QATI düşmənimiz Şeytan bizi nişan alıb. Onun əlində çox təhlükəli silah var. Şeytan onu bizim bədənimizə yox, beynimizə tuşlayıb. Bu silah propaqanda adlanır!

Həvari Bulus Şeytanın propaqandasının nə dərəcədə təhlükəli olduğunu başa düşürdü, amma, görünür, onun bəzi dindaşları bunu dərk etmirdi. Məsələn, Korinf yığıncağındakı məsihilərdən bəziləri özlərinə həddindən artıq arxayın idilər, onların fikrincə imanları elə güclü idi ki, Şeytan onları yıxa bilməzdi (1 Kor. 10:12). Məhz bu səbəbdən Bulus onlara növbəti xəbərdarlığı yazmışdı: «Qorxuram ki, ilan hiyləgərliyi ilə Həvvanı necə tovladısa, sizin də zehniniz korlanıb Məsihə layiq səmimiyyətdən və saflıqdan uzaqlaşsın» (2 Kor. 11:3).

Bulusun bu sözləri göstərir ki, məsihi özünə arxayın olmamalıdır. Şeytanın zehnimizi ələ keçirmək üçün apardığı döyüşdə qalib çıxmaq istəyiriksə, propaqandanın təhlükəsini anlamalı və mübarizə aparmalıyıq.

PROPAQANDA GÜCLÜ SİLAHDIR

Propaqanda nədir? İnsanın düşüncəsinə və hərəkətlərinə təsir etmək üçün qərəzli və yanlış məlumat yaymaq propaqanda adlanır. Bir kitaba əsasən, propaqanda «yalan danışmaq, məlumatı təhrif etmək, insanları, onların şüurunu idarə etmək, psixoloji təsir göstərmək» deməkdir, həmçinin «şərəfsiz, təhlükəli və insafsız» bir hərəkətdir («Propaganda and Persuasion»).

Propaqanda çox təhlükəlidir. O, gözlə görünməyən və qoxusu olmayan zəhərli qaz kimi, insan özü də bilmədən yavaş-yavaş onun beyninə nüfuz edir. İnsanların davranışını müşahidə edən Vens Pakard adlı  publisistin yazdıqlarına əsasən, propaqanda hərəkətlərimizə «düşündüyümüzdən də güclü təsir edir». Bir alim qeyd edir ki, «bir çox insan bu cür təsir altına düşərək amansız hərəkətlərə cəlb olunub, məsələn, soyqırıma, müharibəyə, irqi və dini iğtişaşlara qoşulub, dini dözümsüzlük göstərir və sair düşünülməmiş hərəkətlərə yol verir («Easily Led—A History of Propaganda»).

Əgər insanların propaqandasının bu qədər güclü təsiri varsa, görün Şeytanın propaqandası nə dərəcədə təhlükəlidir. O, ta bəşər yaranandan bəri insanları müşahidə edir. «Bütün dünya» onun əlindədir. Odur ki, o, öz yalanlarını yaymaq üçün əlinin altında olan hər vasitədən istifadə edə bilər (1 Yəh. 5:19; Yəh. 8:44). Bu gün Şeytan insanların zehnini o dərəcədə kor edib ki, Müqəddəs Kitabda onun bütün dünyanı aldatdığı deyilir (2 Kor. 4:4; Vəhy 12:9). Biz onun propaqandasına uymamaq üçün nə edə bilərik?

MÜDAFİƏNİ MÖHKƏMLƏNDİRİN

Şeytanın propaqandasına qarşı durmaq üçün çox sadə bir üsul var. İsa Məsih demişdi: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:31, 32). Adətən, müharibədə düşmənin əsas silahı həqiqəti təhrif etmək olur. Döyüşdə savaşan əsgər kimi, bizə də düzgün məlumat ala biləcəyimiz etibarlı mənbə lazımdır ki, Şeytanın bizi azdırmaq üçün yaydığı yalanlara uymayaq. Bu məlumatı bizə Yehova Allah Öz Kəlamı vasitəsilə təqdim edib. Şeytanın propaqandasına qarşı durmaq üçün nə lazımdırsa Müqəddəs Kitabın səhifələrindən tapa bilərik (2 Tim. 3:16, 17).

