Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Dekabr 2017

Gənclər, «xilasa yetişməyə çalışın»

Gənclər, «xilasa yetişməyə çalışın»

«Həmişə itaətkar olduğunuz kimi,.. bundan sonra da qorxu və ehtiramla xilasa yetişməyə çalışın» (FİLİP. 2:12).

NƏĞMƏ: 133, 135

1. Vəftiz olmaq nəyə görə mütləqdir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

HƏR il minlərlə insan həyatını Yehovaya həsr edib vəftiz olur. Onların arasında uşaq və yeniyetmələr də az deyil. Bu gənclərdən bəziləri körpəlikdən Yehovanın təlim-tərbiyəsini alıb. Afərinlər olsun onlara ki, bu yaşlarında belə mühüm addımı atıblar. Çünki məsihi olmaq və xilasa yetişmək üçün vəftiz mütləqdir (Mət. 28:19, 20; 1 But. 3:21).

2. Nəyə görə həyatını Yehovaya həsr etməkdən qorxmaq və bu addımdan çəkinmək lazım deyil?

2 Vəftiz çoxlu nemətlərə qapı açır və eyni zamanda, insanın üzərinə məsuliyyət qoyur. Vəftiz olunduğunuz gün sizə növbəti sualla müraciət olunmuşdu: «İsa Məsihin qurbanlığı əsasında günahlarından tövbə etmisənmi və Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona həsr etmisənmi?» Siz bu suala «bəli» deyə cavab verdiniz və vəftiz olundunuz. Bu, həyatınızı Yehovaya həsr etdiyinizin simvolu idi. Həyatınızı Yehovaya həsr etməklə Onu həmişə sevəcəyinizə və Onun iradəsini hər  şeydən üstün tutacağınıza söz vermişdiniz. Bu, çox ciddi əhddir. Bu əhd heç vaxt insana peşmançılıq gətirməz. Çünki həyatını Yehovaya etibar etmək əsla yanlış qərar ola bilməz. İndi gəlin, məsələyə başqa tərəfdən baxaq. Əgər insan həyatını Yehovasız yaşayırsa, Şeytanın qulu olur. Şeytan isə, bildiyimiz kimi, insanın xilası üçün çalışmır. Əksinə, o, sizin Yehovadan üz çevirib onun tərəfini tutmağınızı, bununla da əbədi həyatdan məhrum olmağınızı istəyir.

3. Həyatını Yehovaya həsr etmək insana hansı nemətləri bəxş edir?

3 Özünüzü Yehovaya həsr edib vəftiz olmaqla hansı nemətlərə sahib olduğunuz barədə düşünün. Həyatınızı Yehovanın əllərinə əmanət etdiyiniz üçün daha böyük əminliklə deyə bilərsiniz: «Yehova mənim tərəfimdədir, qorxmaram, insan mənə nə edə bilər?» (Zəb. 118:6). Bəli, Yehovanın tərəfində olmaq və Onun razılığını qazanmaq qədər böyük xoşbəxtlik ola bilməz.

ALLAHLA MÜNASİBƏT

4, 5. a) Nəyə görə hər kəs fərdi olaraq Allahla münasibət qurmalıdır? b) Yaşından asılı olmayaraq, hər bir məsihi hansı çətinliklərlə üzləşir?

4 Komanda oyunlarında qələbə qazanan tərəfin hər bir üzvü də qalib sayılır. Allahla münasibətimizdə isə bu belə deyil. Ailənin hər bir üzvü fərdi olaraq Allahla münasibət qurmalıdır. Bu isə o deməkdir ki, vəftiz olunmuş məsihi kimi, siz öz xilasınıza özünüz cavabdehsiniz, hətta valideynlərinizlə yaşasanız belə. Bu çox vacibdir, çünki siz gələcəkdə hansı çətinliklərlə üzləşəcəyinizi bilmirsiniz. Məsələn, götürək uşaq vaxtı vəftiz olan məsihiləri: artıq yeniyetmə yaşında onlar fərqli hisslər yaşayır, fərqli sınaqlarla üzləşirlər. Bununla bağlı bir yeniyetmə bacı deyir: «Uşaq olanda sinif yoldaşının ad günü tortundan yeyə bilmədiyinə görə, adətən, insan pis olmur. Amma bir neçə il sonra, cinsi istəklərin güclü olduğu dövrdə təslim olmamaq üçün artıq sənə əminlik lazımdır; sən əmin olmalısan ki, Yehovanın qanunlarına itaət etmək ən doğru seçimdir».

