«Yehova,.. nə olar, yadına sal, mən necə önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm» (2 PAD. 20:3).

NƏĞMƏ: 52, 65

1—3. Allaha sidqi-ürəkdən ibadət etmək nə deməkdir? Nümunə çəkin.

QEYRİ-KAMİL olduğumuz üçün səhv etmək qanımızdadır. Amma şükürlər olsun Yehovaya ki, bizi Oğlunun fidyə qurbanlığı əsasında bağışlamağa hazırdır. Lakin Yehova bunu bir şərtlə edir: əgər insan özünü aşağı tutub tövbə edir və Ondan əfv diləyirsə. Belə halda O, «bizimlə günahlarımıza görə» rəftar etmir (Zəb. 103:10). Yehovanın ibadətimizi qəbul etməyini istəyiriksə, Davud padşah oğlu Süleymana dediyi kimi Allaha sidqi-ürəkdən xidmət etməliyik (1 Saln. 28:9). Düzdür, qeyri-kamil olmağımız bu işi bir az çətinləşdirir, amma bu, yenə də mümkündür.

2 Buna əmin olmaq üçün gəlin Yəhudanın iki padşahı Asa ilə Amisayı müqayisə edək. Onların hər ikisi Yehova Allahın bəyəndiyi işləri görürdü, ancaq Amisaydan fərqli olaraq, Asa bunu sidqi-ürəkdən edirdi (2 Saln. 15:16, 17; 25:1, 2; Məs. 17:3). Hər iki padşah qeyri-kamil idi və səhvlər edirdi. Lakin Asa, demək olar ki, heç vaxt Allahın sözündən çıxmamışdı, çünki Yehovaya ürəkdən bağlı idi. Amisay isə Allaha tam sadiq deyildi. O, Allahın düşmənləri üzərində qələbə çalandan  sonra onların allahlarını özü il gətirib onlara səcdə qılmışdı (2 Saln. 25:11—16).

3 Allaha sidqi-ürəkdən xidmət etmək həmişə Ona sadiq olmaq deməkdir. Müqəddəs Kitabda, adətən, «ürək» deyəndə insanın daxili aləmi nəzərdə tutulur. İnsanın daxili aləmi onun arzuları, düşüncələri, xasiyyəti, əhval-ruhiyyəsi, bacarıqları, niyyətləri və məqsədlərindən ibarətdir. Deməli, Yehovaya sidqi-ürəkdən ibadət edən insan zərrə qədər də olsun riyakarlığa yol vermir, yəni, o, sadəcə, üzdən dindar görünmür. Bəs bizim haqqımızda nə demək olar? Qeyri-kamil olsaq da, riyakarlıq etmədən Allaha həmişə sadiq qalsaq, biz də deyə bilərik ki, Ona sidqi-ürəkdən ibadət edirik (2 Saln. 19:9).

4. Bu məqalədə nə barədə danışılacaq?

4 Gəlin Allaha könüldən bağlı olan dörd Yəhuda padşahının, Asa, Yəhuşafat, Hizqiyyə və Yuşiyyənin nümunəsini nəzərdən keçirək. Bu müzakirə bizə Allaha sidqi-ürəkdən xidmət etməyin nə demək olduğunu tam başa düşməyə kömək edəcək. Bu insanlar səhvlər etsə də, Yehova onlardan razı idi və onların Ona sidqi-ürəkdən xidmət etdiyini demişdi. Görəsən, nəyə görə Yehova bu padşahlar haqda bu fikirdə idi və biz onlardan nədə örnək götürə bilərik?

«ASANIN ÜRƏYİ... BÜTÜNLÜKLƏ YEHOVAYA BAĞLI QALDI»

5. Asa padşah hansı qəti addımları atmışdı?

5 İsrail iki hissəyə, Yəhuda və İsrail padşahlığına bölünəndən sonra Asa Yəhuda padşahlığının üçüncü padşahı olub. O, öz məmləkətini bütpərəstlikdən təmizləmiş və «məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən» qovmuşdu. Asa hətta nənəsi Məkahı da büt düzəltdiyi üçün məlikəlikdən məhrum etmişdi (1 Pad. 15:11—13). O, həmçinin xalqa «Yehovaya ibadət etməyi, Onun Qanununa, əmrlərinə əməl etməyi» buyurmuşdu. Bəli, Asa pak ibadəti dəstəkləyirdi (2 Saln. 14:4).