Təbii ki, güclü propaqandaçı olan Şeytan da bundan bixəbər deyil. O, bu dünyanı elə qurub ki, insanları Müqəddəs Kitabı oxumaqdan, onu araşdırmaqdan çəkindirsin. Diqqətli olmalıyıq ki, onun hiylələrinə aldanmayaq (Efes. 6:11). Həqiqəti tam qavramağa çalışmalıyıq (Efes. 3:18). Sözsüz, bu, böyük səy tələb edir. Professor Noam Xomskinin söylədiyi maraqlı bir fikri nəzərə almalıyıq: «Heç kim həqiqəti bizim beynimizə yerləşdirə bilməz, həqiqəti hər bir insan özü mənimsəməlidir». Həqiqəti mənimsəmək üçün insan «Müqəddəs Yazıları hər gün diqqətlə» araşdırmalıdır (Həv. 17:11).

Şeytanın zehnimizi ələ keçirmək üçün apardığı döyüşdə qalib çıxmaq istəyiriksə, propaqandanın təhlükəsini anlamalı və mübarizə aparmalıyıq

 Unutmayın, insanların aydın və məntiqlə düşünməsi Şeytana əl vermir. Çünki bir kitabda yazılana əsasən, insan hər şeyə inanda propaqandanın təsiri daha güclü olur («Media and Society in the Twentieth Century»). Buna görə də eşitdiyimiz hər sözə dərhal inanmamalıyıq (Məs. 14:15). Allah bizə ağıl və məntiq verib, bu qabiliyyətləri işə salaraq həqiqəti mənimsəməliyik (Məs. 2:10—15; Rom. 12:1, 2).

ALLAHIN XALQINDAN AYRILMAYIN

Hərbdə düşməni mənəvi cəhətdən yıxmaq və mübarizə ruhunu zəiflətmək kimi taktika işlənir. Bu hal əsgərləri bir-birinə qarşı vuruşmağa və ordudan ayrılmağa sövq edə bilər. Bir alman generalı demişdi ki, Almaniyanı Birinci Dünya müharibəsindəki məğlubiyyətə gətirib çıxaran səbəblərdən biri düşmən propaqandasının insanları gipnoz vəziyyətinə salması idi. Şeytan da Allahın xalqını parçalamaq və məğlub etmək üçün öz arsenalındakı bu silahlardan istifadə edir. Məsələn, çalışır ki, məsihilər arasına münaqişə salsın, yaxud məsihini haqsızlıq kimi görünən əməllər və inciklik üstündə Yehovanın təşkilatından uzaqlaşdırsın.

Gəlin Şeytana aldanmayaq! Qoy bizə Allahın Kəlamı bələdçilik etsin. Müqəddəs Kitab bizə məsləhət görür ki, yığıncaqda birliyi qorumaq üçün bir-birimizi ürəkdən bağışlayaq və narazılıqları tez bir zamanda həll edək (Kol. 3:13, 14; Mət. 5:23, 24). Bu Kitab həmçinin özünü Allahın xalqından ayrı salmağın təhlükəli olduğunu deyir (Məs. 18:1). Gəlin növbəti suallarla özümüzü yoxlayaq, görək Şeytanın propaqandası bizə təsir edə bilər, ya yox: «Sonuncu dəfə kimsə mənim xətrimə dəyəndə necə münasibət göstərdim? Allahı razı salan şəkildə davrandım, yoxsa Şeytanı?» (Qal. 5:16—26; Efes. 2:2, 3).

QOYMAYAQ ŞEYTAN ETİBARIMIZI SARSITSIN

Komandirinə etibarı ölən əsgərin savaşmaq əzmi zəifləyir. Bunu bilən propaqandaçılar əsgərlə komandir arasındakı etibarı öldürməyə çalışır. Onlar əsgərə komandiri barədə belə bir fikir yeritməyə çalışır: «Sən necə ona inana bilərsən?! Ona qulaq asma, o, səni ölümə aparır». Onlar əsgəri daha da inandırmaq üçün komandirinin ən xırda səhvini belə qabardırlar. Şeytan da eyni  taktikadan istifadə edir. O, Yehovanın təyin etdiyi rəhbərlərə etibarımızı sarsıtmağa çalışır.

