Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Sentyabr 2017

Allahın sözünün misilsiz gücü

Allahın sözünün misilsiz gücü

«Allahın sözü canlı və qüdrətlidir» (İBR. 4:12).

NƏĞMƏ: 96, 94

1. Nəyin əsasında deyə bilərik ki, Allahın Kəlamı böyük qüdrətə malikdir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

YEHOVANIN xalqı Onun bəşər ailəsinə ünvanladığı sözlərin «canlı və qüdrətli» olduğunu yaxşı bilir (İbr. 4:12). Hər birimizin həyatı bunun açıq-aşkar təsdiqidir. Bəzi iman bacı-qardaşlarımız əvvəllər oğurluqla məşğul olub, narkotik qəbul edib, əxlaqsız həyat sürüblər. Digərləri həyatda müəyyən uğur qazansalar da, mənəvi boşluq hissindən qurtula bilməmişdilər (Vaiz 2:3—11). Amma Müqəddəs Kitabın gücü sayəsində onlar ümidsizlik dəryasından çıxıb həyat yoluna qədəm qoymağa müvəffəq olmuşlar. «Gözətçi qülləsi»nin «Müqəddəs Kitab həyatları dəyişir» rubrikası belə bacı-qardaşlarımızın həyatından bəhs edir. Həmçinin bunun da şahidiyik ki, həqiqət yolunu tutandan sonra da məsihilər Müqəddəs Yazıların köməyi ilə həyatlarında müsbət dəyişikliklər etməyə davam edirlər.

2. Birinci əsrdə Allahın Kəlamının gücü necə fəaliyyət göstərirdi?

2 Allahın Kəlamının gücü sayəsində insanların həyatının 180 dərəcə dəyişməsi yeni bir şey deyil. Birinci əsrdə yaşayan bəzi bacı-qardaşlarımız da həyatlarında köklü dəyişikliklər etmişdilər. (1 Korinflilərə 6:9—11 ayələrini oxuyun.)  Həvari Bulus bəzi haram əməlləri sadalayıb deyir: «Sizlərdən də bəziləri belə idi». Ancaq onlar Kəlamın və Yehovanın ruhunun gücü sayəsində dəyişib paklanmışdılar. Bununla belə, bəziləri üçün mübarizə burada bitməmişdi. Məsələn, bir məsh olunmuş qardaş yığıncaqdan kənar edilmişdi; daha sonra o bərpa olunmuşdu (1 Kor. 5:1—5; 2 Kor. 2:5—8). Dindaşlarımızın Yehovanın Kəlamının gücü sayəsində nə cür çətinliklərin öhdəsindən gəldiyi haqda düşünəndə insanın ürəyi şükürlə dolur.

3. Bu məqalədə söhbət nədən gedəcək?

3 Bəli, əlimizdə Allahın qüdrətli Kəlamı var və sözsüz ki, ondan tam şəkildə yararlanmaq lazımdır (2 Tim. 2:15). Bu məqalədə 1) həyatımızda, 2) təbliğ xidmətində və 3) kürsüdən təlim verəndə Allahın Kəlamının gücünün tam fəaliyyət göstərməsi üçün nə edə biləcəyimiz haqda danışılacaq. Yehova həmişə bizim xeyrimizə bizi öyrədir. Onun Kəlamından maksimum səmərə ilə istifadə etməklə Onu sevdiyimizi, Ona minnətdar olduğumuzu göstərəcəyik (Əşy. 48:17).

HƏYATIMIZDA

4. a) Allahın Kəlamının gücünü öz həyatımızda görmək üçün nə etməliyik? b) Müqəddəs Kitabı oxumağa vaxt ayırmaq üçün siz nə edirsiniz?

4 Allahın Kəlamının bizim həyatımızda fəaliyyət göstərməsi üçün onu müntəzəm oxumaq lazımdır, mümkünsə, hər gün (Yuş. 1:8). Sözsüz ki, çoxumuz məşğul həyat tərzi sürdüyümüzdən vaxtımız çox məhdud olur. Bununla belə, yol verməməliyik ki, hətta ən üzürlü işlər də Müqəddəs Kitabı oxumaq adətimizə xələl yetirsin. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.) Bütün dünyada bacı-qardaşlarımız Müqəddəs Kitabı hər gün oxumağa vaxt ayırmaq üçün müxtəlif çıxış yolları tapıblar. Kimisi səhər, kimisi axşam, kimisi də günorta saatlarında vaxt tapıb oxuyur. Onlar «Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm» sözlərini özlərinə şüar ediblər (Zəb. 119:97).

5, 6. a) Nə üçün Müqəddəs Kitabı sadəcə oxumaq kifayət deyil? b) Müqəddəs Kitabı oxuyarkən özümüzə hansı sualları vermək yaxşı olardı? c) Müqəddəs Kitabı mütaliə etmək şəxsən sizə hansı faydanı gətirir?

