Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  yanvar 2015

Yehovaya şükür edin və xeyir-dualı olun

Yehovaya şükür edin və xeyir-dualı olun

«Yehovaya şükür edin, çünki kəramətlidir» (MƏZ. 106:1, YENİ DÜNYA TƏRCÜMƏSİ).

1. Yehova nə üçün şükürlərə layiq Allahdır?

YEHOVA «hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə» verən Allah olduğu üçün hər cür şükrana layiqdir (Yaq. 1:17). Məhəbbətli Çoban kimi O, bizim bütün fiziki və ruhani tələbatlarımızı ödəyir (Məz. 23:1—3). Xüsusən də dar günümüzdə O, bizə «sığınacaqdır, qüvvətdir»! (Məz. 46:1). «Yehovaya şükür edin, çünki kəramətlidir, məhəbbəti əbədidir», — sözlərini deyən məzmurçunun səsinə səs verməyə çoxlu səbəblərimiz var (Məz. 106:1, YD).

2015-ci ilin ayəsi: «Yehovaya şükür edin, çünki kəramətlidir» (Məzmur 106:1, YD).

2, 3. a) Malik olduğumuz xeyir-duaların qədrini bilməməyə nələr səbəb ola bilər? b) Bu məqalədə hansı sualları araşdıracağıq?

2 Bəs şükür etmək barədə danışmaq zərurəti nədən yaranıb? Qabaqcadan deyildiyi kimi, bu son günlərdə insanlar get-gedə daha çox nankorlaşırlar (2 Tim. 3:2). Çoxları aldıqları xeyir-duaların qədrini bilmir. Kommersiya və reklam milyonlarla insanı əllərində olanla kifayətlənməyib daha çoxunu əldə etməyə təhrik edir. Bu naşükürlük xəstəliyinə biz də yoluxa bilərik. Qədim israillilər kimi, biz də Yehova ilə dəyərli münasibətlərimizə və Ondan gələn xeyir-dualara qarşı nankor ola bilərik (Məz. 106:7, 11—13).

 3 Bundan əlavə, gəlin görək çətin vəziyyətlərə düşəndə nə baş verə bilər. Belə vəziyyətlərdə biz asanlıqla ruhdan düşə və aldığımız xeyir-duaları nəzərdən qaçıra bilərik (Məz. 116:3). Bəs biz necə edə bilərik ki, daxilimizdə minnətdarlıq hissini yetişdirək və qoruyaq? Həmçinin şiddətli sınaqlara məruz qalanda müsbət əhval-ruhiyyəni qorumağa bizə nə kömək edə bilər? Gəlin bu sualları araşdıraq.

YEHOVANIN GÖRDÜYÜ İŞLƏRİN «SAYI-HESABI YOXDUR»

4. Daxilimizdə minnətdarlıq hissini necə qoruya bilərik?

4 Daxilimizdə minnətdarlıq hissini yetişdirib onu qorumaq istəyiriksə, Yehovanın bizə verdiyi xeyir-duaları və qayğısını görməli, eləcə də onların üzərində dərindən düşünməliyik. Məzmurçu bunu etdikdə Yehovanın sayı-hesabı olmayan xariqəli işləri onu heyrətə gətirmişdi. (Məzmur 40:5; 107:43 ayələrini oxuyun.)

5. Minnətdarlıq hissini yetişdirməkdə həvari Paveldən nə öyrənə bilərik?

5 Minnətdarlıq hissini yetişdirməkdə həvari Paveldən çox şey öyrənə bilərik. O, Allaha gecə-gündüz şükür edirdi. Bu isə göstərir ki, o aldığı xeyir-duaların üzərində dərindən düşünürdü. Pavel özü yaxşı bilirdi ki, bir vaxtlar o, küfr danışan, Allahın xalqını təqib edən və çox həyasız adam olub. O, şükür edirdi ki, Allah və Məsih onun günahlı keçmişinə baxmayaraq, ona mərhəmət göstərmiş və şərəfli xidməti ona etibar etmişdir. (1 Timoteyə 1:12—14 ayələrini oxuyun.) Pavel həmimanlılarına görə də ürəkdən minnətdar idi və onların gözəl keyfiyyətlərinə və sədaqətli xidmətlərinə görə Yehovaya həmişə şükür edirdi (Filip. 1:3—5, 7; 1 Salon. 1:2, 3). O, çətin vəziyyətlərlə üzləşəndə ruhani qardaşlarından vaxtında aldığı dəstəyə görə dərhal Yehovaya təşəkkürünü bildirirdi (Həv. iş. 28:15; 2 Kor. 7:5—7). Buna görə də Pavelin növbəti sözləri deməsi təəccüblü deyil. O yazmışdı: «Minnətdar olduğunuzu göstərin... Bir-birinizə məzmurlar, mədhiyyələr və gözəl ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin» (Kolos. 3:15—17).

