Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  İyul 2017

«Ağlayanlarla ağlayın»

«Ağlayanlarla ağlayın»

«Bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 SALON. 5:11).

NƏĞMƏ: 90, 111

1, 2. Nəyə görə bu məqalə yaslı insana təsəlli vermək mövzusuna həsr olunub?

«OĞLUMUZUN ölümündən bir il keçmişdi. Amma hələ də qəlbimizdəki dözülməz ağrılar azalmaq bilmirdi», — deyə Suzi dərdini bölüşür. Bir qardaş isə deyir ki, ömür-gün yoldaşı qəfildən öləndə bədənində şiddətli ağrılar baş qaldırdı. Əfsuslar olsun ki, bu cür iztirab çəkənlərin sayı-hesabı yoxdur. Məsihi yığıncağındakı bacı-qardaşların çoxu, ola bilsin, Armageddondan əvvəl yaxınlarının öləcəyini gözləmirdilər. Ola bilsin, siz də yaxınınızı itirmisiniz və ya itki ilə üzləşən tanışınız var. Yəqin belə anlarda düşünmüsünüz: «Yaslı insana dərdinə dözməyə nə kömək edə bilər?»

2 Deyirlər ki, zaman yaraları sağaldır. Bəs bu vaxt ərzində yaralı qəlbimiz öz-özünə sağalır? Bir dul qadın deyir: «Məncə, “insan vaxtından düzgün istifadə etdiyi təqdirdə yaralarını sağalda bilər” desək, daha düzgün olardı». Bəli, bədənimizdəki yaranın sağalması üçün  ona müəyyən müddət qulluq lazım olduğu kimi, qəlb yarasının da sağalması üçün xüsusi qayğıya ehtiyac var. Bəs yaslı insana emosional yaralarını sağaltmağa nə kömək edə bilər?

HƏR CÜR TƏSƏLLİ ALLAHI YEHOVA

3, 4. Nə üçün əminliklə deyə bilərik ki, Yehova yaslı insanın təsəlliyə ehtiyacı olduğunu yaxşı başa düşür?

3 Şübhəsiz, insana ən böyük təsəllini mərhəmətli və rəhmli Allahımız Yehova verə bilər. (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.) O, xalqını əmin edib deyir: «Sənə təsəlli verən Mənəm» (Əşy. 51:12; Zəb. 119:50, 52, 76).

4 Mərhəmətli Allahımız Yehovanın Özü də itki ilə üzləşib. O, İbrahim, İshaq, Yaqub, Musa və Davud kimi əziz bəndələrini itirib (Say. 12:6—8; Mət. 22:31, 32; Həv. 13:22). Allahın Kəlamı bizi əmin edir ki, Yehova torpaqda uyuyan bəndələrini yenidən həyata qaytaracağı, onların xoşbəxt və sağlam olacağı günü həsrətlə gözləyir (Əyy. 14:14, 15). Bundan əlavə, unutmayaq ki, Yehova sevimli Oğlu İsa Məsihin necə əzabla öldüyünün şahidi olub (Məs. 8:22, 30). Həmin vaxt Yehovanın hansı hisslər keçirdiyini təsəvvür belə, edə bilmərik (Yəh. 5:20; 10:17).

5, 6. Yehova Allah təsəllini necə verir?

5 Əmin ola bilərik ki, Yehova bizə dayaq olacaq. Buna görə də dərdimizi Yehova ilə bölüşməliyik. Onun keçirdiyimiz hissləri başa düşdüyünü və bizə təsəlli verəcəyini bilmək insanın ürəyinə rahatlıq gətirir. Bəs Yehova Allah təsəllini necə verir?

6 Yehova bizə ilk növbədə «müqəddəs ruhun təsəllisi ilə» kömək edir (Həv. 9:31). Müqəddəs ruh böyük təsəlli mənbəyidir. İsa Məsih də Yehova Allahın «Ondan istəyənlərə müqəddəs ruh» bəxş edəcəyinə söz vermişdi (Luka 11:13). Yuxarıda adı çəkilən Suzi deyir: «Dəfələrlə olurdu ki, diz üstə çökərək Yehovadan bizə təsəlli verməsini diləyirdik və hər dəfə Allahın sülhünün sözün əsl mənasında ürəyimizi və düşüncələrimizi qoruduğunu hiss edirdik». (Filippililərə 4:6, 7 ayələrini oxuyun.)

