Allahı tanımaq mümkündür?

Allah gözəgörünməz ruhani varlıqdır. O, yeri, göyü, hər şeyi xəlq edib. Ancaq Onu heç kim yaratmayıb, O, əzəldən var olandır (Məzmur 90:2). Yaradanımız istəyir ki, insanlar Onun barəsində həqiqəti bilib Onu daha yaxından tanısınlar. (Həvarilərin işləri 17:24—27 ayələrini oxuyun.)

Allah ruhani varlıq olsa da, biz Onu tanıya bilərik. Onun bəzi xüsusiyyətlərini yaratdığı şeylər vasitəsilə görmək olar (Romalılara 1:20). Ancaq Allahı daha yaxından tanımaq üçün Onun Kəlamını oxumalıyıq. Müqəddəs Kitab bizə sevən Yaradanımızın xüsusiyyətlərini açıqlayır. (Məzmur 103:7—10 ayələrini oxuyun.)

Allahın ədalətsizliyə münasibəti necədir?

Yaradanımız Allah haqsızlığa nifrət edir. O, insanları Öz surətində, yəni Onda olan xüsusiyyətlərlə yaradıb (Qanunun təkrarı 25:16). Məhz buna görə biz də haqsızlıqla barışmırıq. Dünyada baş verən qanunsuzluğun səbəbkarı Allah deyil. O, insanlara iradə azadlığı bəxş edib. Çox təəssüf ki, bəşər oğulları bu azadlıqdan sui-istifadə edərək ədalətsiz davranırlar. Bununla da onlar Allahı kədərləndirirlər. (Yaradılış 6:5, 6; Qanunun təkrarı 32:4, 5 ayələrini oxuyun.)

Xudavənd Rəbb ədalətsizliyə həmişə göz yummayacaq (Məzmur 37:28, 29). Allahın Kəlamında deyilir ki, tezliklə O, bütün haqsızlığa son qoyacaq. (2 Peter 3:7—9, 13 ayələrini oxuyun.)

Allah Öz Kəlamında söz verir ki, bütün ədalətsizliyi aradan qaldıracaq