ən mühüm işdə, heç vaxt təkrar olunmayacaq Allahın Padşahlığı haqda xoş xəbərin təbliği işində tam şəkildə iştirak edim. Yehova Allahın bu iş üçün məni də seçdiyinə çox sevinirəm». Hal-hazırda bacı altı nəfərə Müqəddəs Kitab dərsi keçir. Öyrətdiyi insanların arasında İraqdan, Nigeriyadan, Şri-Lankadan, Suriyadan və Zambiyadan olanlar var.

Zambiya. Beyteldən sahəyə təyin olunan bacı-qardaşları getdikləri yeni yığıncaqda gülərüzlə qarşılayırlar

Zambiyadakı Beytel ailəsinin üzvlərindən bir çoxu öncül kimi təyin olunublar. İndi onlar təbliğ işinə daha çox vaxt ayıra bilirlər və bu, onlara böyük sevinc verir. Yoldaşı ilə birlikdə öncül kimi xidmət edən Endryu deyir: «Beyteldəki təyinatımız dayanandan qısa müddət sonra biz oxumağı və yazmağı bacarmayan iki nəfərə kömək edə bildik. Dərs keçdiyimiz şagirdlərdən birinin on yaşı var. Bu yaxınlarda o, yığıncaqda tapşırıqla çıxış edəcək. Təbliğ etdiyimiz bir ər-arvad isə anma mərasiminə gəlmişdi və o vaxtdan bəri onlar heç bir yığıncağı  buraxmırlar. İndi bu ər-arvad böyük həvəslə Müqəddəs Kitabı öyrənir. Əgər biz Yehovanın göstərdiyi yolla getməsəydik, Onun bizimlə olduğunu unutsaydıq, bizə verəcəyi mükafatı səbirlə gözləməsəydik, bütün bunlar mümkün olmayacaqdı!»

Zambiyada yaşayan Edson və Artnes Beyteldən sahəyə təyin olunanda bir neçə ay idi ki, ailə qurmuşdular. Artnes deyir: «Beytel xidməti bizə əlimizdə olan pulu qənaətlə xərcləməyə, borca girməməyə və sevincimizi itirməməyə kömək etdi. Beyteldə xidmət etdiyimizə görə peşman deyilik. Qarşımıza yeni məqsədlər qoyub Yehovanın köməyilə onlara çatmağı öyrəndik. Yehovaya olan imanımız sanki təzələndi, biz bundan sonra da Yehovaya sadiq qalmağa əzmliyik».