Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 4, 2017

1881-ci ildə Praslen adasını (Seyşel Adaları) ziyarət edən general Qordon oranı əsl Ədən bağı adlandırmışdı

Yer üzündə cənnət Xəyaldır, yoxsa real?

Yer üzündə cənnət Xəyaldır, yoxsa real?

Cənnət! Jurnalda və televizorda gözəl bir mənzərə görəndə adamın ürəyindən keçir ki, gedib bu «cənnət» guşədə dincəlib bütün dərdini, sərini unutsun. Amma başa düşürük ki, bununla həyatın reallığından qaça bilmərik, geri qayıdanda yenə problemlərlə üz-üzə duracağıq.

Bununla belə cənnət arzusu bizi özünə cəlb edir. Amma insanda belə bir sual da yaranır: «Bəlkə, bu, sadəcə, xülyadır? Əgər xülyadırsa, nəyə görə insanı bu qədər cəlb edir? Bəs cənnət arzusu nə vaxtsa, real ola bilər?»

TARİXİ AŞIB GƏLƏN CƏNNƏT MƏVHUMU

Əsrlərdir cənnət məvhumu insanları maraqlandırır. Çoxlarında bu marağa səbəb Müqəddəs Kitabın «şərqdə, Ədəndə bir bağ» barədə söz açması olmuşdur. Görəsən, bu bağda nə olub ki, o, insanları bu qədər cəlb edir? Müqəddəs Kitab ayələrinin birində yazılıb: «Yehova Allah yerdə gözəl görünüşlü və yeməli meyvələri olan cürbəcür ağaclar... bitirdi». Ədən bağı çox gözəl və səfalı yer olub. Bu bağda ən çox diqqət çəkən bağın ortasındakı «həyat ağacı» idi (Yaradılış 2:8, 9).

Müqəddəs Kitabın «Yaradılış» bölməsində Ədəndən dörd çayın axdığı yazılıb. Çaylardan ikisi, Dəclə (yaxud Xiddekel) və Fərat bu gün də mövcuddur (Yaradılış 2:10—14; haşiyə). Bu çaylar qədim Fars imperiyasının bir hissəsi olan İraqın ərazisindən keçib İran körfəzinə tökülür.

Görünür, yer üzündə cənnətin olması fikri İranın mədəni irsində mühüm yer tutur. Filadelfiya incəsənət muzeyində (ABŞ, Pensilvaniya) saxlanılan XVI əsrə aid İran xalçasının üzərində içərisində ağaclar və güllər bitən hasarlı bağ əks olunub. Fars dilində «hasarlı bağ» ifadəsi həm də cənnət mənasını daşıyır. Xalçanın üzərindəki təsvir Müqəddəs Kitabda adı çəkilən gözəl və füsunkar Ədən bağının əksidir.

Göründüyü kimi, cənnətlə bağlı əhvalatlar bir çox dillərdə və xalqlarda dildən-dilə dolaşır. İnsanlar dünyaya yayıldıqca cənnətin əsl hekayəsi hər ərazinin inanc və əfsanələrinin təsiri altında dəyişikliyə uğramışdır.

CƏNNƏT SORAĞINDA

Bəzi səyahətçilər itirilmiş cənnəti tapdıqlarını iddia etmişdilər. Məsələn, Britaniyalı general Çarls Qordon 1881-ci ildə Seyşel Adalarını ziyarət edəndə Valley de Mai qoruğunun gözəlliyindən heyran olaraq oranın əsl Ədən bağı olduğunu demişdi. XV əsrdə yaşamış italiyalı səyyah Xristofor Kolumb Espanyola adasına (hazırda Dominikan Respublikası və Haitiyə bölünüb) enəndə bir anlıq Ədən bağını tapdığını düşünmüşdü.

«Cənnətin xəritəsi» adlı müasir tarix kitabında 190-dan çox qədimi xəritə barədə ətraflı məlumat yer alıb («Mapping Paradise»). Bu xəritələrin çoxunda Adəm və Həvva Ədən bağında təsvir olunub. Xəritələrin arasında XIII əsrə aid qeyri-adi bir əlyazmanın («Beatus of Liébana») surəti var. Əlyazmanın yuxarısında balaca bir çərçivə çəkilib, çərçivənin mərkəzində isə cənnət təsvir olunub. Cənnətdən Dəclə, Fərat, Pişon və Geon adlı dörd çay ayrılır. Çayların hər biri çərçivənin dörd küncünə sarı axır. Ehtimal olunur ki, bu təsvir Xristianlığın dünyanın dörd bir yanına yayılmasını təmsil edir. Bu cür təsvirlər göstərir ki, cənnət bağının dəqiq yeri məlum olmasa da, cənnət arzusu insanları hələ də cəlb edirdi.

