Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2017

Valideynlər, övladlarınıza kömək edin

Valideynlər, övladlarınıza kömək edin

«Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 YƏH. 4).

NƏĞMƏ: 88, 41

1, 2. a) Öz yurdlarından uzaqda yaşayan uşaqlar hansı çətinliklərlə üzləşə bilərlər? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

«UŞAQ olanda evdə və yığıncaqda doğma dilimizdə danışırdım. Ancaq məktəbdə oxumağa başlayanda yerli ərazinin dilində danışmağa üstünlük verdim. Bir neçə ildən sonra isə ana dilimi, demək olar ki, unutdum. Artıq yığıncaqda deyilənləri, eləcə də valideynlərimin böyüdüyü mədəniyyəti başa düşə bilmirdim». Bu sözləri Coşua adlı bir gənc demişdi. Əfsuslar olsun ki, belə vəziyyətlə üzləşən tək o deyil.

2 Bu gün 240 milyondan çox insan doğma yurdundan uzaqda yaşayır. Əgər siz də mühacirsinizsə, necə edə bilərsiniz ki, uşaqlarınız həqiqət yolunda yerisin? (3 Yəh. 4). Bəs bacı-qardaşlar belə valideynlərə necə kömək edə bilərlər?

VALİDEYNLƏR, UŞAQLARINIZA ÖRNƏK OLUN

3, 4. a) Valideynlər övladlarına nədə yaxşı nümunə qoya bilərlər? b) Məsihi valideynlər hansı yanlış düşüncədən uzaq durmalıdırlar?

3 Əziz valideynlər, sizin gözəl nümunəniz övladınızın əbədi həyat yoluna qədəm qoyması üçün bir təkandır. Uşağınız görəndə ki, siz «Padşahlığı... hər şeydən üstün» tutursunuz, onda o da həyatın hər sahəsində Yehovaya güvənəcək  (Mət. 6:33, 34). Sadə həyat sürün. Yehova ilə dostluğunuzu qorumaq üçün maddi şeyləri qurban verməyi bacarın. Çalışın borca girməyəsiniz. Var-dövlət yığmağa, insanların gözündə hörmət qazanmağa çalışmayın. Özünüzə göydə xəzinə toplayın, onda Yehova sizdən razı qalar. (Mark 10:21, 22 ayələrini oxuyun; Yəh. 12:43.)

4 Yol verməyin ki, hansısa işlər uşağınıza ayıracağınız vaxtı əlinizdən alsın. Övladınız var-dövlət toplamaq və ya şan-şöhrət qazanmaq yerinə həyatında birinci yerə Yehovanı qoyanda, bir məsihi valideyn kimi, yəqin ki, onunla qürur duyursunuz. Bunu övladınıza deməyə çəkinməyin. Bu gün bir çoxları düşünür ki, övladın vəzifəsi valideynini saxlamaqdır. Ancaq məsihi valideynlər belə düşünməməlidir. Yaddan çıxartmayın ki, «uşaqlar valideynləri üçün yox, valideynlər uşaqları üçün» çalışmalıdırlar (2 Kor. 12:14).

VALİDEYNLƏR, DİL SƏDDİNİ AŞIN

5. Nəyə görə valideynlər övladlarına Yehova Allah haqda öyrətməlidirlər?

5 Zəkəriyyə 8:23 ayəsində deyilir ki, «bütün xalqlardan olan, müxtəlif dillərdə danışan» insanlar Yehovanın xalqına qoşulacaq. Lakin dillər arasında olan sədd övladınıza həqiqəti aşılamağa mane ola bilər. Unutmayın ki, uşağınız sizin ən vacib şagirdinizdir və onun əbədi həyatı Yehova Allahla münasibətindən asılıdır (Yəh. 17:3). Bunun üçün yaranan hər fürsətdən istifadə edib ona Yehova haqda danışın. (Qanunun təkrarı 6:6, 7 ayələrini oxuyun.)

6. Nəyə görə valideynlər övladlarına öz ana dilini öyrətməlidir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

6 Uşağınız köçdüyünüz ərazinin dilini çox güman ki, məktəbdə və ya ətrafdakılardan öyrənəcək. Sizin doğma dilinizi isə yalnız sizdən öyrənə bilər. Bunun üçün onunla tez-tez ünsiyyətdə olun. Uşağınız sizin doğma dilinizi bilsə, aranızda səmimi ünsiyyət yaranacaq. İki dil bilmək ona başqa sahələrdə də kömək olacaq: onun zehni inkişaf edəcək və insanlarla daha yaxşı ünsiyyət etməyi bacaracaq. Bu, ona həmçinin xidmətini genişləndirməyə də kömək edə bilər. Valideynləri mühacir olan Karolina deyir: «Başqa dildə olan yığıncağa getmək çox maraqlıdır. Tələbat olan ərazidə xidmət etmək əladır».

