Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Oktyabr 2017

«Bir-birimizi... əməldə, həqiqətən sevək»

«Bir-birimizi... əməldə, həqiqətən sevək»

«Gəlin bir-birimizi sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 YƏH. 3:18).

NƏĞMƏ: 106, 100

1. Ən ülvi məhəbbət hansıdır? Onu ülvi edən nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

İNCİLİN orijinal mətnində aqapi sözü ilə təsvir olunan məhəbbət ali prinsiplərə söykənən məhəbbətdir. Onun qaynağı Allahdır (1 Yəh. 4:7). Aqapi məhəbbəti sevgilərin ən ülvisidir. Bu növ məhəbbət özünü ülfətdə, isti münasibətdə göstərə bilər. Amma onun əsas səciyyəsi başqalarının rifahı üçün görülən təmənnasız işlərdir. Bir mənbəyə əsasən, aqapi «insanın yalnız əməlindən görünür». Təmənnasız sevib sevilmək həyatımızı zənginləşdirir, ona sevinc və məna qatır. Həqiqətən də, aqapi məhəbbəti Allah nemətidir.

2, 3. Yehovanın bəşəriyyəti təmənnasız məhəbbətlə sevdiyi nələrdən görünür?

2 Yehova Allah bəşəriyyətə sevgisini hələ Adəmlə Həvvanı yaratmazdan öncə göstərmişdi. O, Yer kürəsinin insanın əbədi məskəni olmasını istəyirdi. Özü də onu elə yaratdı ki, insan sadəcə mövcud olmasın, həyatdan tam zövq alsın. Allah bunu Özünə görə yox, bizdən ötrü etdi. Allahın təmənnasız sevgisinin bir təzahürü də onda idi ki, O, insanı cənnətdə  məskunlaşdırmaqdan başqa, ona orada əbədi yaşamaq imkanını vermişdi.

3 Adəmlə Həvvanın üsyanından sonra Yehova təmənnasız məhəbbətin ən ali dərəcəsini nümayiş etdirdi: O, bu iki üsyankarın hələ doğulmamış övladları üçün fidyə tədbiri gördü. Yehova əmin idi ki, Onun məhəbbətinə hay verənlər mütləq olacaq (Yar. 3:15; 1 Yəh. 4:10). Gələcək Xilaskarla bağlı vədi verdiyi andan etibarən Onun gözündə fidyə sanki artıq ödənilmişdi. Təxminən 4000 il sonra Yehova Öz sevimli Oğlunu bəşəriyyət uğrunda qurban verdi, hərçənd bu, Onun üçün olduqca böyük itki idi (Yəh. 3:16). Məgər bu cür təmənnasız məhəbbət ürəyimizi riqqətə gətirmir?

4. Günahlı insanların təmənnasız məhəbbət göstərməyə qabil olduğunu nə sübut edir?

4 İnsan Allahın bənzərində yaradıldığı üçün təmənnasız məhəbbət göstərmək bacarığına malikdir. Miras aldığımız günah məhəbbət göstərməyi çətinləşdirsə də, bizi bu bacarıqdan məhrum etməyib. Məsələn, Habil əlində olanın ən yaxşısını Allaha qurban gətirməklə Ona sevgisini göstərmişdi (Yar. 4:3, 4). Nuh peyğəmbər uzun illər Allahın sözünü imansız insanlara car çəkməklə onlara təmənnasız məhəbbət göstərdi (2 But. 2:5). İbrahim peyğəmbərə oğlu İshaqı qurban gətirmək buyrulanda o, Allah sevgisini öz hisslərindən uca tutdu (Yaq. 2:21). Eynilə, bizdən də, hətta asan olmasa belə, məhəbbət göstərmək gözlənilir.

HƏQİQİ, YOXSA SAXTA MƏHƏBBƏT?

5. Həqiqi məhəbbət necə təzahür olunur?

5 Müqəddəs Kitab buyurur ki, «sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəh. 3:18). Bu, o demək deyil ki, sevgi sözlə ifadə olunmamalıdır (1 Salon. 4:18). Bu, o deməkdir ki, sevgi sözlə məhdudlaşmamalıdır, ələlxüsus, köməyə ehtiyac yaranan zaman. Məsələn, dindaşımız dara düşəndə bizim sadəcə xoş diləyimiz onun dadına yetməyəcək (Yaq. 2:15, 16). Eynilə, əgər biz Allahı, insanları seviriksə, Allahdan «məhsulu yığmağa biçinçi» göndərməsini diləməklə yanaşı, özümüz də bu işə canla-başla töhfə verəcəyik (Mət. 9:38).

