Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Dekabr 2017

«Bilirəm, o... diriləcək»

«Bilirəm, o... diriləcək»

«Dostumuz... yuxuya gedib, mən isə onu oyatmağa gedirəm» (YƏH. 11:11).

NƏĞMƏ: 142, 129

1. Qardaşını itirən Marta nəyə əmin idi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

İSA MƏSİHİN yaxın dostunun bacısı və şagirdi Marta dərddən özünə yer tapa bilmirdi. O, doğma qardaşı İlazəri itirmişdi. İsa Məsih sakitləşmək bilməyən Martanın acısını azaltmaq üçün ona dedi: «Qardaşın diriləcək». Bu sözlər Martanın dərdini silib-aparmasa da, ona təskinlik verdi. O dedi: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək» (Yəh. 11:20—24). Marta qardaşının gələcəkdə diriləcəyinə inanırdı. Peyğəmbər elə həmin gün, bu söhbətdən sonra möcüzə göstərib İlazəri həyata qaytardı.

2. Nəyə görə dirilməyə ümidimiz möhkəm olmalıdır?

2 Əlbəttə, heç birimiz gözləmirik ki, ya İsa Məsih, ya da Yehova Allah bizim əzizlərimizi indi dirildəcək. Bəs onların gələcəkdə diriləcəyinə inamımız nə dərəcədə güclüdür? Biz də Marta kimi buna ürəkdən inanırıqmı? Ola bilsin, həyat yoldaşınızı, valideyninizi, nənə-babanızı itirmisiniz. Bəlkə də candan əziz övladınızın həsrətini çəkirsiniz. Sözsüz ki, onlar üçün burnunuzun ucu göynəyir, yenə onları bağrınıza basmaq, onlarla söhbət etmək, deyib-gülmək istəyirsiniz. Nə yaxşı ki, Yehova Allah  Marta kimi, bizə də dirilmə ümidini bəxş edib. Bununla belə, bu ümidimizi möhkəmləndirmək üçün yaxşı olardı ki, onun hansı əsaslara dayandığını bir də nəzərdən keçirək.

3, 4. İlazər ölən ərəfədə İsa Məsihin göstərdiyi möcüzələr Martanın dirilməyə imanına necə təsir etmişdi?

3 Yəqin ki, Marta Məsihin Nain şəhərindən olan dul qadının oğlunu diriltdiyini öz gözləri ilə görməmişdi, çünki bu möcüzə Cəlilə bölgəsində baş vermişdi. Marta isə Yerusəlimin yaxınlığında yaşayırdı. Amma, güman ki, onun bu hadisədən xəbəri var idi. Eyni şeyi Yairin qızının dirilməsi barədə də demək olar, çünki bu hadisə, ehtimala görə, Kəfərnahumda baş vermişdi. Yairin evinə toplaşmış camaat bilirdi ki, qız ölüb. Lakin bu İsa üçün maneə deyildi. O, qızın süst düşmüş əllərindən tutub səslədi: «Bala, dur!» Qız dərhal ayağa qalxdı (Luka 7:11—17; 8:41, 42, 49—55). Marta və Məryəm İsanın xəstələrə şəfa verməyə qadir olduğunu bilirdi. Onlar inanırdı ki, İsa İlazərin yanında olsaydı, onu da sağaldardı və o, ölməzdi. Amma İsanın əziz dostu artıq ölmüşdü. Bəs indi bacılar nəyə ümid edirdi? Martanın İsaya İlazərin «axırıncı gündə» diriləcəyini deməsi göstərir ki, onlar qardaşlarının gələcəkdə diriləcəyinə inanırdı. Marta nəyə əsasən buna inanırdı? Bəs biz nəyin əsasında gələcəkdə ölülərin diriləcəyinə inanırıq?

4 Dirilməyə imanımız güclü əsaslara dayanır. Gəlin bu əsasların bir neçəsini nəzərdən keçirək. Ola bilsin, bu fikirlərdən bəzilərinə yeni gözlə baxacaq, onların dirilmə ümidi ilə bağlı olduğunu görəcəksiniz.