ŞƏFQƏTLİ BAŞ KAHİN İSA MƏSİH

7, 8. İsa peyğəmbərin kədərli anlarımızda bizə təsəlli verəcəyini haradan bilirik?

7 Yer üzündə olarkən İsa Məsih sözü və əməli ilə mükəmməl şəkildə Yehovanın gözəl xüsusiyyətlərini əks etdirirdi (Yəh. 5:19). Yehova İsa peyğəmbəri yer üzünə «qəlbisınıqların yarasını sarımağa» və «bütün yaslılara təsəlli verməyə» göndərmişdi (Əşy. 61:1, 2; Luka 4:17—21). Buna görə də hamı onu insanların əzabını duyan və onların dərdini yüngülləşdirmək istəyən rəhmli bir şəxs kimi tanıyırdı (İbr. 2:17).

8 Şübhəsiz ki, İsa Məsih hələ gənc yaşlarında yaxınını və ailə üzvünü itirməyin nə demək olduğunu bilirdi. Ehtimal ki, o, atası Yusif öləndə təxminən iyirmi yaşlarında idi *. Sözsüz, onun üçün bu itkiyə dözmək çox çətin  idi. O həmçinin anasının, qardaş və bacılarının da necə yas saxladığını görürdü.

9. İlazərin ölümü İsa Məsihin şəfqətli olduğunu necə göstərdi?

9 İsa Məsih xidməti boyu insanlara dərin anlayışla yanaşır və onların dərdinə şərik olurdu. Bunu dostu İlazərin hadisəsindən görmək olar. Məsih bilirdi ki, o, İlazəri dirildəcək. Amma bununla belə, Marta ilə Məryəmin qardaşlarının ölümünə görə nə qədər kədərləndiklərini görəndə onun ürəyi parçalandı və o, qəhərdən göz yaşlarını saxlaya bilməyib ağladı (Yəh. 11:33—36).

10. Nəyə görə əmin ola bilərik ki, İsa Məsih bu gün də bizim hisslərimizi başa düşür?

10 İsa Məsihin Marta və Məryəmə duyduğu şəfqət hissi bizi necə təsəlli edə bilər? Müqəddəs Kitabda deyilir ki, «İsa Məsih dünən, bu gün və əbədiyyən eynidir» (İbr. 13:8). «Həyatın Öndəri» kədərin nə demək olduğunu yaxşı bildiyi üçün «sınaqlarla üzləşənlərin də imdadına yetişməyə qadirdir» (Həv. 3:15; İbr. 2:10, 18). Buna görə də əmin ola bilərik ki, İsa Məsih bu gün də insanların dərdinə şərikdir. O, hər birimizin nələr çəkdiyini anlayır və dara düşən zaman təsəlli verir. (İbranilərə 4:15, 16 ayələrini oxuyun.)

«MÜQƏDDƏS YAZILARDAN ALDIĞIMIZ TƏSƏLLİ»

11. Ən çox hansı ayələrdən təsəlli tapırsınız?

11 İlazərin hadisəsindən əlavə, Müqəddəs Kitabda bu kimi təsəlliverici parçaların sayı çoxdur. Bu bizi təəccübləndirmir, çünki «əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4). Əgər siz də dərd-qəm içindəsinizsə, növbəti ayələr sizə də təsəlli verə bilər.

  • «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəb. 34:18, 19).

  • «Fikirlər məni çulğayanda Mənə təsəlli verib ovutdun» (Zəb. 94:19).

  • «Qoy Ağamız İsa Məsih və bizi sevən, lütfü vasitəsilə bizə sonsuz təskinlik verən, gözəl ümid bəxş edən Atamız Allah ürəyinizə təsəlli, hər cür xeyirxah sözdə və əməldə dilinizə təpər, qolunuza qüvvət versin» (2 Salon. 2:16, 17) *.