6, 7. a) Riyasız məhəbbət nədir? b) Saxta məhəbbətə dair nümunələr çəkin.

6 Həvari Yəhya yazmışdı ki, biz bir-birimizi «əməldə, həqiqətən» sevməliyik. Yəni məhəbbətimiz riyasız olmalıdır (Rom. 12:9; 2 Kor. 6:6). Gözdən pərdə asmaq üçün göstərilən məhəbbət həqiqi deyil. Ümumiyyətlə, məhəbbət və riyakarlıq bir-birinə zidd anlayışlardır. Riyakar məhəbbət məhəbbət deyil, onun saxtasıdır.

7 Gəlin, saxta məhəbbətlə bağlı bəzi nümunələrə baxaq. Ədən bağında Şeytan özünü elə göstərmişdi ki, guya Həvvanın yaxşılığını düşünür, əslində isə onun əməli eqoistlikdən və riyakarlıqdan başqa bir şey deyildi (Yar. 3:4, 5). Yaxud da Əxtufil. O, mənfəətə görə Davud padşaha xainlik etdi, bununla da dostluğunun saxta olduğu ortaya çıxdı (2 İşm. 15:31). Bu gün də dönüklər və yığıncaqda nifaq salan digər insanlar «şirin dillə və yaltaqlıqla» özlərini mehriban göstərərək məkrli niyyətlərini ört-basdır edirlər (Rom. 16:17, 18).

8. Özümüzə hansı sualı versək, yaxşı olar?

8 Göstərdiyimiz məhəbbətin riyakar olması böyük qəbahətdir, çünki bununla insan İlahidən doğan təmənnasız məhəbbəti saxtalaşdırmış olur. Riyakarlığa insan aldana bilər, amma Yehova əsla. İsa Məsih demişdi ki, ikiüzlü insanları ağır cəza gözləyir (Mət. 24:51). Sözsüz  ki, Yehovanın xidmətçiləri riyakar məhəbbətdən uzaq durmalıdırlar. Buna görə yaxşı olardı ki, özümüzdən soruşaq: «Bəs mənim göstərdiyim məhəbbət safdırmı, ona xudbinlik, hiylə qatılmayıb ki?» Gəlin riyasız məhəbbət ifadə etməyin doqquz yolunu araşdıraq.

«ƏMƏLDƏ, HƏQİQƏTƏN SEVƏK»

9. Həqiqi məhəbbət bizi nəyə təşviq etməlidir?

9 Arxa planda xidmət etməyə hazır olaq. Biz yaxşılıq edəndə bunu mümkün olduğu qədər «gizli» şəkildə, özümüzü gözə çarpdırmadan etməyə hazır olmalıyıq. (Mətta 6:1—4 ayələrini oxuyun.) Əfsuslar olsun ki, bəzi şəxslərdə bunu etmək alınmayıb. Məsələn, Hənənya və Səfirə ianələrinin məbləğini açıqlamaları bir yana qalsın, üstəlik, verdikləri bəxşişi şişirtmişdilər. Riyakarlıqları onlara baha başa gəldi (Həv. 5:1—10). Bizim məhəbbətimiz həqiqidirsə, bacı-qardaşlara alqış, tərif gözləmədən xidmət etməyə hazır olacağıq. Ruhani qidanın hazırlamasında Rəhbərlik Şurasına kömək edən qardaşlar bu sahədə gözəl nümunədirlər. Onlar işlərini özlərinə diqqət çəkmədən, anonim şəkildə edirlər; hansı material üzərində işlədiklərinə dair eyham belə vurmurlar.

10. Hörmət göstərmək nə deməkdir?

10 Hörmət göstərməkdə bir-birimizi qabaqlayaq. (Romalılara 12:10 ayəsini oxuyun.) İsa Məsih ən aşağı səviyyəli işləri görərək başqalarını şərəfləndirməkdə bizə örnək qoydu (Yəh. 13:3—5, 12—15). Onun nümunəsini izləmək üçün bizə xeyli təvazökarlıq lazımdır. Hətta həvarilər İsanın etdiklərinin mahiyyətini yalnız müqəddəs ruhu alandan sonra tam anlamışdılar (Yəh. 13:7). Başqalarına hörmət etdiyimiz nədən görünməlidir? Təhsilimizə, maddi imkanımıza, təşkilatdakı təyinatlarımıza görə özümüz haqda yüksək fikirdə olmamalıyıq (Rom. 12:3). Tərif alanlara paxıllıq etməməli, əksinə, onlara görə sevinməliyik, hətta əgər həmin işdə bizim də payımız ola-ola tərif almamışıqsa.

