Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  Avqust 2017

Köhnə şəxsiyyəti əynimizdən çıxaraq

Köhnə şəxsiyyəti əynimizdən çıxaraq

«Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən [çıxarın]» (KOL. 3:9).

NƏĞMƏ: 121, 142

1, 2. Yehovanın Şahidlərinin hansı xüsusiyyətləri insanların diqqətini cəlb edib?

YEHOVANIN ŞAHİDLƏRİNİN gözəl xüsusiyyətləri insanların diqqətindən yayınmır. Misal üçün, yazıçı Anton Gil nasist Almaniyasında yaşayan bacı-qardaşlarımız haqda yazır: «Yehovanın Şahidləri nasistlərin xüsusi hədəfinə çevrilmişdi... 1939-cu ildə [həbs düşərgələrində] onların sayı 6000-ə çatmışdı». O həmçinin qeyd edir ki, şiddətli işgəncələrə məruz qalmalarına baxmayaraq, Yehovanın Şahidləri dürüst və təmkinli davranır, həmrəylik nümayiş etdirir, imanlarında sarsılmaz qalırdılar.

2 Cənubi Afrikada yaşayanlar da Allahın xalqı arasında gözəl keyfiyyətlərin olduğunu qeyd ediblər. 2011-ci il 18 dekabrda Yohannesburq şəhərinin ən böyük stadionunda Cənubi Afrika və qonşu ölkələrdən müxtəlif irqlərə aid 78 000 bacı-qardaş ruhani tədbirdə iştirak etmək üçün bir araya gəlmişdi. Nəzərə alsaq ki, bir zamanlar Cənubi Afrikada ayrı-ayrı irqlərdən olan Yehovanın Şahidlərinin bir yerdə toplaşması qadağan idi, bu stadiondakı birliyi müşahidə etmək insanı valeh edirdi. Stadionun menecerlərindən biri bu toplantı barədə demişdi: «Mən indiyə kimi bu stadionda özünü bu cür ləyaqətlə aparan izdiham  görməmişəm. Hamının üst-başı çox səliqəli idi. Stadionu da çox gözəl təmizləyibsiniz. Amma mənə ən çox təsir bağışlayan o idi ki, siz irqi baryerləri həqiqi mənada aşmısınız».

3. Bizi başqalarından fərqləndirən nədir?

3 Yehovanın Şahidi olmayan insanların bu cür sözlər deməsi göstərir ki, bizim beynəlxalq qardaşlığımız həqiqətən də əsrarəngizdir (1 But. 5:9). Bəs görəsən, bizi digər təşkilatlardan fərqli edən nədir? Biz Yehova Allahın Kəlamı və müqəddəs ruhun köməyi ilə «köhnə şəxsiyyəti» əynimizdən çıxarmağa çalışırıq. Əvəzində isə «yeni şəxsiyyəti» geyinirik (Kol. 3:9, 10).

4. Bu məqalədə nəyi müzakirə edəcəyik və bunu müzakirə etmək nə üçün vacibdir?

4 Köhnə şəxsiyyəti əynimizdən çıxarmaqdan əlavə, biz ondan uzaq durmalıyıq. Bu məqalədə köhnə şəxsiyyəti əynimizdən necə çıxara biləcəyimiz və bunun vacibliyi haqda danışacağıq. Bundan əlavə, tutduğu əməldən asılı olmayaraq, hər bir insanın tamamilə dəyişə biləcəyinin mümkün olduğunu görəcəyik. Həmçinin artıq uzun illər həqiqətdə olan insanların köhnə şəxsiyyətdən uzaq durmaq üçün nə edə biləcəklərini araşdıracağıq. Bəs nəyə görə bütün bunları araşdırmağa ehtiyac var? Çünki bir zamanlar Yehovaya sədaqətlə xidmət edən bəzi insanlar ehtiyatı əldən verdiklərinə görə köhnə əməllərinə qayıtmışdılar. Buna görə də hər birimiz növbəti xəbərdarlığın ciddiyyətini dərk etməliyik: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Kor. 10:12).

ƏXLAQSIZLIĞA MEYLİNİZİ ÖLDÜRÜN

5. a) Köhnə şəxsiyyəti əynimizdən çıxarmağın vacib olduğunu göstərən nümunə çəkin. (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Koloslulara 3:5—9 ayələrinə əsasən, köhnə şəxsiyyətə hansı əməllər daxildir?

5 Əgər sizin paltarınız çirklənibsə və ondan üfunət iyi gəlirsə, nə edərdiniz? Sözsüz ki, bu paltarı əyninizdən mümkün qədər tez çıxarardınız. Eynilə, Yehovanın bəyənmədiyi pis vərdişlərdən qurtulmaq göstərişinə də təxirə salmadan riayət etməliyik. Təbii ki, biz həvari Bulusun «bütün bunları... kənara qoyun» məsləhətinə uyğun davranmaq istəyirik. Gəlin həvarinin sadaladığı iki günahlı əməlin — əxlaqsızlıq və natəmizliyin nə olduğuna baxaq. (Koloslulara 3:5—9 ayələrini oxuyun.)

