Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  aprel 2015

 AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Yalqızlığın daşını atın

Yalqızlığın daşını atın

ÇƏTİNLİK

«İki rəfiqəm var idi. Amma onlar hər şeyi birlikdə edirdilər, mən isə qıraqda qalırdım. Sonradan xəbər tuturdum ki, onlar bir yerdə gözəl vaxt keçiriblər. Bir gün rəfiqələrimdən biri o biri rəfiqəmgildə olanda evlərinə zəng elədim. Dəstəyi kimsə götürəndə həmin rəfiqələrimin deyib-güldüklərini eşitdim. Təkcə onların şən səslərini eşitmək mənə kifayət idi ki, özümü həmişəkindən daha da yalqız hiss edim» (Məryəm *).

Bəs sən nə vaxtsa özünü atılmış və yalqız hiss etmisən? Əgər belədirsə, Müqəddəs Kitab məsləhətləri köməyinə çatacaq. İlk əvvəl gəl görək yalqızlıq barədə nəyi bilməlisən.

NƏYİ BİLMƏLİSƏN?

Hamı vaxtaşırı özünü yalqız hiss edir. Hətta hamının sevimlisi olanlar belə, bu hissləri keçirir. Çünki insanın özünü tənha hiss etməsi dostlarının sayından yox, bu dostluq bağlarının sıx olub-olmamasından asılı olur. Sevilib-seçilən insanların əhatəsində çoxlu insanlar olsa da, əsil dostları olmadığı üçün özlərini tək-tənha hiss edirlər.

Yalqızlıq sağlamlığa zərər vurur. Alimlər 148 tədqiqatın nəticələrini araşdırandan sonra qənaətə gəliblər ki, cəmiyyətlə az təmasda olan insanlar vaxtından tez ölür və bu, «piylənmədən iki dəfə zərərlidir», eləcə də «gündə 15 dənə siqaret çəkməyə bərabərdir».

Yalqızlıq səni yıxa bilər. Özünü tənha hiss edən adam kimliyindən asılı olmayaraq, ona dost deyən hər kəsin dostluğunu qəbul edə bilər. Bu isə çox təhlükəlidir. Alan adlı bir gənc oğlan deyir: «Yalqızlığa qapılan adam diqqətə ehtiyac duyur. İnsan düşünə bilər ki, göstərilən hər hansı diqqət diqqətdən kənar qalmaqdan daha yaxşıdır. Bu isə onun başına iş aça bilər».

Elektron cihazlar yalqızlığa əlac deyil. Natali adlı gənc bir qadın deyir: «Mən gün ərzində hətta yüz adama SMS və ya e-mail göndərsəm də, yenə də yalqızlıqdan yaxa qurtara bilmərəm». Tayler adlı yeniyetmə eyni fikirdədir. O deyir: «Yazışmağı qəlyanaltıya bənzətmək olar, amma tet-a-tet ünsiyyət nahar kimidir. Qəlyanaltı etmək əladır, amma doymaq üçün gərək nahar edəsən».

 NƏ EDƏ BİLƏRSƏN?

Yaxşılığa yoz. Təsəvvür et ki, dostların xəbərin olmadan bir yerə yığışıblar. Orada çəkdikləri şəkilləri isə İnternetə qoyublar. Sən də bu şəkilləri görürsən. Bu zaman iki seçimin var: ya fikirləşə bilərsən ki, sənə qarşı qəsdən saymamazlıq ediblər, ya da bunu yaxşıya yoza bilərsən. Razılaş ki, bütün faktlar sənə məlum deyil, buna görə də nə üçün ağlına pis şeylər gətirəsən? Əksinə, çalış sənə demədiklərinə görə müsbət səbəb axtarasan. Çünki adətən, bizi yalqız hiss etməyə vəziyyətin özü yox, bizim ona münasibətimiz vadar edir. (Müqəddəs Kitab prinsipi: Məsəllər 15:15.)

Heç nəyi ümumiləşdirmə. Özünü tənha hiss edəndə ağlına belə şeylər gələ bilər: «Məni heç vaxt heç yerə dəvət etmirlər» və ya «Camaat həmişə məndən qaçır». Amma bu kimi fikirlər səni sadəcə yalqızlıq dəryasına qərq edəcək. Üstəlik, belə fikirlər səni çıxılmaz bir dairəyə salacaq: özünü atılmış hiss edəcəksən, sonra özünə qapılacaqsan, sonra özünü yalqız hiss edəcəksən, bundan sonra isə özünü yenə də atılmış hiss edəcəksən. (Müqəddəs Kitab prinsipi: Məsəllər 18:1.)

Özündən böyüklərlə də dostluq et. Allahın Kəlamında Davud peyğəmbərdən danışılır. O, yeniyetmə ikən özündən təxminən 30 yaş böyük olan Yonatanla tanış olmuşdu. Aralarındakı yaş fərqinə baxmayaraq, onlar yaxın dost idilər (1 İşmuil 18:1). Sənin də həyatında belə bir şey ola bilər. 21 yaşlı Kiara deyir: «Bu yaxınlarda özümdən yaşca böyük adamlarla dostluq etməyin nə qədər dəyərli olduğunu anladım. Ən yaxın dostlarımın arasında məndən yaşca çox-çox böyük olanlar da var. Onların təcrübəsini, dəyişkən olmamalarını çox qiymətləndirirəm». (Müqəddəs Kitab prinsipi: Əyyub 12:12.)

Təkliyin dəyərini bil. Bəziləri tək qalanda özlərini yalqız hiss edirlər. Amma tək olmaq tənha olmaq demək deyil. Misal üçün, İsa peyğəmbər ünsiyyətcil olsa da, təkliyə çəkilməyi də xoşlayırdı (Mətta 14:23; Mark 1:35). Sən də belə edə bilərsən. Tək qaldığına görə pis olmaqdansa, otur və bu sakit vaxtda aldığın xeyir-dualar haqda düşün. Onda hamı səninlə dost olmaq istəyəcək (Məsəllər 13:20).

^ abz. 4 Bu məqalədə bəzi adlar dəyişdirilib.