Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Oktyabr 2017

 BİOQRAFİYA

Allaha itaət edənin neməti bol olar

Allaha itaət edənin neməti bol olar

«Biz gedərik!» Bu sözləri həyat yoldaşımla mən və qardaşımla onun arvadı yeni tapşırığı qəbul edəndə demişdik. Yəqin sizə maraqlıdır, bizi bu tapşırığı qəbul etməyə nə təşviq etdi və qarşılığında hansı nemətləri aldıq. Bu barədə danışmazdan əvvəl istərdim, sizə bir az özüm haqda məlumat verim.

MƏN 1923-cü ildə İngiltərənin Yorkşir qraflığında yerləşən Hemsvort şəhərində anadan olmuşam. Mənim özümdən böyük bir qardaşım var idi. Onun adı Bob idi. Haradasa 9 yaşım olanda atam dindəki riyakarlığı görüb çox məyus olmuşdu. Həmin ərəfədə ona saxta dinləri ifşa edən bir neçə kitab vermişdilər. Kitabda yazılanlar atama dərin təsir bağışladı. Bir neçə il sonra Bob Atkinson adlı bir nəfər qapımızı döydü və patefonu qoşub Cozef Ruterford qardaşın məruzələrindən birini səsləndirdi. Onda başa düşdük ki, bu adam həmin o kitabları dərc edən cəmiyyətdəndir. Valideynlərim Bob qardaşa təklif etdi ki, hər axşam gəlib şam yeməyini bizimlə yesin və dinlə bağlı suallarımıza cavab versin. Bir gün Bob qardaş bizi yığıncaq görüşünə dəvət etdi. Görüş bizim evdən bir neçə kilometr aralıda yaşayan bir qardaşın evində keçirilirdi. Biz dərhal Bobun təklifini qəbul etdik və beləcə, Hemsvortda kiçik yığıncaq yarandı. Qısa müddət sonra rayon nəzarətçilərini bizdə qalmağa, yaxınlıqda yaşayan öncülləri isə yeməyə dəvət etməyə başladıq. Onlarla ünsiyyət etmək mənə müsbət təsir göstərdi.

Həmin ərəfədə biz öz iş yerimizi açmışdıq. Bir gün atam qardaşıma dedi: «İstəyirsənsə, öncül kimi xidmət elə, narahat olma, iş yerini bağlayarıq». Beləcə, Bob 21 yaşında öncül xidmətinə başladı. İki ildən sonra, 16 yaşım olanda mən də öncül oldum. Adətən, həftəsonlarını çıxmaq şərti ilə, tək təbliğ edirdim. Bu zaman şahidlik vərəqələrindən və patefondan istifadə edirdim. Yehova əməyimə bərəkət verdi: Müqəddəs Kitab dərsi keçdiyim şagirdlərdən biri Yehovanın yolunda nailiyyətlər əldə etdi. Sonralar onun qohumlarının çoxu da Yehova Allaha ibadət etməyə başladı. Bir neçə il sonra məni Meri Henşel bacı ilə birlikdə Çeşir vilayətindəki təyin olunmamış əraziyə xüsusi öncül kimi göndərdilər.

İkinci Dünya müharibəsinin ortaları idi. Qadınları müharibəyə kömək etməyə çağırırdılar. Tammüddətli xidmətçilər olduğumuz üçün düşünürdük ki, din xadimlərinə verilən imtiyazlar bizə də tətbiq olunacaq. Amma məhkəmə bizim kimi düşünmürdü, buna görə də mənə 31 günlük həbs cəzası kəsdilər.  Növbəti il, 19 yaşım tamam olandan sonra vicdanım müharibəni dəstəkləməyə yol vermədiyi üçün iki dəfə hərbi məhkəməyə çağırıldım. Hər iki məhkəmədə məni sərbəst buraxdılar. Bütün bu vaxt ərzində Yehovanın məni möhkəmləndirdiyini, mənə müqəddəs ruh verdiyini və əlimdən bərk-bərk tutduğunu hiss edirdim (Əşy. 41:10, 13).

