Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Avqust 2017

Məhəbbət — nadidə bir xüsusiyyət

Məhəbbət — nadidə bir xüsusiyyət

HƏVARİ BULUS müqəddəs ruhun fəaliyyətinin bəhrəsi olan doqquz fəzilət haqda yazmışdı (Qal. 5:22, 23). Bu fəzilətlərin cəmi «ruhun bəhrəsi» adlanır *. Müqəddəs ruhun bəhrəsi «yeni şəxsiyyəti» xarakterizə edir (Kol. 3:10). Necə ki ağaca düzgün qayğı göstərəndə o bəhrə verir, eləcə də insanın həyatında müqəddəs ruh maneəsiz fəaliyyət göstərəndə, onda «ruhun bəhrəsi» olur (Zəb. 1:1—3).

Müqəddəs ruhun bəhrəsinə daxil olan ilk xüsusiyyət məhəbbətdir. Nə üçün məhəbbəti nadidə xüsusiyyət adlandırmaq olar? Həvari Bulus demişdi: «Məhəbbətim yoxdursa, mən heç nəyəm» (1 Kor. 13:2). Bəs məhəbbət nədir? Onu necə artıra bilərik? Məhəbbətimizi necə izhar edə bilərik?

MƏHƏBBƏT NƏDİR?

Məhəbbətin tərifini sözlərlə ifadə etmək çətin olsa da, Müqəddəs Kitab onun necə ifadə olunduğunu bizə göstərir. Misal üçün, orada deyilir ki, «məhəbbət səbirli və xeyirxahdır», «həqiqətə şadlanır», «hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür». Məhəbbətə həmçinin insanlara qarşı duyduğumuz dərin sevgi, onlara görə keçirdiyimiz səmimi narahatlıq və onlara olan bağlılıq hissi daxildir. Əgər insanda paxıllıq, qürur, xudbinlik, inciklik kimi xüsusiyyətlər varsa, o, nalayiq davranır, bağışlamağı bacarmırsa, deməli, onda məhəbbət yoxdur. Çünki məhəbbət «öz xeyrini güdmür». Biz bu cür məhəbbət inkişaf etdirmək istəyirik (1 Kor. 13:4—8).

MƏHƏBBƏTİN BARİZ NÜMUNƏLƏRİ YEHOVA VƏ İSA MƏSİH

«Allah məhəbbətdir» (1 Yəh. 4:8). Allahın hər bir işi Onun məhəbbətindən xəbər verir. İsa Məsihi bütün bəşəriyyət uğrunda qurban verməsi Allahın məhəbbətinin ən böyük təzahürü idi. Həvari Yəhya demişdi: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq. Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi» (1 Yəh. 4:9, 10). Allahın məhəbbəti sayəsində bizim günahlarımız bağışlana, ümidimiz və əbədi həyatımız ola bilər.

İsa Məsih isə bəşəriyyətə olan sevgisini Allahın iradəsini könüllü şəkildə yerinə yetirməklə isbat etdi. Həvari Bulus İsa Məsihin «budur, gəlmişəm Sənin iradəni yerinə yetirim» sözlərini sitat gətirərək demişdi: «Bu “iradəyə” əsasən, biz İsa Məsihin bədəninin təqdim edilməsi sayəsində birdəfəlik müqəddəs edilmişik» (İbr. 10:9, 10). Heç bir insan Məsihin sevgisindən üstün sevgi göstərə bilməz. Məsih demişdi: «Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəh. 15:13). Bəs qeyri-kamil insanın Yehovanın və İsa Məsihin göstərdiyi məhəbbəti təqlid etməsi mümkündürmü? Bəli, mümkündür! Bəs necə?