6, 7. a) Köhnə şəxsiyyəti əynimizdən çıxarmaq üçün qəti addımlar atmağın vacibliyi Bulusun sözlərindən necə görünür? b) Sakura hansı həyat tərzi sürürdü və o, nəyin sayəsində dəyişə bildi?

6 Əxlaqsızlıq. Müqəddəs Kitabda istifadə olunan «əxlaqsızlıq» sözünə nikahda olmayan şəxslərin bir-biri ilə cinsi yaxınlıq etməsi və homoseksuallıq daxildir. Həvari Bulus bədənin üzvlərində olan əxlaqsızlığa meyli öldürməyi məsləhət görmüşdü. Onun istifadə etdiyi «öldürmək» sözü göstərir ki, bu cür pis meyillərdən qurtulmaq üçün qəti addımlar atmaq lazımdır. Bir şeyə əmin olun ki, zəfər çalmaq mümkündür!

7 Gəlin Yaponiyadan olan Sakuranın * hadisəsinə baxaq. O, böyüdükcə daxilindəki boşluq və tənhalıq hissi də böyüyürdü. Tənhalığın öhdəsindən gəlmək üçün Sakura 15 yaşından müxtəlif insanlarla cinsi əlaqədə olmağa başlayır. O, dərin peşmançılıq hissi ilə etiraf edir ki, düz üç dəfə abort edib. Sakura deyir: «Əvvəl-əvvəl cinsi münasibətdə olduqca özümə əminliyim artırdı, sevildiyimi, lazım olduğumu hiss edirdim. Amma getdikcə özümü daha dəyərsiz, müdafiəsiz hiss etməyə başladım». Sakura 23 yaşına kimi bu cür həyat tərzi sürmüşdü. Amma sonralar o, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayır. Öyrəndikləri  onun xoşuna gəlir və Yehovanın köməyilə o, əxlaqsız həyat tərzindən əl çəkib, günah və xəcalət hissindən yaxa qurtara bilir. Hal-hazırda Sakura öncül kimi xidmət edir və daha özünü tənha hiss etmir. O deyir: «Hər gün Yehovanın məhəbbətini duymaq məni sözün əsl mənasında xoşbəxt edir».

NATƏMİZ ƏMƏLLƏRDƏN TƏMİZLƏNİN

8. Nələr bizi Allahın gözündə natəmiz edə bilər?

8 Natəmizlik. Müqəddəs Kitabda «natəmizlik» kimi tərcümə olunan söz geniş məna daşıyır və təkcə cinsi xarakterli günahlara aid deyil. Bura siqaret çəkmək kimi zərərli vərdişlər və ədəbsiz zarafatlar da daxildir (2 Kor. 7:1; Efes. 5:3, 4). Həmçinin cinsi istək oyadan kitabları oxumaq, pornoqrafiyaya baxmaq və bu kimi digər əməllər də natəmizlik hesab olunur. Bunlar masturbasiya kimi natəmiz vərdişə gətirib çıxara bilər (Kol. 3:5) *.

9. Şəhvəti alovlandırmaq nə ilə nəticələnə bilər?

9 Pornoqrafiyaya baxmağı vərdiş etmək insanda şəhvəti alovlandırır və insanda daima cinsi münasibətdə olmaq istəyi olur. Pornoqrafiyaya aludə olan insanlar arasında aparılan araşdırmalar göstərir ki, pornoqrafiya aludəçiliyinin əlamətləri alkoqolizm və narkomaniya aludəçiliyi ilə eynidir. Aydındır ki, pornoqrafiyaya baxan insanlar bunun acı nəticələrini biçirlər. Məsələn, belə insanlar güclü xəcalət hissi keçirir, onların əmək qabiliyyəti aşağı düşür, ailədə xoşbəxt olmur, hətta bir çoxları boşanmaya və intihara əl atırlar. Artıq bir ildir ki, pornoqrafiya vərdişindən qurtulan bir nəfər yazır: «Nəhayət, məndə özümə qarşı hörmət hissi yarandı».

