Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Yehova yorğunlara güc verir

Yehova yorğunlara güc verir

2018-ci ilin ayəsi: «Yehovaya bel bağlayanların gücü təzələnər» (ƏŞY. 40:31).

NƏĞMƏ: 3, 47

1. Biz hansı çətinliklərlə mübarizə aparırıq və bizdəki hansı əhvali-ruhiyyə Yehovanı razı salır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

HAMIMIZA yaxşı məlumdur ki, bu şər dünyada həyat problemsiz ötüşmür. Nə qədər bacı-qardaşımız ciddi xəstəliklərlə mübarizə aparır. Kimisi özü ahıl yaşda olsa da, xəstə qohumlarına baxır; kimisi ailəsinin ən xırda ehtiyaclarını ödəmək üçün dişi ilə, dırnağı ilə çarpışır. Elələri də var ki, bütün bu problemlərin hamısını birdən yaşayır. Bu problemlər insanın vaxtını və mənəvi gücünü əlindən alır, hələ bunun maddi tərəfindən danışmırıq. Amma heç nəyə baxmayaraq, bizim Yehovanın vədlərinə imanımız möhkəm, gözəl gələcəyə ümidimiz sarsılmazdır. Sözsüz ki, xidmətçilərinin bu əhvali-ruhiyyəsi Yehovanın könlünü şad edir.

2. Əşiya 40:29 ayəsi bizi necə ruhlandırır və məsihi hansı yanlış qərarı verə bilər?

2 Ola bilsin, hərdən problemlərin dözülməz həddə çatdığını hiss edirsiniz. Əmin olun ki, bu hissləri yaşayan təkcə siz deyilsiniz. Müqəddəs Kitabda adı çəkilən mömin insanlar da hərdən güclərinin tükəndiyini hiss edirdi (1 Pad. 19:4; Əyy. 7:7). Amma onlar əllərini yana salmırdı, Yehovaya üz tutub Ondan güc istəyirdilər. Allahımız Yehova «yorğunlara güc» verən Allah  olduğu üçün onlar məyus olmurdu (Əşy. 40:29). Təəssüf ki, bəzi dindaşlarımız yaşadıqları problemləri həll etmək üçün ibadətə «fasilə» vermək qərarına gəlir. Onların bu hərəkətindən elə çıxır ki, məsihi ibadəti nemət yox, yükdür. Onlar Müqəddəs Kitabı oxumağa, ibadət görüşlərinə gəlməyə, təbliğə çıxmağa son qoyurlar. Elə Şeytanın da istədiyi məhz budur.

3. a) İbadətdə zəifləməyimizi istəyən Şeytanın arzusunu necə gözündə qoya bilərik? b) Bu məqalədə söhbət nədən gedəcək?

3 Şeytan çox gözəl bilir ki, biz ibadətdə nə qədər çox olsaq, bir o qədər güclü olacağıq. Təbii ki, o, bunu istəmir. Buna görə də, fiziki və emosional gücünüzün tükəndiyini hiss edəndə Yehovadan uzaqlaşmayın, əksinə Ona əvvəlkindən daha yaxın olmağa çalışın, çünki O, «sizi güclü, mətin» edəcək (1 But. 5:10; Yaq. 4:8). Bu məqalədə ibadətimizi zəiflədə biləcək iki vəziyyəti nəzərdən keçirəcəyik və görəcəyik ki, bu vəziyyətləri Müqəddəs Kitabdakı nəsihətlərin köməyi ilə necə aşa bilərik. Amma əvvəlcə gəlin Əşiya 40:26—31 ayələrinə nəzər salaq və Yehovanın bizə güc verməyə qadir olduğunu sübut edən dəlilləri araşdıraq.

«YEHOVAYA BEL BAĞLAYANLARIN GÜCÜ TƏZƏLƏNƏR»

4. Əşiya 40:26 ayəsi bizə nə öyrədir?

