Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2017

Qütb susüpürəni

Qütb susüpürəni

UZUN MÜDDƏT alimlər qütb susüpürəninin Arktikadan Antarktidaya və geriyə uçaraq 35 200 kilometr yol qət etdiyini düşünürdülər. Amma son araşdırmalar nəticəsində məlum olmuşdur ki, əslində, bu quşlar bundan da uzun məsafə qət edirlər.

Şəkildə göstərildiyi kimi susüpürənlər köç edəndə düz istiqamətdə deyil, dolana-dolana uçurlar

Bir tədqiqat zamanı susüpürənlərdən bir neçəsinə geolokator adlanan cihaz quraşdırılmışdı. Çəkisinə görə qələm qapağından yüngül olan bu qeyri-adi cihazın köməyilə məlum olmuşdur ki, susüpürənlərdən bəziləri o baş-bu başa orta hesabla 90 000 kilometr yol qət edir. Bu isə heyvanlar arasında bu günə qədər məlum olan ən uzunsürən miqrasiya «səyahətidir». Tədqiqat zamanı quşlardan biri təxminən 96 000 kilometr məsafə uçmuşdu. Nəyə görə əvvəlki araşdırma ilə son araşdırma arasında bu qədər böyük fərq var?

Çünki səyahətlərinə haradan başladıqlarından asılı olmayaraq, qütb susüpürənləri mənzilbaşına düz istiqamətdə yox, dolana-dolana uçurlar. Yuxarıdakı şəklə fikir versək, bu quşların Atlantik okeanının üstü ilə uçduğu yol S hərfinə bənzəyir. Bəs nəyə görə onlar bu şəkildə uçurlar? Çünki onlar küləyin axını ilə istiqamət götürürlər.

Təxminən 30 illik ömürləri boyu susüpürənlər 2,4 milyon kilometrdən artıq yol qət edirlər. Bu, Aya üç-dörd dəfə səyahət edib qayıtmağa bərabərdir. Alimlər deyir ki, cəmi 100 qram çəkisi olan bir quş üçün bu, çox böyük nailiyyətdir. Üstəlik, hər iki istiqamətə yay aylarında köç etdikləri üçün bir kitaba əsasən, bu quşlar «başqa canlılarla müqayisədə hər il daha çox günəş enerjisi qəbul edir» («Life on Earth: A Natural History»).