BİZƏ ÜMİD VERƏN HADİSƏLƏR

5. Martanı İlazərin diriləcəyinə nə inandırırdı?

5 Diqqət yetirmək lazımdır ki, Marta «ümid edirəm» yox, «bilirəm, o... diriləcək» dedi. Bu əminlik onda haradan idi? Martanın İsanın dövrünə qədər baş vermiş dirilmə hadisələrindən də xəbəri var idi. O, bu hadisələr barədə hələ uşaq vaxtından, evdə və sinaqoqda eşitmiş olardı. Bu məqalədə Tövratda qələmə alınmış üç dirilmə hadisəsindən danışılacaq.

6. Marta, çox yəqin ki, hansı möcüzə barədə bilirdi?

6 Araşdıracağımız ilk dirilmə hadisəsi Allahdan möcüzə qüdrəti alan İlyas peyğəmbərin dövrünə təsadüf edir. Hadisə bu minvalla baş vermişdi. Finikiyanın Sarfat şəhərində yaşayan bir dul qadın peyğəmbərə qonaqpərvərlik göstərmişdi. Bu yaxşılığın əvəzində Allah möcüzə ilə onun süfrəsinə bərəkət verdi, uzun müddət bu qadının evində un və yağ tükənmədi. Beləcə, Yehova bu qadını və oğlunu o bölgəni bürüyən aclıqdan xilas etdi (1 Pad. 17:8—16). Bir müddət keçəndən sonra qadının oğlu xəstələnib öldü. İlyas peyğəmbər onun dadına çatdı. O, uşağın cəsədinə toxunub belə dua etdi: «Ey Allahım Yehova, yalvarıram, uşağın canını özünə qaytar». Allah onun duasını eşitdi, uşağı həyata qaytardı. Bu, Müqəddəs Kitabda yazılan ilk dirilmə hadisəsidir. (1 Padşahlar 17:17—24 ayələrini oxuyun.) Marta bu hadisəni eşitməmiş olmazdı.

7, 8. a) Əlyəsə peyğəmbər oğlunu itirən şunamlı qadının dərdinə necə çarə qıldı? b) Əlyəsə peyğəmbərin göstərdiyi möcüzə Yehova Allahın hansı qüdrətə sahib olduğundan xəbər verir?

7 Müqəddəs Kitabda təsvir olunan növbəti dirilmə hadisəsi İlyas peyğəmbərin xələfi Əlyəsənin əli ilə baş vermişdi. Şunam şəhərində yaşayan bir israilli qadın Əlyəsə peyğəmbərə müstəsna qonaqpərvərlik göstərmişdi. Yehova Allah əvəzində bu qadına və onun artıq yaşa dolmuş ərinə illərlə həsrətini çəkdikləri  övlad payı bəxş etmişdi. Lakin bir neçə ildən sonra uşaq ölür. Dərddən yerində qərar tuta bilməyən ana ərinin izni ilə 30 kilometr yol qət edərək Karmel dağına, Əlyəsə peyğəmbərin yanına gedir. Əvvəlcə peyğəmbər nökəri Qihazini Şunama göndərir. Amma o, uşağı dirildə bilmir. Qihazidən sonra peyğəmbərlə uşağın anası da Şunama gəlib çıxır (2 Pad. 4:8—31).

8 Əlyəsə uşağın cəsədinin qoyulduğu otağa girir və cəsədin üstündə dua edir. Bu dəm möcüzə baş verir, uşaq həyata qayıdır. Beləcə, ana əziz balasına qovuşur. (2 Padşahlar 4:32—37 ayələrini oxuyun.) Yəqin ki, bu anda o, Hənnənin nəzir-niyazla tapdığı oğlu İşmuili müqəddəs çadıra gətirəndə söylədiyi duanı xatırlayır: «Məzara endirən də [Yehovadır], oradan qaldıran da» (1 İşm. 2:6). Yehova şunamlı qadının övladını, sözün əsl mənasında, Məzardan qaldırdı. Bu hadisə bir daha təsdiqlədi ki, Yehova ölüləri diriltməyə qadir Allahdır.