11. Tərifimiz nə üçün səmimi olmalıdır?

11 Bacı-qardaşlarımızı ürəkdən tərifləyək. Tərif «imanı möhkəmləndirmək üçün» vacib olduğuna görə bu məsələdə təşəbbüskar olmalıyıq (Efes. 4:29). Amma tərifimiz səmimi olmalıdır. Əks halda, bu, tərif yox, yaltaqlıq olacaq. Düzəliş vermək yerinə tərif söyləyən kəs də qeyri-səmimi davranmış olur (Məs. 29:5). Eynilə, insanı üzünə tərifləyib arxasınca yamanlamaq ikiüzlülükdür. Həvari Bulus başqalarını tərifləmək məsələsində kamil nümunə qoymuşdur. O, Korinfdəki dindaşlarından layiq olduqları tərifi əsirgəmir, eyni zamanda, çatışmayan cəhətlərini onların nəzərinə çatdırmaqdan çəkinmirdi (1 Kor. 11:2; 1 Kor. 11:20—22).

Ehtiyacı olan dindaşlarımıza əl tutmaq məhəbbət ifadəsidir (12-ci abzasa baxın)

12. Həqiqi məhəbbət qonaqpərvərlik məsələsində özünü necə göstərir?

12 Qonaqpərvər olaq. Bacı-qardaşlarımıza qarşı əliaçıq olmaq Allah buyruğudur. (1 Yəhya 3:17 ayəsini oxuyun.) Və bu məsələdə də mənfəətsizlik şərtdir. Bununla bağlı özümüzə növbəti sualları verə bilərik: «Əsasən kimə yaxşılıq edirəm, dostlarıma, mövqe sahiblərinə, sabah mənə xeyri dəyəcək insanlara? Yoxsa yaxından tanımadığım, yaxşılığımın qarşılığını verə bilməyəcək şəxslərə?» (Luka 14:12—14). Yaxud tutaq ki, kimsə öz səhvi ucbatından ehtiyaca düşüb və ya elədiyimiz yaxşılığa görə bizə «sağ ol» deməyib. Bu zaman gileylənmədən yaxşılıq etməli olduğumuzu  unutmamalıyıq, axı 1 Butrus 4:9 ayəsində deyilir ki, «bir-birinizə deyinmədən qonaqpərvərlik göstərin». Bu göstərişə əməl etsək, saf niyyətlə yaxşılıq etməyin gətirdiyi sevinci dadacağıq (Həv. 20:35).

13. a) Yığıncaqda kimlərə mütəmadi dəstək olmalıyıq? b) Zəiflərə necə dəstək ola bilərik?

13 Zəiflərə dayaq olaq. Məhəbbətimizin həqiqiliyinin bir göstəricisi də «zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» tapşırığına əməl edib-etməməyimizdir (1 Salon. 5:14). Zəiflərin bəziləri müəyyən müddətdən sonra imanda möhkəmlənsə də, digərləri daimi dəstəyə ehtiyac duyurlar. Bu bacı-qardaşları təbliğə dəvət etmək, vəziyyətləri ilə maraqlanmaq, onlarla Müqəddəs Kitabdan ruhlandırıcı fikirləri bölüşməklə sevgimizi göstərmiş olarıq. Onu da qeyd edək ki, kimisə «zəiflər» yaxud «güclülər» sırasına aid etməkdənsə, hamımızın zəif və güclü tərəfinin olduğunu qəbul etməliyik. Hətta güclü hesab etdiyimiz həvari Bulus zəif cəhətlərinin fərqində idi (2 Kor. 12:9, 10). Buna görə deyə bilərik ki, dəstəyə hamımızın ehtiyacı var.

