Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Noyabr 2017

Yeni yığıncağa necə öyrəşmək olar?

Yeni yığıncağa necə öyrəşmək olar?

«BURA köçəndə özümü çox narahat hiss edirdim. Heç bilmirdim, burada özümə dost tapa biləcəyəm, ya yox. Bilmirdim, məni necə qarşılayacaqlar». Bu sözləri yaşadığı yerdən təxminən 1400 kilometr aralıda yerləşən əraziyə köçmüş Alen * qardaş deyir.

Əgər siz də başqa yığıncağa keçmisinizsə, yəqin bu hisslər sizə tanışdır. Yeni yığıncağa öyrəşməyə sizə nə kömək edə bilər? Öyrəşmək siz düşündüyünüzdən də çətin gəlirsə, nə edə bilərsiniz? Bəlkə də, siz heç bir yığıncağa keçməmisiniz, amma sizin yığıncağa keçənlər var. Onlara yığıncağa öyrəşməyə necə kömək edə bilərsiniz? Məqalədə bu suallara cavab verilir.

NECƏ ÖYRƏŞMƏK OLAR?

Gəlin bir nümunəyə baxaq: ağacı bir yerdən başqa yerə əkəndə o, «stress» yaşayır. Ağacı torpaqdan çıxaranda, adətən, onun kökünün əksər hissəsini kəsirlər ki, daşımaq rahat olsun. Təzə yerə əkiləndən dərhal sonra ağac yeni köklər atmağa başlayır. Eynən, başqa yığıncağa keçmək də sizi stressə sala bilər. Əvvəlki yığıncaqda siz, sanki, kök atmışdınız: dostluq münasibətləri qurmuşdunuz, sabit ruhani qrafikiniz var idi. İndi isə düşdüyünüz yeni mühitə öyrəşmək üçün «təzə köklər» atmalısınız. Bu işdə sizə Müqəddəs Kitabın bir neçə prinsipi kömək edə bilər. Gəlin onları bir-bir araşdıraq.

Allahın Kəlamını müntəzəm oxuyan insan «axar sular kənarında əkilmiş, barını mövsümündə verən ağactək olar, yarpaqları solmaz, hər işində uğur qazanar» (Zəb. 1:1—3).

Necə ki, ağacın sağlam qalması üçün onu müntəzəm sulamaq lazımdır, məsihinin də ruhani cəhətdən möhkəm qalması üçün Allahın Kəlamından müntəzəm «qidalanması» mütləqdir. Odur ki, ruhani qrafikinizdən qalmayın: hər gün Müqəddəs Kitabı oxuyun, yığıncaqları buraxmayın, ailəvi ibadəti və şəxsi mütaliəni müntəzəm keçirin. Əvvəlki yığıncağınızda ruhani cəhətdən sağlam qalmaq üçün nələr edirdinizsə, burada da eyni işləri görün.

«Su verənə su verilər» (Məs. 11:25).

Təbliğ işində fəal olmaqla ruhlanacaq və yeni yığıncağa daha tez öyrəşəcəksiniz. Kevin adlı ağsaqqal deyir: «Arvadımla mənə ən çox kömək edən o oldu ki, yeni yığıncağa köçən kimi köməkçi öncül xidmətinə başladıq. Bunun sayəsində biz tez bir zamanda bacı-qardaşlarla, öncüllərlə və ərazi ilə tanış ola bildik». Əvvəl yaşadığı yerdən təqribən 1600 kilometr aralıda yerləşən əraziyə köçmüş Rocer qardaş deyir: «Yeni yığıncağa öyrəşməyin ən effektiv yolu mümkün qədər tez-tez təbliğə çıxmaqdır. Həmçinin ağsaqqallara hər işdə kömək etməyə hazır olduğunuzu söyləyin, məsələn, ibadət evini təmizləməkdə, görüşün hansısa bəndlərində ekspromt çıxış etməkdə, kimisə görüşə aparıb-gətirməkdə. Bacı-qardaşlar sizdə fədakarlıq ruhu görsələr, onlara sizinlə münasibət qurmaq daha rahat olacaq».

«Ürəyinizi geniş açın» (2 Kor. 6:13).

