Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 3, 2017

 İMAN ÖRNƏKLƏRİ | SARA

«Sən gözəl qadınsan»

«Sən gözəl qadınsan»

SARA otağın ortasında durub ətrafa göz gəzdirir. Gəlin xəyalımızda qara gözlü, gözəl simalı şərq qadınını canlandıraq. Ola bilsin, kimsə onun gözlərində kədər görür. Bildiyimiz kimi, bu qüssəyə səbəb var. Axı bu evdə onun xoş xatirələri yaşayır. Burada o, əri İbrahimlə birgə neçə-neçə xoşbəxt anlar yaşayıb *. Bu evi onlar birlikdə tikib ərsəyə gətiriblər.

İbrahim peyğəmbərlə Sara sənətkarlar və tacirlər şəhəri olan Urda yaşayırdı. Buna görə də belə nəticəyə gəlmək olar ki, onların burada ev-eşiyi var idi. Sara üçün əziz olan evinin daşı-divarı, əşyaları deyildi. Bu evdə o, əri ilə birgə acılı-şirinli günlər yaşamışdı. Burada onlar dəfələrlə əl açıb Yaradanları Yehova Allaha dualar ucaltmışdılar. Göründüyü kimi, bu evi Saraya doğmalaşdıran səbəblər çox idi.

Bununla belə Sara ona doğma olan hər şeyi qoyub getməyə hazır idi. 60 yaşlı bu qadın yad diyarda təhlükə və çətinliklərlə dolu bir həyat yaşayacaqdı. Onlar daha heç vaxt Ur şəhərinə qayıtmayacaqdılar. Gəlin görək həyatını bu cür kökündən dəyişməyə onu nə vadar etmişdi və biz onun imanını necə örnək götürə bilərik?

«ÖZ TORPAĞINI... QOYUB ÇIX»

Çox ehtimal ki, Sara Urda böyüyüb boya-başa çatmışdı. Hazırda bu şəhərdən qalan yeganə xatirə dağıntılardır. Amma o dövrdə tacir gəmiləri Fərat çayını yararaq yaxın-uzaq məmləkətlərdən bu zəngin şəhərə bahalı mallar gətirirdilər. Urun ensiz, dolanbac küçələrində qələbəlik olurdu. Gəmilər limana yan almaq üçün bir-birini ötməyə çalışırdı. Şəhərin bazarları dolub daşırdı. Sara bu cür səsli-küylü şəhərdə böyümüşdü, camaatın çoxunu yaxından tanıyırdı. Sözsüz ki, onlar da Saranı tanıyırdılar, çünki o, qənirsiz gözəl idi. Təbii ki, Saranın burada qohum-əqrəbası da var idi.

Sara imanlı insan idi. Urun əksər camaatı şəhərdə şərəfinə hündür qüllə ucaldılmış ay tanrısına ibadət edirdi, amma Sara tək olan Yehova Allaha iman gətirmişdi. Saranın atası müəyyən müddət bütpərəst olmuşdu. Bəs Saraya mömin insan kimi yetişməyə nə kömək etmişdi? Müqəddəs Kitabda bu sualın cavabı yoxdur. Amma orada Sara haqqında başqa məlumatlar tapa bilərik. Məsələn, o, özündən on yaş böyük olan İbrahimlə ailə qurmuşdu * (Yaradılış 17:17). İbrahim sonralar «iman gətirənlərin atası oldu» (Romalılara 4:11). Onların nikahı möhkəm idi, ailədə hörmət var idi. Ər-arvad bir-biri ilə mehriban ünsiyyət edir, yaranan problemləri birgə həll edirdilər. Bu mehribançılığa səbəb onların Allaha bəslədikləri məhəbbət idi.

