Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Noyabr 2017

Qoy şaqraq səsiniz ucalsın!

Qoy şaqraq səsiniz ucalsın!

«Allahımızı nəğmələrdə tərənnüm etmək nə yaxşıdır» (ZƏB. 147:1).

NƏĞMƏ: 10, 2

1. Mahnı insana necə təsir edir?

BİR məşhur nəğməkar şair demişdi: «Söz insanı düşündürür, musiqi duyğulandırır, mahnı isə düşündüyünü duymağa sövq edir». Bizə ən ülvi duyğuları yaşadan da Səmavi Atamız Yehovanı vəsf edən sözlərdir. Məhz buna görə, Yehovanın xalqı üçün həm fərdi şəkildə, həm dindaşları ilə birgə həmd nəğmələri oxumaq mühüm ibadət sayılır.

2, 3. a) Nəyə görə bəziləri yığıncaqda nəğmə oxumağa çəkinir? b) Bu məqalədə hansı suallar müzakirə olunacaq?

2 Sizə yığıncaqda nəğmə oxumaq asandır, yoxsa çətin? Ola bilsin, kimsə camaat içində mahnı oxumağa çəkinir. Bəzi ərazilərdə isə kişi xeylağının camaat arasında mahnı oxuması ayıb sayılır. Bu düşüncə bütün yığıncağa təsir edə bilər, xüsusən də, əgər ağsaqqallar nəğmə oxumağa çəkinir və ya nəğmə oxunanda başqa işlərlə məşğul olursa (Zəb. 30:12).

3 Həmd nəğmələri oxumaq ibadətimizin ayrılmaz hissəsi olduğu üçün, nəğmə oxunan zaman zaldan çıxmaq və proqramın bu hissəsinə gecikmək münasib olmazdı. Bundan əlavə, hər birimiz özümüzə növbəti sualları verə bilərik: «Yığıncaqda nəğmə oxumağa necə yanaşıram? Həmd nəğmələrini oxumağa çəkinirəmsə, nə edə bilərəm? Nəğmələri şövqlə ifa etmək üçün hansı məqamları nəzərə almalıyam?»

 NƏĞMƏ OXUMAQ VACİB İBADƏTDİR

4, 5. Qədim İsrail xalqının ibadətində həmd nəğmələrinə hansı yer verilmişdi?

4 Ta qədimdən Yehova Allaha ibadət edən insanlar nəğmədə Onu vəsf etmişlər. Qeyd etmək lazımdır ki, israillilər Yehovaya sədaqətlə xidmət edən zamanlar nəğmə oxumaq ibadətlərinin ayrılmaz hissəsi olub. Misal üçün, Davud padşah məbəddə xidməti təşkil edəndə 4000 lavilini həmd nəğmələrinin ifası üçün ayırmışdı. Onlardan 288 nəfər peşəkar məzmur oxuyan idi (1 Saln. 23:5; 25:7).

5 Məbədin açılışında musiqi çalınmış və həmd nəğmələri oxunmuşdu. Bu hadisə barədə Müqəddəs Kitabda yazılıb: «Kərənayçılar və məzmur oxuyanlar bir ağızdan Yehovaya həmd-səna edirdilər. Onlar... Yehovanı mədh edəndə, kərənayın, çəngin, başqa alətlərin səsi göyə yüksələndə bulud məbədi, Yehovanın evini doldurdu». Təsəvvür edirsiniz, bu möhtəşəm hadisənin şahidi olmaq israillilərin imanı necə möhkəmləndirmişdi?! (2 Saln. 5:13, 14; 7:6).

6. Vali Nəhəmya Yerusəlim divarının açılış mərasiminə təntənə qatan hansı tədbiri təşkil etmişdi?

6 Nəhəmya həm Yerusəlim divarının bərpa işlərinə rəhbərlik etmiş, həm də divarın açılışında lavililərin musiqi alətlərinin müşayiəti ilə mahnı oxumasını təşkil etmişdi. Bu mərasimdə səslənən musiqi tədbirə yığışanların sevincinə sevinc qatmışdı. Nəhəmya məzmur oxuyanları iki böyük dəstəyə ayırmışdı. Hər dəstə divarın üstü ilə əks istiqamətlərdə gedərək məbədin yanında birləşmişdi. Beləcə, onların oxuduğu nəğmənin sədası uzaqlarda belə eşidilirdi (Nəh. 12:27, 28, 31, 38, 40, 43). Söz yox ki, xidmətçilərinin şaqraq səslə Ona ucaltdığı nəğmələr Yehova Allahın ürəyini şad etmişdi.