YENİ ƏMƏKDAŞIM

1946-cı ildə Artur Metyu adlı qardaşla tanış oldum. Vicdanına görə müharibəyə getmədiyi üçün Artur 3 ay həbsdə yatmışdı. Həbsdən çıxandan sonra o, Hemsvortda xüsusi öncül kimi xidmət edən qardaşı Denisin yanına köçür ki, onunla birgə təbliğ eləsin. Bundan qısa müddət sonra Denisi İrlandiyaya təyin edirlər, beləcə, Artur əməkdaşsız qalır. Bu cavan oğlanın davranışı, çalışqan öncül olması valideynlərimə xoş təsir bağışlayır. Buna görə də ona təklif edirlər ki, onlarla qalsın. Valideynlərimi görməyə gələndə yeməkdən sonra qabları, adətən, Arturla mən yuyurdum. Bir müddət sonra Arturla məktublaşmağa başladıq. 1948-ci ildə Artura yenə 3 aylıq həbs cəzası kəsdilər. 1949-cu ilin yanvar ayında ailə qurduq. Qarşımıza məqsəd qoymuşduq ki, nə qədər ki, şəraitimiz yol verir tammüddətli xidmətdə iştirak edək. Pulu qənaətlə xərcləməyə çalışırdıq, həmçinin məzuniyyət vaxtı meyvə yığmaqla pul qazanırdıq. Bu minvalla və Yehovanın köməyi ilə öncül xidmətini davam etdirə bildik.

Toyumuzdan qısa müddət sonra (Hemsvort, 1949)

Təxminən bir il sonra bizi Şimali İrlandiyaya, əvvəlcə Armaya, sonra isə Nyuriyə təyin etdilər. Bu şəhərlərin əhalisinin əksəriyyəti katolik idi. Bu ərazidə təbliğ etmək elə də asan deyildi, insanlarla Allah haqqında danışanda çox ehtiyatlı olmağa çalışırdıq. Yığıncaq görüşləri qaldığımız evdən təxminən 16 kilometr uzaqlıqda yaşayan bir məsihi ailəsinin evində keçirilirdi. Görüşlərdə haradasa 8 nəfər iştirak edirdi. Gecəni onlarda qalmalı olanda döşəmədə yatırdıq. Səhər oyanıb onlarla birgə səhər yeməyi yemək çox xoş idi. Bu gün həmin ərazidə çoxlu Yehovanın Şahidi olduğunu bilmək mənə sevinc gətirir.

«BİZ GEDƏRİK!»

Qardaşım və onun həyat yoldaşı Lati Şimali İrlandiyada xüsusi öncül kimi xidmət edirdilər. 1952-ci ildə dördümüz də, Belfastda keçirilən vilayət toplantısına getdik. Bir qardaş bizi evində qonaq saxladı. Britaniyada filial xidmətçisi olan Prays Hyuz qardaş da bizimlə qalırdı. Bir axşam yenicə çapdan çıxmış və sırf İrlandiya əhalisi üçün nəzərdə tutulmuş «Allah məhəbbətdir» adlı buklet barədə söhbət edirdik. Söhbət əsnası Prays qardaş dedi ki, İrlandiya Respublikasında yaşayan katoliklərə təbliğ etmək çox çətindir. Qardaşları qaldıqları evlərdən çıxarırlar, keşişlər camaatı qızışdırıb onları döydürür. Sonra qardaş dedi: «Bu bukletlərin paylanması ilə bağlı xüsusi kampaniya keçirmək istəyirik. Bizə maşını olan ər-arvadlar lazımdır» *. Onda bu məqalənin əvvəlindəki sözü dedik: «Biz gedərik!»

Öncül əməkdaşlarımızla

 Öncüllər hər dəfə Dublinə gələndə uzun illər Yehovaya xidmət edən və bacı-qardaşların «ana» deyə çağırdığı bir bacının evində qalırdılar. Biz də bir müddət bu bacıgildə qaldıq. Bəzi əşyalarımızı satandan sonra dördümüz də Bobun motosikletinə minib maşın almağa getdik. İşlənmiş bir maşın tapdıq, amma heç birimiz maşın sürə bilmədiyimiz üçün maşının əvvəlki sahibindən xahiş etdik ki, onu sürüb qaldığımız yerə gətirsin. Artur həmin axşam bütün gecəni çarpayıda oturub maşın sürürmüş kimi hərəkətlər edirdi. Səhər o, sükan arxasına əyləşib maşını qarajdan çıxarmağa çalışırdı. Bu dəm xüsusi təyinatlı müjdəçi olan Mildred bacı (sonralar o, Con Barr qardaşla ailə qurdu) oradan keçirdi. Biləndə ki, bacı maşın sürməyi bacarır, çox sevindik. O, bizə maşın sürməyi öyrətdi və beləcə, biz yola düşməyə hazır idik.