Sara ərini çox sevirdi. Onlar qohumlarına yaxın yaşayırdılar. Amma evləndikdən bir müddət sonra onlar kədərli bir həqiqətlə üz-üzə durdular. Müqəddəs  Kitabda yazılıb ki, Sara «sonsuz idi, onun uşağı olmurdu» (Yaradılış 11:30). O dövrdə və həmin mədəniyyətdə sonsuz olmaq böyük dərd idi. Buna baxmayaraq, Sara Allaha və ərinə sadiq idi. Görünür, onlar yetim qalmış qardaşı oğulları Lutu oğulluğa götürmüşdülər. Və beləcə, həyat öz axarı ilə gedirdi. Amma bir gün hər şey dəyişdi.

İbrahim peyğəmbər həyəcan içində Saranın yanına gəldi. Bir az əvvəl elə bir şey baş vermişdi ki, o, heç cür buna inana bilmirdi. Onların ibadət etdiyi Yehova Allah İbrahimlə danışmış, hətta ona görünmüşdü (şübhəsiz, ona görünən mələk olub). Gəlin bu dəm Saranı təsəvvür edək: onun mehriban baxışları ərinə zillənib, o, həyəcan içində soruşur: «De görüm O, sənə nə dedi?» Yəqin İbrahim peyğəmbər əvvəlcə əyləşib fikrini toplamağa çalışır, sonra arvadına deyir: «Yehova mənə belə dedi: “Öz torpağını, qohumlarını qoyub çıx, sənə göstərəcəyim torpağa get”» (Həvarilərin işləri 7:2, 3). Özlərinə gələndən sonra onlar Yehovanın verdiyi tapşırığın mahiyyətini başa düşdülər: onlar rahat həyatdan əl çəkməli, köçəri həyat yaşamalı idilər! İbrahim peyğəmbərin gözləri Saraya dikilmişdi. Görəsən, Sara nə deyəcək? Həyatlarının dönüş nöqtəsi olan bu məqamda ona dəstək olacaq?

Saranın üzləşdiyi vəziyyət bizə qəribə gələ bilər. Düşünə bilərik ki, nə yaxşı, Allah məndən və həyat yoldaşımdan belə bir şey istəməyib. Amma, əslində, hər birimiz Sara kimi seçim qarşısında dururuq. Biz mal-mülk vurğunu olan cəmiyyətdə yaşayırıq. Bu dünya bizə yalnız öz rahatlığımızı və təhlükəsizliyimizi fikirləşməyi, ev-eşiyimizdən möhkəm yapışmağı təlqin edir. Müqəddəs Kitab isə bizi ibadətimizlə bağlı işləri hər şeydən üstün tutmağa səsləyir, seçim qarşısında olanda öz istəyimizi təmin etməyə yox, Allahı razı salmağa təşviq edir (Mətta 6:33). Hər birimiz Saranın hansı seçimi etdiyini bilirik. İndi gəlin özümüzdən soruşaq: «Bəs mən nəyi seçəcəyəm?»

ONLAR O DİYARI TƏRK ETDİ

Sara əşyaları yığa-yığa fikirləşirdi, nəyi aparsın, nəyi aparmasın. O, çox iri əşyalar götürə bilməyəcəkdi, çünki ulaqlara və dəvələrə onları daşımaq çətin olacaqdı. Köçəri həyatı çətinləşdirən əşyalara da ehtiyac yox idi. Çox ehtimal ki, İbrahimgil qalan mal-mülkü ya satmışdılar, ya da kiməsə pay vermişdilər. Bu şəhərdə Sara bazar-dükandan ürəyi istəyən hər şeyi, taxıl, ət, meyvə-tərəvəz, pal-paltar və sair şeylər ala bilirdi. O, şəhər həyatının bu cür rahatlıqlarını qoyub getməli idi.