10. Ribeyro pornoqrafiya aludəçiliyindən necə qurtuldu?

10 Çoxları üçün pornoqrafiya aludəçiliyindən qurtulmaq əsl mübarizədir. Braziliyadan olan Ribeyronun hadisəsi göstərir ki, bu mübarizədə qalib gəlmək mümkündür. O, yeniyetmə yaşlarında evi tərk etmiş və bir müddət sonra kağız emalı zavodunda işləməyə başlamışdı. İş yerində o, tez-tez pornoqrafik jurnallara rast gəlirdi. Ribeyro deyir: «Yavaş-yavaş mən pornoqrafiya aludəçisi oldum. Vəziyyət o yerə gəlib çatmışdı ki, pornoqrafik videolara baxmaq üçün birlikdə yaşadığım qadının evdən çıxıb getməsini gözləyirdim». Bir gün Ribeyro emal olunası kitab qalağının arasında «Ailə xoşbəxtliyinin sirri» kitabına rast gəlir. Kitabı götürüb oxuyur. Oxuduqları onu Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə təşviq edir. Amma bu vərdişdən qurtulmaq üçün ona xeyli vaxt lazım olur. Bəs görəsən, Ribeyroya bu mübarizədə nə kömək edir? O deyir: «Duanın, mütaliənin və oxuduqlarımın mahiyyətinə varmağın sayəsində Allahın xüsusiyyətlərini daha yaxşı dərk elədim və nəticədə, Yehovaya olan məhəbbətim pornoqrafiyaya baxmaq istəyimi üstələdi». Allahın Kəlamının və müqəddəs ruhun köməyi ilə Ribeyro köhnə şəxsiyyəti əynindən çıxardı, vəftiz olundu və hal-hazırda ağsaqqal kimi xidmət edir.

11. Pornoqrafiyadan qurtulmaq necə mümkündür?

11 Diqqət yetirdinizsə, Ribeyronun bu mübarizədə qalib gəlməsi təkcə Müqəddəs Kitabı oxumağın sayəsində mümkün olmadı. O, duaya, Allahın Kəlamının dərinliyinə varmağa yetərincə vaxt ayırırdı. Beləcə, oxuduqları onun ürəyinə, düşüncəsinə təsir göstərir və Allaha get–gedə artan məhəbbəti pornoqrafiyaya baxmaq istəyindən güclü oldu. Yehovaya  olan dərin məhəbbət və pis şeylərə nifrət pornoqrafiya bəlasından qurtulmağın ən gözəl üsuludur. (Zəbur 97:10 ayəsini oxuyun.)

QƏZƏBİ, TƏHQİRİ VƏ YALANI KƏNARA QOYUN

12. Stefana qəzəb və təhqiri kənara qoymağa nə kömək elədi?

12 Özündən tez çıxan insanlar çox vaxt hirslərini təhqirlə soyudurlar. Əlbəttə ki, belə insanın ailə həyatı xoşbəxt ola bilməz. Avstraliyadan olan Stefan deyir: «Yaman söyüşkən idim. Ən xırda şey də məni hövsələdən çıxarırdı. Yoldaşımla üç dəfə ayrılmış və hətta boşanmaq dərəcəsinə çatmışdıq». Sonralar Stefanla həyat yoldaşı Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayır. Müqəddəs Kitab məsləhətlərinə əməl etməyin Stefana hansı faydası oldu? O deyir: «Ailəmizdəki vəziyyət 180 dərəcə dəyişdi. İndi Yehova Allahın köməyi sayəsində daxilimdə rahatlıq və sakitlik var. Halbuki bir zamanlar xırda bir şeyin üstündə belə, partlamağa hazır olan qəzəb dolu saatlı bomba kimi idim». Hal-hazırda Stefan yığıncaq xidmətçisidir, yoldaşı isə artıq bir neçə ildir öncül kimi xidmət edir. Onun getdiyi yığıncağın ağsaqqalları Stefan haqda belə deyirlər: «Stefan çox sakit, həlim, çalışqan qardaşdır». Ağsaqqalların sözünə görə, onlar hələ onu özündən çıxan görməyiblər. Stefan düşünmür ki, bütün bu dəyişikliklər onun öz gücü sayəsində mümkün olub. O bölüşür: «Əgər Yehovanın məni büsbütün dəyişmək üçün göstərdiyi köməyi qəbul etməsəydim, bütün bu gözəl nemətlər mənə nəsib olmayacaqdı».

13. Nə üçün qəzəb təhlükəlidir və bununla bağlı Müqəddəs Kitabda hansı xəbərdarlıq var?

13 Müqəddəs Kitab qəzəbi, qışqırığı, təhqiri kənara qoymağı buyurur (Efes. 4:31). Çünki bunlar zorakılığa gətirib çıxarır. Bu gün dünyada insanlar qəzəbə normal bir şey kimi yanaşırlar, ancaq bu əməllər Allahı şərəfləndirmir. Bir çox bacı-qardaşlarımız yeni şəxsiyyəti geyinməzdən öncə bu zərərli davranış tərzindən yaxa qurtarmalı olmuşlar. (Zəbur 37:8—11 ayələrini oxuyun.)