4 Əşiya 40:26 ayəsini oxuyun. Dünyada elə bir insan yoxdur ki, Kainatdakı bütün ulduzları sayıb qurtara bilsin. Alimlər deyir ki, təkcə bizim Süd Yolu qalaktikasında 400 milyarda yaxın ulduz var. Amma siz Yehovanın qüdrətinə fikir verin: O, yaratdığı hər bir ulduza ad verib. Buradan nə öyrənirik? Əgər Yehova yaratdığı cansız varlıqlara bu cür diqqət yetirirsə, görün O, sizə, Ona şüursuz şəkildə deyil, məhəbbətdən irəli gələrək ibadət edən bəndəsinə necə məhrəm hisslər bəsləyir! (Zəb. 19:1, 3, 14). Mehriban Atamız bizi bizdən də yaxşı tanıyır. Mətta 10:30 ayəsində yazılıb: «Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb». Həmçinin Zəbur 37:18 ayəsində deyilir: «Yehova saf insanların nələr çəkdiyini bilir». Bəli, Allah bizim çəkdiyimiz bütün dərdlərdən agahdır və bizə onların hər birinə dözmək üçün güc verməyə qadirdir.

5. Yehovanın bizə güc verməyə qadir olduğunu nə təsdiq edir?

5 Əşiya 40:28 ayəsini oxuyun. Yehova hədsiz qüvvəyə sahib olan Allahdır. Gəlin, Onun təkcə Günəşə verdiyi enerji barədə danışaq. Bir sıra elmi əsərlərin müəllifi olan Deyvid Bodanis yazır: «Günəşin bir saniyədə hasil etdiyi enerji bombaların [milyardlarla atom bombasının] enerjisinə bərabərdir». Həmçinin digər bir tədqiqatçının hesablamalarına əsasən, «günəşdən bir saniyədə ayrılan enerji bəşəriyyətin 200 000 illik enerji tələbatını qarşılaya bilər». İndi bir düşünün: məgər Günəşə bu enerjini verən Xaliq bizə istənilən problemi həll etmək üçün güc verməyə qadir deyil?!

6. Hansı mənada İsa Məsihin boyunduruğu rahatdır və bunu bilmək bizə necə təsir etməlidir?

6 Əşiya 40:29 ayəsini oxuyun. Yehovaya ibadət etmək insana çoxlu sevinc yaşadır. İsa Məsih davamçılarına demişdi: «Boyunduruğumu üzərinizə götürün». Sonra belə bir əlavə etmişdi: «Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). Sözsüz ki, bu sözlərin həqiqiliyinə siz də şahid olmusunuz. Elə olubmu ki, evdən çıxıb yığıncağa, təbliğə gedəndə taqətiniz olmayıb? Bəs evə qayıdanda özünüzü necə hiss etmisiniz? Yəqin İsanın dediyi kimi, təravət tapmısınız, problemlərlə çarpışmağa özünüzdə güc hiss etmisiniz. Doğrudan da, Məsihin boyunduruğu rahatdır!

7. Mətta 11:28—30 ayələrindəki sözlərin həqiqiliyini sübut edən hadisələr danışın.

 7 Kayla adlı (ad şərtidir) bir bacı xroniki yorğunluq, depressiya və miqrendən əziyyət çəkir. Təbii ki, bu halına görə hərdən ona yığıncağa getmək çox çətin olur. Bir dəfə o, gücünü toplayıb məruzəyə qulaq asmağa gedir. Bacı öz hisslərini bölüşür: «Məruzə ruh düşkünlüyü barədə idi. Qardaş o qədər şəfqətlə, mülayimliklə danışırdı ki, mən göz yaşlarımı saxlaya bilmədim. Bu, mənə bir daha xatırlatdı ki, mən yığıncaqda olmalıyam». Bacı əlindən gələni edib bu görüşdə iştirak etdiyi üçün çox xoşbəxt idi.

8, 9. «Mən zəif olanda güclüyəm» deməklə həvari Bulus nəyi nəzərdə tuturdu?