Saranın imanı elə güclü idi ki, o, rahat həyatdan imtina etdi

Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdu ki, Ur şəhərində evlər çoxotaqlı olub. Evlərin həyətində bulaq və su kəməri, ən sadə evlərin belə, möhkəm damı, divarı və cəftəli qapısı var idi. Yəqin Saragilin də evi bu cür olub. Buna görə də, ola bilsin, Sara üçün ən çətini evini, bu cür rahatlığı qoyub  getmək idi. Çadırda yaşamaq bu qədər təhlükəsiz olmayacaqdı. Çadır onları oğrulardan, şir-pələngdən, ayıların və canavarların hücumundan qoruya bilməyəcəkdi. Bu təhlükə real idi, çünki o vaxt həmin ərazidə bu heyvanlar çox olub.

Allah İbrahimə buyurmuşdu: «Öz torpağını, qohumlarını... qoyub çıx». Bəs Sara qohum-əqrəbasını necə qoyub gedəcəkdi? Yəqin onun bacı-qardaşları, bacısı və qardaşı uşaqları, xalası, bibisi, dayısı, əmisi var idi. Təbii ki, istiqanlı və mehriban bir insan kimi Sara onları çox sevirdi. Amma onları daha görməyəcəkdi. Bununla belə, Sara hər keçən gün daha qətiyyətli olur, özünü Uru tərk etməyə hazırlayırdı.

Sadalanan bütün çətinliklərə baxmayaraq, Sara yır-yığış etmişdi və təyin olunmuş gün şəhərdən çıxmağa hazır idi. İbrahimlə Saranın atası Tarixin təxminən iki yüz yaşı olsa da, ailənin başçısı olduğu üçün onlarla getdi (Yaradılış 11:31). Şübhəsiz ki, Sara yaşlı atasının qeydinə qalmaq üçün hər əziyyətə qatlaşacaqdı. Onlar «kəldanilərin torpağından» çıxanda Lut da onlarla getdi (Həvarilərin işləri 7:4).

Karvan birinci şimal-qərbə, Harrana yola düşdü. Onlar Fərat çayı boyunca gedərək təxminən 960 kilometr yol qət edib Harrana çatdılar və bir müddət orada qaldılar. Ola bilsin, səbəb Tarixin xəstə olması və buna görə də daha yol gedə bilməməsi idi. Tarix 205 yaşında vəfat edənə qədər onlar yola çıxmadılar. Bir gün, onlar Harrandan çıxmazdan əvvəl Yehova Allah İbrahimlə yenə danışdı və ona dedi ki, bu torpağı tərk edib göstərəcəyi diyara getsin. Amma bu dəfə Allah İbrahimə güclü təsir bağışlayan bir vəd verib dedi: «Səndən böyük bir xalq törəyəcək» (Yaradılış 12:2—4). Harrandan çıxanda İbrahimin 75, Saranın isə 65 yaşı var idi, amma uşaqları olmamışdı. Bəs İbrahimdən böyük bir xalq necə törəyəcəkdi? Bəlkə, o, başqa arvad alacaqdı? O dövrdə çoxarvadlılıq normal hal olduğu üçün, yəqin, Saranı bu fikir narahat edirdi.

Bununla belə, onlar Harrandan çıxıb yollarına davam etdilər. Amma bu dəfə onlarla başqa insanlar da gedirdi. Müqəddəs Kitabda deyilir ki, İbrahimgil topladıqları var-dövləti, həmçinin «Harranda aldıqları qulları götürüb» oradan çıxdılar (Yaradılış 12:5). Şübhəsiz ki, İbrahimlə Sara onları dinləmək istəyən insanlara Yehova Allah haqqında danışırdılar. Tövratın qədimi şərhlərinə əsasən, Harrandan İbrahimgillə çıxan insanlar onların Allahına iman gətirən prozelitlər idi. Bu deyilənlər həqiqətdirsə, şübhə yoxdur ki, Sara insanlara Allah haqqında və Allahın ona verdiyi ümid barədə əminliklə danışırdı. Biz Saradan bu sahədə nümunə götürməliyik, çünki yaşadığımız zəmanədə insanların imanı və gələcəyə ümidi günü-gündən zəifləyir. Buna görə də gəlin Müqəddəs Kitabdan maraqlı məlumat öyrənəndə başqaları ilə bölüşək.