BÖYÜK TƏSƏLLİ OLAN YIĞINCAQLARIMIZ

12. Başqalarına necə təsəlli verə bilərik?

12 Yığıncaqlar da yaslı olanlar üçün böyük təsəlli mənbəyidir. (1 Salonikililərə 5:11 ayəsini oxuyun.) Sınıq qəlbli dindaşlarımızı necə ovundura bilərik? (Məs. 17:22). Unutmayın ki, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» var (Vaiz 3:7). Dalin adlı dul bacımız deyir: «Əzizini itirən insanın hisslərini və düşüncələrini bölüşməyə ehtiyacı var. Buna görə də yaslı insanın sözünü kəsmədən dinləmək vacibdir». Qardaşı intihar edən Yuniya bölüşür: «Yaslı insanın nələr çəkdiyini tam başa düşə bilməsəniz də, onları anlamağa çalışmağınız özü böyük şeydir».

13. Kədər haqqında nəyi bilməliyik?

13 Onu da nəzərə alın ki, kədəri hərə bir cür yaşayır və bir cür ifadə edir.  Bəzən yaslı insana nələr çəkdiyini izah etmək çətin olur. Allahın Kəlamında yazılıb: «Ürək öz dərdini bilir, sevincini də özgələr duya bilməz» (Məs. 14:10). Bəzən də kimsə keçirdiyi hissləri bölüşsə də, başqaları onun nə demək istədiyini anlamaya bilmir.

14. Yaxınını itirən insana hansı sözlərlə təsəlli verə bilərik?

14 Aydındır ki, ürəyi qan ağlayan insana bəzən hansı sözlərlə təskinlik verəcəyimizi bilmirik. Amma unutmayın ki, hikmətli insanın dili «məlhəmdir» (Məs. 12:18). Bir çoxları «Sizə əziz adam öləndə» * broşüründən təsəlli vermək üçün gözəl fikirlər tapıblar. Bəzən sadəcə ağlayanlarla ağlamaq da kifayət edir (Rom. 12:15). Ərini itirən Qebi deyir: «Ürəyimdəki kədəri ancaq göz yaşlarımla ifadə edirdim. Buna görə də yaxınlarım mənimlə birlikdə ağlayanda təsəlli tapırdım. Onda özümü tənha hiss etmirdim».

15. Əgər insana üzbəüz təsəlli vermək çətindirsə, bunu başqa hansı üsullarla edə bilərik? (« Təsəlli sözləri» adlı çərçivəyə baxın.)

15 Əgər insana üzbəüz təsəlli vermək sizə çətin gəlirsə, bunu bir açıqca, e-mail, sms və ya məktub vasitəsilə edə bilərsiniz. Göndərəcəyiniz məktubda təsəlli verən bir ayəni və ya mərhumla bağlı xoş xatirələri, onun gözəl xüsusiyyətlərini vurğulaya bilərsiniz. Yuniya deyir: «Ruhlandırıcı mesaj və ya bacı-qardaşlarla vaxt keçirməyə dəvət almaq mənə o qədər kömək edir ki, heç bilmirəm bunu necə ifadə edim. Həmin vaxt özümü dəyərli və qayğı ilə əhatə olunmuş hiss edirəm».

16. Daha hansı təsəlli üsulunun köməyi dəyə bilər?

 16 Əzizini itirmiş dindaşımız üçün həm ayrıca, həm də onunla birlikdə dua etmək çox dəyərlidir. Düzdür, bəzən belə həssas anlarda dua eləmək çox çətin olur. Amma qəhər sizi boğsa da, səsiniz titrəsə də, dua etməyə davam edin. Ürəkdən gələn dualarınız ən güclü məlhəmdir. Dalin xatırlayır: «Bacılar təsəlli vermək üçün yanıma gələndə hərdən onlardan xahiş edirdim ki, dua etsinlər. Dua etməyə başlayanda qəhərdən səsləri titrəsə də, bir-iki cümlədən sonra səsləri yaxşılaşırdı və bu, eşitdiyim ən səmimi dualar olurdu. Onların güclü imanı, məhəbbəti, qayğısı mənim imanımı çox möhkəmləndirdi».