7. Əgər ailədə dil səddi varsa, nə etmək olar?

7 Hərdən elə ola bilər ki, uşaq yerli dili və mədəniyyəti mənimsədiyinə görə, valideyninin doğma dilində danışmaq istəməsin və ya bu dili tamamilə yadırğasın. Bu sözlər sizin uşağınıza da aiddirsə, yerli dili az da olsa, öyrənməyə çalışın. Onda övladınızı məsihi kimi tərbiyə etmək sizə daha asan olacaq, çünki övladınızın ev tapşırıqlarını, söhbətlərini, nə ilə maraqlandığını başa düşəcək, müəllimləri ilə əlaqə saxlaya biləcəksiniz. Düzdür, başqa dil öyrənmək çoxlu vaxt, güc və təvazökarlıq tələb edir. Ancaq bir anlıq düşünün: sizin uşağınız eşitmə qüsurlu olsaydı, onunla ünsiyyət qurmaq üçün jest dilini öyrənməzdiniz? Eynilə də, övladınıza görə onun yaxşı bildiyi dili öyrənmək üçün səy göstərməyə dəyər *.

8. Əgər valideyn üçün yeni dil öyrənmək çətindirsə, övladına başqa necə kömək edə bilər?

8 Düzdür, bəzən valideyn üçün övladının mənimsədiyi yerli dili öyrənmək elə də asan olmur. Yaranan dil səddi  övladlarına Müqəddəs Yazılardakı dərin bilikləri aşılamağa çalışan valideynlər üçün çətinlik yaradır (2 Tim. 3:15). Əgər sizdə də vəziyyət belədirsə, ümidinizi itirməyin. Şan adlı bir ağsaqqal deyir: «Bizi tək böyüdən anamız üçün yeni dil öyrənmək çox çətin idi. Bacımla mən isə ana dilimizi yaxşı bilmirdik. Bu çətinliyə baxmayaraq, anam heç vaxt şəxsi mütaliəsindən, duasından qalmırdı, ailəvi ibadəti hər həftə keçirirdi. Anamın ruhani şeylərə belə ciddi yanaşması bizə Yehovaya yaxınlaşmağın vacib olduğunu dərk etməyə kömək etdi».

9. Yehova Allah haqqında iki dildə öyrənən uşaqlara valideynləri necə kömək edə bilər?

9 Bəzi uşaqlar Yehova Allah haqqında iki dildə — valideynlərinin evdə danışdığı və məktəbdə təhsil aldığı dildə öyrənməli olur. Onlara bu sahədə kömək etməyə çalışan valideynlər hər iki dildə olan ədəbiyyatlardan, audio və video nəşrlərdən istifadə edirlər. Şübhəsiz, mühacir valideynlər daha çox vaxt ayırmalı və daha çox çalışmalıdırlar ki, övladlarına Yehovaya yaxınlaşmağa kömək edə bilsinlər.

SEÇİM ARASINDA QALANDA

10. a) Hansı dildə keçirilən yığıncağa getmək lazım olduğuna kim qərar verməlidir? b) Ailə başçısı qərar verməzdən əvvəl nə etməlidir?

10 Əgər mühacir onun doğma dilində keçirilən yığıncaqdan uzaqda yaşayırsa, onda yerli dildə keçirilən yığıncağa getməli olur (Zəb. 146:9). Bəs əgər ona yaxın ərazidə ana dilində keçirilən yığıncaq varsa, onda necə? Ailəsi üçün hansı dildə keçirilən yığıncağa getmək daha yaxşı olardı? Dua edəndən, ətraflı düşünüb ailəsi ilə məsləhətləşəndən sonra ailə başçısı bu barədə müdrik qərar verə bilər (1 Kor. 11:3). Bəs qərar verərkən hansı amillər nəzərə alınmalıdır? Bu sahədə ailə başçısına hansı prinsiplər kömək edə bilər? Gəlin onlardan bəzilərini nəzərdən keçirək.

11, 12. a) Uşağın yığıncaqda eşitdiklərini dərk etməsində dilin hansı rolu var? b) Nəyə görə bəzi uşaqlar valideynlərinin danışdığı dili öyrənmək istəmirlər?

11 Valideyn uşağının ehtiyaclarını düzgün qiymətləndirməlidir. Təbii ki, uşağın Yehova ilə möhkəm dostluq münasibətinin olması üçün sadəcə hər həftə yığıncağa getmək azdır. Lakin bir şeyi nəzərə almaq lazımdır: uşağın yaxşı bildiyi dildə keçirilən yığıncaqda iştirak etməsi bilmədiyi dildə keçirilən yığıncağa gedib-gəlməsindən daha çox fayda gətirəcək. (1 Korinflilərə 14:9, 11 ayələrini oxuyun.) Vaxt keçdikcə uşağınızın ana dili sizin dil yox, yerli dil ola bilər. Bəzən elə olur ki, uşaq valideynin danışdığı dildə şərh versə də, çıxış etsə də, bu, onun ürəyindən gəlmir.

