Nə vaxtsa təbliğ etmək sizə çətin gəlib? Çoxumuz bu suala «hə» deyə cavab verərdik. Bəs nə üçün təbliğ etmək bəzən çətin olur? Çünki tez-tez xoş xəbərə laqeyd yanaşan, bizə düşmən kəsilən insanlarla rastlaşırıq. Bəzilərimiz üçün isə tanımadığı insanlara təbliğ etmək çətindir. Sözsüz ki, bütün bu amillər təbliğ etmək istəyimizi öldürə bilər. Amma xoşbəxt Allahımız Yehova istəyir ki, biz ona sevinclə xidmət edək (Zb 100:2; 1Tm 1:11). Hansı üç səbəbə görə təbliğ işində canla-başla iştirak edə bilərik?

Birincisi, biz insanlara ümid verən xəbər çatdırırıq. Bu gün insanların ümidi şam kimi get-gedə sönür, amma biz gözəl xəbər müjdələməklə onların qəlbində közərən ümidi alovlandıra bilərik (Əş 52:7). Müjdələdiyimiz xəbər bizə də sevinc bəxş edə bilər. Buna görə də təbliğə çıxmazdan öncə bir qədər vaxt ayırıb Allahın Padşahlığının ərməğan edəcəyi gözəl nemətlər haqda düşünün.

İkincisi, xoş xəbər insanlara ruhani və fiziki fayda gətirir. Onlar zərərli vərdişlərdən əl çəkməyi öyrənir və qarşılarında əbədi yaşamaq imkanı açılır (Əş 48:17, 18; Rm 1:16). Xidmətimizi xilasedici işə bənzətmək olar, çünki bu xəbərdən insanların həyatı asılıdır. Ola bilsin, kimsə qurtulmaq istəmir, amma xilas olmaq istəyənlər də var və biz onları axtarmağa davam etməliyik (Mt 10:11—14).

Üçüncüsü və ən vacibi, biz təbliğ etməklə Yehovanın adını ucaldırıq. Allah gördüyümüz işi çox qiymətləndirir (Əş 43:10; İb 6:10). Üstəlik, bu işi yerinə yetirməyimiz üçün O bizə müqəddəs ruhunu verir. Buna görə Yehovadan müqəddəs ruhun bəhrəsi olan sevinci diləyin (Qt 5:22). Allahın köməyi sayəsində narahatçılığımıza səbəb olan amillərin öhdəsindən gəlib cəsarətlə təbliğ edə bilərik (Hv 4:31). Beləcə, təbliğdə hansı münasibətlə üzləşməyimizdən asılı olmayaraq, bizə həvalə olunan işdən sevinc duyacağıq (Hz 3:3).

Təbliğ zamanı hansı əhval-ruhiyyədə olmaq istəyərdiniz? Sevinc duyduğumuzu təbliğ zamanı necə göstərə bilərik?

«MÜTALİƏ RUHUMUZU TƏZƏLƏYİR» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIRIN:

  • Hər ay təbliğ işinə çox vaxt ayırsaq da, nəyə görə mütaliəyə üstünlük verməliyik?

  • Hansı sahədə Meri bacıdan nümunə götürə bilərik?

  • Allahın Kəlamı üzərində düşünmək üçün siz hansı vaxtı təyin etmisiniz?

  • Xoş xəbəri müjdələyəndə sizə ən çox nə sevinc gətirir?