Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 2, 2017

Uşaq kədərli olanda

Uşaq kədərli olanda

Ailə üzvündən kimisə itirdiyinə görə ürəyin qan ağlayır? Bəs bu dərdə dözməyə sənə nə kömək edə bilər? Bu məqalədən Müqəddəs Kitabın üç gəncə necə kömək elədiyi haqda öyrənə bilərsən.

Dami

DAMİNİN HADİSƏSİ. Əvvəl-əvvəl atamın sadəcə baş ağrıları olurdu. Ancaq bir dəfə ağrıları kəskin artdı. Anam dərhal təcili yardım çağırdı. Tibb işçilərinin onu götürüb apardığı an hələ də gözümün qabağındadır. Ağlıma da gəlməzdi ki, bu, atamı gördüyüm son gün olacaq. Üç gündən sonra atam anevrizma xəstəliyindən həyatını itirdi. O vaxt mənim cəmi altı yaşım var idi.

Uzun illər atamın ölümünə görə özümü günahlandırırdım. Həkimlərin atamı apardıqları anı gözümün qabağına gətirib özümdən soruşurdum: «Niyə əlini yanına sallayıb durmuşdun? Niyə heç nə etmədin?» Atamdan yaşca böyük xəstə insanları görəndə öz-özümə deyirdim: «Niyə onlar yaşayır, mənim atam isə ölüb?» Ancaq anam mənə keçirdiyim hissləri dilə gətirməyə kömək etdi. Yehovanın Şahidi olan dindaşlarımız da bu çətin vaxtlarımızda bizə çox dayaq oldular.

Çoxlarının fikrincə, insan faciə baş verən zaman sarsılır, amma vaxt keçdikcə özünə gəlir. Məndə isə hər şey tərsinə oldu. Mən atamın yoxluğunu yeniyetmə yaşlarıma kimi elə də dərk etmirdim.

Valideynini itirən gənclərə məsləhətim budur: «Keçirdiyiniz hissləri kiminləsə bölüşün. Ürəyinizi nə qədər tez boşaltsanız, bunun sizə bir o qədər çox xeyri olacaq».

Həyatının ən önəmli günlərində atanın sənin yanında olmaması çox çətin bir şeydir. Ancaq Allahın Kəlamındakı bir ayə mənə təsəlli verir: «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

Derik

DERİKİN HADİSƏSİ. Atamla balığa getdiyimiz və çadır qurub dağlarda qaldığımız günlər həyatımın ən xoş xatirələridir. Atam dağları çox sevərdi.

Onun ürəyində problem var idi. Yadımdadır, lap balaca olanda bir-iki dəfə xəstəxanaya onun yanına getmişdim. Amma xəstəliyinin ciddi olduğunu başa düşmürdüm. Doqquz yaşım olanda atam ürək xəstəliyindən vəfat etdi.

O öləndən sonra gecə-gündüz ağlayırdım. Elə bil boğulurdum, heç kimlə danışmaq istəmirdim. O günlər həyatımın ən qara günləri idi. Nəsə etməyə həvəsim olmurdu. O vaxt kilsəyə gedirdim. Oradakı gənclər əvvəl-əvvəl mənə diqqət göstərsələr də, bu, uzun çəkmədi. Kilsədəkilər  mənə belə təsəlli verirdilər: «Atanın ömrü bura qədər imiş», «Allah belə məsləhət bilib», «O, indi göydə, Allahın yanındadır». Onların bu dedikləri ürəyimi sakitləşdirmirdi. Həmin vaxt bu haqda Allahın Kəlamında nə yazıldığını bilmirdim.

Əvvəl anam, sonra isə qardaşımla mən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladıq. Beləcə, Müqəddəs Kitabdan ölülərin aqibəti və Allahın ölüləri dirildəcəyi barədə öyrəndik (Yəhya 5:28, 29). Amma mənə daha çox Əşiya 41:10 ayəsi kömək etdi. Orada Allah deyir: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşiya 41:10). Çətin anlarımda Allahın mənimlə olduğunu bilmək mənə çox təsəlli verirdi, elə indi də verir.

Ceni

CENİNİN HADİSƏSİ. Anam xərçəngdən vəfat edəndə mənim yeddi yaşım var idi. O gün dəhşətli yuxu kimi idi. Anam evdə öldü, həmin gün babamgil də bizdəydi. Hamı sakit idi. Yadımdadır, həmin gün axşam qayğanaq yedik. Sanki, həyatım tədricən alt-üst olurdu.

Həmin vaxt və illər sonra da düşünürdüm ki, kiçik bacıma görə güclü olmalıyam, buna görə də dərdimi içimdə çəkirdim. Qəlbimdəki yaranı indi də gizlədirəm, bu isə sağlamlığa ziyandır.

O vaxt Yehovanın Şahidlərinin göstərdiyi məhəbbəti və qayğını heç vaxt unutmaram. Biz ibadət görüşlərinə təzə-təzə gedirdik, amma dindaşlarımız bizim qayğımıza elə qalırdılar ki, sanki, bizi uzun illərdir tanıyırlar. Yalan olmasın, atam bütün il ərzində bir dəfə də olsun yemək bişirmədi, çünki hər gün yeməyimiz qapımızın ağzında hazır olurdu.

Ən sevdiyim ayələrdən biri Zəbur 25:16, 17 ayələridir. Orada peyğəmbər Allaha fəryad edib deyir: «Nə olar, üzünü mənə çevir, mənə lütf göstər, axı tənhayam, naçaram. Könlümün qubarı artıb, qəm yükünü üstümdən götür» (Zəbur 25:16, 17). Kədərə qərq olanda tək olmadığımı bilmək qəlbimə toxtaqlıq verir. Allahım həmişə mənimlədir. Müqəddəs Kitabın sayəsində əlimi həyatdan üzmədim, fikrimi yaxşı şeylərə, məsələn, dirilmə vədinə cəmləməyi öyrəndim. Yer üzü Cənnətdə anamı yenidən görmək ümidim var, həmin vaxt o, tam sağlam olacaq (2 Butrus 3:13).

Allah-Taala yaslı insanlara hansı təsəllini verir? «Sizə əziz adam öləndə» broşüründə bu haqda ətraflı danışılır. Broşürü www.jw.org/az saytından pulsuz yükləyə bilərsiniz. (NƏŞRLƏR > KİTAB VƏ BROŞÜRLƏR bölməsinə baxın.)