Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

2017 — Yehovanın Şahidlərinin illik fəaliyyəti

Xuloda kanat yolunda təbliğ olunur

 GÜRCÜSTAN

«Yehovanın qullarının irsi budur» (Əşy. 54:17).

«Yehovanın qullarının irsi budur» (Əşy. 54:17).

GÜRCÜSTANDA xidmət edən Yehovanın Şahidləri yorulmadan xoş xəbəri təbliğ edirdilər. Yehova da onların zəhmətinə bərəkət verdi. Nəticədə, müjdə ölkənin dörd bir yanına yayıldı.

Yuxarıda: Təbliğçilər dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Uşquli ərazisində təbliğ etməyə hazırlaşır

Son illər ərzində öncüllər və digər fəal təbliğçilər az təbliğ olunan ərazilərdə yaşayan insanlara daha çox diqqət ayırmağa başladılar. Dağlıq ərazilərə, bəzi ucqar kəndlərə yalnız kanat yolu ilə ya da dörd təkəri də çəkən maşınlarla getmək olur.

Svaneti ərazisindəki təbliğçilər

 2009-cu ildən bəri Gürcüstan filialı hər il bütün yığıncaqlara təyin olunmamış ərazilərin siyahısını verir və təbliğçiləri həmin ərazilərdə təbliğ işinə dəstək olmağa dəvət edir. Həmin ərazilərdə xidmət etmək üçün bəzi bacı-qardaşlar çox şeyi qurban vermişlər.

Temuri və Anna Bliadze

Acarıstan ərazisində təbliğçilərə tələbat olduğunu eşidəndə Temuri və Anna Bliadze təzə ailə qurmuşdular. Onlar torpaq almışdılar və ev tikməyi planlaşdırırdılar. Amma indi qarşılarında xidmətlərini genişləndirmək üçün gözəl imkan yaranmışdı.

Onlar əvvəlcə Acarıstanda bir həftə qaldılar. Temuri bölüşür: «Oradakı təbliğçilər kiçik kəndlərə getmək üçün piyada xeyli yol qət edirdilər. Bizim avtomobilimiz var idi. O dəqiqə fikirləşdim ki, o burada işimə çox yarayacaq».

Anna deyir: «Köçmək elə də asan deyildi, çünki yığıncağımıza və ailəmizə çox bağlı idik. Amma Yehovanın dəstəyini görürdük». Temuri və Anna artıq üç ildir ki, Acarıstanın Keda ərazisində olan bir qrupda xidmət edirlər.

Öncüllər ağıllarını işə salır

Ucqar ərazilərdə təbliğ işinin irəli getməsində müvəqqəti xüsusi öncül kimi xidmət edənlərin zəhmətini xüsusilə qeyd etmək lazımdır. Təyinatları bitsə də, əksər öncüllər dərs keçdikləri insanları yarı yolda qoymamaq üçün təyin olduqları ərazidə qalmağı qərara almışdılar.

Adları Xatuna olan iki öncül bacı gözəl guşəli Manqlisi qəsəbəsinə təyin olunmuşdular. Orada bir nəfər  də olsun Yehovanın Şahidi yox idi. Amma bacıların xidməti çox uğurlu alındı. Onlar birinci ay 9, ikinci ay 12, üçüncü ay 15, dördüncü ay isə 18 nəfərlə Müqəddəs Kitab dərsi keçməyə başladılar! Şagirdlərlə dərslərini davam etdirmək üçün bacılar burada qalmaq qərarına gəldilər.

Özlərini dolandırmaq üçün bacılarımız bir şey fikirləşməli idi. Şam ağacı qozasının mürəbbəsi Manqlisidə çox məşhurdur. Ora gələn qonaqlar bu mürəbbəni çox bəyənirlər. Üstəlik, bu qozaların sağlamlıq üçün faydalı olduğu hesab olunur. Bacılar körpə qozaları yığıb mürəbbə hazırlayır, sonra isə onları satırdılar. Amma bacılar dolanmaq üçün sonradan başqa üsul tapdılar.

Günlərin bir günü Müqəddəs Kitabı öyrənənlərdən biri bacılara cücələr gətirdi. Qadın izah etdi ki, onların  toyuqları başqa bir yerdə yumurta qoyub və bir gün təzə çıxmış cücələri ilə birgə evə qayıdıb. Qadın bu cücələri bacılarımıza hədiyyə etmək istəyirdi. Bacılardan birinin toyuq saxlamaq sahəsində təcrübəsi var idi. Buna görə də onlar toyuq saxlamaq qərarına gəlirlər.

Bacılarımızdan biri deyir: «Yehovanın, bacı-qardaşların və şagirdlərin köməyi sayəsində biz Manqlisidə düz beş il qala bildik». Hal-hazırda Manqlisidə bir qrup var.

Xatuna Xarebaşvili və Xatuna Tsulaya Manqlisidə

Başqa dillərdə təbliğ

Son illər ərzində Gürcüstana gələn əcnəbilərin sayı artıb. Təbliğ üçün açılan yeni sahə öncüllərin gözündən yayınmadı. Onlar Azərbaycan, çin, ərəb, fars, ingilis və türk dillərini öyrənməyə başladılar.

Öncüllərin bir qismi əcnəbidilli qrup və yığıncaqlara keçdi, digərləri isə daha çox tələbat olan ölkələrə köçdülər. Giorgi və Gela 20 yaşlarında olanda qonşu ölkəyə köçmüşdülər. Giorgi deyir: «Biz Yehovaya hər şeyin ən yaxşısını vermək istəyirdik. Həmin ölkədə isə bunun üçün əla imkan var idi».

Gela oradakı xidmətini yada salaraq deyir: «Belə bir ərazidə ağsaqqal kimi xidmət etmək mənə çox şey öyrətdi. Yehovanın səndən quzularını bəsləmək üçün istifadə etməsi elə bir hissdir ki, sözlə ifadə etmək mümkün deyil» (Yəh. 21:17).

Giorgi əlavə edir: «Düzdür, çətinliklər də var idi. Amma biz diqqətimizi xidmətimizə cəmləmişdik. Burada olduğumuza görə heyifsilənmirdik. Bir şeyi bilirdik ki, biz öhdəmizə düşən işi görürük».

 Gela adlı digər bir qardaş isə bir neçə il Türkiyədə xidmət edib. O xatırlayır: «Dili bilmədiyim üçün əvvəl-əvvəl xidmətimdən sevinc duya bilmirdim. Ancaq dili öyrənib bacı-qardaşlarla və yerli əhali ilə söhbət etməyi bacarandan sonra özümü dünyanın ən xoşbəxt insanı sayırdım».

On ildən çoxdur ki, İstanbulda (Türkiyə) xidmət edən Nino adlı bacı öz hisslərini belə ifadə edir: «Yehovanın dayağını bura gəldiyim ilk gündən hiss etdim. Əcnəbi sahədə xidmət edəndə insanın başına hər gün “İllik fəaliyyət” kitabına yazılası maraqlı hadisələr gəlir».