Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 5, 2017

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Adrenalin. Riskə dəyər?

Adrenalin. Riskə dəyər?

PROBLEM

«Tuneldə yüksək sürətlə gələn qatarın düz bir addımlığında dayanmışdım. O an yaşadığım adrenalin partlayışı sanki bütün problemlərimi unutdurdu» (Leon) *.

«Sıldırım qayalardan suya tullananda özümü bir neçə saniyəlik quş kimi azad hiss edirdim. Düzdür, bu mənə həzz verirdi, amma bəzən qorxurdum» (Larisa).

Leon və Larisa kimi, gənclər bacarıqlarının hüdudunu sınamaqdan həzz alır. Amma bəzən onlar bunu çox riskli üsullarla edirlər. Bəs səndə nə vaxtsa belə istək olub? Elədirsə, onda bu məqalə məhz sənin üçündür.

NƏYİ BİLMƏLİSƏN?

Adrenalin həvəsi asılılığa çevrilə bilər. Ani həzz aldıqdan sonra adam get-gedə daha çox adrenalin istəyir. Leon kimi qatar tunellərində əyləncə axtaran Marko deyir: «Bu məndə asılılığa çevrilmişdi. Həmin vaxt özümü əla hiss edirdim, amma sonra istəyirdim daha fərqli adrenalin dadım».

Yoldan keçən maşınlardan yapışaraq yüksək sürətlə rolik sürən Castin deyir: «Yenidən adrenalin duymaq üçün bunu bir də təkrarlayırdım. İstəyirdim ki, insanlar mənə heyran qalsın, amma axırda xəstəxanaya düşdüm».

Həmyaşıdlarının təsirinə düşüb sağlam düşüncəni itirə bilərsən. Marvin adında bir gənc deyir: «Dostlarım “irəli, sən bacaracaqsan”, deyərək məni yalın əllə yüksək tikiliyə dırmanmağa təşviq etdilər. Divara dırmandıqca bütün bədənim əsirdi, çox qorxurdum». Yuxarıda adı çəkilən Larisa deyir: «Başqalarının fikri ilə oturub-dururdum. Onlar nə etsələr, mən də onu edirdim».

Bəziləri internet vasitəsilə ekstrim həvəskarlarını alqışlayaraq və onların etdiklərini təhlükəsiz bir şey kimi təqdim edərək də gənclərə təsir edir. Bu faktdır ki, internetdə paylaşılan bəzi videolar virus kimi yayılır və adrenalin həvəskarlarının məşhurlaşmasına səbəb olur.

Məsələn, ən çox izlənilən videolar sırasına parkurla bağlı videolar daxildir. Parkur — təhlükəsizlik tədbiri görmədən maneələri (hasarlar, mühəccərlər və sairə) qaçaraq, hoppanaraq, dırmaşaraq cəld və məharətlə aşmaq bacarığıdır. Belə videolara baxandan sonra sənə elə gələ bilər ki, bu, o qədər də təhlükəli  deyil və bunu hamı edir. Nəticədə səndə həyati təhlükə daşıyan əyləncələri təcrübədən keçirmək istəyi yarana bilər.

Nəyə qadir olduğunu yoxlamağın daha təhlükəsiz yolları var. Müqəddəs Kitabda fiziki məşqin müəyyən faydası olduğu deyilsə də, orada sağlam düşüncəni qorumağın vacibliyi də vurğulanır (1 Timutiyə 4:8; Titusa 2:12). Bəs sağlam düşüncəni necə qoruya bilərsən?

NƏ EDƏ BİLƏRSƏN?

Təhlükəni nəzərə al. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən kamalla oturub-durar, axmaq isə səfehliyini nümayiş etdirər» (Məsəllər 13:16). İstədiyini etməzdən öncə bunun nə dərəcədə təhlükəli olub-olmadığı haqqında məlumat al. Özündən soruş: «Ciddi xəsarət almaq ehtimalı nə dərəcədədir? Bu, həyatımla oynamağa bərabər deyil ki?» (Müqəddəs Kitab prinsipi: Məsəllər 14:15).

Həyatın qədrini bilən dostlar seç. Əsl dost istəmədiyin şeyi etməyin və ya həyatını təhlükə altına atmağın üçün təkid etməz. Larisa deyir: «Dostlarımı dəyişəndən sonra həyat tərzim də dəyişdi. Ağlı başında olan dostlarım mənə düzgün əyləncə növü seçməkdə kömək etdi» (Müqəddəs Kitab prinsipi: Məsəllər 13:20).

Özündən soruş: «Ciddi xəsarət almaq ehtimalı nə dərəcədədir? Bu, həyatımla oynamağa bərabər deyil ki?»

Məharətlərindən həyatını təhlükəyə atmadan həzz al. «Gənclərin riskli davranışları» kitabında deyilir ki, «öz prinsiplərini və sərhədlərini müəyyən etməyi öyrənmək» böyümə prosesinin bir hissəsidir («Adolescent Risk Behaviors»). Nəyə qadir olduğunu ehtiyat tədbirləri görərək, təhlükəsiz şəraitdə yoxlamaq olar.

Özünə hörmət qazan. İnsanlar sənə adrenalin almaq üçün göstərdiyin hünərə görə yox, həyati çətinliklərin öhdəsindən gəldiyinə görə hörmət edəcək. Larisa deyir: «Həyatımı təhlükəyə atan müxtəlif əyləncələrlə məşğul olmağa qayalardan tullanmaqla başlamışdım. Kaş “yox” deməyi bacaraydım».

Xülasə. Ekstrim yaşamaq xatirinə həyatını təhlükə altına atmaqdansa, əyləncə seçimində sağlam düşüncə nümayiş etdir (Müqəddəs Kitab prinsipi: Məsəllər 15:24).

^ abz. 4 Bu məqalədə bəzi adlar şərtidir.