TƏSƏLLİ VERMƏYƏ DAVAM EDİN

17—19. Nə üçün təsəlli verməyə davam etməliyik?

17 Yaslı adamın neçə müddət kədərli qalacağını demək çətindir. Bu, insandan insana dəyişir. Faciə baş verəndə ilk günlər çoxlu dost-tanış gəlib təsəlli verir, amma sonra hərə öz işinə qayıdır. Əslində, növbəti aylar ərzində də insan təsəlliyə ehtiyac duyur. Buna görə də çalışın belə insanların yanında olasınız. «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məs. 17:17). Biz dindaşımıza təsəlli verməyə davam etməliyik, ta ki o, özünü yaxşı hiss edənə qədər. (1 Salonikililərə 3:7 ayəsini oxuyun.)

18 Unutmayın ki, hansısa tarix, musiqi, şəkil, hətta ətir, səs və ilin fəsli insanı qəfil kədərə qərq edə bilər. Həyat yoldaşını itirən şəxslər əvvəllər bir yerdə etdikləri şeyləri ilk dəfə tək etməli olanda bu, onlara çox əzab verə bilər. Bura toplantıya getməyi, anma mərasiminə qatılmağı misal çəkmək olar. Bir qardaş deyir: «Düşünürdüm ki, onsuz keçirdiyim evliliyimizin ilk ildönümü mənim üçün sarsıdıcı olacaq. Bu, həqiqətən də, asan olmadı. Amma ən yaxın dostlarım həmin gün birlikdə yığışıb məni tək qoymadılar».

19 Yadda saxlayın ki, yaslı insanın təsəlliyə təkcə xüsusi tarixlərdə ehtiyacı olmur. Yuniya deyir: «Hansısa xüsusi gün olmayanda da kiminsə sənin yanında olması, sənə kömək etməsi adama xoş təsir bağışlayır. Adi günlərdə edilən köməyin dəyəri böyükdür və insana çox təsəlli verir». Düzdür, itkinin vurduğu yaranı tamamilə sağaltmaq və ya boşluğu tam doldurmaq mümkün deyil, amma onlar üçün nələrsə etmək də təsəlli ola bilər (1 Yəh. 3:18). Qebi xatırlayır: «Yığıncaqdakı ağsaqqallara görə Yehovaya o qədər minnətdaram ki! Onlar dərdimi mənimlə yaşadılar. Ağsaqqalların sayəsində Yehovanın məni sanki bağrına basdığını hiss etdim».

20. Nə üçün Yehovanın vədlərinin özü böyük təsəllidir?

20 Hər cür təsəlli Allahı olan Yehovanın qəbirlərdə olanların hamısını dirildib kədərə birdəfəlik son qoyacağını bilmək çox təsəllivericidir (Yəh. 5:28, 29). Külli-İxtiyar Yehova vəd edir ki, «ölümü əbədilik məhv edəcək, [O], bütün üzlərdən göz yaşlarını siləcək» (Əşy. 25:8). O zaman bizə ağlayanlarla ağlamağa ehtiyac qalmayacaq, bütün bəşəriyyət sevinənlərlə sevinəcək! (Rom. 12:15).

^ abz. 8 Müqəddəs Kitabda Yusifdən sonuncu dəfə İsa Məsihin 12 yaşı olanda bəhs olunur. Nə Məsih suyu şəraba çevirərək ilk möcüzəsini göstərəndə, nə də bundan sonrakı hadisələrdə Yusif haqqında məlumat yoxdur. İşgəncə dirəyində asılan vaxt İsa Məsih anası Məryəmi həvari Yəhyaya tapşırır. Yusif sağ olsaydı, yəqin ki, İsa Məsih bunu etməzdi (Yəh. 19:26, 27).

^ abz. 14 «Gözətçi qülləsi»nin 2010-cu il 1 noyabr sayında dərc olunan «İsa Məsih kimi yaslılara təsəlli verin» adlı məqaləyə (rus.) baxın.