5 Müqəddəs Kitabı oxumaq azdır, hər fikrin üzərində dayanmaq, nəticə çıxarmaq lazımdır (Zəb. 1:1—3). Yalnız o zaman oradakı faydalı öyüdlərdən maksimum dərəcədə bəhrələnə biləcəyik. Kitabı elektron və ya çap formatında oxumağımızdan asılı olmayaraq, məqsədimiz Allahın sözlərini kitabdan ürəyimizə köçürmək olmalıdır.

6 Bu məqsədə nail olmaq üçün nə edə bilərik? Məsələn, hansısa parçanı  oxuyandan sonra özümüzə növbəti sualları vermək olar: Bu ayələr mənə Yehova haqda nə öyrədir? Burada yazılan hansı prinsiplərə artıq əməl etməyə müvəffəq olmuşam? Bəs nəyin üzərində hələ də işləmək lazımdır? Allahın kəlmələri dua və təfəkkürlə ürəyimizə nüfuz etdikcə onlara əməl etmək şövqümüz artacaq. Beləliklə, Müqəddəs Kitabın təsir gücü həyatımızda tam görünəcək (2 Kor. 10:4, 5).

TƏBLİĞ XİDMƏTİNDƏ

7. Təbliğ xidmətində Kəlamın gücündən dolğun şəkildə necə istifadə edə bilərik?

7 Bəs təbliğ xidmətində Allahın Kəlamının gücündən tam istifadə etmək nə deməkdir? İlk növbədə, bu, təbliğ edib təlim verərkən Kəlama tez-tez müraciət etmək deməkdir. Bir qardaşımız bunun vacibliyini belə bir misalla izah edir: «Xidmətdə sizin əməkdaşınız Yehova Allahın Özü olsaydı, kimin daha çox danışmasına üstünlük verərdiniz?» Qardaşın sözünün canı bu idi ki, xidmətdə birbaşa Müqəddəs Kitabdan oxuyanda ev sakini ilə Yehovanın danışmasına imkan vermiş oluruq. Düzgün seçilmiş ayə deyəcəyimiz istənilən sözdən daha təsirli olacaq (1 Salon. 2:13). Gəlin özümüzdən soruşaq: «Yaranan hər fürsətdə Müqəddəs Kitabı açıram?»

8. Nə üçün təbliğ edərkən ayələri sadəcə oxumaqla kifayətlənməməliyik?

8 Təbliğ edərkən ayələri sadəcə oxumaq kifayət deyil. Çünki insanların Müqəddəs Kitab haqda bilikləri ya azdır, ya da yox dərəcəsindədir. Düşünməməliyik ki, həmsöhbətimiz ayəni oxuyan kimi dərhal hər şeyi anlayacaq. Birinci əsrdə Müqəddəs Kitabın açıqlanmasına necə ehtiyac var idisə, bu gün də eynilə ehtiyac var (Rom. 10:2). Ayəni oxuyandan sonra müvafiq hissələri vurğulamalı, lazımdırsa, onları təkrar oxumalıyıq.  Sonra izah etməliyik. Bununla Allahın sözünün həmsöhbətimizin zehninə və qəlbinə hopmasına yol açacağıq. (Luka 24:32 ayəsini oxuyun.)

9. Ayəyə keçid edərkən nəyə fikir verməliyik və nə üçün?

9 Ayələrə necə keçid etməyimizdən də çox şey asılıdır. Elə sözlər seçməliyik ki, həmsöhbətimiz oxuyacaqlarımızı ehtiramla dinləsin. Məsələn, belə deyə bilərik: «Gəlin görək, Allah-Taalanın Özü bu haqda nə deyir», yaxud «Görün peyğəmbərlərimizdən biri nə demişdi». Dindən uzaq olan biri ilə söhbət ediriksə, belə keçid edə bilərik: «Bilmək istəyərdim, siz bu yazılanlarla razısınız, yoxsa yox?» Bir sözlə, biz hər kəsə fərdi yanaşmalı, sözümüzü qarşımızdakı insana uyğun seçməliyik (1 Kor. 9:22, 23).

10. a) Bir qardaş xidmətdə nəyin şahidi oldu? b) Təbliğ edərkən Allahın Kəlamının gücünün şahidi olduğunuz hansısa hadisəni danışa bilərsiniz?

10 Müqəddəs Kitabdan ayə oxumaq təbliğ etdiyimiz insana güclü təsir bağışlaya bilər. Götürək elə bir qardaşın başına gələn hadisəni. Bir dəfə bu qardaş illərdir bizim jurnalları oxuyan yaşlı bir kişiyə baş çəkir. O qərara gəlir ki, «Gözətçi qülləsi» jurnalının son sayını verərkən həmin jurnaldan bir ayə də oxusun. Qardaş 2 Korinflilərə 1:3, 4 ayələrini oxuyur: «O, mərhəmətli Ata və hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli verir». Bu sözlər kişiyə elə təsir bağışlayır ki, ayəni təkrar oxumağı xahiş edir. Məlum olur ki, neçə vaxtdır yoldaşı ilə onun təsəlliyə ehtiyacı var imiş. Beləliklə, o, Müqəddəs Kitaba maraq göstərməyə başlayır. Yəqin hamımız razıyıq ki, təbliğdə Allahın Kəlamından oxumaq insanlara güclü təsir bağışlayır (Həv. 19:20).