9. Müqəddəs Kitabda qələmə alınan üçüncü dirilmə hadisəsini nəql edin.

9 Daha bir dirilmə möcüzəsi Əlyəsə peyğəmbərin ölümündən sonra baş vermişdi. Peyğəmbər 50 il Allahın elçisi kimi xidmət edəndən sonra xəstələnib ölüm yatağına düşdü. Onun ölümündən bir müddət sonra düşmənlərin basqınçı dəstəsi ölkəyə hücum etdi. Bu vaxt bir neçə israilli bir ölünü dəfn etməyə aparırdı. Onlar düşmənləri görəndə cənazəni Əlyəsə peyğəmbərin dəfn olunduğu yerə atıb qaçdılar. Peyğəmbərin cəsədi artıq çürümüş, ancaq sümükləri qalmışdı. Müqəddəs Kitabda yazılıb: «Ölü Əlyəsənin sümüklərinə dəyən kimi canlanıb ayağa durdu» (2 Pad. 13:14, 20, 21). Sözsüz ki, bu və yuxarıda təsvir etdiyimiz hadisələrin Martanın imanına təsiri olmuşdu. O, bilirdi ki, Allah ölümdən güclüdür. Məgər həmin möcüzələr Allahın gücünün sonsuz olduğuna bizi də əmin etmir?!

BİRİNCİ ƏSRDƏ DİRİLMƏ MÖCÜZƏLƏRİ

10. Həvari Butrus hansı möcüzəni göstərdi?

10 Allahın elçiləri vasitəsilə baş vermiş dirilmə hadisələrinə İncildə də rast gəlinir. Bu hadisələrdən ikisi haqda, İsa Məsihin Nain şəhərində və Yairin evində göstərdiyi möcüzə barədə artıq danışmışıq. Daha bir hadisə həvari Butrusun iştirakı ilə olmuşdu. O, Tabitə adında bir məsihi qadını diriltdi. Həvari cəsədin qoyulduğu otağa girdi və cəsədin yanında dayanıb Allaha dua etdi. Sonra üzünü Tabitəyə tutub dedi: «Tabitə, qalx!» Söz həvarinin ağzından çıxan kimi Tabitə dirildi. Butrus dirilmiş Tabitəni bacı-qardaşların qabağına çıxartdı. Bu möhtəşəm hadisədən sonra «xeyli adam Ağaya iman gətirdi». Şübhəsiz ki, Tabitənin hadisəsindən sonra bu yeni şagirdlər həm Ağa haqqında, həm də Allahın ölüləri diriltmək qüdrəti barədə şövqlə şəhadət verirdilər (Həv. 9:36—42).

11. Həkim Luka hansı hadisəni qələmə almışdı və bu hadisə orada olanlara necə təsir etmişdi?

11 İncildə insanların gözü qarşısında baş vermiş daha bir dirilmə hadisəsi qələmə alınıb. Hadisə Troasda (indiki Türkiyənin şimal-qərbində yerləşirdi) baş vermişdi. Həvari Bulus bir evin üst mərtəbəsindəki otaqda iman qardaşları ilə söhbət edib onlara nəsihət verir. Gecəyarısıdır. Pəncərədə oturub həvarini dinləyən Eftik adında bir gənci yuxu basır. O, dərin yuxuya gedir və üçüncü mərtəbədən aşağı yıxılır. Camaat aşağı tökülüşür. Çox güman ki, bir həkim kimi özünü oğlanın yanına ilk çatdıran Luka olur. Yəqin o, oğlana baxıb tibbi nəticə çıxarır: oğlan ölmüşdü. Bulus aşağı düşüb meyiti qucaqlayır və sonra hamını heyrətə salan  bu sözləri deyir: «O artıq sağdır». Sözsüz ki, bu hadisə oradakılara güclü təsir bağışlayır. Müqəddəs Kitabda yazılıb ki, Bulusun ölünü diriltdiyini öz gözləri ilə görən bu insanlar «böyük təsəlli tapdılar» (Həv. 20:7—12).