«İtirilmiş cənnət» poemasının müəllifi, XVII əsrdə yaşamış ingilis şairi Con Milton bu poemanı Müqəddəs Kitabda Adəmin günahını və Ədəndən qovulmasını təsvir edən hadisənin əsasında yazmışdır. Poemada şair gələcəkdə insanların yer üzündə yenidən əbədi yaşayacağını vurğulayaraq demişdi: «Cənnətə çevrilər bütün Yer üzü». Sonralar  Milton bu poemanın davamı olan «Qaytarılmış cənnət» poemasını qələmə almışdı.

FƏRQLİ MÜNASİBƏT

İtirilmiş cənnət ideyası bəşər tarixinin hər dövründə mühüm əhəmiyyət daşıyıb. Bəs onda nəyə görə günümüzdə bu mövzudan qaçınırlar? Əsasən ona görə ki, «Cənnətin xəritəsi» kitabında qeyd olunduğu kimi «ilahiyyatçılar cənnətin harada yerləşməsi məsələsini araşdırmaqdan birdəfəlik vaz keçiblər».

Xristianların əksəriyyətinə aşılanır ki, onların nəhayətdə qovuşacaqları məkan yer üzündəki cənnət yox, göylərdir. Müqəddəs Kitabın Zəbur 37:29 ayəsində isə Allah belə buyurur: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar». Yaşadığımız bu dünyanın acınacaqlı vəziyyətinə nəzər salanda adamda sual yaranır: «Ola bilərmi ki, bu ayədəki sözlər nə vaxtsa çin olsun?» *

BÜTÜN DÜNYA CƏNNƏTƏ DÖNƏCƏK

Ədən bağını yaradan Yehova Allah söz verir ki, dünyanı yenidən cənnətə döndərəcək. İsa Məsihin davamçılarına nümunə üçün verdiyi duada belə sözlər var: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:10) Bu padşahlıq, yəni Allahın göydə qurduğu hökumət İsa Məsihin vasitəsilə dünya hökumətlərini dağıdacaq və yer üzünü özü idarə edəcək (Dənyal 2:44). Bu hökumət Allahın niyyətini yerinə yetirərək bütün dünyada cənnət şəraiti yaradacaq.

Allah-Taalanın elçilərindən biri olan Əşiya peyğəmbər Allahın ilhamı ilə gələcək cənnəti, bu gün həyatı acı zəhərə döndərən problemlərin olmayacağı dünyanı təsvir etmişdi (Əşiya 11:6—9; 35:5—7; 65:21—23). Zəhmət olmasa, bir neçə dəqiqə vaxt ayırıb yuxarıda gətirilən ayələri Müqəddəs Kitabdan * oxuyun. Bu ayələr Allahın itaətkar insanlar üçün hazırladığı cənnət həyatına imanınızı artıracaq. Bu itaətkar insanlar Adəmin itirdiyi nemətləri, yəni cənnət həyatını və Allahın rizasını qazanacaqlar (Vəhy 21:3).

Bəs biz necə əmin ola bilərik ki, yer üzündə cənnət həyatı xəyal deyil, realdır? Bunu Müqəddəs Kitabın bir ayəsi təsdiq edir: «Göylər Yehovanındır, yeri isə bəşər oğullarına verib». Bu vədi «heç vaxt yalan danışmayan Allah» verib (Zəbur 115:16; Titusa 1:2). Müqəddəs Kitab bizə gələcəyə gözəl ümid bəxş edir — dünya əbədilik cənnət olacaq!

^ abz. 15 Qeyd edək ki, Quranın «əl-Ənbiya» [Peyğəmbərlər] surəsinin (105-ci surə) 21-ci ayəsində deyilir: «Torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq».

^ abz. 18 Müqəddəs Kitabı jw.org/az saytından oxuya və yükləyə bilərsiniz.