Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  № 4, 2017

 ÜZ QABIĞINDAKI MÖVZU

İşiniz başınızdan aşır?

İşiniz başınızdan aşır?

İşiniz başınızdan aşır? Siz tək deyilsiniz. «Ekonomist» jurnalında yazılıb ki, «hər yerdə hər kəs çox məşğuldur» («The Economist»).

2015-ci ildə səkkiz ölkədə tam iş günü işləyən işçilər arasında aparılan araşdırmada iştirak edənlərin çoxu demişdi ki, evdəki və işdəki məsuliyyətlərini çatdırmaq çox çətindir. Buna səbəb işdəki, yaxud evdəki məsuliyyətlərin çoxalması, iş saatlarının artması və qiymətlərin qalxmasıdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında bir işçi orta hesabla həftədə 47 saat işləyir. Təxminən beş nəfərdən biri isə 60 saat və ya ondan da artıq işləyir.

36 ölkədə keçirilən başqa bir araşdırmada iştirak edənlərin dörddə biri demişdi ki, adətən, onlar asudə vaxtlarında belə gərgin olurlar. Sıx qrafiki olan uşaqlar da bu cür gərginlik yaşayır.

İnsan az vaxtda daha çox iş görməyə çalışanda stress yaşayır və necə deyərlər, vaxt onu sıxır. Bəs bu məsələdə tarazlığı qorumaq mümkündür? İnsanın etiqadı, seçimləri və məqsədləri buna necə təsir edir? İlk öncə gəlin insanları bu qədər çox işləməyə sövq edən dörd səbəbi nəzərdən keçirək.

 1 AİLƏNİ YAXŞI DOLANDIRMAQ İSTƏYİ

Qari adlı bir ailə başçısı deyir: «Mən həftənin yeddi günü işləyirdim. Uşaqlarıma həmişə hər şeyin ən yaxşısını vermək istəyirdim, onların mənim kimi nədənsə korluq çəkməsini istəmirdim». Bu cür düşünən valideynlərin hisslərini başa düşmək olar, amma yenə də onlar, əslində, nəyin vacib olduğunu müəyyən etməlidirlər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, pula, mal-mülkə böyük əhəmiyyət verən uşaqlar və böyüklərlə müqayisədə bu məsələyə tarazlı yanaşan insanlar daha xoşbəxt, məmnun və sağlamdırlar.

Mala, pula üstünlük verən ailədə böyüyən uşaqlar həyatdan xoşbəxtlik duymur

Uşaqlarının gələcəyini fikirləşərək bəzi valideynlər onları dərsdənkənar məşğuliyyətlərlə yükləyərək həm uşaqları, həm də özlərini yorurlar. Bir kitabda deyilir ki, uşaqlarının xoşbəxtliyini düşünən bu valideynlər, əslində, uşaqlarına da özlərinə də əziyyət verirlər («Putting Family First»).

2 «NƏ QƏDƏR ÇOX OLSA, O QƏDƏR YAXŞIDIR» DÜŞÜNCƏSİ

Reklamçılar insanları inandırmağa çalışır ki, yeni çıxan məhsulları almasalar, özlərini çox mühüm bir şeydən məhrum etmiş olurlar. «Ekonomist» jurnalında yazılıb: «Ticarət bazarında çıxan yeniliklər insanlara vaxt baxımından gərginlik yaşadır. Alıcılar qısa vaxt ərzində “nəyi alım, nəyə baxım, nə yeyim” deyib seçim etməli olurlar».

1930-cu ildə bir məşhur iqtisadiyyatçı demişdi ki, texnoloji yeniliklər işçilərin iş vaxtını azaldacaq. Gördüyümüz kimi, o, çox yanılırdı. «Nyu-Yorker» qəzetinin müxbiri Elizabet Kolbert yazır: «Bu gün insanlar heç də az işləmir, əksinə, onların əldə etmək istədiyi əşyaların sayı artıb və təbii ki, bu əşyaları almaq üçün vaxt və pul lazımdır» («New Yorker»).

3 BAŞQALARINI RAZI SALMAQ İSTƏYİ

Bəzi işçilər müdirlərini razı salmaq üçün saatlarla ağır zəhmətə qatlaşır. Bəzən isə iş yoldaşlarını razı salmağa çalışırlar, çünki iş yoldaşları işdən sonra qalıb işləmədikləri üçün onları qınayır. Bundan əlavə iqtisadiyyatdakı səbatsızlıq insanları daha çox işləməyə məcbur edir.

Həmçinin bəzi valideynlər də başqa ailələrə baxıb onların həyat tərzi ilə ayaqlaşmağa çalışır və bu da gərginliyə səbəb olur. Onlar düşünür ki, əks halda uşaqlarını nədənsə məhrum etmiş olurlar və buna görə özlərini günahkar hiss edirlər.

 4 ÖNDƏ OLMAQ, ÖZÜNÜ DOĞRULTMAQ İSTƏYİ

Birləşmiş Ştatlarda yaşayan Tim deyir: «İşimi çox sevirdim, həmişə işimə can qoyurdum. Düşünürdüm, həyatda özümü doğrultmalıyam».

Tim kimi, çox adam insanın həyat tempinin onun özünəinam hissinə təsir etdiyini düşünür. Yuxarıda adı çəkilən müxbir Elizabet Kolbert deyir: «İnsanın həmişə işdə-gücdə olması onun cəmiyyətdəki mövqeyini müəyyən edir. İnsan nə qədər məşğuldursa, bir o qədər hörmətli insan sayılır».