8 Əşiya 40:30 ayəsini oxuyun. Nə qədər bacarıqlı, qabiliyyətli olsaq da, hamımızın gücü məhduddur. Bunu hər birimiz qəbul etməliyik. Həvari Bulus istedadlı insan olsa da, istədiyi hər şeyi edə bilmirdi, onun da yolunu kəsən maneələr var idi. O, bu məsələ ilə bağlı narahatlığını duada Yehovaya bildirəndə belə cavab almışdı: «Sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir». Bulus bu sözlərin nə məna daşıdığını başa düşmüşdü. Buna görə də o, belə yazmışdı: «Mən zəif olanda güclüyəm» (2 Kor. 12:7—10). Həvari bu sözlərlə nə demək istəyirdi?

9 Bulus dərk edirdi ki, o, öz gücü ilə çox az şeyi edə bilər, ona Allahın köməyi lazımdır. Gücünün çatmadığı məqamlarda Allahın ruhu ona lazım olan gücü verə bilərdi. Bu ruh Bulusu öz gücü ilə əsla edə bilməyəcəyi işləri görməyə qabil edəcəkdi. Biz də bu köməyi duya bilərik. Bizdəki gücün mənbəyi Yehova Allah olarsa, sözsüz, biz də güclü olarıq.

10. Yehova Allah Davuda çətinliklərin öhdəsindən gəlməyə necə kömək etmişdi?

10 Davud peyğəmbər Allahın müqəddəs ruhunun qüdrətini öz üzərində dəfələrlə hiss etmişdi. O, bəstələdiyi nəğmədə belə sözlər yazmışdı: «Sənin köməyinlə quldurların qabağına çıxaram, Allahın gücü ilə sədlər aşaram» (Zəb. 18:29). Bizim də sədd kimi yolumuzu kəsən elə problemlərimiz var ki, onları öz gücümüzlə aşa bilmərik, bizə mütləq Yehovanın köməyi lazımdır.

11. Müqəddəs ruh bizə problemlərin öhdəsindən gəlməyə necə kömək edir?

11 Əşiya 40:31 ayəsini oxuyun. Qartallar uzun müddət havada süzə bilir. Amma bu, sırf onların öz gücü sayəsində başa gəlmir. Qartallar öz güclərinə qənaət etmək üçün isti hava axınına daxil olur və bu axının köməyi ilə yüksəkdə qala bilir. Gəlin çətinliklə üzləşəndə qartalı yadımıza salaq. Yehovaya yalvaraq ki, bizə «köməkçi,.. müqəddəs ruh» vasitəsilə öz gücümüzdən əlavə güc versin (Yəh. 14:26). Şükr olsun ki, Yehova günün 24 saatı bu köməyi bizə verməyə hazırdır. İndi isə gəlin Yehovanın bu köməyinə ehtiyac duyduğumuz vəziyyətlərdən birini müzakirə edək. Söhbət dindaşlarımızla gərginlik yaşadığımız hallardan gedir. İlk növbədə gəlin baxaq gərginliklər nəyin nəticəsində yaranır?

12, 13. a) Nəyə görə məsihilər arasında anlaşılmazlıq yaranır? b) Yusifin başına gələnlərdən Yehova haqqında nə öyrənirik?

12 Hamımız qeyri-kamil olduğumuz üçün bəzən aramızda anlaşılmazlıq yaranır. Hərdən ya dindaşlarımız bizi, ya da biz onları sözümüz və ya hərəkətimizlə qıcıqlandıra bilərik. Bu, ciddi sınağa çevrilə bilər. Başqa sınaqlarda olduğu kimi, bu vəziyyətlərdə də Yehova bizə fürsət verir ki, Ona sədaqətimizi sübut edək. Qeyri-kamil olmalarına baxmayaraq, Yehovanın sevimli bəndələri olan bu bacı-qardaşlarımızla çiyin-çiyinə xidmət etməyi öyrənməklə bunu sübut edə bilərik.

Yehova Allah Yusifi atmadı, O, sizi də atmayacaq (13-cü abzasa baxın)

 13 Yusifin də hadisəsindən görmək olar ki, Yehova xidmətçilərinin sınaqlarla üzləşməsinə izin verir. Yusif gənc olanda qardaşları paxıllıqlarından onu qul kimi satır və nəticədə o, gəlib Misirə çıxır (Yar. 37:28). Yehova baş verənlərdən halı idi və sözsüz ki, saleh dostu Yusifin nələr yaşadığını görəndə pis olurdu. Bununla belə, Yehova bu sınağı aradan qaldırmadı. Yusif Fitfirin arvadına təcavüz etməkdə ittiham olunub zindana atılanda da, Yehova məsələyə qarışmadı. Bəs bu o demək idimi ki, Yehova Yusifi atmışdı? Əsla! Əksinə, Yusif «əlini hansı işə atırdısa, Yehova onu avand edirdi» (Yar. 39:21—23).