14. Bacı-qardaşlarımızla sülhdə olmaq üçün nələr etməliyik?

14 Sülhə can ataq. Bacı-qardaşlarla aramızda incikliyin olmaması üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Ələlxüsus, kiminsə bizi yanlış anladığını, yaxud bizə qarşı haqsızlıq etdiyini hesab ediriksə. (Romalılara 12:17, 18 ayələrini oxuyun.) Üzr istəmək münasibətləri yoluna qoya bilər. Ancaq üzrxahlığımız səmimi olmalıdır. «Bağışla, bilməzdim bundan inciyərsən» deməkdənsə, «bağışla ki, xətrinə dəydim», deyərək məsələdə bizim də günahımızın olduğunu boynumuza almalıyıq. Sülhü xüsusilə də ailədə qoruyub saxlamaq lazımdır. Ər-arvadın özlərini cəmiyyət içərisində bir-birini sevirmiş kimi aparması, təklikdə qalanda isə bir-birini dindirməməsi, təhqir etməsi və ya əl qaldırması nə dərəcədə düzgün olardı?

15. Ürəkdən bağışladığımızı necə göstərməliyik?

15 Ürəkdən bağışlayaq. Bağışlamaq birinin günahından keçmək və incikliyi unutmaq deməkdir. Məhəbbətlə bir-birimizə qarşı «dözümlü olub sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa» ürəkdən çalışsaq, bizi incitdiyinin fərqində olmayan insanları da ürəkdən bağışlaya biləcəyik (Efes. 4:2, 3). Düşüncələrimizi nəzarətdə saxlayıb «pisliyin hesabını tutmur»uqsa, ürəkdən bağışladığımızı sübut etmiş oluruq (1 Kor. 13:4, 5). Kin saxlamaq təkcə bacı-qardaşlarla yox, Yehova ilə də münasibətimizə xələl yetirir (Mət. 6:14, 15). Ürəkdən bağışladığımızı göstərməyin bir yolu da xətrimizə dəyən insan üçün dua etməkdir (Luka 6:27, 28).

16. Təşkilatda daşıdığımız məsuliyyətlərə necə yanaşmalıyıq?

 16 Özümüzü yox, başqalarını düşünək. Yehovanın təşkilatında daşıdığımız məsuliyyətə necə yanaşmağımız məhəbbətimizin nə dərəcədə həqiqi olduğunu göstərir. «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» sözləri bizim üçün şüar olmalıdır (1 Kor. 10:24). Məsələn, böyük toplantılarda xidmətçilər zala hamıdan tez gəlir. Amma onlar bu təyinatlarına özləri və ailələri üçün ən yaxşı yerləri tutmaq fürsəti kimi baxmırlar, əksinə, ən yaxşı yerlərdə digər bacı-qardaşların oturmasına imkan verirlər. Bununla onlar «başqasının xeyrini düşün»düklərini göstərir, məhəbbətlərinin həqiqi olduğunu sübut etmiş olurlar. Yaxşı olardı, hamımız bu qardaşların nümunəsinə görə davranaq.

17. Həqiqi məhəbbət ciddi günah işləmiş məsihini nəyə təşviq etməlidir?

17 Günahımızı etiraf edib tövbə edək. Ciddi günaha yol vermiş bəzi məsihilər başqalarının gözündən düşməkdən qorxduqları, yaxud da digərlərini məyus etmək istəmədikləri üçün günahlarını ört-basdır edirlər (Məs. 28:13). Bəs bu cür davranışa məhəbbət demək olarmı? Axı belə insan həm özünə, həm də başqalarına zərər yetirir. Onun hərəkəti yığıncağı müqəddəs ruhdan məhrum edə, rifahına təhlükə yarada bilər (Efes. 4:30). Həqiqi məhəbbət günaha yol vermiş məsihini ağsaqqallarla danışıb günahını etiraf etməyə təşviq etməlidir. Ağsaqqallar ona kömək əlini uzadıb lazımi yardımı göstərəcəklər (Yaq. 5:14, 15).

18. Məsihi üçün həqiqi məhəbbət nə dərəcədə vacib keyfiyyətdir?

18 Məhəbbət bütün fəzilətlərin şahıdır (1 Kor. 13:13). O, bizi həm Məsihin davamçısı, həm də məhəbbət qaynağı Yehovanın ibadətçisi kimi fərqləndirən nişandır (Efes. 5:1, 2). Həvari Bulus demişdi: «Məhəbbətim yoxdursa, mən heç nəyəm» (1 Kor. 13:2). Odur ki, «gəlin bir-birimizi sözdə, dildə yox, əməldə, həqiqətən sevək».