CORDANA verilən qayıq formalı karandaşyonanda qeyri-adi bir şey yoxdur. Amma bu, onun ən əziz əşyasıdır. Cordan xatırlayır: «Ailə dostumuz Rassel bu hədiyyəni mənə verəndə balaca idim». Amma Rassel öləndə Cordan bilmişdi ki, ailəsinin ən çətin anlarında Rassel onlara dayaq olub, onlar üçün çox şey edib. Cordan deyir: «Rassel haqqında bütün bunları biləndən sonra onun verdiyi hədiyyə mənim üçün daha əziz oldu».

Bu əhvalatdan gördüyümüz kimi, hansısa hədiyyə kiminsə üçün heç bir məna daşımadığı halda, başqası üçün çox əziz ola bilər. Müqəddəs Kitabda bənzəri olmayan bir hədiyyə haqda danışılır. Orada yazılıb: «Allah dünyanı o qədər sevir ki,.. [İsa Məsihi] onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16).

Əbədi həyat! İnsana əbədi yaşamaq imkanı verən hədiyyədən daha dəyərli nə ola bilər? Bəzi insanlar bu hədiyyənin dəyərini dərk etmədiyi halda, Allahı axtaran insanlar onun nə qədər qiymətli olduğunu yaxşı bilirlər (Zəbur 49:8; 1 Butrus 1:18, 19). Bəs nəyə görə Allah İsa Məsihi insanların uğrunda qurban verdi?

Müqəddəs Kitab bu suala belə cavab verir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (Romalılara 5:12). İlk insan olan Adəm bilə-bilə günah işlədi, günahının cəzası isə ölüm oldu. Adəmin vasitəsi ilə ölüm onun bütün nəslinə, yəni bütün bəşəriyyətə keçdi.

 «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23). Bəşəriyyəti ölümdən xilas etmək üçün Allah İsa Məsihi yer üzünə göndərdi ki, o hamının uğrunda öz kamil bədənini qurban versin. Onun bu qurbanlığı «fidyə» adlanır. Bu fidyəyə iman edən hər kəs əbədi həyat alacaq (Romalılara 3:24).

Bu barədə Müqəddəs Kitabda deyilir: «Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!» (2 Korinflilərə 9:15). Bəli, fidyə olduqca füsunkardır, onu sözlə ifadə etmək belə mümkün deyil. Bəs nə üçün fidyə Allahın bizə verdiyi ənamlar arasında xüsusilə önəmlidir? Onu fərqli edən nədir? * Allahın bu ənamına görə necə şükür edə bilərik? Müqəddəs Kitabın bu suallara verdiyi cavabı növbəti iki məqalədən oxuya bilərsiniz.

^ abz. 8 İsa Məsih öz canını uğrumuzda fəda etdi (1 Yəhya 3:16). Amma fidyəni Allah təqdim edib. Buna görə də növbəti məqalələrdə əsas diqqət Allaha yönəldilib.