2000-ci ilin sentyabr ayında ailə quran Daniel və Miriam İspaniyanın Barselona şəhərində məskunlaşır. Daniel deyir: «Yaşayışımız yaxşı idi. Yüksək məvacibli işimizin sayəsində bahalı restoranlara gedir, xaricə səyahət edir, yaxşı paltarlar alırdıq. Xidmətimizdən də qalmırdıq». Ancaq sonradan hər şey dəyişdi.

2006-cı ildə keçirilən toplantıdakı bir məruzə Danielə çox təsir etdi. Məruzə ilə çıxış edən qardaş belə bir sual verdi: «“Məhvin astanasında olanları” əbədi həyat yoluna gətirmək üçün əlimizdən gələn hər şeyi edirik?» (Məs. 24:11). Bu sual Müqəddəs Kitabın xilas xəbərini insanlara çatdırmağın vacibliyini vurğulayırdı (Həv. 20:26, 27). Daniel deyir: «Mənə elə gəlirdi ki, Yehova şəxsən mənə müraciət edir». Məruzədə həmçinin xidməti genişləndirməyin çoxlu sevinc gətirdiyindən danışılırdı. Daniel bu sözlərin doğruluğuna şübhə etmirdi, çünki yoldaşı Miriam həmin vaxt artıq öncül kimi xidmət edir və Yehovadan çoxlu xeyir-dua alırdı.

Daniel davam edir: «Fikirləşdim ki, həyatımı dəyişməyin əsl vaxtıdır». O belə də edir: iş saatını azaldır, öncül xidmətinə başlayır, həmçinin müjdəçilərə ehtiyac olan əraziyə köçməyin ona və Miriama gətirəcəyi sevinc barədə düşünür.

KƏDƏRDƏN SEVİNCƏ

2007-ci ilin may ayında Daniel və Miriam işdən çıxır və əvvəllər səyahət etdikləri Panamaya gedirlər. Panama Karib dənizində Bokas-del-Toro arxipelaqında yerləşən adalardan ibarətdir. Yerli camaatın əksəriyyətini nqabelər təşkil edir. Daniel və Miriam belə qənaətə gəlirlər ki, yığdıqları pulla burada səkkiz ay qala bilərlər.

Onlar bir adadan digərinə qayıqla keçir, qalan yolu isə velosipedlə davam edirdilər. Daniel və Miriam ilk dəfə velosipedlə xidmətə çıxdıqları günü heç unutmurlar: onlar qızmar günəş altında düz 32 kilometr dik yoxuşa qalxmışdılar. Daniel elə tənginəfəs olmuşdu ki, az qala huşunu itirsin. Yolboyu rast gəldikləri nqabe ailələri onları xoş qarşılayırdı. Daniellə Miriamın nqabe dilində danışmağa cəhd göstərmələri yerli camaatın lap xoşuna gəlirdi. Tezliklə onlar 23 nəfərə Müqəddəs Kitab dərsi keçməyə başlayırlar.

Ancaq onların pulları qurtaranda sevincləri kədərə dönür. Daniel bölüşür: «Fikirləşəndə ki, İspaniyaya qayıtmalıyıq bizi qəhər boğurdu. Dərs keçdiyimiz insanlardan uzaq düşəcəyimizə görə çox pis olurduq». Ancaq bir aydan sonra onlar gözləmədikləri bir xəbər alırlar. Miriam deyir: «Bizi xüsusi öncül təyin etdilər. Təsəvvür edə bilməzsiniz, burada qalacağımızı biləndə necə sevindik!»

ƏSL XOŞBƏXTLİK!

2015-ci ildə təşkilatda baş verən dəyişikliklərə görə Daniel və Miriam xüsusi öncül kimi yox, öncül kimi xidmət etməyə başlayırlar. Onlar Zəbur 37:5 ayəsində yazılan sözlərə etibar edirlər: «Yolunu Yehovaya tapşır, Ona güvən, O, sənin işini hasil edər». Öncül kimi xidmət edə bilmək üçün onlar iş tapır və hal-hazırda Panamanın Veraquas əyalətindəki bir yığıncaqda xidmət edirlər.

Daniel deyir: «İspaniyanı tərk etməzdən öncə sadə həyat sürə biləcəyimizə əmin deyildik. Ancaq bu, bizdə alındı, indiyədək lazım olan heç bir şeydən korluq çəkməmişik». Onları xoşbəxt edən nədir? Daniel və Miriam bölüşür: «Səmimi insanlara Yehova Allah haqda öyrətməkdən böyük xoşbəxtlik ola bilməz!»