TARAZLI OLUN

Müqəddəs Kitabda işgüzar və çalışqan insan təriflənir (Məsəllər 13:4). Ancaq Allah eyni zamanda bizə bu məsələdə tarazlı olmağı məsləhət görür. Vaiz 4:6 ayəsində deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır».

Bu məsələdə tarazlı olan insan əsəblərini və sağlamlığını qorumuş olur. Bəs iş saatlarını və ya həyat tempini azaltmaqla buna müvəffəq olmaq mümkündür? Bəli. Gəlin bununla bağlı dörd məsləhəti nəzərdən keçirək.

 1 MƏQSƏD VƏ DƏYƏRLƏRİNİZİ MÜƏYYƏN EDİN

Maddi cəhətdən yaxşı yaşamaq arzusu normaldır. Bəs yaxşı yaşamaq üçün nə qədər pul lazımdır? İnsanın həyatda uğurlu olduğunu nə müəyyən edir? Bunu sadəcə gəlirlə ölçmək düzgündür? Bir şeyi qeyd edək ki, həddən artıq dincəlmək və istirahət etmək də insanı vaxt baxımından sıxa bilər.

Yuxarıda sözü gətirilən Tim deyir: «Həyat yoldaşımla birlikdə həyatımızı götür-qoy etdik və sadə yaşamaq qərarına gəldik. Bir kağıza hazırkı vəziyyətimizi və gələcək planlarımızı yazdıq. Bu vaxta qədər verdiyimiz qərarların nəticəsi barədə danışdıq və yeni məqsədlərə çatmaq üçün planlar qurduq».

2 HƏR ŞEYİ ALMAQ İSTƏYİNİ BOĞUN

Müqəddəs Kitab «gözlərin istəyi»ni nəzarət altında saxlamağı məsləhət görür (1 Yəhya 2:15—17). Reklamçılar isə bu istəyi alovlandırır, insanları bütün günü işləməyə, yaxud ancaq əylənməyə və bahalı yerlərdə istirahət etməyə sövq edirlər. Sözsüz ki, bu cür reklamlardan heç yana qaça bilmərik. Amma onların təsirini zəiflədə bilərik. Biz həmçinin əsl ehtiyaclarımızı müəyyən etməliyik.

Bir şeyi nəzərə almalıyıq ki, ünsiyyət dairəmiz də bizə güclü təsir edir. Əgər dost-tanışlarınız ancaq pula, vara can atırsa, yaxud xoşbəxtliyi var-dövlətdə görürsə, məsləhətdir ki, həyatda üstün dəyərlərə can atan insanlarla oturub-durasınız. Çünki Allahın Kəlamında deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

3 İŞ VAXTINA SƏRHƏD QOYUN

Müdirinizlə işiniz və həyatınızda mühüm yer tutan şeylər barədə danışın. İnsanın işdən savayı şəxsi həyatı da olmalıdır, şəxsi həyatınızı yaşadığınıza görə özünüzü günahkar saymayın. Bir kitabda  yazılıb: «İşlə şəxsi həyat arasında sərhəd qoyan və istirahətə vaxt ayıran insanlar belə bir məntiqli nəticəyə gəlirlər ki, onlar işdə olmayanda dünya dağılmır» («Work to Live»).

Yuxarıda adı çəkilən Qarinin maddi vəziyyəti yaxşı idi, buna görə də o, iş vaxtını azaltmaq qərarına gəldi. O deyir: «Ailəmlə bu barədə danışdım. Məsləhətləşib qərara gəldik ki, həyat tərzimizi dəyişib sadə yaşayaq. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün yavaş-yavaş müəyyən addımlar atdıq. Mən həmçinin müdirimlə danışıb həftənin bir neçə günü işləməyi xahiş etdim və o, razılaşdı».

4 AİLƏNİZƏ AYIRDIĞINIZ VAXTI AİLƏNİZƏ VERİN

Ər və arvadın birgə vaxt keçirməyə, uşaqların da ata-ana ilə ünsiyyətə ehtiyacı var. Buna görə də daim məşğul ailələrə baxıb onlarla ayaqlaşmağa çalışmayın. Qari məsləhət verir: «İstirahətə vaxt ayırın və az əhəmiyyətli işləri kənara qoyun».

Ailəlikcə vaxt keçirəndə qoymayın ki, televizor, mobil telefon və ya başqa elektron avadanlıqlar sizə mane olsun. Gündə ən azı bir dəfə süfrə arxasına toplaşın və yemək vaxtı ünsiyyət edin. Valideynlər bu sadə məsləhətlərə əməl edərlərsə, uşaqlarının sağlamlığına, əhval ruhiyyəsinə və təhsilinə müsbət təsir etmiş olarlar.

Süfrə arxasında ailənizlə ünsiyyət edin

Sonuncu bir məsləhət — özünüzdən soruşun: «Mən həyatda nə istəyirəm? Ailəm üçün nə arzulayıram?» Əgər həyatınızın xoşbəxt və mənalı olmasını istəyirsinizsə, Müqəddəs Kitabdakı hikmətli məsləhətlərə əməl edərək həyatda dəyərli şeylərə üstünlük verin.