Maşınımız və furqon evimiz

Bircə qalırdı yaşamaq üçün yer tapmaq. Qardaşlar məsləhət görmüşdülər ki, furqonda qalmayaq, çünki dinimizə düşmən kəsilən insanlar onu yandıra bilərdi. Buna görə də ev axtarmağa başladıq, amma heç nə tapmadıq. Həmin gecə dördümüz də maşında yatdıq. Sabahısı gün tapa bildiyimiz yeganə şey ev şəraitli, içində iki ədəd ikimərtəbəli çarpayısı olan furqon idi. Bu da bizim evimiz! Şükür Allaha, o ərazidə mehriban xasiyyətli fermerlər olduğu üçün furqonu saxlamaqla bağlı problemimiz olmadı: onu bu fermerlərin sahəsində saxlayırdıq. Qaldığımız yerdən təxminən 24 kilometr aralıda təbliğ edirdik. Sonra başqa yerə köçür və qayıdıb əvvəl qaldığımız ərazidə yaşayan insanlara da müjdəni çatdırırdıq.

Biz İrlandiyanın cənub-şərqindəki bütün evlərin qapılarını döyüb 20 000-dən çox buklet payladıq. Həqiqətə maraq göstərən insanların adlarını yazıb Britaniyadakı filiala göndərirdik. Bu kompaniya vaxtı heç bir problem yaranmadı. Yehovanın köməyi ilə indi bu ərazidə minlərlə dindaşımız var!

İNGİLTƏRƏDƏ VƏ ŞOTLANDİYADA XİDMƏT

Müəyyən vaxtdan sonra bizi Londonun cənubuna təyin etdilər. Cəmi bir neçə həftə sonra isə Britaniya filialından Artura zəng gəldi. Ona növbəti gündən rayon nəzarətçisi kimi xidmət etməyi təklif etdilər. Bir həftəlik təlimdən sonra biz xidmətə başladıq. Təyinatımız Şotlandiyaya idi. Artur bir həftə ancaq təlim keçdiyi üçün məruzələri hazırlamağa vaxtı qalmamışdı. Amma o, Yehovanın işində hər çətinliyə qatlaşmağa hazır idi və onun bu xüsusiyyəti məni valeh edirdi. Yeni təyinatımızdan zövq alırdıq. Bir neçə il təyin olunmamış ərazilərdə xidmət edəndən sonra bu qədər bacı-qardaşın arasında olmaq çox sevindirici idi.

1962-ci ildə ciddi qərar verməli olduq. Arturu Gilad Məktəbinə dəvət etmişdilər. Təlim on ay davam edəcəkdi. Bu isə o demək idi ki, mən bu vaxt ərzində Arturu görməyəcəkdim. Buna baxmayaraq, düşündük ki, Arturun bu dəvəti qəbul etməsi düzgün olardı. O, gedəndən sonra məni xüsusi öncül kimi doğulduğum Hemsvort şəhərinə göndərdilər. Artur bir ildən sonra qayıdanda onu vilayət nəzarətçisi  təyin etdilər. Xidmət ərazilərimiz Şotlandiya, İngiltərənin şimalı və Şimali İrlandiya idi.

İRLANDİYADA YENİ TƏYİNATIMIZ

1964-cü ildə Artur yeni təyinat aldı. Bu dəfə o, İrlandiya Respublikasında filial xidmətçisi olacaqdı. Vilayət xidməti xoşumuza gəldiyi üçün bu yenilik məni bir az narahat edirdi. Geriyə boylananda fikirləşirəm, nə yaxşı ki, mənə Beyteldə xidmət etmək nəsib oldu. Belə qənaətə gəldim ki, Yehovadan gələn təyinatı, ürəyincə olmasa da, qəbul edirsənsə, Yehovanın xeyir-duası üstündən əskik olmayacaq. Beyteldə çoxlu işlər görürdüm: ofis işi, nəşrlərin qablaşdırılması, aşbazlıq, təmizlik. Bir ara Artur Beytel işi ilə bərabər vilayət nəzarətçisi kimi də xidmət edirdi. Bunun sayəsində, biz ölkənin müxtəlif yerlərində yaşayan bacı-qardaşlarla tanış olurduq. Həm bu, həm də şagirdlərimizin imanda möhkəmləndiyini görmək bizi İrlandiyadakı iman bacı-qardaşlarımızla doğmalaşdırmışdı. Bundan böyük xoşbəxtlik ola bilməz!