ONLAR MİSİRƏ GETDİ

Ehtimal ki, b. e. ə. 1943-cü il nisan ayının 14-də İbrahimgil Fərat çayını keçib cənuba, Allahın vəd etdiyi diyara tərəf yol aldılar (Çıxış 12:40, 41). Gəlin Saranın o diyara necə göz gəzdirdiyini təsəvvür edək. Yəqin oranın gözəlliyi, havası və təbiətin müxtəlifliyi onu heyran qoymuşdu. Sihamda, Möhrənin böyük ağacları yaxınlığında Yehova Allah İbrahimə bir daha göründü. Bu dəfə Allah ona dedi: «Bu torpağı sənin övladlarına verəcəyəm». «Övlad!» Bu söz İbrahim peyğəmbər üçün çox dərin məna daşıyırdı. Sözsüz ki, o, bu sözü eşidəndə Ədən bağı və Yehovanın Şeytanın başını əzəcək övlad barədə verdiyi vəd yadına düşür. Yehova bundan əvvəl artıq İbrahimə demişdi ki, ondan törəyəcək xalq dünyanın bütün xalqları üçün bol nemətlərə açılan qapı olacaq (Yaradılış 3:15; 12:2, 3, 6, 7).

İbrahim peyğəmbərin ailəsi də hamı kimi bu dünyanın problemləri ilə üzləşirdi. Kənan diyarında aclıq baş qaldırmışdı. İbrahim peyğəmbər qərara gəldi ki, ev əhlini də götürüb Misirə getsin. Amma bu ölkədə təhlükə ilə üzləşəcəyini hiss edirdi. Buna görə də Saraya dedi: «Qulaq as, gör nə deyirəm. Sən gözəl qadınsan. Misirlilər səni görüb “bu, onun arvadıdır” deyəcəklər. Onda məni öldürəcək, səni isə sağ saxlayacaqlar. Bəlkə, sən deyəsən ki, mənim bacımsan, onda sənin sayəndə başım salamat olar, sağ qalaram» (Yaradılış 12:10—13). Görəsən, nəyə görə İbrahim peyğəmbər arvadına belə qəribə təklif etmişdi?

Bəzi tənqidçilər İbrahim peyğəmbəri bu hərəkətinə görə yalançı və qorxaq adlandırır. Amma o,  yalan danışmırdı, çünki bildiyimiz kimi Sara, doğrudan da, İbrahimin ögey bacısı idi. Qaldı ki, qorxaqlıq məsələsinə, İbrahim peyğəmbərin ehtiyat etməyə ciddi səbəbi var idi. İbrahimlə Sara başa düşürdü ki, ən əhəmiyyətli məsələ Allahın övladla və ondan yaranacaq xalqla bağlı vədi idi. Buna görə də həmin an ən əsası İbrahimin salamatlığı idi. Həmçinin arxeoloji tədqiqatlar nəticəsində aşkar olmuşdu ki, növbəti vəziyyət Misirdə adi hal idi: nüfuzlu kişilər istədikləri qadını qaçırır, ərini isə öldürürdülər. Göründüyü kimi İbrahim peyğəmbər ağıllı davranmışdı. Sara da itaətkar qadın kimi ərinin qərarını dəstəkləmişdi.