7. İsa Məsih həmd nəğmələri oxumağın ibadətdə vacib olduğunu necə göstərmişdi?

7 Məsihiliyin təməli qoyulandan həmd nəğmələri oxumaq məsihi ibadətinin vacib hissəsi olub. İsa Məsih «Ağanın şam yeməyi» mərasimini təsis edəndən sonra həvarilərlə birgə həmd nəğmələri oxumuşdu. Qeyd edək ki, bu, bəşərin taleyi həll olunan anlarda baş vermişdi. (Mətta 26:30 ayəsini oxuyun.)

8. Birinci əsrdəki məsihilər ibadətdə nəğmə oxumaq məsələsində hansı nümunəni qoyublar?

8 Birinci əsrdəki məsihilər ibadətlərində Allahı nəğmələrlə tərənnüm etməkdə bizə nümunə qoyublar. Onlar ibadət üçün, adətən, evlərdə yığışırdılar. Bu evlər məbəd qədər əzəmətli və gözəl olmasa da, məsihilərdə Yehovanın şəninə nəğmə oxumaq şövqünü azaltmırdı. Həvari Bulus Allahın ilhamı ilə dindaşlarına buyurmuşdu: «Bir-birinizə məzmurlar, mədhlər və minnətdarlıqla oxunan ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin» (Kol. 3:16). Bizim nəğmə kitabındakı mahnılar həqiqətən minnətdarlıqla oxunulası «ruhani mahnılar»dır. Bu mahnılar da «sadiq və ağıllı nökər»in verdiyi ruhani qidadır (Mət. 24:45).

MAHNI OXUMAĞA ÇƏKİNİRİKSƏ

9. a) Nə üçün yığıncaq və böyük toplantılarda bəzi bacı-qardaşlar şövqlə oxumağa çəkinirlər? b) Həmd nəğmələri necə oxunmalıdır və bu işdə kimlər nümunə qoymalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 Ola bilsin, camaat içində mahnı oxumaq kiminsə ailəsinə və ya mədəniyyətinə yaddır. Yaxud kimsə peşəkar müğənnilərə həvəslə qulaq asır, amma özü  mahnı oxumağa çəkinir, çünki fikirləşir ki, onun səsi bu müğənnilərin səsinə çata bilməz. Lakin belə şeylər bizi Yehovanı nəğmələrlə tərənnüm etmək kimi vacib ibadətdən azad etmir. Odur ki, utancaqlığı bir kənara qoyun, nəğmə kitabını yuxarı tutub başınızı dikəldin və şövqlə oxuyun (Üzr. 3:11; Zəbur 147:1 ayəsini oxuyun). Bu gün artıq bir çox ibadət evində nəğmələrin sözləri ekranda göstərilir, bu isə oxumağı daha da asanlaşdırır. Həmd nəğmələrini oxumaq hətta Məsul Qardaşlar üçün Məktəbin tədris proqramına əlavə edilib. Bu göstərir ki, ağsaqqallar nəğmə oxumaqda yığıncağa nümunə olmalıdırlar.

10. Qorxu bizi şövqlə oxumaqdan saxlayırsa, hansı fikir bizi ürəkləndirə bilər?

10 Bəzi bacı-qardaşlarımıza şövqlə mahnı oxumağa qorxu mane olur. Qorxurlar ki, hamı onlara baxacaq, yaxud da səsləri kiminsə xoşuna gəlməyəcək. Gəlin bir anlıq düşünək: Müqəddəs Kitabda deyilir ki, «hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır» (Yaq. 3:2). Amma bu, bizi danışmaqdan saxlamır, elə deyil? Onda niyə səsimizin gözəl olmaması bizi Yehovaya mahnıda tərif deməkdən çəkindirməlidir?