14. Aqressiv insanın həlim olması mümkündürmü?

14 Gəlin Avstriyadakı bir yığıncaqda ağsaqqal kimi xidmət edən Hans qardaşın nümunəsinə baxaq. Həmin yığıncağın ağsaqqallar şurasının koordinatoru deyir: «O, sizin bu dünyada tanış ola biləcəyiniz ən həlim qardaşlardan biridir». Ancaq Hans heç də həmişə həlim olmayıb. Gənc yaşlarında o, içkiyə qurşanmışdı və bunun nəticəsində çox aqressiv olmuşdu. Hətta o, içkinin təsiri altında olarkən qəzəblənib öz sevgilisini qətlə yetirmişdi. Bu cinayətə görə Hansa 20 il həbs cəzası kəsilmişdi. Məhbus həyatı da onu dəyişmədi. Lakin bir gün Hansın anası bir ağsaqqaldan xahiş edir ki, həbsxanaya gedib onun oğlu ilə söhbət eləsin. Beləcə, Hans Müqəddəs Kitabı öyrənməyə başlayır. O deyir: «Köhnə şəxsiyyəti əynimdən çıxarmaq çox çətin oldu. Mənə Əşiya 55:7 ayəsində yazılan “qoy pis adam pis yolunu... atsın” sözləri və 1 Korinflilərə 6:11 ayəsində yazılan “sizlərdən də bəziləri belə idi” sözləri güc verirdi. Yehova uzun illər ərzində müqəddəs ruhundan verərək səbirlə mənə yeni şəxsiyyəti geyinməyə kömək elədi». On yeddi il yarım həbsdə yatandan sonra Hans oradan vəftiz olunmuş məsihi kimi çıxır. O deyir: «Mərhəmətinə və əfvinin bolluğuna görə Yehovaya şükürlər olsun!»

15. Dünyada hansı əməl bu gün adi hal alıb? Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir?

15 Təhqirdən savayı yalan danışmaq da köhnə şəxsiyyətə daxil xüsusiyyətdir. Misal üçün, insanlar vergidən yayınmaq, etdikləri günahın məsuliyyətindən qaçmaq  üçün yalana əl atırlar. Amma Yehova «haqq Allahı»dır (Zəb. 31:5). O, xidmətçilərindən yalan danışmamağı, bir-birinə həqiqəti söyləməyi tələb edir (Efes. 4:25; Kol. 3:9). Bu səbəbdən, bizə nə qədər çətin olsa da, əməlimizə görə utansaq da, həqiqəti söyləməliyik (Məs. 6:16—19).

ONLAR NECƏ QƏLƏBƏ ÇALDILAR?

16. Köhnə şəxsiyyəti əynimizdən çıxarmaq üçün nə edə bilərik?

16 İnsan köhnə şəxsiyyətin əməllərindən öz gücü ilə azad ola bilməz. Bu məqalədə adları çəkilən Sakura, Ribeyro, Stefan və Hans pis vərdişlərindən azad olmaq üçün mübarizə aparmalı olmuşdular. Bu insanlar Allahın Kəlamının və müqəddəs ruhun onların ürəklərinə və zehinlərinə təsir etməsinə yol vermişdilər (Luka 11:13; İbr. 4:12). Biz də köhnə şəxsiyyəti əynimizdən çıxarmaq istəyiriksə, Müqəddəs Kitabı mütaliə etməli, onun üzərində düşünməliyik. Həmçinin Allaha dua etməliyik ki, bizə oradakı məsləhətlərə əməl etməyə güc və hikmət versin (Yuş. 1:8; Zəb. 119:97; 1 Salon. 5:17). Yığıncaqlara hazırlaşanda və orada iştirak edəndə Allahın Kəlamının və müqəddəs ruhun bizə təsir etməsinə yol veririk (İbr. 10:24, 25). Bundan əlavə, ruhani biliklər əldə etmək üçün Yehovanın təşkilatının təqdim etdiyi vəsaitlərdən tam şəkildə istifadə etməliyik (Luka 12:42).

Köhnə şəxsiyyəti əynimizdən necə çıxara bilərik? (16-cı abzasa baxın)

17. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

17 Bu məqalədə məsihilərin qaçmalı olduqları bəzi pis əməllər haqda danışdıq. Bəs Allahın razılığını qazanmaq üçün pis əməlləri tərgitmək kifayətdir? Xeyr. Biz bundan da artığını etməliyik, yeni şəxsiyyəti geyinməliyik. Növbəti məqalədə bu məcazi geyimin həmişə əynimizdə olması üçün nə edə biləcəyimizi araşdıracağıq.

^ abz. 7 Bu məqalədəki bəzi adlar şərtidir.

^ abz. 8 «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci cildinin 25-ci fəslinə baxın.