Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  № 6, 2017

Əbədi həyat ümidi verən fidyə ənamı Allahın bəxş etdiyi ən dəyərli hədiyyədir

 ÜZ QABIĞINDAKI MÖVZU | ƏN DƏYƏRLİ HƏDİYYƏ

Ən dəyərli hədiyyə

Ən dəyərli hədiyyə

«Hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan, [Allahdan] nazil olur» (Yaqub 1:17). Bu ayə Allahımızın nə qədər səxavətli olduğunu vurğulayır. Həqiqətən, Allahın bəşəriyyətə verdiyi nemətləri saymaqla bitməz. Lakin Onun bəxş etdiyi bir hədiyyə digərlərindən daha üstündür. Söhbət hansı hədiyyədən gedir? Müqəddəs Kitabda yazılıb: «Allah dünyanı o qədər sevir ki, [İsa peyğəmbəri] onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16).

Allahın İsa peyğəmbəri uğrumuzda fəda etməsi, doğrudan da, ala biləcəyimiz ən dəyərli hədiyyədir. Çünki biz günahın, qocalığın və ölümün köləliyindən bu ənamın sayəsində azad ola bilərik (Zəbur 51:5; Yəhya 8:34). Nə qədər istəsək də, özümüz bu köləlikdən azad ola bilmərik. Amma məhəbbətli Allahımız bunu mümkün edib. O, Hz. İsanı fidyə olaraq təqdim etməklə insanlara əbədi yaşamaq ümidi bəxş edib. Bəs fidyə nədir? Onun verilməsinə nə üçün zərurət yaranmışdı? Biz bundan necə faydalana bilərik?

Fidyə kimisə azad etmək və ya nəyi isə geri almaq üçün ödənilən dəyəri və məbləği bildirir. Müqəddəs Kitabdan oxuyuruq ki, Allah ilk insan cütünü, Adəmlə Həvvanı günahsız yaratmışdı. Onlar öz gələcək nəsli ilə birgə yer üzündə əbədi yaşaya bilərdilər, amma təəssüf ki, Allaha itaətsizlik etdilər və bununla da günahlı oldular (Yaradılış 1:26—28). Bəs onların günahı nələrə gətirib çıxartdı? Müqəddəs Kitabda deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). Adəm öz nəslinə kamil həyat əvəzinə, günahı və onun nəticəsi olan ölümü ötürdü.

Fidyənin təmin olunması üçün ödənilən məbləğ itirilənin dəyərinə bərabər olmalıdır. Adəm Allaha bilərəkdən itaətsizlik etməklə günah işlədi və nəticədə, kamilliyi itirdi. Bununla da onun nəsli günah və ölümün köləsi oldu. Bəşəriyyəti bu köləlikdən azad etmək üçün itirilmiş kamil insan həyatına — Adəmin həyatına bərabər fidyə tələb olunurdu. Bu fidyə kamil insanın — İsa Məsihin həyatı oldu (Romalılara 5:19; Efeslilərə 1:7). Allahın məhəbbətinin təcəssümü olan qurbanlıq sayəsində bəşəriyyət Adəm və Həvvanın itirdiyi yer üzü cənnətdə əbədi yaşamaq imkanına sahib oldu (Vəhy 21:3—5).

Şübhəsiz, fidyə Allahın bizlərə ən dəyərli hədiyyəsidir. Bu hədiyyənin nə qədər qiymətli olduğunu anlamaq üçün, gəlin onun öncəki məqalədə araşdırdığımız amillərə necə uyğun gəldiyinə nəzər salaq.

İstəklərimizi təmin edir. İnsanların ürəyi yaşamaq eşqi ilə döyünür (Vaiz 3:11). Əfsus ki, əlimizdən heç nə gəlmir. Məhz fidyə insanların qarşısında əbədi yaşamaq imkanı açır. Bu haqda Allahın Kəlamında yazılıb: «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23).

Ehtiyaclarımızı ödəyir. Heç bir insan Adəmin həyatına bərabər fidyəni ödəməyə qadir deyil. Müqəddəs Kitabda bunun səbəbi belə izah olunur: «İnsan həyatının fidyəsi elə bahadır ki, heç vaxt ona əli çatmaz» (Zəbur 49:8). Məhz bu səbəbdən günah və ölümün köləliyindən azad olmaq üçün biz Allahın köməyinə möhtacıq. Allah «Məsih İsanın ödədiyi fidyə  vasitəsilə» bizə bu lütfü göstərib (Romalılara 3:23, 24).

Vaxtında. Müqəddəs Kitabda yazılıb: «Biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Romalılara 5:8). Fidyənin «biz hələ günahlı ikən» ödənilməsi Allahın günahlarımıza rəğmən, bizə hədsiz məhəbbət bəslədiyinin sübutudur. Bu gün günahın nəticələrinə dözməli olsaq da, fidyə bizə gələcəyə ümidlə baxmağa kömək edir.

Ülvi niyyət. Müqəddəs Kitabda Allahın bu fədakarlığının səbəbi belə izah olunur: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah [Hz. İsanı] dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq. Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və [onu] günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi» (1 Yəhya 4:9, 10).

Bu ənamı qiymətləndirdiyimizi necə göstərə bilərik? Yəhya 3:16 ayəsində xilas olmaq üçün İsa peyğəmbərə iman etməyin vacibliyi vurğulanır. İman isə «ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir» (İbranilərə 11:1). Bu əminliyə sahib olmaq üçün dəqiq bilik labüddür. Hz. İsanın fidyə qurbanlığı sayəsində əbədi həyatda yaşamaq ümidimiz var. Biz sizi bu cür dəyərli hədiyyəni bəxş edən Yehova * Allah haqqında və Onun vəd etdiyi gözəl həyatda yaşamaq üçün nə edə biləcəyimiz barədə ətraflı məlumat almaq üçün vaxt ayırmağa dəvət edirik.

Bu barədə ətraflı məlumat almaq üçün www.jw.org saytına daxil olun. Yehovanın Şahidləri sizə məmnuniyyətlə kömək edərlər. Əminik ki, siz daha çox öyrəndikcə, bu möhtəşəm hədiyyənin bəxş etdiyi ümidə görə «Allaha şükürlər olsun!» deyəcəksiniz.

^ abz. 12 Müqəddəs Kitaba əsasən, Allahın adı.