Çox keçməmiş İbrahim peyğəmbərin qorxusunun əsaslı olduğu təsdiqləndi. Saranın gözəlliyi firon əyanlarının diqqətindən yayınmadı. Doğrudan da, Sara yaşına görə çox gözəl qadın idi. Əyanlar Sara barədə firona danışdılar və firon əmr verib onu saraya gətizdirdi. Həmin an İbrahim peyğəmbərin kədərini və Saranın necə qorxduğunu təsəvvür etmək belə çətindir. Lakin, görünür, Sara ilə sarayda dustaq kimi yox, hörmətli qonaq kimi davranırdılar. Ola bilsin, firon var-dövləti ilə Saranın ürəyini fəth etmək, sonra isə «qardaşı» İbrahimlə danışıb onunla evlənmək istəyirdi (Yaradılış 12:14—16).

Gəlin təsəvvür edək ki, Sara sarayın pəncərəsi qarşısında, yaxud eyvanında durub Misir torpağını seyr edir. Görəsən, o nə hisslər keçirir? O, yenə də divarları və damı olan evdə yaşayır, qarşısına dadlı-dadlı yeməklər gətirirlər. Ehtimal ki, sarayda şərait Urdakından qat-qat yaxşıdır. Bəlkə bu cah-calallı həyat onun başını dumanlandırdı? Təsəvvür edirsiniz, Sara İbrahimi atıb firona ərə getsəydi, Şeytan necə sevinərdi?! Təbii ki, Sara belə davranmadı. O ərinə, nikahına və Allahına vəfalı qadın idi. Kaş, əxlaqı pozulmuş bu dünyada yaşayan hər bir ailəli insan bu cür sədaqət göstərəydi! Gəlin sevdiyimiz insanlara və dostlarımıza Sara kimi sadiq olaq!

Sara firon sarayının cah-calalına aldanmadı, ərinə vəfalı qaldı

Yehova bu sevimli bəndəsini qorumaq üçün fironun və onun evindəkilərin başına böyük bəlalar gətirdi. Firon haradansa öyrəndi ki, Sara İbrahimin arvadıdır. Onda onu ərinə qaytardı və əmr etdi ki, İbrahim ev əhlini də götürüb Misiri tərk etsin (Yaradılış 12:17—20). Sözsüz ki, İbrahim sevimli arvadına qovuşanda özünü çox xoşbəxt hiss edirdi. Onun Saraya şirin-şirin «sən gözəl qadınsan» dediyi yadınızdadır? Amma İbrahimi ən çox valeh edən Saranın daxilində yatan başqa gözəllik idi. Saranın daxili aləmi gözəl idi. Bu, Yehova Allahın gözündə çox dəyərlidir (1 Butrus 3:1—5). Hər bir insan çalışıb daxilində bu gözəlliyi yaratmalıdır. Gəlin ibadəti maddi şeylərdən uca tutaq, Allah haqqında öyrəndiklərimizi başqalarına danışaq və sınaqlar qarşısında mətin olub Allahın əxlaq qanunlarına sadiq olaq. Bununla biz Saranın imanını örnək götürmüş olarıq.

^ abz. 3 İbrahim peyğəmbərin əsl adı İbram, zövcəsinin adı isə Saray olub. Amma sonra Allah onların adını dəyişib İbrahim və Sara qoyub. Odur ki, bu gün hamı onları bu adla tanıyır (Yaradılış 17:5, 15).

^ abz. 8 Sara İbrahim peyğəmbərin ögey bacısı idi. Onlar atabir bacı-qardaş idilər (Yaradılış 20:12). Bizim zəmanədə bu cür nikahlar günah sayılır, amma nəzərə almalıyıq ki, o dövrdə hər şey fərqli idi. Adəmlə Həvvanın kamilliyi itirdiyi dövrdən az vaxt keçmişdi, insanlar çox sağlam idilər. Buna görə də yaxın qohumların nikahı onların övladlarının sağlamlığına mənfi təsir göstərmirdi. Lakin İbrahim peyğəmbərin dövründən təxminən 400 il sonra insanlar o kamil həyatdan çox uzaq idilər. Həmin dövrdə Allah Musa peyğəmbərə verdiyi qanunda yaxın qohumların nikahını qadağan etdi (Lavililər 18:6).