14. Qəzəbi ram etmək insana həm ruhani, həm də fiziki cəhətdən necə fayda gətirir?

14 İndi isə gəlin Yehovanın başqa bir xidmətçisinin, Davudun nümunəsinə baxaq. Çox az adam tapılar ki, insanlardan Davud qədər yara alsın. Bununla belə, Davud yol vermədi ki, qəzəb onu yeyib-bitirsin. O yazmışdı: «Qəzəbi burax, hiddətdən çəkin, dilxor olub şərə əl atma» (Zəb. 37:8). Bizə qəzəbi buraxmağa əsas verən ən güclü nümunə Yehovanın Özüdür, axı O, «bizimlə günahlarımıza görə rəftar etmir» (Zəb. 103:10). Qəzəbi ram etmək insanın sağlamlığı üçün də faydalıdır. Çünki qəzəb insanda yüksək qan təzyiqi, tənəffüs problemləri kimi müxtəlif xəstəliklər törədə, qara ciyərə, mədəaltı vəzə və həzm sisteminə təsir edə bilər. Həmçinin hirsli başda ağıl olmaz deyərlər, biz qəzəbli olanda sağlam düşünə bilmirik. Hərdən qəzəbin nəticəsində insan uzun sürən depressiya yaşaya bilər. Qəzəbin əksi olan sakit ürək isə «canı sağlam edər» (Məs. 14:30). Yaralı qəlbimizi sakitləşdirib dindaşımızla münasibəti düzəltməyə bizə nə kömək edə bilər? Bu işdə gözəl nəticə əldə etmək üçün, Müqəddəs Kitabın hikmətli məsləhətlərinə əməl etməliyik.

DİNDAŞIMIZDAN QƏLBİMİZ QIRILANDA

15, 16. Dindaşımız bizim xətrimizə dəyibsə, münasibəti necə bərpa edə bilərik?

15 Efeslilərə 4:26 ayəsini oxuyun. Bu dünyanın insanları bizimlə pis rəftar edəndən təəccüblənmirik. Amma dindaşlarımız və ya ailə üzvlərimiz sözləri, yaxud hərəkətləri ilə bizə yara vuranda, sanki, dünyamız alt-üst olur. Tutalım, olub-keçəni unuda bilmirik: indi nə edək, kini, qəzəbi illərlə qəlbimizdə gəzdirək? Bəlkə daha yaxşı olardı ki, Müqəddəs Kitabın məsləhətinə əməl edib, məsələni dərhal həll edək? Unutmayın, bunu nə qədər çox təxirə salsanız, dindaşınızla münasibəti düzəltmək bir o qədər çətin olacaq.

16 Təsəvvür edin ki, bacı-qardaşlardan kimsə sizin xətrinizə dəyib və siz heç  cür bunun üstündən keçə bilmirsiniz. Gəlin görək belə vəziyyətdə sülh yaratmaq üçün nə edə bilərsiniz. Birincisi, Yehovaya hərarətlə dua edin. Xahiş edin ki, sizə dindaşınızla xoş söhbət etməyə kömək etsin. Yadda saxlayın, o insan Yehovanın dostlarından biridir (Zəb. 25:14). Yehova onu çox istəyir. Yehova Öz dostları ilə xoş rəftar edir və O, gözləyir ki, biz də onlarla eyni cür rəftar edək (Məs. 15:23; Mət. 7:12; Kol. 4:6). Həmçinin söhbət etməzdən əvvəl, nə deyəcəyinizi düşünün. Bir şeyi də nəzərə alın ki, dindaşınız bunu qəsdən etməyib, ona etibar edin. Münasibətinizdə yaranan çatları bərpa etməyə kömək edə biləcək istənilən fürsətə açıq olun. Söhbətə belə başlamaq olar: «Bəlkə də, mən çox həssas insanam, amma dünən sən mənə o sözləri deyəndə özümü...» Əgər söhbətiniz istədiyiniz nəticəni verməsə, münasibəti düzəltmək üçün başqa bir fürsət axtarın. Həmçinin dindaşınız üçün dua edin, Allahdan ona xeyir-dua istəyin. Yehovadan xahiş edin ki, sizə diqqətinizi dindaşınızın müsbət cəhətlərinə cəmləməyə kömək etsin. Nəticə necə olur olsun, bir şeyə əmin olun ki, Yehova dindaşınızla, Onun dostu ilə münasibətinizi düzəltmək üçün səmimi qəlbdən atdığınız addımları yüksək dəyərləndirir.