5 İmanı sınağa çəkən yeni çətinliklərlə yalnız gənclər üzləşmir. Yetkin yaşda vəftiz olan məsihilər də heç vaxt rastlaşmadıqları bir çox çətinliklər yaşayır. Bu, ailə, səhhət, iş və sairlə bağlı problemlər ola bilər. Göründüyü kimi, yaşından asılı olmayaraq, hər bir məsihi Yehovaya sədaqətini sınayan problemlərlə qarşılaşa bilər (Yaq. 1:12—14).

6. a) Hansı mənada Yehova ilə bağladığımız əhd qeyd-şərtsizdir? b) Filippililərə 4:11—13 ayələrindən nə öyrənirik?

6 İstənilən sınaq qarşısında Yehovaya sadiq qalmaq istəyirsinizsə, Onunla qeyd-şərtsiz əhd bağladığınızı unutmayın. Siz Kainatın Hökmdarı Yehova Allaha söz vermisiniz ki, həmişə Ona sadiq qalacaqsınız, hətta, valideynləriniz, dostlarınız Ondan dönsə belə (Zəb. 27:10). Yehovanın köməyi ilə siz hər bir vəziyyətdə verdiyiniz sözün üstündə dura bilərsiniz. (Filippililərə 4:11—13 ayələrini oxuyun.)

7. «Qorxu və ehtiramla xilasa yetişməyə çalış»maq nə deməkdir?

7 Yehova sizinlə dost olmaq istəyir. Amma bu dostluğu qorumaq və xilasa yetişmək üçün güc sərf etmək lazımdır. Filippililərə 2:12 ayəsi bu fikri təsdiqləyir. Orada deyilir: «Bundan sonra da qorxu və ehtiramla xilasa yetişməyə çalışın». Bu ayədən görünür ki, hər bir çətinlikdə Yehova ilə dostluğunuzu qorumaq, Ona sadiq qalmaq üçün nə edəcəyinizi yaxşı-yaxşı düşünməlisiniz. Bu məsələdə heç vaxt özünüzə arxayın olmamalısınız.  Çünki bəzən, Allaha illərlə xidmət edən məsihilər belə, Ondan uzaqlaşıblar. Bəs xilasa yetişmək üçün hansı addımları atmalısınız?

MÜTALİƏ VACİBDİR

8. Fərdi mütaliəyə nə daxildir və nəyə görə mütaliə etmək mütləqdir?

8 Yehova ilə möhkəm dost olmaq istəyirsinizsə, Onunla sıx ünsiyyət etməlisiniz. Bu ünsiyyətə dinləmək və danışmaq daxildir. Siz fərdi mütaliə zamanı Müqəddəs Kitabı araşdıranda Yehovanı dinləmiş olursunuz. Bunun üçün Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxuyub təhlil etməlisiniz. Amma buna məktəb dərsləri kimi yanaşmayın. Bu, imtahandan keçmək üçün məlumatı əzbərləməyə bənzəməməlidir. Səmərəli mütaliə daha çox tədqiqat işinə bənzəyir. Bu zaman siz Yehovanın varlığının yeni yönlərini bir növ «kəşf edirsiniz». Bunun sayəsində siz Yehovaya, Yehova da sizə yaxınlaşacaq (Yaq. 4:8).

Yehova ilə ünsiyyətiniz nə dərəcədə sıxdır? (8—11 abzaslara baxın)

9. Hansı vəsaitlər mütaliəni zənginləşdirə bilər?

9 Təşkilatımız siz gənclər üçün çox sayda vəsaitlər təqdim edib ki, mütaliəni səmərəli keçirə biləsiniz. Misal üçün, jw.org saytının «Yeniyetmələr» bölməsindəki «Allahın Kəlamından biliyini artır» rubrikası sizə Müqəddəs Kitab hadisələrindən dərs götürməyə kömək edə bilər. Həmçinin siz saytın «Müqəddəs Kitab nə öyrədir?» bölməsindəki çalışma vərəqələri vasitəsilə imanınızı möhkəmləndirə və başqalarına inanclarınız barədə doğru şəkildə danışmağı öyrənə bilərsiniz. Bundan başqa «Oyanın!» jurnalının 2009-cu il, aprel sayında dərc olunan «Gənclərin sualları. Müqəddəs Kitabı oxumağı necə maraqlı edim?» adlı məqalədə (türk.) mütaliə ilə bağlı faydalı məsləhətlər tapa bilərsiniz. Bir sözlə, xilasa yetişmək üçün mütaliə etmək vacibdir. (Zəbur 119:105 ayəsini oxuyun.)