12 Bundan başqa, uşağın ürəyinə təsir edən yalnız dil deyil. Bunu məqalənin əvvəlində adı çəkilən Coşuanın vəziyyətindən görmək olar. Onun böyük bacısı Ester deyir: «Valideynin mənsub olduğu mədəniyyət, danışdığı dil və din bir bütün təşkil edir». Əgər uşaq özünü valideynin böyüdüyü mədəniyyətə aid hiss etmirsə, ehtimal ki, onun dilini də, dinini də qəbul etməyəcək. Belə halda valideynlər nə edə bilərlər?

13, 14. a) Nəyə görə bir ailə yerli dildə keçirilən yığıncağa keçdi? b) Samuellə yoldaşı ruhani cəhətdən möhkəm qalmaq üçün nə edirdilər?

13 Məsihi valideynlər üçün uşaqlarının Yehova Allaha yaxın olması özlərinin şəxsi istəklərindən daha vacibdir (1 Kor. 10:24). Coşua ilə Esterin atası Samuel deyir: «Arvadımla mən uşaqlarımıza hansı dilin daha rahat olduğunu, hansı dilin onları Yehovaya daha yaxın etdiyinə fikir verirdik. Sonra müdrik qərar  vermək üçün dua etdik. Duamıza aldığımız cavab bizim üçün münasib olmasa da, uşaqlarımızın xeyrinə idi. Görəndə ki, bizim dilimizdə keçirilən yığıncaq onların ruhani inkişafına mane olur, qərara gəldik ki, yerli dildə keçirilən yığıncağa keçək. Biz birlikdə yığıncağa və xidmətə gedirdik. Həmçinin yerli bacı-qardaşları evimizə qonaq çağırır, onlarla birgə gəzməyə çıxırdıq. Bütün bunların sayəsində Yehova uşaqlarımız üçün sadəcə Yaradan yox, həmçinin Ata və Dost oldu. Bundan əlavə, onlar bacı-qardaşlara da yaxın oldular. Bu, bizim üçün onların ana dilimizi öyrənmələrindən daha vacib idi».

14 Samuel əlavə edir: «Arvadımla mən ruhani cəhətdən zəifləməyək deyə, doğma dilimizdə keçirilən yığıncağa da gedirdik. Bir dəqiqədə olsun boş vaxtımız olmurdu, çox yorulurduq. Çəkdiyimiz zəhməti və verdiyimiz qurbanları xeyir-dualandırdığı üçün Yehovaya çox minnətdarıq. Hal-hazırda övladlarımızın üçü də tammüddətli xidmətdədir».

GƏNCLƏR NƏ EDƏ BİLƏRLƏR?

15. Kristina adlı bir gənc nəyə görə başqa yığıncağa keçmək qərarına gəldi?

15 Gənclər belə qənaətə gələ bilərlər ki, ona doğma gələn dildə keçirilən yığıncağa getməklə Yehovaya daha yaxşı xidmət edə bilərlər. Belə halda valideyn düşünməməlidir ki, uşaq daha onu sevmədiyi üçün başqa yığıncağa keçir. Kristina adlı bir gənc deyir: «Valideynlərimin danışdığı dili başa düşürdüm, lakin həmin dildə keçirilən yığıncaqda deyilənləri dərk edə bilmirdim. 12 yaşımda təhsil aldığım dildə olan toplantıya getdim. Mən həqiqəti məhz onda anladım! Həyatımın ikinci dönüş nöqtəsi isə həmin dildə ilk dəfə dua edəndə oldu. Mən ilk dəfə idi ki, Yehova ilə ürəkdən danışırdım» (Həv. 2:11, 41). Kristina yetkinlik yaşına çatanda öz hissləri barədə valideynlərinə danışır və yerli dildə keçirilən yığıncağa keçmək qərarına gəlir. Kristina sözlərinə davam edir: «Yaxşı başa düşdüyüm dildə Yehova haqda öyrənmək məni hərəkətə təşviq etdi». Bir müddət sonra Kristina öncül xidmətinə başlayır.