ƏLAMƏTDAR TOPLANTI

1965-ci ildə İrlandiyada ilk dəfə beynəlxalq toplantı keçirildi *. Müxtəlif maneələrə baxmayaraq, toplantı böyük uğurla keçdi. Tədbirə 3948 nəfər qatılmışdı, 65 nəfər vəftiz olmuşdu. 3500 qonağı evində qəbul edənlərin hər birinə minnətdarlıq məktubu göndərildi. Qonaq qəbul edənlər də qonaqların davranışından çox razı qalmışdılar. Bu hadisə təşkilatın İrlandiyadakı fəaliyyətində dönüş nöqtəsi oldu.

Artur toplantıya gələn Neytan Norr qardaşı qarşılayır (1965)

Artur «Müqəddəs Kitab hekayələri» kitabının qael dilində dərc olunduğunu elan edir (1983)

1966-cı ildə İrlandiyanın həm şimalındakı, həm də cənubundakı teokratik ərazilər birləşdirildi və Dublindəki filialın nəzdində fəaliyyət göstərməyə başladı. Siyasi və dini baxımdan parçalanmış İrlandiya adası üçün bu, görünməmiş hadisə idi. Çoxlu sayda katolikin və protestantın Yehovanın Şahidi olub çiyin-çiyinə xidmət etdiyini görmək adamı heyran qoyurdu.

TAM FƏRQLİ TƏYİNAT

2011-ci ildə həyatımızı kökündən dəyişən hadisə baş verdi: Britaniya və İrlandiya filialları birləşdirildi və bizi Londondakı filiala təyin etdilər. Bu təyinat lap yerinə düşdü, çünki Arturun sağlamlığına görə narahat olmağa başlamışdım. Həkimlər Arturda Parkinson xəstəliyi aşkar etdilər. 2015-ci il, mayın 20-si dərin bir kədər yaşadım, 66 illik əməkdaşımı itirdim.

Son bir neçə ildə başım çox şeylər çəkdi, dərd də gördüm, depressiyaya da düşdüm. Əvvəllər Artur həmişə yanımda olardı. Onun üçün elə darıxıram ki! Amma yaşadığım çətinliklər məni Yehovaya yaxınlaşdırdı. Görəndə ki, Arturu nə qədər insan çox istəyir ürəyim sevinir. İrlandiya, Böyük Britaniya və hətta Birləşmiş Ştatlardakı dostlarımızdan çoxlu məktublar alıram. Arturun qardaşı Denis, onun həyat yoldaşı Meyvis, qardaşım qızları Rutla Cudi mənə çox dəstək olurlar. Bütün bu şeylərin mənə nə dərəcədə kömək etdiyini sözlə ifadə etmək çətindir.

Əşiya 30:18 ayəsi məni çox ruhlandırır. Orada deyilir: «Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin, O qalxacaq ki, sizə mərhəmət göstərsin. Çünki Yehova haqq Allahdır. Nə xoşbəxtdir ümidini Ona bağlayanlar!» Biləndə ki, Yehova yeni dünyanı, bütün problemləri həll edəcəyi və bizə gözəl tapşırıqlar verəcəyi o dövrü səbirlə gözləyir təsəlli tapıram.

Keçmişə nəzər salanda görürəm ki, İrlandiyadakı təbliğ işi məhz Yehovanın xeyir-duası ilə irəli gedib! Bu işdə, az da olsa, mənim də payım olduğu üçün özümü xoşbəxt sayıram. Əminliklə deyə bilərəm ki, Yehova Allaha itaət edənin neməti bol olar!

^ abz. 12 «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının (ing.) 1988-ci il buraxılışının 101, 102-ci səhifələrinə baxın.

^ abz. 22 «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının (ing.) 1988-ci il buraxılışının 109—112 səhifələrinə baxın.