Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2017

 AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Uşaqlar böyüyüb «yuvanı» tərk edəndə

Uşaqlar böyüyüb «yuvanı» tərk edəndə

PROBLEM

Çox vaxt uşaqlar böyüyüb «yuvanı» tərk edəndə ərlə arvada çox çətin olur. Yalnız ikisinin qaldığı bu «yuvada» onlar özlərini yad hiss edir, sanki, yad insanla bir evdə yaşayırlar. Qari Nyuman adlı bir ailə məsləhətçisi deyir: «Uşaqları ailəni tərk edəndən sonra bir-birilə ünsiyyət etməyə çətinlik çəkən çox ailələrlə söhbət etmişəm. Uşaqlar gedəndən sonra [valideynlər] bir-birilə danışmağa söz tapmırlar» *.

Ola bilsin, bu hal sizin də ailədə yaşanır. Belə isə gəlin görək həyat yoldaşınızla əvvəlki isti münasibəti bərpa etməyə nə kömək edər. Əvvəlcə gəlin müəyyən edək, sizinlə həyat yoldaşınız arasında bu uçurumun yaranmasına nə səbəb olub.

SƏBƏB

Uzun illər uşaqlar həyatınızda əsas yeri tutub. Uşaqları olan ər və arvad, adətən, nikahdan çox övladlarını düşünürlər, onların ehtiyacını birinci yerə qoyurlar. Ata-ana məsuliyyəti onların başını o dərəcədə qatır ki, ər-arvad olduqları yaddan çıxır və uşaqlar böyüyüb ailəni tərk edəndə bu acı həqiqət özünü büruzə verir. 59 yaşı olan ailəli bir qadın deyir: «Uşaqlar bizimlə qalanda ərimlə ən azından birlikdə nə isə edirdik. Amma uşaqlar gedəndən sonra hərə özü üçün yaşayır». Hətta bir dəfə o, ərinə demişdi ki, «biz bir-birimizə mane oluruq».

Bəzi cütlüklər həyatlarının bu yeni mərhələsinə hazır olmurlar. Həyatında bu cür dəyişiklik baş verən cütlüklər barədə bir kitabda deyilir: «Bir çox cütlüklər özlərini yeni ailə quran insanlar kimi hiss edirlər» («Empty Nesting»). Onlara elə gəlir ki, ortaq maraqları yox dərəcəsindədir, buna görə də hərə özü üçün yaşamağa başlayır. Onlar artıq həyat yoldaşı yox, otaq yoldaşı olurlar.

Siz də eyni hissləri yaşayırsınızsa, məyus olmayın, çıxış yolu var. Hətta həyatınızın bu yeni səhifəsi sizə çoxlu sevinc gətirə bilər. Bu işdə sizə Müqəddəs Kitab kömək edəcək. Gəlin görək necə.

 SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Vəziyyətlə barışın. Müqəddəs Kitabda yazılıb ki, insan yetkin yaşa çatanda ata anasını tərk edəcək (Yaradılış 2:24). Bir valideyn kimi sizin borcunuz övladınızı həyatın bu mühüm mərhələsinə hazırlamaq, uşağınızda müstəqil həyatda ona lazım olacaq bacarıqlar yetişdirmək idi. Əgər məsələyə bu tərəfdən baxsaq, uşağınızın ailəni tərk etməsi fəxr duymaq üçün bir səbəbdir (Müqəddəs Kitab prinsipi: Mark 10:7).

Təbii ki, uşaq evi tərk etməklə övladlıqdan çıxmır, siz həmişə onun valideyni olacaqsınız. Amma bundan sonra siz «nəzarətçi» yox, «məsləhətçi» rolunu oynayacaqsınız. Həyatınızın bu yeni mərhələsi sizə övladınızla sıx münasibəti qorumağa, əsas diqqəti isə həyat yoldaşınıza yönəltməyə kömək edəcək * (Müqəddəs Kitab prinsipi: Mətta 19:6).

Hisslərinizi bir-birinizə danışın. Həyat yoldaşınıza bu yeniliyin sizə necə təsir etdiyini danışın, o da sizə öz hissləri barədə danışanda diqqətlə qulaq asın. Səbirli olun və anlayış göstərin. Təbii ki, ər-arvad münasibətini möhkəmləndirmək üçün vaxt lazımdır, amma qoy bu sizi qorxutmasın, zəhmət çəkməyə dəyər (Müqəddəs Kitab prinsipi: 1 Korinflilərə 13:4).

Birlikdə nə isə edin. Oturub bir ailə kimi birlikdə nələr edə biləcəyiniz, hansı məqsədlərə can ata biləcəyiniz barədə söhbət edin. Uşaq böyüdüb həddi-büluğa çatdırdığınız üçün çoxlu təcrübə toplamısınız. Bu təcrübənizdən istifadə edərək başqalarına kömək edin (Müqəddəs Kitab prinsipi: Əyyub 12:12).

İlk məhəbbəti alovlandırın. Bir vaxtlar bir-birinizdə xoşunuza gələn cəhətləri yadınıza salın. Birgə keçirdiyiniz illəri vərəqləyin, birlikdə aşdığınız çətinlikləri xatırlayın. Beləcə, həyatınızda açılan bu yeni səhifə ən gözəl səhifələrdən biri ola bilər. Vəziyyəti düzəltmək üçün birgə çalışmaqla ailə tellərini möhkəmləndirəcək və sizi birləşdirən o ilk məhəbbəti alovlandıracaqsınız.

^ abz. 4 «Emosional xəyanət» kitabından («Emotional Infidelity»).

^ abz. 12 Uşaqları hələ yetkin yaşa çatmamış ər və arvad həyat yoldaşı ilə «bir bədən» olduğunu unutmamalıdır (Mark 10:8). Uşaqlar valideynlərinin bir-birinə yaxın və mehriban olduğunu görəndə özlərini rahat hiss edirlər.