11, 12. Oxumaq bacarığımızı necə yaxşılaşdıra bilərik?

11 Əgər sizi nəğmə oxumaqdan saxlayan amil düzgün oxumağı bilməməyinizdirsə, bir neçə sadə məsləhətə riayət etməklə bacarığınızı yaxşılaşdıra bilərsiniz *.

12 Mahnını gur səslə ifa etmək üçün düzgün nəfəs almaq lazımdır. Elektrik enerjisi cihazı işə saldığı kimi, tənəffüs də səsimizi tənzimləyir. Mahnı  oxuyanda adətən danışdığımız səs ucalığı ilə, hətta bir az da ucadan oxumaq lazımdır *. Yeri gəlmişkən, Müqəddəs Yazılarda Yehovanın şəninə nəğmələr söyləməklə bağlı kontekstlərdə «səsinizi yüksəldin» kimi çağırışlar işlənir (Zəb. 33:1—3).

13. Hansı məsləhətlər bizə həmd nəğmələrini şövqlə ifa etməyə kömək edə bilər?

13 Ailəvi ibadət axşamı və ya fərdi mütaliə ilə məşğul olanda növbəti məsləhətləri sınaqdan keçirin: nəğmə kitabından xoşunuza gələn mahnıları seçin. Əvvəlcə mahnının sözlərini musiqisiz ucadan oxuyun, sonra mətndəki söz birləşmələrini həmin səs tonu ilə birnəfəsə deyin. Sonra isə söz birləşmələrini eyni səs gücü ilə musiqinin müşayiəti altında oxuyun (Əşy. 24:14). Beləcə, mahnı oxuyanda səsiniz ucadan çıxacaq. Amma qoy bu, sizi nə utandırsın, nə də mahnı oxumaqdan çəkindirsin. Əslində, bu çox gözəl nailiyyətdir!

14. a) Mahnı oxuyanda ağzı geniş açmaq oxumaq bacarığımıza necə təsir edir? (« Mahnı oxumaq bacarığınızı yaxşılaşdırın» adlı çərçivəyə baxın.) b) Səsdəki problemləri aradan qaldırmaqla bağlı hansı məsləhətlər sizin üçün faydalı oldu?

14 Mahnını ucadan oxumaq istəyiriksə, ağzı geniş açmaq mütləqdir. Odur ki, mahnı oxuyanda ağzınızı adi danışıqda olduğundan geniş açın. Bəs səsi çox zəif və ya həddən artıq yüksək olanlar nə edə bilər? Onlara «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 184-cü səhifəsində yerləşən «Bəzi problemlər və onların həlli» adlı çərçivəyə baxmağı məsləhət görürük.

 

HƏMD NƏĞMƏLƏRİNİ ÜRƏKDƏN OXUYUN

15. a) 2016-cı ildə keçirilən illik görüşdə hansı elan olmuşdu? b) Yeni nəğmə kitabının hansı üstünlükləri var?

15 Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya)  2016-cı ildə keçirilən illik görüşündə Rəhbərlik Şurasının üzvü Stiven Lett qardaş «Yehovanı şövqlə tərənnüm edin» adlı yeni nəğmə kitabının buraxıldığını elan etmişdi. O qeyd etdi ki, bu yeni nəşri çıxarmağın bir səbəbi mahnıların mətnini Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasına (2013-cü il) uyğunlaşdırmaq, yəni mahnıların mətnində işlənən köhnə terminləri yenilərlə əvəz etmək idi. Həmçinin yeni nəğmə kitabına fidyə üçün şükran nəğmələri və təbliğ işi ilə bağlı nəğmələr daxil edilib. Bundan əlavə həmd nəğmələrini oxumaq vacib ibadət sayıldığı üçün Rəhbərlik Şurası qərara gəldi ki, mahnı kitabının keyfiyyəti yüksək olmalıdır. Bu səbəbdən mahnı kitabı görünüş baxımından «Yeni Dünya Tərcüməsi» ilə eynidir.

16, 17. «Yehovanı şövqlə tərənnüm edin» kitabında hansı yeniliklər var?