 «MƏHƏBBƏT YOLUNDA YERİYİN»

Bulus hər birimizi səsləyərək demişdi: «Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın, məhəbbət yolunda yeriyin, necə ki Məsih bizi sevdi və öz canını bizim yolumuzda [qurban verdi]» (Efes. 5:1, 2). Həyatımızın hər bir sahəsində bu xüsusiyyəti təcəssüm etdirəndə məhəbbət yolunda yeridiyimizi göstərmiş oluruq. Biz bu xüsusiyyəti təkcə sözlərlə yox, əməllərlə də göstərməliyik. Həvari Yəhya demişdi: «Əziz balalar, gəlin bir-birimizi sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəh. 3:18). Məsələn, biz Allahı və insanları seviriksə, «Padşahlıq haqqındakı bu müjdə»ni hamı ilə bölüşəcəyik (Mət. 24:14; Luka 10:27). Bundan əlavə, əgər biz səbir göstərir, xeyirxahlıq edir və bağışlayırıqsa, deməli, məhəbbət yolunda yeriyirik. Buna görə də Müqəddəs Kitabda deyilir: «Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Kol. 3:13).

Əsl məhəbbəti sentimentallıqla qarışdırmamalıyıq. Misal üçün, sentimental valideyn ağlayan uşağını sakitləşdirmək üçün onun nazı ilə oynayır. Amma uşağını həqiqətən sevən valideyn yeri gələndə onunla ciddi davranacaq. Buna bənzər tərzdə, məhəbbətin təcəssümü olan Allah «kimi sevirsə, onu tərbiyə edir» (İbr. 12:6). Məhəbbət bizi də təşviq edəcək ki, yeri gələndə başqalarına düzəliş verək (Məs. 3:11, 12). Amma belə hallarda da unutmamaq gərəkdir ki, biz də günahkar bəndəyik və bəzən həddimizi aşırıq. Buna görə də hər birimizin məhəbbət xüsusiyyətinin üzərində işləməyə ehtiyacı var. Bəs bunu necə edə bilərik? Gəlin məhəbbət göstərməyin üç üsuluna baxaq.

MƏHƏBBƏTİ NECƏ ARTIRMAQ OLAR?

Birincisi, Yehova Allaha dua edib, məhəbbət hasil edən müqəddəs ruh diləyin. İsa peyğəmbər demişdi ki, Yehova Ondan istəyənlərə müqəddəs ruhundan verir (Luka 11:13). Əgər müqəddəs ruh üçün dua edir və «ruhun göstərdiyi yolla» gediriksə, get-gedə daha məhəbbətlə davranacağıq (Qal. 5:16). Məsələn, yığıncaqda ağsaqqal kimi xidmət edirsinizsə, duada müqəddəs ruh istəyin ki, bacı-qardaşlara məhəbbətlə məsləhət verə biləsiniz. Əgər valideynsinizsə, onda övladınıza qəzəblə yox, məhəbbətlə tərbiyə vermək üçün Allahın ruhunu istəyin.

İkincisi, İsa Məsihin haqsızlıqla qarşılaşan zaman necə məhəbbətlə davrandığının üzərində düşünün (1 But. 2:21, 23). Bunu xüsusilə də haqsızlıqla üzləşəndə və ya kimsə sizi incidəndə edin. Belə məqamlarda özümüzə bu sualı verə bilərik: «Bəs İsa Məsih bu vəziyyətdə necə davranardı?» Li adlı bir bacı görmüşdü ki, bu sualı özünə vermək onu düşünülməmiş addımlar atmaqdan qoruyur. O deyir: «Bir dəfə bir iş yoldaşım bütün işçilərə e-mail göndərib məni və gördüyüm işi pisləmişdi. Bu mənə yaman təsir elədi. Amma dayanıb özümə bu sualı verdim: “Bu insana qarşı münasibətimdə İsa Məsihdən necə örnək götürə bilərəm?” Bu sualın üzərində düşünəndən sonra qərara gəldim ki, onun hərəkətinə çox da əhəmiyyət verməyim və məsələni böyütməyim. Sonralar öyrəndim ki, iş yoldaşımın səhhətində ciddi problemlər olub və o, həmin ərəfədə güclü stress keçirib. Belə nəticəyə gəldim ki, əslində o, mənim haqqımda pis fikirdə deyil. İsa Məsihin hətta pis rəftara məruz qalanda belə necə məhəbbətlə davranması üzərində düşünməyim iş yoldaşıma məhəbbət göstərməyə kömək etdi». Həqiqətən də, İsa Məsihdən örnək alsaq, daima məhəbbətlə davranacağıq.