DUA ETMƏK MÜTLƏQDİR

10. Nəyə görə dua etmək məsihi üçün mütləqdir?

10 Artıq qeyd olunduğu kimi, mütaliə edəndə biz Yehovanı dinləyirik. Onunla danışmaq üçün isə dua etmək lazımdır. Biz duaya, sadəcə bir ayin, yaxud arzularımızı yerinə yetirən «sehrli çubuq» kimi yanaşmamalıyıq. Dua Yaradanımızla real ünsiyyət qurmaq üçün vasitədir.  Əmin olun, Yehova sizi dinləməyə hazırdır. (Filippililərə 4:6 ayəsini oxuyun.) Müqəddəs Kitab bizi istənilən problemlə qarşılaşanda «qayğı yükünü Yehovaya ver»məyə səsləyir (Zəb. 55:22). Bəs duanın gücünə inanırsınız? Milyonlarla bacı-qardaşımız şəxsi təcrübəsindən duanın insana kömək etdiyini təsdiq edə bilər. Siz də dua edin və nəticəsini görün!

11. Nəyə görə Yehovaya həmişə minnətdarlıq bildirmək lazımdır?

11 Dua ənamı yalnız Yehovadan kömək istəmək üçün verilməyib. Duada həmçinin Ona şükranlarımızı da bildirməliyik. Müqəddəs Kitabda deyilir: «Şükür edənlərdən olun» (Kol. 3:15). Bəzən başımız problemlərə o qədər qarışır ki, həyatımızdakı yaxşı şeyləri görə bilmirik. Buna görə də, qarşınıza belə bir məqsəd qoyun: hər gün şükür etmək üçün ən azı üç səbəb tapın və duada Yehovaya minnətdarlığınızı bildirin. 12 yaşında vəftiz olunmuş Abiqail adlı bir yeniyetmə bacımız deyir: «Biz həyatda hamıdan çox Yehovaya minnətdar olmalıyıq. Hər fürsətdə verdiyi nemətlərə görə Ona minnətdarlığımızı bildirməliyik. Bir dəfə eşitdiyim maraqlı bir fikir məni düşünməyə vadar etmişdi: “Bu gün Yehovaya şükran bildirmədiyimiz nemətlər sabah yuxudan oyananda yoxa çıxsaydı, əlimizdə nə qalardı *?”»

DADIN VƏ GÖRÜN!

12, 13. Yehovanın şəxsən sizə göstərdiyi kəramət barədə düşünmək nəyə görə vacibdir?

12 Allahın köməyi ilə bir çox bəlalardan qurtulmuş Davud padşah bir məzmurda belə yazmışdı: «Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!» (Zəb. 34:8). Bu ayə göstərir ki, Yehovanın kəramətini şəxsən dadmaq çox vacibdir. Yehova xidmətçilərinə Ona sadiq qalmağa kömək edir. Bunu təsdiq edən hadisələri Müqəddəs Kitabdan və nəşrlərimizdən oxuyur, ibadət görüşlərində eşidirik. Amma ruhani cəhətdən yetkinləşdikcə çalışın, Yehovanın şəxsən sizə necə kömək etdiyini görəsiniz. Heç düşünmüsünüz, Yehova kəramətini şəxsən sizə necə göstərib?

13 Yehovanın kəramətinin bir yönü var ki, onu məsihilərin hamısı dadıb. Yehova bizi Özü və Oğlu ilə dost olmağa dəvət edib. İsa Məsih demişdi: «Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz» (Yəh. 6:44). Bu ayəni özünüzə aid edə bilirsiniz? Gənclər deyə bilər ki, Yehova mənim valideynlərimi cəlb edib, mən isə, sadəcə, onların yolu ilə gedirəm. Amma siz həyatınızı Yehovaya həsr edib vəftiz olmaqla Onunla şəxsi münasibətlər qurmusunuz. İndi O, sizi valideynlərinizə görə yox, özünüzə görə tanıyır. Müqəddəs Kitab bizi əmin edir: «Kim Allahı sevirsə, Allah onu tanıyır» (1 Kor. 8:3). Odur ki, Yehovanın təşkilatındakı yerinizi həmişə qiymətləndirin.

14, 15. Təbliğ etmək imanınızı necə möhkəmləndirə bilər?

14 Siz Yehovanın kəramətini həmçinin təbliğ etməklə dada bilərsiniz. Çünki təbliğ edəndə Yehovanın köməyini hiss edəcəksiniz. İmanınız barədə məktəb yoldaşlarınıza da danışa bilərsiniz. Hərdən bəzi gənclər həmyaşıdlarına təbliğ etməyə çəkinir. Yəqin bu hisslər sizə də tanışdır. Ola bilsin, siz onların hansı münasibəti göstərəcəyini bilmədiyiniz üçün qorxursunuz. Bir neçə nəfərə birdən təbliğ etmək isə xüsusilə çətin ola bilər. Bəs bu hissləri aşmağa sizə nə kömək edər?

