Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Oyanın!  |  aprel 2015

 ÜZ QABIĞINDAKI MÖVZU

Uşaqların tərbiyəsi niyə korlanıb?

Uşaqların tərbiyəsi niyə korlanıb?

Son zamanlar qərb ölkələrində ailələrdəki vəziyyət 180 dərəcə dəyişib. Vaxt var idi, evdə valideynin sözü keçərdi, uşaqlar onların dediyi ilə oturub-durardı. Amma bu gün vəziyyət bambaşqadır. Gəlin hər gün üzləşə biləcəyimiz vəziyyətlərə nəzər salaq.

  • Ana dördyaşlı oğlu ilə mağazada olarkən uşaq əlini oyuncağa uzadır. Ana onu dilə tutmağa çalışır: «Evdə yüz dənə oyuncağın var, bunu neynirsən?» Ana sonradan başa düşür ki, gərək sual verməzdi. Uşaq zar-zar ağlamağa başlayır: «Mən onu istəyirəm». Ana uşağın oyun çıxaracağından qorxub oyuncağı alır. Uşağın həmişəki hiyləsi bu dəfə də işə yarayır.

  • Ata kiminləsə danışan zaman beşyaşlı qızı onun sözünü kəsib deyir: «Yoruldum, evə gedək». Atası sözünü yarımçıq qoyur və əyilib qızını sakitləşdirir: «Balam, iki dəqiqə gözlə gedirik, yaxşı?»

  • 12 yaşlı Orxan bu dəfə də müəlliməsinin üstünə qışqırıb. Atası bunu eşidəndə qanı qaralır, amma o, oğluna yox, müəlliməsinə əsəbləşib. Oğluna deyir: «O, həmişə səni gözümçıxdıya salır, gedib direktorla danışacağam!»

Bu nümunələr həqiqətən də baş vermiş hadisələr olmasa da, reallıqdan uzaq deyil. Bunlar uşaqlarının tərbiyəsizliyinə göz yuman, onların hər istədiyini edən və pis davranışlarının aqibətindən onları qurtaran ailələrdəki problemi əks etdirir. «Narsizim epidemiyası» kitabında qeyd olunur: «Son zamanlar sükanı uşaqlarına verən valideynlərin sayı günü-gündən artır. Halbuki yaxın keçmişdə uşaqlar öz yerini bilirdi» («The Narcissism Epidemic»).

 Sözsüz ki, bir çox valideynlər uşaqlarına lazımi dəyərləri aşılayırlar. Bunun üçün onlar uşaqlarına nümunə qoymaqla yanaşı, yeri gələndə, qəti və eyni zamanda məhəbbətlə düzəliş edirlər. Yuxarıda qeyd olunan kitabda həmçinin deyilir ki, bunu etməyin vacibliyini dərk edən valideynlər «cəmiyyətdə axına qarşı üzürlər».

Necə oldu ki, vəziyyət bu yerə gəlib çıxdı? Uşaqların tərbiyəsi niyə pozulub?

Valideynlik səlahiyyəti zəifləyir

Bəzilərinin fikrincə, valideynlik səlahiyyəti 1960-cı illərdən bəri zəifləməyə başlayıb. Həmin illər mütəxəssislər valideynlərə uşaqlarına güzəştə getməyi tövsiyə edirdilər. Onlar belə fikirlər irəli sürürdülər: «Səlahiyyətli şəxs yox, dost olun», «Tərif tənbeh etməkdən yaxşıdır», «Səhv hərəkətinə düzəliş etməkdənsə, yaxşı hərəkətini görməyə çalışın». Mütəxəssislər təriflə düzəliş arasında tarazlığı qorumağı vurğulamaq əvəzinə, deyirdilər ki, danlaq uşağın kövrək ürəyini qıra bilər. Böyüyəndə isə bu uşaqlar valideynlərinə qarşı qəzəbli olacaqlar.

Çox keçməmiş ekspertlər uşaqlara özünəhörmət hissini aşılamağın vacibliyini car çəkməyə başladılar. Onlar düşünürdülər ki, nəhayət yaxşı valideyn olmağın düsturunu tapıblar. Bu sadə düstur belə səslənirdi: «Elə edin ki, uşaqlarınız özləri haqda yaxşı fikirdə olsunlar». Sözsüz ki, uşaqların özünə əminliyini artırmaq lazımdır. Amma ekspertlər bu sahədə ifrata varan məsləhətlər verirlər, məsələn: «Valideynlər, uşaqlarınıza “yox”, “olmaz” sözlərini deməyin», «Uşaqlarınıza həmişə deyin ki, onlardan yoxdur, onlar həyatda istədiklərinə çata bilərlər». Elə bil, özləri haqda yaxşı fikirdə olmaq, yaxşı olmaqdan daha yaxşıdır.

Uşaqlarda özünəhörməti artırmaq heç bir işə yaramadı. Uşaqlar sadəcə özləri haqda yüksək fikirdə oldular

Lakin bəzilərinin fikrincə, uşaqlarda özünəhörməti artırmaq heç bir işə yaramadı. Uşaqlar sadəcə özləri haqda yüksək fikirdə oldular, sanki, bütün dünya onlara borcludur. «“Mən” nəsli» kitabında deyilir ki, bu üsulla tərbiyə olunan uşaqlar real həyatın acı dadına hazırlıqsız oldular, çünki bu dünyada tənqid və uğursuzluq qaçılmazdır. Həmin kitabda bir atanın sözləri gətirilir: «İş dünyasında heç kim sənin özünəhörmət  hissini nəzərə alan deyil... Əgər iş yerində yaxşı hesabat təqdim etmirsənsə, müdirin sənə: “Afərin, seçdiyin kağızın rəngi nə qəşəngdir”, — deməyəcək. Uşaqlarınızı bu cür tərbiyə etməklə, əslində, onlara pislik edirsiniz» («Generation Me»).

Səbatsız fikirlər

Onilliklərdir ki, valideynliklə bağlı təcrübə insanların səbatsız fikirlərini əks etdirir. Məsləhətçi Ronald Moriş deyir: «Tərbiyə üsulu daim dəyişir. Bu da cəmiyyətdəki dəyişikliklərin əksidir» *. Buna görə də hər cür təlim, külək kimi, valideynləri asanlıqla ora-bura apara, dəniz dalğaları kimi, atıb-tuta bilər (Efeslilərə 4:14).

Aydındır ki, bu günləri küləyin apardığı istiqamət, yəni uşaqlara qarşı tələbkar olmamaq mənfi nəticələr verib. Bu, valideynlik hüququnu zəiflətməklə yanaşı, düzgün qərar vermələri və əsil əminlik hissinə sahib olmaları üçün onlara heç bir rəhbərlik verilməyib.

Bəs görəsən, bundan daha yaxşı tərbiyə üsulu var?

^ abz. 15 Kursiv bizimdir; «Tərbiyənin sirləri: məsuliyyətli uşaq böyütməyin 12 yolu» kitabından («Secrets of Discipline: 12 Keys for Raising Responsible Children»).