Üçüncüsü, həqiqi məsihilərin əsas xüsusiyyəti olan fədakar məhəbbət göstərməyi öyrənin (Yəh. 13:34, 35). Müqəddəs Kitab bizi «Məsih İsa kimi» düşünməyə səsləyir. O, Allahın dərgahından enməklə bizə görə «özünü hər şeydən məhrum etdi», hətta ölməyə belə razı oldu (Filip. 2:5—8). İsanın fədakar məhəbbəti üzərində düşündükcə düşüncələrimiz və hisslərimiz onunku kimi olacaq və biz başqalarının rifahını öz rifahımızdan üstün tutacağıq.  Məhəbbət göstərməyin daha hansı faydaları var?

MƏHƏBBƏTİN QÜDRƏTİ

Məhəbbət hədsiz gücə malikdir. Gəlin onun nələrə qadir olduğuna baxaq.

Məhəbbətlə davranmağın bizə hansı faydası var?

  • ÜMUMDÜNYA QARDAŞLIĞIMIZ. Bir-birimizə bəslədiyimiz məhəbbətdən dolayı əminik ki, dünyadakı istənilən məsihi yığıncağına getsək, oradakı bacı-qardaşlarımız bizi mehribanlıqla qarşılayacaqlar. Bütün dünyadakı bacı-qardaşlarımız tərəfindən sevilmək sözün əsil mənasında böyük xoşbəxtlikdir! (1 But. 5:9). Bu cür məhəbbətə yalnız Allahın xalqı arasında rast gəlmək olar!

  • SÜLH. Bir-birimizə məhəbbətlə dözmək aramızda «sülhün birləşdirici telləri»ni yaradır (Efes. 4:2, 3). Biz bu sülhü ilk növbədə ibadət görüşlərimiz və böyük toplantılarımızda duyuruq. Yəqin razılaşarsınız ki, bu gün parçalanmış dünyada bu cür sülhə rast gəlmək çətin məsələdir (Zəb. 119:165; Əşy. 54:13). İnsanlara qarşı sülhpərvər davranmaqla biz əslində onlara dərin məhəbbət duyduğumuzu göstərmiş oluruq və bu bizim göydəki Atamızı məmnun edir (Zəb. 133:1—3; Mət. 5:9).

MƏHƏBBƏT RUHƏN MÖHKƏMLƏNDİRİR

Həvari Bulus yazmışdı ki, məhəbbət ruhən möhkəmləndirir (1 Kor. 8:1). Bəs bu, necə baş verir? Bəzilərinin «Məhəbbət məzmuru» adlandırdığı korinflilərə birinci məktubun 13-cü fəslində Bulus məhəbbətin ruhən necə möhkəmləndirdiyini izah edir: məhəbbət özünün yox, başqasının xeyrini düşünür (1 Kor. 10:24; 13:5). Məhəbbət həmçinin anlayışlı, diqqətcil, səbirli və xeyirxah olduğu üçün ailələrdə mehribançılığı, yığıncaqlarda birliyi artırır (Kol. 3:14).

Bizim Yehovaya olan məhəbbətimizin qüdrəti isə daha böyükdür. Çünki məhz bu məhəbbət bizi birləşdirir. Belə ki, bütün irqlərdən, mədəniyyətlərdən və dillərdən olan insanlar Yehovaya çiyin-çiyinə ibadət edirlər (Səf. 3:9). Gəlin Allahın müqəddəs ruhunun bəhrəsi olan nadidə bir xüsusiyyəti — məhəbbəti hər gün izhar edək.

^ abz. 2 Bu, doqquz xüsusiyyətdən ibarət olan ruhun bəhrəsini ayrı-ayrılıqda araşdıracağımız silsilə məqalələrdən birincisidir.