KÜRSÜDƏN TƏLİM VERƏNDƏ

11. Kürsüdən təlim verən qardaşlar hansı məsuliyyəti daşıyırlar?

11 Yığıncaqlarımız, böyük toplantılarımız həyatımızda vacib yer tutur. Bu tədbirlərə getməyimizin başlıca səbəbi Yehovaya ibadət etməkdir. Həmçinin bu məclislərdə iştirak etməklə orada verilən nəsihətlərdən çoxlu fayda əldə edirik. İbadət tədbirlərində kürsüdən təlim vermək həm böyük şərəf, həm də böyük məsuliyyətdir (Yaq. 3:1). Çıxış edən qardaşlar diqqət yetirməlidirlər ki, verdikləri təlim tamamilə Müqəddəs Kitaba əsaslansın. Əgər sizə kürsüdən təlim vermək şərəfi nəsib olubsa, nə edə bilərsiniz ki, dindaşlarınız Allahın Kəlamının gücündən maksimum dərəcədə faydalansın?

12. Nə üçün natiqin çıxışının özülünü Müqəddəs Kitab ayələri təşkil etməlidir?

12 Həmişə çalışmaq lazımdır ki, söylədiyimiz nitq Allahın Kəlamı üzərində qurulsun (Yəh. 7:16). Bu nə deməkdir? İlk növbədə, diqqət yetirin ki, gətirdiyiniz nümunələr, danışdığınız hadisələr, hətta çıxış tərziniz Müqəddəs Kitabı kölgədə qoymasın. Bunu da bilməyimiz lazımdır ki, sadəcə bir sıra ayə oxumaq təlim verməyə bərabər deyil. Əslində, oxucunu ayələrlə yükləyəndə onun yadında heç nə qalmır. Buna görə də oxuyacağımız ayələri diqqətlə seçməli, çıxışı elə qurmalıyıq ki, həmin ayələri izah etməyə, nümunə əsasında başa salmağa və tətbiqini göstərməyə vaxt qalsın (Nəh. 8:8). Təşkilatımızın təqdim etdiyi plana əsasən çıxış hazırlamalı olanda həmin planla və oradakı ayələrlə yaxşıca tanış olmalıyıq. Çalışın plandakı fikirlərlə ayələr arasındakı bağlılığı tuta biləsiniz. Sonra plandakı əsas fikirləri izah etmək üçün müvafiq ayələrdən istifadə edin. (Kömək üçün  «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 21-dən 23-ə kimi dərslərinə müraciət edə bilərsiniz.) Hər şeydən ziyadə, Yehovaya dua edin ki, Kəlamındakı dəyərli inciləri lazımi şəkildə çatdırmağa sizə kömək etsin. (Üzeyir 7:10; Məsəllər 3:13, 14 ayələrini oxuyun.)

13. a) Bir bacıya yığıncaqda eşitdiyi ayə necə təsir etmişdi? b) Yığıncaqda Müqəddəs Kitabdan verilən təlimdən siz necə faydalanmısınız?

13 Avstraliyada yaşayan bir bacıya yığıncaqda oxunulan ayə dərin təsir bağışlamışdı. Uşaqlığı acı xatirələrlə dolu olan bu bacı sonralar Müqəddəs Kitabı öyrənməyə başlamış və həyatını Yehovaya həsr etmişdi. Bununla belə, o, hələ də Allahın onu sevdiyinə inanmağa çətinlik çəkirdi. Lakin müəyyən müddət keçəndən sonra bacımız Yehovanın onu həqiqətən sevdiyini qəbul elədi. Ona nə kömək etmişdi? Bir dəfə o, yığıncaqda bir ayə eşitdi və mənası üzərində düşünərək onu digər Müqəddəs Kitab ayələri ilə əlaqələndirməyə başladı. Bu, onun həyatında dönüş nöqtəsi oldu *. Bəs sizdə də elə olubmu ki, yığıncaqda, böyük toplantıda Allahın Kəlamından eşitdiyiniz hansısa ayə həyatınızda yeni səhifə açsın? (Nəh. 8:12).

14. Allahın Kəlamının qədrini bildiyimizi necə göstərə bilərik?

14 Sözsüz ki, Yehovaya Müqəddəs Kitaba görə şükürlər etməyə çoxlu əsaslarımız var. Allah-Taala onu bəşər ailəsinə bəxş edib, üstəlik, sözünü yerinə yetirərək günümüzə kimi qoruyub saxlayıb (1 But. 1:24, 25). Odur ki, gəlin bu kitabı mütəmadi oxuyaq, onu həyatımızda tətbiq edək və təlim işində həmişə ona söykənək. Beləcə, bu ərməğanın qədrini bildiyimizi, ərməğan Sahibinə minnətdar olduğumuzu göstərəcəyik.

^ abz. 13 « Dönüş nöqtəsi» adlı çərçivəyə baxın.