16 «Yehovanı şövqlə tərənnüm edin» kitabı mövzular üzrə tərtib olunub. Məsələn, ilk 12 mahnı Yehova haqda, növbəti 8 mahnı İsa Məsih və fidyə haqdadır, qalanları isə başqa mövzular üzrə yığılıb. Kitab mövzu üzrə mündəricatla başlayır. Bu, qardaşlara hazırladıqları məruzələr üçün mahnı seçməyə köməkçi olacaq.

17 Həmd nəğmələrinin böyük şövqlə ifa olunması üçün onların mətninə aydınlıq, bədiilik və təsir gücü baxımından təzədən baxılmışdır. Yeni nəğmə kitabının bəzi tərcümələrində artıq işlək olmayan söz və ifadələr yeniləri ilə əvəz olunmuşdur. Bundan əlavə, amiranə cümlələrdən qaçınılıb ki, yeni vəftiz olunanlar, vəftiz olmamış təbliğçilər, gənclər və bacılar bu cür cümlələri oxuyanda başqalarına göstəriş vermiş olmasınlar.

Həmd nəğmələrini yaxşı oxumaq üçün ailəvi ibadət keçirəndə məşq edin (18-ci abzasa baxın)

18. Nə üçün yeni nəğmə kitabındakı mahnılarla tanış olmaq vacibdir? (Həmçinin haşiyəyə baxın.)

18 «Yehovanı şövqlə tərənnüm edin» kitabındakı bir çox nəğmə dua şəklində yazılıb. Bu nəğmələri oxumaqla biz Yehovaya bəslədiyimiz ülvi hissləri ifadə edirik. Bəzi mahnılar isə bizi «məhəbbətə və yaxşı işlərə» təşviq edir (İbr. 10:24). Yəqin istəyərdiniz ki, bu mahnıların musiqisini, ritmini yaxşı duyasınız, sözlərini əzbərləyəsiniz. Bunun üçün jw.org saytına daxil olub mahnıların vokal ifasını dinləyə bilərsiniz. Evdə məşq etmək sizə həmd nəğmələrini sərbəst və şövqlə oxumağa kömək edəcək *.

19. Yığıncağa gələnlərin hər biri hansı ibadəti icra edə bilər?

19 Unutmamalıyıq ki, həmd nəğmələri oxumaq vacib ibadətlərdən biridir. Bu ilahi nəğmələri oxumaqla Yaradanımız Yehova Allaha məhəbbətimizi və şükranımızı ifadə edirik. (Əşiya 12:5 ayəsini oxuyun.) Biz şövqlə oxuyanda başqalarını da ürəkdən oxumağa həvəsləndiririk. Həmd nəğmələri oxumaq elə bir ibadətdir ki, hər kəs, cavan da, yaşlı da, yığıncağa təzə gələnlər də onu icra edə bilər. Odur ki, gəlin həmd nəğmələri oxuyanda utancaqlığı bir kənara qoyaq, mahnını yaşamağa çalışaq. Gəlin məzmurçunun «Yehovanın şəninə... nəğmə oxuyun» çağırışına hay verək! (Zəb. 96:1).

^ abz. 11 Nəğmə oxumaq bacarığını yaxşılaşdırmaqla əlaqədar əlavə məsləhətləri JW televiziyasının 2014-cü il dekabr ayının verilişində (ing.) tapa bilərsiniz.

^ abz. 12 «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 181—184 səhifələrinə, «Düzgün tənəffüs» başlığı altındakı mövzuya baxın.

^ abz. 18 Toplantıda nəğmə oxumaq həvəsimizi oyatmaq üçün proqram başlamazdan əvvəl 10 dəqiqəlik musiqi parçası səslənir. Orkestrin ifa etdiyi bu xüsusi üslubda tərtib olunmuş musiqilər bizi toplantı proqramını diqqətlə dinləməyə həvəsləndirmək məqsədi daşıyır. Buna görə də, məsləhət görürük, öz yerlərinizə vaxtında əyləşəsiniz ki, musiqi parçasını əvvəldən diqqətlə dinləyəsiniz.