DƏRİNDƏN DÜŞÜNMƏK VƏ DUA MİNNƏTDARLIQ HİSSİNİ QORUMAĞA KÖMƏK EDİR

6. Xüsusilə nəyə görə Yehovaya minnətdarsınız?

6 Bəs biz Pavel kimi minnətdarlıq hissini necə yetişdirə və ifadə edə bilərik? Pavel kimi, biz də Yehovanın bizim üçün nələr etdiyi barədə düşünməliyik (Məz. 116:12). Sizdən soruşsalar ki, «aldığınız hansı xeyir-dualara görə Yehovaya minnətdarsınız?» cavabınız nə olardı? Yehova ilə dəyərli münasibətlərinizi, yaxud Məsihin fidyə qurbanlığına iman etməyinizin sayəsində bağışlandığınızı qeyd edərdiniz? Və ya dar gündə sizə dayaq olan bacı-qardaşların adını çəkərdiniz? Sözsüz ki, sevimli həyat yoldaşınıza və əziz balalarınıza görə də minnətdar olduğunuzu deyərdiniz. Sevən Atamız Yehovanın verdiyi bu gözəl ənamlar üzərində düşünməyə vaxt ayırsanız, ürəyiniz minnətdarlıqla dolub-daşacaq və hər gün Ona şükürlər söyləyəcəksiniz. (Məzmur 92:1, 2 ayələrini oxuyun.)

7. a) Nə üçün biz şükran duaları etməliyik? b) Duada Yehovaya şükür etməyin xeyri nə olacaq?

7 Aldığımız xeyir-duaları ağlımızda və ürəyimizdə bərk-bərk saxlasaq, bu, bizi dua edib Yehovaya şükürlər söyləməyə  təşviq edəcək (Məz. 95:2; 100:4, 5). Çoxları duaya Allahdan nə isə istəmək üçün bir vasitə kimi baxır. Lakin biz bilirik ki, malik olduğumuz şeylərə görə Yehovaya şükr edəndə Ona xoş gedir. Müqəddəs Kitabda ürəkdən söylənən çoxlu şükran duaları qələmə alınıb. Xanna və Xizqiyanın duası buna bir nümunədir (1 Şam. 2:1—10; Yeşaya 38:9—20). Buna görə də gəlin ürəyi minnətdarlıqla döyünən bu sadiq bəndələrə oxşayaq, verdiyi xeyir-dualara görə dualarımızda Yehovaya şükür edək (1 Salon. 5:17, 18). Bunun xeyrini artıqlaması ilə görəcəksiniz. Ruhunuz dirçələcək, Yehovaya məhəbbətiniz artacaq və Ona daha da yaxın olacaqsınız (Yaq. 4:8).

Aldığınız hansı xeyir-dualara görə Yehovaya minnətdarsınız? (6, 7-ci abzaslara baxın)

8. Yehovanın bizim üçün etdiklərinin gözümüzdə adiləşməsinə nə səbəb ola bilər?

8 Biz ehtiyatlı olmalıyıq ki, Yehovanın xeyirxahlığına qarşı naşükür olmayaq. Çünki naşükürlük qanımızdadır. Ulu valideynlərimiz Adəmlə Həvva cənnət bağında yaşayırdılar, heç nədən korluq çəkmirdilər. Onlar əbədi olaraq şad-xürrəm yaşayacaqdılar (Yar. 1:28). Amma onlar bu xeyir-duaları qiymətləndirmədilər. Acgözlük edərək daha çox şey istədilər. Nəticədə isə hər şeydən oldular (Yar. 3:6, 7, 17—19). Nankorluqla dolu dünyada yaşadığımız üçün Yehovanın bizə etdiyi yaxşılıqlar gözümüzdə adiləşə bilər. Yehova ilə münasibətlərimiz bizim üçün ucuzlaşar, ümumdünya qardaşlığının üzvü olmaq şərəfi bizim üçün artıq şərəf olmaya bilər. Fikrimiz-zikrimiz tezliklə keçib gedəcək dünyadakı şeylərdə ola bilər (1 Yəh. 2:15—17). Nankorluq girdabına batmamaq üçün aldığımız xeyir-duaların üzərində dərindən düşünməli və Yehovanın xalqına mənsub olduğumuz üçün Ona daima şükür etməliyik. (Məzmur 27:4 ayəsini oxuyun.)

ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞƏNDƏ

9. Şiddətli çətinliklərlə üzləşəndə nə üçün aldığımız xeyir-dualar üzərində düşünməliyik?

9 Minnətdarlıqla dolu ürəyə sahib olmaq şiddətli çətinliklərə tab gətirməyə bizə kömək edə bilər. Həyatda qəfil zərbə alanda, məsələn, həyat yoldaşının xəyanəti ilə qarşılaşanda, ölümcül xəstəliyə tutulanda, əzizimizi itirəndə və ya dəhşətli təbii fəlakətin qurbanı olanda sarsıntı keçirə bilərik. Məhz belə vaxtlarda xeyir-dualarımızın üzərində düşünməklə toxtaqlıq tapıb güc  əldə edə bilərik. Gəlin bu kimi vəziyyətlərlə üzləşənlərin nümunəsini nəzərdən keçirək.

10. Xeyir-duaları üzərində düşünməsi İrinaya necə kömək edir?

10 ABŞ-da yaşayıb daimi pioner kimi xidmət edən İrinanın * ağsaqqal olan əri ona xəyanət etmiş, onu da, uşaqlarını da atıb getmişdi. Bəs Yehovaya xidmətini sədaqətlə davam etməyə İrinaya nə kömək edir? O deyir: «Mənə şəxsən qayğı göstərdiyinə görə Yehovaya o qədər minnətdaram ki! Hər gün aldığım xeyir-dualar üzərində düşünəndə başa düşürəm ki, Səmavi Atam tərəfindən hifz edilib, sevilmək nə qədər böyük şərəfdir. Arxayınam, O, məni heç vaxt tərk etməz». Həyatda başı çox bəlalar çəksə də, daxilindəki sevinc İrinaya möhkəm qalmağa və başqalarını ruhlandırmağa kömək edir.

11. Künq-sük bacıya ölümcül xəstəliklə çarpışmağa nə kömək edir?

11 Asiyada yaşayan Künq-sük əri ilə birgə 20 ildən çox pioner kimi xidmət edib. Gözləmədiyi bir vaxtda ona bədxassəli ciyər xərçəngi diaqnozunu qoyub dedilər ki, bundan sonra üç-altı ay yaşaya, ya yox. Əri ilə başlarına çox şey gəlsə də, onların sağlamlıqla bağlı heç vaxt şikayətləri olmamışdı. O deyir: «Bu xəstəlik mənə güclü zərbə idi, mənə elə gəlirdi ki, hər şeyi itirmişəm, çox qorxurdum». Künq-sük bacıya mətin qalmağa nə kömək edir? O bölüşür: «Hər gecə yatmazdan qabaq evin damına çıxıb həmin gün aldığım beş xeyir-duaya görə ucadan dua edirəm. Bundan sonra canıma rahatlıq çökür və məndə Yehovaya məhəbbətimi izhar etmək həvəsi yaranır». Hər gecə etdiyi bu duaların Künq-sük bacıya hansı faydası olur? O deyir: «Yehovanın ən ağır vəziyyətlərdə bizə dayaq olduğuna və aldığımız xeyir-duaların üzləşdiyimiz çətinliklərdən qat-qat çox olduğuna əmin oluram».

Şeril sağ qalan qardaşı Conla (13-cü abzasa baxın)

12. Həyat yoldaşını itirən Ceysona toxdaqlıq tapmağa nə kömək edir?

12 30 ildən çoxdur ki, tammüddətli xidmətdə olan və hal-hazırda Afrikadakı filiallardan birində çalışan Ceyson bölüşür: «Yeddi il bundan qabaq həyat yoldaşımı itirdim. Onun ölümü mənə hələ də ağır gəlir. Xərçəngin pəncəsində çırpınarkən onun nələr çəkdiyini yadıma salanda diri-diri ölürəm». Bəs Ceysona bu dərdə dözməyə nə kömək edir? O deyir: «Bir dəfə oturub arvadımla yaşadığım xoş anları gözümün önündə canlandırdım. Bu anlara görə Yehovaya dua edib minnətdarlığımı bildirdim. Xeyli rahatlaşdım və ondan sonra hər gün Yehovaya o xoş xatirələrimə görə şükür etməyə başladım. Minnətdarlıq hissi baxışlarımı dəyişdi. Düzdür, itki hələ də mənə ağrı verir, amma mənə imanlı, gözəl həyat yoldaşı nəsib etdiyinə və onunla uzun illər çiyin-çiyinə xidmət etdiyimə görə Allaha dönə-dönə şükürlər edirəm».