16. Nadyanın başqa yığıncağa keçməməsi ona hansı fayda gətirdi?

16 Əziz gənc, əgər sən də yerli dildə keçirilən yığıncağa keçmək istəyirsənsə, onda özündən soruş: «Bununla Yehovaya daha yaxın olmağa, yoxsa sadəcə valideynlərimin nəzarətindən qaçmağa çalışıram? Bəlkə, düşünürəm ki, bu, valideynlərimin dilini öyrənməmək üçün ən rahat yoldur?» (Yaq. 4:8). Hal-hazırda Beyteldə xidmət edən Nadya adlı bacı deyir: «Doğma bacı-qardaşlarım və mən yeniyetmə olanda yerli dildə olan yığıncağa keçmək istəyirdik». Lakin onların valideynləri başa düşürdülər ki, bu, heç də uşaqların xeyrinə olmayacaq. Nadya davam edir: «Valideynlərimiz bizə öz ana dilini öyrətmək üçün əllərindən gələni edirdilər. Çəkdikləri bu zəhmətə, bizə həmin dildə keçirilən yığıncaqda qalmağa kömək etdiklərinə görə onlara çox minnətdarıq! Bütün bunlar bizim həyatımıza rəng qatdı və başqalarına Yehova Allah haqda öyrətmək üçün geniş imkan açdı».

YIĞINCAQ ÜZVLƏRİNİN KÖMƏYİ

17. a) Yehova uşaqları tərbiyə etmək məsuliyyətini kimə tapşırıb? b) Onlara bu sahədə nələr kömək edə bilər?

17 Uşaqları həqiqətdə böyütməyi Yehova nənə-babaya yox, yalnız valideynlərə tapşırıb. (Məsəllər 1:8; 31:10, 27, 28 ayələrini oxuyun.) Lakin yaşadığı  ölkənin dilini yaxşı bilməyən valideynlərə uşaqlarını həqiqətdə böyütmək üçün kömək lazımdır. Ancaq bu o demək deyil ki, bütün məsuliyyət kömək edən adamın üzərinə atılmalıdır. Bu, sadəcə uşaqları «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütmək üçün valideynlərə göstərilən yardımdır (Efes. 6:4). Misal üçün, valideynlər maraqlı ailəvi ibadət keçirmək və uşaqlarına yığıncaqda yaxşı dost tapmaqla bağlı ağsaqqallardan bəzi məsləhətlər ala bilərlər.

Dindaşları ilə ünsiyyət həm valideynlərə, həm də uşaqlara müsbət təsir edir (18 və 19-cu abzaslara baxın)

18, 19. a) Yetkin bacı-qardaşlar gənclərə necə kömək edə bilərlər? b) Bəs valideynlərdən nə tələb olunur?

18 Məsələn, valideynlər ailəvi ibadətə vaxtaşırı başqa ailələri dəvət edə bilərlər. Bundan başqa, əksər gənclərə yetkin bacı-qardaşlarla xidmətə getmək, birgə səmərəli vaxt keçirmək müsbət təsir edir (Məs. 27:17). Yuxarıda adı çəkilən Şan deyir: «Mənə kömək edən qardaşları indiyədək xatırlayıram. Onlar mənə yığıncaqda verilən tapşırıqlarımı hazırlamağa kömək edəndə onlardan çox şey öyrənirdim. Birgə keçirdiyimiz vaxtdan zövq alırdım».

19 Kömək edən bacı-qardaşlar, öz növbəsində, uşaqlara valideynlərinə hörmət etməyi aşılamalı, uşağın valideynləri haqda müsbət danışmalı, onların yerini tutmamalıdırlar. Bundan başqa, kömək edən dindaşlar yığıncaqda və kənarda yanlış təsəvvür oyada biləcək hər cür davranışdan uzaq olmalıdırlar (1 But. 2:12). Uşağı məsihi kimi böyütməyə başqaları kömək etsə də, bu, əslində, valideynin məsuliyyətidir. Valideyn dindaşının onun uşağına necə kömək etdiyinə fikir verməlidir. Uşağın dərsini şəxsən özü keçməlidir.

20. Valideynlər övladlarına Yehovaya sadiq xidmətçi olmağa necə kömək edə bilərlər?

20 Valideynlər, Yehovadan kömək diləyin və əlinizdən gələni edin. (2 Salnamələr 15:7 ayəsini oxuyun.) Həyatınızda əsas məqsəd övladınızı Yehovaya yaxınlaşdırmaq olmalıdır. Allahın Kəlamının uşağınızın ürəyinə təsir etməsi üçün var gücünüzlə çalışın. Heç vaxt düşünməyin ki, uşağınızdan Yehovaya sadiq xidmətçi olmaz. Görəndə ki, uşağınız Allahın Kəlamına əsasən yaşayır və sizin gözəl nümunənizi izləyir, onda siz də həvari Yəhya kimi deyəcəksiniz: «Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 Yəh. 4).

^ abz. 7 «Oyanın!» jurnalının 2007-ci il mart sayının 10—12 səhifələrində yerləşən «Yeni dil öyrənə bilərsiniz» adlı məqaləyə (türk.) baxın.