Daha çox bacı-qardaşa məhəbbət göstərin. Melisagil ailəlikcə yeni yığıncağa köçəndən sonra bütün diqqətlərini təzə dostlar tapmağa cəmləmişdilər. Melisa bacı deyir: «Biz yığıncaqdan əvvəl və sonra bacı-qardaşlarla söhbət edirdik. Bunun sayəsində  ünsiyyətimiz, sadəcə salam-sağolla məhdudlaşmırdı». Bu, həmin ailəyə, həmçinin qısa müddətə yığıncaq üzvlərinin adını yadda saxlamağa kömək etmişdi. Melisa bacı deyir: «Biz bir-birimizə telefon nömrələrimizi verdik. Beləcə, bacı-qardaşlar yığıncağın işlərinə və digər fəaliyyətlərə bizi də cəlb etmək üçün bizi asanlıqla tapa bilirdilər».

Əgər yeni insanlarla tanış olmaq fikri sizi qorxudursa, sadə şeylərdən başlayın. Məsələn, içinizdən gəlməsə də, gülümsəyin. Təbəssüm insanları sizə cəlb edəcək. Müqəddəs Kitabda yazıldığı kimi, «nurlu gözlər ürəyi şad edər» (Məs. 15:30). Böyüyüb boya-başa çatdığı yerdən uzağa köçən Reyçel deyir: «Təbiətən utancaq insanam. Yeni yığıncaqdakı bacı-qardaşlarla söhbət etmək mənə çətindir, hərdən özümü buna məcbur edirəm. İbadət evinə gələndə bir yerdə oturub heç kəslə ünsiyyət etməyən insanları axtarıram. Düşünürəm, yəqin onlar da mənim kimi utancaqdırlar». Bu çox gözəl üsuldur. Siz də yığıncaqdan əvvəl və sonra kiminləsə ünsiyyət etməyi qarşınıza məqsəd qoyun.

Ola bilsin, ilk bir neçə həftə tanımadığınız insanların arasında sıxılacaqsınız. Narahat olmayın, vaxt keçdikcə sizə yad gələn şeylər doğmalaşacaq. Lakin bunun üçün özünüzə yeni dostlar tapmalısınız.

Ağac bir yerdən başqa yerə əkiləndə «stress» yaşayır, amma sonra yeni köklər atmağa başlayır

ÖZÜNÜZƏ VAXT VERİN

Bəzi ağaclar yeni yerdə nisbətən gec kök atır. Yeni yığıncağa öyrəşmək də belədir: alışmaq üçün kiminə az, kiminə çox vaxt lazım olur. Əgər siz artıq uzun müddətdir yeni yığıncağa keçmisiniz, amma hələ də ora alışa bilməmisinizsə, Müqəddəs Kitabın növbəti prinsiplərinə əməl edin:

«Gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qal. 6:9).

Özünüzə vaxt verin. Ola bilsin, sizə yeni mühitə öyrəşmək üçün gözlədiyinizdən çox vaxt lazımdır. Məsələn, Giladdan sonra başqa ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bir çox bacı-qardaş yeni yerə öyrəşənə qədər bir neçə il öz ölkələrinə getmir. Bunun sayəsində onlar həmin ərazidəki dindaşları ilə doğmalaşır və yeni mədəniyyətə öyrəşirlər.

Bir neçə dəfə müxtəlif ərazilərə köçmüş Alexandro qardaş öz təcrübəsindən bilir ki, alışmaq üçün səbir lazımdır. O deyir: «Sonuncu dəfə köçəndə həyat yoldaşım dedi ki, bütün dostları qalıb köhnə yığıncaqda». Qardaş ona xatırlatdı ki, iki il bundan əvvəl köhnə əraziyə köçəndə də o, eyni sözü demişdi. İki il ərzində o, başqalarına diqqət göstərmiş, beləcə, tanımadığı insanlar onun yaxın dostlarına çevrilmişdi.

«Demə: “Əvvəlki günlər indikindən yaxşı idi”. Müdrik adam belə deməz» (Vaiz 7:10).