KEÇMİŞ GÜNAHLARIMIZ BİZƏ ƏZAB VERƏNDƏ

17. Biz günah işlədəndə, Yehova bizə ayağa qalxmağa necə kömək edir? Yehovanın təqdim etdiyi köməkdən necə yararlana bilərik?

17 Bəziləri ciddi günaha yol verdikləri üçün, özlərini Yehovaya ibadət etməyə layiq bilmir. Günah çox zalım ağadır. Öz günahları ilə savaşan Davud peyğəmbərin sözlərindən bunu aydın görmək olar: «Mən susduqca bütün günü inildədim, sümüklərim əridi. Gecə-gündüz əlin üzərimdə ağır yük oldu». Davud bu problemi kişi kimi, ruhən yetkin insan kimi həll elədi. O yazmışdı: «Nəhayət, günahımı Sənə etiraf etdim... Sən də günahlarımdan keçdin» (Zəb. 32:3—5). Siz də ağır günaha yol vermisinizsə, Yehovaya üz tutun, O, sizə kömək etməyə, sizi ayağa qaldırmağa hazırdı. Bu köməyi siz yığıncaq vasitəsilə ala bilərsiniz (Məs. 24:16; Yaq. 5:13—15). Bu işi təxirə salmayın, çünki sizin əbədi gələcəyiniz təhlükədədir. Bəs günahlarınızın bağışlanmasına rəğmən, keçmiş səhvlərinizə görə hələ də əzab çəkirsinizsə, necə rahatlıq tapa bilərsiniz?

18. Yararsızlıq hissi ilə mübarizə aparan məsihilərə Bulusun nümunəsi necə kömək edə bilər?

18 Həvari Bulus keçmişdə törətdiyi xətalara görə hərdən pərişan olurdu. O, hisslərini belə ifadə etmişdi: «Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm, çünki Allahın yığıncağına zülm etmişəm». Bununla belə həvari demişdi: «lakin indi bu mövqeyi Allahın lütfü sayəsində tuturam» (1 Kor. 15:9, 10). Yehova Bulusu olduğu kimi qəbul etmişdi və istəyirdi ki, o, da bunu bilsin. Əgər siz də keçmiş günahlarınıza görə ürəkdən tövbə edərək onları etiraf etmək üçün bütün lazımi addımları atmısınızsa, əmin ola bilərsiniz ki, Yehova sizdən mərhəmətini əsirgəməyəcək. Yehova Özü buna söz verir. Onun sözünə inanın və əfvinə sığının! (Əşy. 55:6, 7).

19. 2018-ci ilin ayəsi hansıdır və nəyə görə bu ayə yerindədir?

19 Yaşadığımız dünya sonuna yaxınlaşdıqca problemlərin artması qaçılmazdır. Amma arxayın ola bilərik ki, «yorğunlara güc, taqətsizlərə qüvvət» Verənin sayəsində biz sarsılmaz qala bilərik (Əşy. 40:29; Zəb. 55:22; 68:19). Bu fikir şüurumuza həkk olsun deyə il boyu ibadət evlərimizdə Əşiya 40:31 ayəsi nümayiş etdiriləcək: «Yehovaya bel bağlayanların gücü təzələnər». Məhz bu ayə 2018-ci il üçün ilin ayəsi seçilmişdir.