ƏSASLI ÜMİD

12, 13. Araşdırdığımız dirilmə hadisələrinin işığında hansı sualları nəzərdən keçirməliyik?

12 Araşdırdığımız dirilmə hadisələri Marta kimi, bizə də əminlik verməlidir ki, insanı yaradan Allah ölünü də diriltməyə qadirdir. İndi isə gəlin məsələyə başqa tərəfdən baxaq. İlyas, İsa və Butrus kimi dirilmə möcüzələri göstərən adamların dövründə yaşayan insanlar üçün ölünün dirilə biləcəyinə inanmaq daha asan idi. Bəs dirilmə möcüzələrinin baş vermədiyi dövrlərdə yaşayan insanlar haqqında nə demək olar? Görəsən, həmin dövrlərdə mömin insanlar «bilirəm, [qardaşım] axırıncı gündə, dirilmə zamanı diriləcək» deyən Marta kimi gələcək dirilməyə inanırdı? Bəs Marta özü haradan bilirdi ki, gələcəkdə dirilmə olacaq? Gəlin bu sualları müzakirə edək və görək bu məlumatın bizim imanımıza hansı təsiri var.

13 Müqəddəs Kitabda yazılanlardan məlum olur ki, Allahın xidmətçiləri gələcəkdə ölülərin dirilməsinin olacağını bilirdilər. Gəlin bu xidmətçilərin bir neçəsi barədə danışaq.

14. İbrahim peyğəmbərin hadisəsindən dirilmə ilə bağlı nə öyrənirik?

14 Gəlin yadımıza salaq, Yehova Allah İbrahim peyğəmbərə uzun illərdən sonra tapdığı varisi İshaq barədə nə demişdi: «Canın qədər sevdiyin yeganə oğlun İshaqı... qurban gətir» (Yar. 22:2). Təsəvvür edirsiniz, bu buyruğu eşidəndə peyğəmbər hansı hissləri keçirmişdi? Axı Yehova Allah yer üzünün bütün xalqlarının onun nəsli vasitəsilə mübarək olacağını, nemətlərin İshaq vasitəsilə gələcəyini demişdi (Yar. 13:14—16; 18:18; 21:12; Rom. 4:17, 18). Əgər peyğəmbər İshaqı qurban gətirsəydi, bu sözlər necə yerinə yetəcəkdi? Həvari Bulus yazmışdı ki, İbrahim Allah-Taalanın İshaqı diriltməyə qadir olduğuna inanırdı. (İbranilərə 11:17—19 ayələrini oxuyun.) Müqəddəs Kitabda yazılmayıb ki, peyğəmbər əmrə tabe olacağı halda İshaqın bir neçə saat və ya gündən sonra həyata qayıdacağını düşünürdü. O, oğlunun nə vaxt diriləcəyini dəqiq bilə bilməzdi. O, sadəcə iman edirdi ki, Yehova İshaqı dirildəcək.

15. Əyyub peyğəmbər nəyə inanırdı?

15 Əyyub peyğəmbər də ölülərin diriləcəyinə ümid edirdi. O demişdi ki, ağac kəsilsə, yenə cücərər, cavan bitki kimi qol-budaq  atar (Əyy. 14:7—12; 19:25—27). Amma insan ölsə, öz gücünə qəbirdən qalxa bilməz (2 İşm. 12:23; Zəb. 89:48). Lakin bu, o demək deyil ki, Allah ölünü diriltmək iqtidarında deyil. Peyğəmbər inanırdı ki, öləndən sonra Yehova bir gün onu yadına salacaq. (Əyyub 14:13—15 ayələrini oxuyun.) Əyyub peyğəmbər də bunun konkret nə vaxt baş verəcəyini bilə bilməzdi. Amma o, əmin idi ki, insan həyatının banisi Allah, bir gün onu xatırlayıb həyata qaytarmağa qadirdir və bunu edəcəkdir.