Qətiyyən yeni yığıncağınızı köhnə yığıncaqla müqayisə etməyin. Ola bilsin, yeni yığıncaqdakı bacı-qardaşlar köhnə yığıncağınıza nisbətən ya çox qapalı, ya da həddən artıq ünsiyyətcildir. Amma siz onların müsbət cəhətlərinə fikir verin, necə ki, siz də onların sizdə müsbət şeyləri görməsini istəyirsiniz. Maraqlıdır ki, yeni yığıncağa keçmək bir neçə bacı-qardaşı özünə bu sualı verməyə sövq etmişdi: «Doğrudanmı, mən “bütün qardaşlığı” sevirəm?» (1 But. 2:17).

«Durmadan diləyin, sizə veriləcək» (Luka 11:9).

 Müntəzəm dua edib Yehovadan kömək istəyin. Deyvid adlı ağsaqqal deyir: «Bu problemi təkbaşına aşmağa çalışmayın. Əksər şeyləri biz yalnız Yehovanın köməyi ilə bacara bilərik. Odur ki, dua edin!» Yuxarıda adı çəkilən Reyçel də bu fikrə şərikdir. O deyir: «Həyat yoldaşımla mən yığıncaq tərəfindən cüzi də olsa soyuqluq görəndə Yehovaya dua edib deyirdik: “Yehova, nə olar, bizə göstər, biz nəyi düz etmirik, niyə bacı-qardaşlara bizimlə yaxın münasibət qurmaq çətindir?” Sonra çalışırdıq, onlarla çoxlu vaxt keçirək».

Əgər övladlarınıza da yeni yığıncağa öyrəşmək çətindirsə, onlarla birgə dua edin. Yeni dostlar tapa bilsinlər deyə, bacı-qardaşlarla xoş vaxt keçirmələri üçün şərait yaradın.

YENİLƏRƏ ÖYRƏŞMƏYƏ KÖMƏK EDİN

İndi görək yığıncağın köhnə üzvləri yenilərə necə kömək edə bilər. Yığıncağınıza yeni bacı-qardaşlar gələn kimi onlarla dostlaşmağa çalışın. Təsəvvür edin ki, siz təzə yığıncağa keçmisiniz. Yığıncaq üzvlərinin sizi necə qarşılamasını istəyərdiniz? Yenilərə eyni münasibəti göstərin (Mət. 7:12). Onları ailəvi ibadət axşamına, birlikdə JW televiziyasının aylıq proqramına baxmağa dəvət edin. Təbliğə çıxmağı təklif edin. Sadə bir süfrə açıb qonaq çağırın. Əmin olun, onlar bu qonaqpərvərliyinizi uzun müddət unutmayacaqlar. Növbəti abzasda yenilərə kömək etməyin başqa yolları da göstərilir.

Karlos adında bir qardaş deyir: «Keçdiyimiz yeni yığıncaqda bir bacı bizə qiymətləri münasib olan mağazaların siyahısını verdi. Bunun bizə çox böyük köməyi dəydi». Əgər sizin əraziyə köçən bacı-qardaşlar iqlimi fərqli olan ərazidən gəliblərsə, onlara növbəti köməyi göstərə bilərsiniz: onlara izah edin, sizin ərazidə hava isti, soyuq və ya yağışlı olanda necə geyinmək lazımdır. Siz onlara həmçinin xalqın tarixi, insanların dini inancları barədə danışmaqla təbliğ işində uğurlu olmağa kömək edə bilərsiniz.

UYĞUNLAŞMAQ ÜÇÜN ETDİYİNİZ CƏHDLƏRİN BƏHRƏSİ BOL OLACAQ

Məqalənin əvvəlində adı çəkilən Alen qardaş bir ildən çoxdur ki, yeni yığıncaqda xidmət edir. O deyir: «Bacı-qardaşlarla tanış olmaq üçün əvvəl-əvvəl özümü məcbur edirdim. Amma indi onlar artıq mənə doğma kimidir, mən özümü çox rahat hiss edirəm». Alen başa düşdü ki, yeni yığıncağa keçməklə, əslində, o, dostlarını itirməyib, əksinə yeni və ömürlük dostlar qazanıb.

^ abz. 2 Bəzi adlar şərtidir.