Bəs özümüzü Şeytanın bu həmləsindən necə qoruya bilərik? Biz Yehova Allahın təşkilatından möhkəm yapışmalı və Onun üzərimizə qoyduğu rəhbərlərə sədaqətlə tabe olmalıyıq, baxmayaraq ki, onlar qeyri-kamildirlər (1 Salon. 5:12, 13). Dönüklərin və zehnimizi ələ keçirməyə çalışan digər insanların hücumlarına tuş gələndə, onların iddiaları nə qədər inandırıcı görünsə də, qoymamalıyıq ki, onlar ağlımızı asanlıqla çaşdırsın (2 Salon. 2:2; Tit. 1:10). Bulusun gənc Timutiyə məsləhət gördüyü kimi, öyrəndiyimiz və doğruluğuna əmin olduğumuz şeylərə bağlı qalmalıyıq (2 Tim. 3:14, 15). Yehova Allahın idarəsi altında bizə yüz ildən artıqdır ki, rəhbərlik edən sadiq və ağıllı nökərin etibara layiq olduğunu sübut edən dəlillər yetərincədir (Mət. 24:45—47; İbr. 13:7, 17).

PROPAQANDANIN QORXU ADLI SİLAHI

Nəzərə almalıyıq ki, Şeytan yalnız hiyləli yollarla propaqanda aparmır. Bəzən o, «bineyi qədimdən çox güclü propaqanda üsulu» olan qorxu adlı silahını işə salır («Easily Led—A History of Propaganda»). Misal üçün, İngiltərəli professor Filip Teylor yazır ki, aşşurlular «qorxu və propaqanda vasitəsilə» düşməni əldə saxlayırdılar. Şeytan da insan qorxusu, ölüm qorxusu, təqib olunmaq qorxusu və sair qorxularla bizi idarə etməyə, Yehovanın yolundan uzaqlaşdırmağa çalışır (Əşy. 8:12; Ərm. 42:11; İbr. 2:15).

Biz yol verməməliyik Şeytan bizi qorxudaraq əzmimizi zəiflətsin, sədaqətimizi sarsıtsın. İsa Məsih demişdi: «Bədəni öldürüb ondan sonra heç nə edə bilməyənlərdən qorxmayın» (Luka 12:4). Əmin ola bilərik ki, Yehova söz verdiyi kimi bizə dayaq olacaq, «insan gücündən üstün olan» gücü verəcək və Şeytanın bizi ələ keçirmək üçün istifadə etdiyi bütün həmlələrə qarşı durmağa kömək edəcək (2 Kor. 4:7—9; 1 But. 3:14).

Ola bilsin, bəzən qorxuya qapılır, zəiflədiyimizi hiss edirik. Bu vaxt Yehovanın Yuşəyə dediyi növbəti ruhlandırıcı sözləri yadımıza salmalıyıq: «Cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə, çünki Mən, Allahın Yehova hər yerdə səninlə olacağam» (Yuş. 1:9). Təlaş keçirəndə dərhal duada Yehovaya üz tutmalıyıq. Allahın sülhü ürəyimizi və fikirlərimizi qoruyacaq və bizdə Şeytanın propaqanda arsenalındakı silahlara qarşı vuruşmağa güc olacaq (Filip. 4:6, 7, 13).

Gəlin Aşşur padşahının elçisi rəbsaqın Allahın xalqına dediyi sözləri yadımıza salaq. Onun sözlərindən belə çıxırdı ki, heç kim hətta Yehova belə, israilliləri aşşurluların əlindən qurtara bilməz. O demişdi ki, Yehova Özü mənə deyib: «Bu ölkəyə hücum et, oranı darmadağın elə». Bəs yadınızdadır onda Yehova nə demişdi? «Eşitdiyin sözlər, Aşşur padşahının əyanlarının Mənə qarşı dediyi küfrlər səni qorxuya salmasın» (2 Pad. 18:22—25; 19:6). Sonra Yehova Allah mələk göndərib Aşşur ordusunun 185 000 əsgərini bir gecədə qırmışdı (2 Pad. 19:35).

GƏLİN HƏMİŞƏ YEHOVAYA QULAQ ASAQ

Hərdən filmə baxanda görürük ki, filmdə kimi isə aldadır, ona kələk gəlirlər. Qeyri-ixtiyarı başlayırıq öz-özümüzə deməyə: «İnanma onlara, onlar səni aldadır!» Təsəvvür edin ki, Şeytan bizi aldatmaq istəyəndə mələklər də bizə baxıb deyirlər: «Aldanma ona, o, yalan danışır!»

Gəlin qulağımızı Şeytanın propaqandasına qarşı kar edək (Məs. 26:24, 25). Həmişə Yehovaya qulaq asaq və hər məsələdə Ona etibar edək (Məs. 3:5—7). Onun sevən Ata kimi: «Oğlum, hikmətli ol, qəlbim sevinsin», — deyə etdiyi çağırışa hay verək (Məs. 27:11). Yalnız bu halda zehnimizi ələ keçirmək istəyən Şeytana qalib gələ bilərik!