Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Avqust 2017

Oxucuların sualları

Oxucuların sualları

Nə üçün Məttanın və Lukanın müjdələrində İsa Məsihin həyatının ilk illəri barədə yazılan məlumat bir-birindən fərqlənir?

İsa Məsihin doğulması və həyatının ilk illəri ilə bağlı məlumat Məttanın və Lukanın yazdığı müjdələrdə müxtəlif yönlərdən qələmə alındığına görə bir-birindən fərqlənir.

Məttanın yazdığı müjdədə hadisələr Yusifin ətrafında cərəyan edir. Orada Məryəmin hamilə olduğunu biləndən sonra Yusifin verdiyi ilk reaksiya, yuxusunda mələyin ona görünüb vəziyyəti izah etməsi və Yusifin mələyin buyurduğu kimi davranması haqda yazılıb (Mət. 1:19—25). Mətta sonra mələyin yenidən yuxuda Yusifə görünməsi və ona Misirə qaçmağı tapşırmasından, Yusifin də ailəsini götürüb Misirə yola düşməsindən bəhs edir. Orada həmçinin mələyin yuxuda Yusifi yenidən İsrailə qayıtmağa səsləməsi, Yusifin ailəsi ilə birgə Misirdən qayıtması və gəlib Nasirə şəhərində məskən salması haqda yazılıb (Mət. 2:13, 14, 19—23). Onu da qeyd edək ki, Məttanın Müjdəsinin ilk fəsillərində Yusifin adı 12 dəfə çəkildiyi halda, Məryəmin adına 9 dəfə rast gəlinir.

Lukanın Müjdəsində isə hadisələr daha çox Məryəmin ətrafında dövr edir. Bu müjdədə Cəbrayıl mələyin Məryəmə görünməsi, Məryəmin İlsəbagilə getməsi, onun Yehovanı ucaldan həmdlər söyləməsi haqda yazılıb (Luka 1:26—56). Luka həmçinin İsa Məsihin gələcəkdə əzab çəkəcəyi barədə Şəmunun Məryəmə dediyi sözləri də qələmə alıb. Bundan əlavə, Luka İsa Məsihin 12 yaşı olanda ailəsi ilə məbədə getdiyi haqda məlumatı qələmə alarkən Yusifin yox, Məryəmin sözlərini sitat gətirir. Luka həmçinin bütün bu hadisələrin Məryəmə necə təsir etdiyi haqda da yazıb (Luka 2:19, 34, 35, 48, 51). Onun yazdığı Müjdənin ilk iki fəslində Məryəmin adı 19 dəfə, Yusifin adı isə 3 dəfə çəkilir. Beləliklə, Mətta hadisələri Yusifin, Luka isə Məryəmin tərəfindən işıqlandırıb.

Eynilə, Məsihin nəsil şəcərəsi barəsindəki məlumat da hər iki müjdədə fərqlənir. Belə ki, Mətta İsa peyğəmbərin nəsil şəcərəsini Yusifin xəttindən qələmə alaraq göstərir ki, Yusifin oğulluğu olan İsa Davudun taxt-tacının qanuni varisidir. Çünki Yusif Davud padşahın oğlu Süleymanın nəslindən idi (Mət. 1:6, 16). Luka isə öz müjdəsində İsanın nəsil şəcərəsini anası Məryəm tərəfdən qələmə alaraq göstərmişdi ki, İsa Məsih Davudun taxtının həm də irsi varisidir (Rom. 1:3). Çünki Məryəm Davud padşahın oğlu Natanın nəslindən idi (Luka 3:31). Bəs nə üçün Luka Məryəmin nəsil şəcərəsini yazarkən onun Əlinin qızı olduğunu yazmayıb? Çünki rəsmi nəsil şəcərələrində əsasən kişilərin adı qeyd olunurdu. Buna görə də Luka Yusifi Əlinin oğlu adlandıranda camaat aydın başa düşürdü ki, o, Əlinin kürəkənidir (Luka 3:23).

Mətta və Lukanın müjdələrində qeydə alınan nəsil şəcərəsi sübut edir ki, İsa vəd edilmiş Məsihdir. İsanın hansı nəsildən gəldiyi heç kəsdə şübhə doğurmurdu. Belə ki, fərisilərlə saddukilər də bunu dana bilmirdilər. Mətta və Lukanın müjdələrində qeydə alınan nəsil şəcərəsi bu gün bizim imanımızın əsasını təşkil edən amillərdən biridir və Allahın vədlərinin mütləq yerinə yetəcəyinə zəmanətdir.