Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

 GÜRCÜSTAN

Onlar Ulu Yaradanlarını xatırladılar

Onlar Ulu Yaradanlarını xatırladılar

Əvvəlki səhifələrdə haqqında oxuduğumuz insanların çoxu «cavanlıq günlərində Ulu Yaradanını xatırla»yan gənclərdir (Vaiz 12:1). Əslində, Gürcüstanda olan 3197 öncülün üçdə biri 25 və ondan aşağı yaşdadır. Gürcüstandakı gənclərin əksəriyyətinin belə fəal olmasına səbəb nədir?

Buna bir neçə amil təsir edib. Birincisi, Gürcüstanda ailə üzvlərinin bir-biri ilə münasibəti sıxdır. Beş uşağını həqiqətdə böyüdən Konstantin deyir: «Məni həqiqətə cəlb edən Yehovanın qayğıkeş Allah olması idi. Uşaqlarım olanda çalışırdım ki, onlar da özlərini mənim yanımda rahat hiss etsinlər».

Üç uşağı olan Malxazi və arvadı əllərindən gələni edirdilər ki, ailə telləri möhkəm olsun. O deyir: «Vaxtaşırı uşaqlarımızdan bizdə və bir-birilərində nələri qiymətləndirdiklərini soruşuruq. Sonra onlara deyirik  ki, bunu ailəvi ibadət zamanı bölüşsünlər. Nəticədə, onlar başqalarını qiymətləndirməyi və onlarda yaxşı şeyləri görməyi öyrəndilər».

«İndi daha mənalı həyat sürürəm!»

Uşaqlarını Yehovanın yolunda böyüdən valideynlərə ağsaqqallar da dəstək olurdu. Bunun üçün onlar uşaqlara lap kiçik yaşlarından işlər tapşırırdılar. On bir yaşında vəftiz olmuş Nestori deyir: «Hələ lap balacalığımdan ağsaqqallar mənə kiçik işlər verirdilər. Bunun sayəsində özümü yığıncağın bir hissəsi hiss edirdim».

Bacı-qardaşların nümunəsi və ağsaqqalların dayağı da vacib rol oynayır. Nestorinin qardaşlarından biri olan Koba deyir: «Bacı-qardaşımdan fərqli olaraq, mən yeniyetmə yaşlarında ipə-sapa yatmamışam. Amma mənim üçün nümunə olan bir ağsaqqal heç  vaxt məni qınamırdı, başa düşməyə çalışırdı. Yehovaya geri dönməyimdə onun rolu böyük olub».

Hal-hazırda Nestori və Koba doğma bacıları Mari ilə birlikdə ucqar ərazidə xidmət edirlər. Koba deyir: «İndi daha mənalı həyat sürürəm!»

«Uşaqlarım həqiqət yolunda yeriyir»

Uşaqların tərbiyəsində valideynlərə kömək etmək üçün filial teokratik layihələrə cavan məsihiləri dəvət edir. Filial komitəsinin bir üzvü deyir: «Biz gəncləri çox qiymətləndiririk, buna görə də onlara qarşılarına qoyduqları ruhani məqsədlərə çatmaları üçün dəstək oluruq».

Gürcüstandakı Yehovanın Şahidləri beynəlxalq proqram xidmətçiləri ilə birlikdə Tbilisidəki toplantı zalının tikintisində işləyiblər

Yetkin bacı-qardaşlarla birgə çalışmaq və onlarla ünsiyyətdə olmaq gənclərə güclü təsir bağışlayır. Tbilisidə beynəlxalq briqada ilə birgə toplantı zalının tikintisində işləyən Mamuka deyir: «Bu cür beynəlxalq layihələr zamanı başqalarından nəsə öyrənmək üçün çoxlu imkanım oldu. Mən burada müəyyən bacarıqlara yiyələnməklə yanaşı, ruhani cəhətdən də çox şey öyrəndim».

Yaxın ailə münasibətləri, ağsaqqalların dəstəyi və bacı-qardaşların gözəl nümunəsi Gürcüstandakı gənclərə müsbət təsir edib. Bu gənclərin valideynləri həvari Yəhyanın dediyi sözlərə şərikdirlər: «Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 Yəh. 4).