15 Əvvəla, öyrəndiklərinizin həqiqət  olduğuna nəyə görə əmin olduğunuzu müəyyən edin. Jw.org saytındakı çalışma vərəqələri sizin dildə varmı? Dəqiq bilmirsinizsə, baxıb yoxlayın. Bu vərəqələr sizə nəyə inandığınızı, niyə inandığınızı müəyyən etməyə və etiqadınızı başqalarına izah etməyə kömək edəcək. Möhkəm əminlik və yaxşı hazırlıq sayəsində Yehova haqqında şəhadət vermək içinizdən gələcək (Ərm. 20:8, 9).

16. Cəsarətlə təbliğ etməyə sizə nə kömək edə bilər?

16 Bəzən insan yaxşı hazırlaşsa da, imanı barədə danışmağa tərəddüd edə bilər. 13 yaşında vəftiz olunmuş 18 yaşlı bacımız deyir: «İnandığım şeylərin həqiqət olduğuna əminəm, amma hərdən fikirlərimi ifadə etmək çox çətin olur». Bəs bu çətinliyi aşmağa ona nə kömək edir? Bacı deyir: «Sinif yoldaşlarım hara getdikləri, nə iş gördükləri barədə rahat danışırlar. Düşündüm ki, mən niyə belə danışmayım?! İndi mən də çalışıram sərbəst olum; onlarla olub-keçənlər barədə söhbət edirəm. Məsələn, söhbətə belə başlayıram: “O gün Müqəddəs Kitab dərsi keçirdim...” Hətta danışdığım hadisə sırf Müqəddəs Kitabla bağlı olmasa da, artıq onlarda maraq yaranır ki, mən Müqəddəs Kitab dərsini necə keçirəm. Hərdən onlar bu barədə suallar da verirlər. Bu üsuldan nə qədər çox istifadə edirəmsə, danışmaq bir o qədər asan olur. Belə söhbətlərdən sonra özümü əla hiss edirəm!»

17. Sizə inancınız barədə başqalarına danışmağa daha nə kömək edə bilər?

17 Əgər insanlara hörmət göstərsəniz, onlarla səmimi olsanız, böyük ehtimal ki, onlar sizə xoş münasibət göstərəcək. Yeniyetmə yaşında vəftiz olan 17 yaşlı Oliviya bacı deyir: «Həmişə qorxurdum ki, söhbət vaxtı Müqəddəs Kitabdan danışmağa başlasam, mənə fanatik kimi baxarlar». Sonra bacı düşüncəsini dəyişir. Oliviya diqqətini öz qorxularına yox, insanlara cəmləməyə başlayır. Bacı deyir: «Ətrafımızdakı gənclərin çoxu Yehovanın Şahidləri barədə heç nə bilmir. Onların tanıdığı yeganə Yehovanın Şahidi bizik. Buna görə də, bizim davranışımız onların təbliğimizə münasibətinə təsir edə bilər. Əgər imanımız barədə utanaraq, qorxaraq, yaxud sıxıla-sıxıla danışarıqsa, onlarda elə təəssürat yaranar ki, bu yolda olduğumuz üçün utanırıq. Hətta qətiyyətsizliyimizi görüb bizimlə kobud danışarlar. Amma sərbəst və əminliklə danışsaq, fikrimizi adi söhbət şəklində çatdırsaq, onların hörmətini qazana bilərik».

XİLASA YETİŞMƏYƏ ÇALIŞIN

18. Xilasa yetişmək üçün hansı addımları atmalısınız?

18 Gördüyümüz kimi, xilasa yetişmək üçün şəxsən çalışmağınız mütləqdir. Bunun üçün siz Müqəddəs Kitabı oxumalı, oxuduqlarınızdan nəticə çıxarmalı, dua etməli, Yehovanın sizə verdiyi nemətlər barədə düşünməlisiniz. Bu məsləhətlərə əməl etdikcə Yehova ilə dostluğun böyük şərəf olduğuna əminliyiniz artacaq. Bu da öz növbəsində sizi inanclarınız barədə başqalarına danışmağa təşviq edəcək. (Zəbur 73:28 ayəsini oxuyun.)

19. Nəyə görə xilasa yetişmək üçün səy göstərməyə dəyər?

19 İsa Məsih demişdi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin» (Mət. 16:24). Sözsüz ki, Məsihin şagirdi olmaq, həyatını Yehovaya həsr edib vəftiz olmaq böyük məsuliyyətdir. Amma bu addımı atandan sonra sizin qarşınızda sonsuz nemətlərə və əbədi Cənnət həyatına qapı açılır. Odur ki, irəli gedin, xilasa yetişmək üçün əlinizdən gələni edin!

^ abz. 11 Əlavə məlumat üçün jw.org saytındakı «Gənclərin sualları. Nə üçün dua etməliyəm?» adlı məqaləyə və bu mövzuya aid çalışma vərəqəsinə baxın.