«Şükürlər olsun ki, Yehova kimi Allahım var» (Şeril).

13. Demək olar ki, bütün ailəsini itirən Şerilə dözməyə nə kömək etdi?

13 2013-cü ilin sonunda Filippində baş verən «Hayyan» qasırğası 13 yaşlı Şerilin hər şeyini əlindən aldı. O deyir: «Mən evimi, demək olar ki, bütün ailəmi itirdim». Bəli, onun valideynləri, qardaşı və iki bacısı nəhəng dalğanın qurbanı oldular. Bəs o boyda faciə ilə üzləşən bu balaca qızcığaza həyatdan küsməməyə nə kömək etdi? Onun balaca ürəyi minnətdarlıqla döyünür və o, fikrini aldığı xeyir-dualara cəmləyir. Şeril bölüşür: «Mən bacı-qardaşların köməyə  ehtiyac olanlara necə yardım etdiklərini gördüm. Bilirdim ki, bütün dünyadakı həmimanlılarım mənə görə dua edirlər. Şükürlər olsun ki, Yehova kimi Allahım var. O, həmişə bizə ehtiyac duyduğumuz şeyləri verir». Gördüyümüz kimi, diqqətimizi aldığımız xeyir-dualara cəmləmək çətinliklərə tab gətirmək üçün bizə güc verən həbdir. Minnətdarlıqla dolu ürək çətinliklərə baxmayaraq, irəli getməyə bizə güc verir. (Efes. 5:20; Filipililərə 4:6, 7 ayələrini oxuyun.)

«MƏN YENƏ RƏBDƏ SEVİNC TAPACAĞAM»

14. Bizi necə gələcək gözləyir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

14 Tarix boyu, Yehova xalqına xeyir-dua verib onları sevindirmişdir. Misal üçün, firondan və əsgərlərindən canlarını qurtaran israillilər Qırmızı dənizi keçəndən sonra sevincdən şükran və həmd nəğmələri oxumuşdular (Çıx. 15:1—21). Bizim də ən gözəl xeyir-dualarımızından biri ağrı-acı gətirən şeylərdən qurtulacağımıza dair Allahın bizə bəxş etdiyi ümiddir (Məz. 37:9—11; Yeşaya 25:8; 33:24). Bir təsəvvür edin, Yehova bütün düşmənlərini qırıb bizi sülhün və salehliyin hökm sürəcəyi yeni dünyaya qəbul edəndə hansı hissləri keçirəcəyik. Bəli, həmin gün nə qədər şükür etsək, az olacaq! (Vəhy 20:1—3; 21:3, 4).

15. 2015-ci il ərzində nə etməyə qətiyyətlisiniz?

15 2015-ci il ərzində Yehovadan saysız-hesabsız ruhani xeyir-dualar gözləyirik. Düzdür, problemlərimiz də olacaq, amma yenə də əminik ki, nə olursa olsun, Yehova bizi heç vaxt tərk etməyəcək (Qanun. t. 31:8; Məz. 9:9, 10). Sadiqliklə xidmət etməyimiz üçün bizə lazım gələn şeyləri verəcək. Buna görə də gəlin biz də Habaqquq peyğəmbərin əhval-ruhiyyəsində olaq. O demişdi: «Əncir ağacı tumurcuqlanmasa da, meynələr bar gətirməsə də, zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, tarlalar məhsul yetişdirməsə də, qoyun-keçi ağıllarda, mal-qara tövlələrdə yox olsa da, mən yenə Rəbdə sevinc tapacağam. xilasımın Allahı ilə şadlıqdan coşacağam» (Hab. 3:17, 18). Gəlin il ərzində xeyir-dualarımız üzərində düşünək və 2015-ci ilin ayəsindəki çağırışa hay verək: «Yehovaya şükür edin, çünki kəramətlidir» (Məz. 106:1, YD).

^ abz. 10 Bu məqalədə bəzi adlar dəyişdirilib.