16. Allahın mələyi Dənyal peyğəmbərə necə ürək-dirək verdi?

16 İndi isə daha bir mömin bəndə, Dənyal peyğəmbər haqqında danışaq. O, ömrü boyu Allaha sədaqətlə xidmət etmişdi, Allah da ona həmişə dayaq olmuşdu. Bir gün Allah mələyi vasitəsilə bu «istəkli bəndə»sini: «Günün xoş olsun! Möhkəm ol», — deyərək ürəkləndirmişdi (Dən. 9:22, 23; 10:11, 18, 19).

17, 18. Yehova Allah Dənyal peyğəmbərə hansı vədi vermişdi?

17 Ömrünün son illərini yaşayan, yaşı yüzü haqlamış Dənyal peyğəmbər düşünə bilərdi, görəsən, onun sonrakı aqibəti necə olacaq, görəsən, o, yenidən həyata qayıdacaqmı? Buna heç bir şübhə yoxdur. Gəlin baxaq Allah peyğəmbərə nə deyir: «Sən isə yolunu axıradək get. Sən dincələcəksən» (Dən. 12:13). Yaşa dolmuş peyğəmbər bilirdi ki, ölülər Məzarda dinc yatır, orada «nə iş, nə niyyət, nə elm, nə də hikmət var» və tezliklə o da, oranın «sakini» olacaq (Vaiz 9:10). Amma bu, son deyildi.

18 Yehova Allah peyğəmbərə deyir: «Dövrün tamamında... sənə düşən payı almaq üçün qalxacaqsan». Allah bunun nə vaxt olacağını deməmişdi. Peyğəmbər ömrünü başa vurub dincəlməli idi. Lakin «sənə düşən payı almaq üçün qalxacaqsan» sözləri konkret göstərirdi ki, gələcəkdə ölülərin dirilməsi olacaq. Bu, uzun müddət keçəndən sonra, «dövrün tamamında» baş verəcəkdi. Müqəddəs Kitabın farsca tərcüməsində həmin vəd belə səslənir: «Bunu bil ki, sən dirilmə günü dirilib mükafatını alacaqsan».

Marta kimi, biz də əmin ola bilərik ki, ölülər diriləcək (19 və 20-ci abzaslara baxın)

19, 20. a) Araşdırdığımız hadisələr Martanın İsa Məsihə dediyi sözlərlə necə bağlıdır? b) Növbəti məqalədə hansı mövzunu müzakirə edəcəyik?

19 Martanın saleh bəndə olan qardaşının «axırıncı gündə, dirilmə zamanı diriləcə»yinə inanmağa tam əsası var idi. Allahın Dənyal peyğəmbərə verdiyi vəd və Martanın İsaya dediyi sözlərdə əks olunan dirilmə imanı bizdə də ölülərin diriləcəyinə möhkəm əminlik yaratmalıdır.

20 Araşdırdığımız dirilmə hadisələri bizə göstərir ki, ölülərin dirilməsi mümkündür, ölmüş insan yenidən həyata qayıda bilər. Həmçinin öyrəndik ki, hətta dirilmələrin şahidi olmayan möminlər gələcəkdə ölülərin diriləcəyinə inanırdı. Bəs ölülərin dirilməsi nə vaxt baş verəcək? Elə bir dirilmə hadisəsi olubmu ki, vədi veriləndən uzun müddət sonra yerinə yetib? Əgər olubsa, deməli, bizim Marta kimi ölülərin diriləcəyinə inanmağa daha artıq əsasımız var. Növbəti məqalədə bu mövzuları açıqlayacağıq.