Tərcümə işinin gücləndirilməsi

2013-cü ildə Rəhbərlik Şurası göstəriş verdi ki, hər filial öz ərazisində başqa hansı dillərdə ədəbiyyatlara  ehtiyac olduğunu araşdırsın. Məqsəd daha çox insana xoş müjdəni çatdırmaq idi.

Beləliklə, Gürcüstan filialı qərara gəldi ki, bəzi nəşrləri svan və meqrel dilinə tərcümə etsin. Bu iki dil gürcü dilinə elə yaxındır ki, hətta bəziləri onların dialekt dil olduğunu hesab edir.

Svanetidən olan öncüllər yazır: «Svanlar imanlı xalqdır və Müqəddəs Kitaba dərin hörmət bəsləyir. Hətta ədəbiyyat götürmək istəməyənlər belə, svan dilində olan nəşrləri götürürdü».

Meqrel dilində yığıncaq keçirilməyə başlayanda bu dildə danışan təbliğçilər çox sevindilər. Gənc öncül Giqa deyir: «İndi fikirlərimi öz sözlərimlə ifadə edə  bilirəm. Daha şərhimi beynimdə tərcümə etməyə ehtiyac yoxdur».

Tkaiada meqreldilli yığıncaqda ağsaqqal kimi xidmət edən Zuri öz hisslərini bölüşür: «Həyatımda həm sevincli, həm kədərli anlar çox olub, amma bunların heç biri məni ağlatmayıb. İlk dəfə yığıncaqda meqrel dilində həmd nəğməsini oxuyanda içi mən qarışıq heç kim göz yaşlarını saxlaya bilmədi».

Son əlamətdar hadisələr

2013-cu il aprelin 6-sı, şənbə günü Gürcüstandakı Yehovanın Şahidlərinin tarixində əlamətdar bir hadisə baş verdi: təmir edilmiş və genişləndirilmiş filial  kompleksi, toplantı zalı və yeni Müqəddəs Kitab məktəbinin binası Yehovaya həsr olundu. Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaş məruzə ilə çıxış etdi. Yerli bacı-qardaşlar qapılarını 24 ölkədən gəlmiş 338 qonağın üzünə açdı.

Növbəti gün Devid qardaş xüsusi məruzə ilə çıxış etdi. Ölkənin hər yerində olan yığıncaqlarda 15 200 nəfər audio-videoəlaqə vasitəsilə bu proqrama qulaq asdı. Gürcüstan ilk dəfə idi ki, bu cür böyük beynəlxalq tədbirə ev sahibliyi edirdi. Bacı-qardaşların bir-birilərini ruhlandırması və duyduqları sevinc hər kəsə dərin təsir bağışladı. Bir gənc qardaş deyir: «Mən indi bildim ki, yeni dünya necə olacaq».

Tbilisidə filialın həsrolunması, 2013-cü il

Əvvəllər Məsihi ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi adlanan Padşahlıq Müjdəçiləri Məktəbi Gürcüstandakı bacı-qardaşlar üçün əsl ənamdır. Bu məktəbin 2013-cü ildən bəri 200-dən çox məzunu olub. Aldıqları təhsilə görə ürəkdən minnətdar olan məzunlar istənilən yerdə xidmət etməyə hazırdırlar.

«İrəlidəki şeylərə can atırıq»

İlk təbliğçilərin cəsarəti sayəsində xoş xəbəri bütün Gürcüstan eşitdi. Bu təbliğçilərin insanlara və Allaha olan sevgisi, göstərdikəri iman, cəsarət və təşəbbüs Yehova tərəfindən bol-bol mükafatlandırıldı.

Hal-hazırda Gürcüstandakı 18 000-dən çox Yehovanın Şahidi bu təbliğçilərin gördüyü işi davam etdirməyə və insanlara Allahın Kəlamının gücünün şahidi olmalarına kömək etməyə şaddırlar (Filip. 3:13; 4:13).

Gürcüstan filialının komitə üzvləri: Veyn Tomçuk, Levani Kopaliani, Coni Şalamberidze, Maykl Cons