Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Oktyabr 2017

Bir xeyirxah əməl

Bir xeyirxah əməl

HADİSƏ 1950-ci illərdə, Hindistanın Qucarat ştatında baş vermişdi. Qatı katolik olan bir ailənin başçısı Yehovanın Şahidlərinin dinini qəbul edir. Yoldaşı və beş uşağı kişinin qərarından qəti narazı olur.

Günlərin bir günü kişi oğullarından birinə məktub verib yığıncaqdakı dostuna aparmağı tapşırır. Həmin səhər oğlu dəmir boçkanı açanda barmağını bərk kəsmişdi. Ancaq atasının sözünü yerə salmamaq üçün barmağını əlüstü sarıyıb yola düşür.

Həmin kişi evdə yox idi. Qapını onun yoldaşı açır. O da Yehovanın Şahidi idi. Qadın məktubu götürəndə oğlanın barmağının kəsildiyini görüb köməyini təklif edir. O, tibb çantasını gətirir və yaranı təmizləyib sarıyır. Sonra oğlana çay süzür. Bacı bütün bunları eləyə-eləyə onunla Müqəddəs Kitab haqda danışır.

Con adlı bu oğlanın Yehovanın Şahidlərinə olan qərəzi getdikcə dağılır. O, qadına atasının əqidəsində qəbul etmədiyi iki mövzuya aid sual verir: İsa Allahdır, yoxsa yox? Məryəmə dua etmək düzgündür? Qadın əcnəbi olduğuna baxmayaraq, sualları Conun doğma qucarat dilində cavablandırır. Daha sonra ona «Padşahlıq haqqındakı müjdə» broşürünü verir.

Con broşürü oxuyanda onda elə hissi yaranır ki, sanki Müqəddəs Kitab kəlmələrini ilk dəfə eşidir. O, keşişin yanına gedib ona həmin iki sualı vermək qərarına gəlir. Keşiş sanki cin atına minir. Conun üstünə Bibliyanı atıb qışqırır: «Sən lap İblis olmusan! Göstər görüm, harada deyilir ki, İsa Allah deyil?! Harada yazılıb ki, Məryəmə sitayiş etmək olmaz?! Göstər də!» Con gözlərinə inana bilmir. Hələ də donmuş vəziyyətdə: «Bir də katolik kilsəsinə ayağımı basmayacağam» deyib qapıdan çıxır və sözünün üstündə durur.

Con Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə və haqq yoluna qovuşaraq Yehova Allaha ibadət etməyə başlayır. Müəyyən müddət sonra ailə üzvlərinin bir neçəsi də həqiqət yoluna qədəm qoyur. Bu hadisədən artıq 60 il keçib. Amma sağ əlinin işarə barmağında yaranın izi hələ də qalıb. Bu iz onu pak ibadətə cəlb edən bir xeyirxah əməlin yadigardır (2 Kor. 6:4, 6).