6. Həbəşlər Yəhudaya yürüş edəndə Asa padşah nə etdi?

6 Asanın hakimiyyətinin ilk on ili Yehovanın köməyilə Yəhudada sülh və əmin-amanlıq hökm sürmüşdü. Amma bir dəfə həbəş Zarah 1 000 000 nəfərlik ordu və 300 cəng arabası ilə Yəhudaya qarşı yürüş edir (2 Saln. 14:1, 6, 9, 10). Bəs bu cür ağır vəziyyətdə Asa necə davranır? O əmin idi ki, Yehova xalqının köməyinə çatacaq, buna görə də Ona üz tutur. (2 Salnamələr 14:11 ayəsini oxuyun.) Asanın səmimi duasına cavab olaraq Yehova ona tam qələbə verdi, Həbəş ordusunda bir nəfər də sağ qalmadı (2 Saln. 14:12, 13). Hərdən bəzi padşahlar Yehovaya sadiq olmasa da, Yehova Öz adı naminə düşməni onlara təslim edirdi (1 Pad. 20:13, 26—30). Ancaq Asa Yehovaya bel bağladığı üçün Yehova onun duasını eşitdi. Təəssüf ki, sonralar Asa Yehovanın işlərini unudub ağılsız hərəkətlərə yol verdi. Misal üçün, o, Yehovadan yox, Aram padşahından kömək istəmişdi (1 Pad. 15:16—22). Bununla belə, Müqəddəs Kitabda yazılıb ki, «Asanın ürəyi ömrü boyu bütünlüklə Yehovaya bağlı qaldı». Bəs biz Asanın yaxşı işlərindən necə nümunə götürə bilərik (1 Pad. 15:14).

7, 8. Asadan nədə nümunə götürə bilərik?

7 Hər birimiz ürəyimizi təhlil etməliyik, görək, biz də Allaha tam sadiqik? Özünüzdən soruşun: «Mən Yehovanı razı salmaq, pak ibadəti dəstəkləmək və Allahın xalqını pis təsirdən müdafiə etmək üçün qəti addımlar atmağa  hazıram?» Təsəvvür edirsiniz, nənəsi Məkaha, məlikə anaya qarşı çıxmaq üçün Asaya nə qədər cəsarət lazım idi?! Çətin ki siz həyatda Məkah kimi bir insanla rastlaşasınız, amma Asa kimi cəsarətli olmağı tələb edən vəziyyətlərlə üzləşə bilərsiniz. Məsələn, ailə üzvlərinizdən biri və ya yaxın dostunuz günah edib tövbə etmədiyi üçün yığıncaqdan kənar olunarsa, necə davranacaqsınız? Onunla ünsiyyəti kəsəcəksiniz? Ürəyiniz sizi nəyə təşviq edəcək?

8 Yehovaya Asa kimi sidqi-ürəkdən xidmət etdiyinizi hətta ən ağır təqiblərlə qarşılaşanda belə, Ona tam güvənməklə sübut edə bilərsiniz. Ola bilsin, Yehovanın Şahidi olduğunuz üçün məktəbdə sizi lağa qoyurlar. Yaxud ibadətinizlə bağlı məzuniyyət götürəndə və ya daha çox pul qazanmaq üçün iş saatından artıq işləməyəndə iş yoldaşlarınız sizə rişxənd edirlər. Belə vəziyyətlərdə Asa kimi Yehovaya dua edin. Cəsarətli olun, Yehovaya güvənin və Onun gözündə doğru olan işləri görün. Əmin olun ki, Yehova Asaya kömək etdiyi kimi, sizə də kömək edəcək.

9. Yehovaya sidqi-ürəkdən xidmət etdiyimizi təbliğ işində necə göstərə bilərik?

9 Allahın xidmətçiləri Asa kimi pak ibadəti dəstəkləyirlər. Onlar ancaq özlərinin Yehova ilə münasibətlərini fikirləşmirlər, başqalarını da Ona ibadətə təşviq edirlər. Biz məhəbbətdən irəli gələrək və insanların əbədi rifahını düşündüyümüz üçün müjdəni təbliğ edəndə Yehova fərəhlənir!

YƏHUŞAFAT YEHOVAYA SİDQİ-ÜRƏKDƏN İBADƏT EDİRDİ

10, 11. Yəhuşafatdan nədə nümunə götürə bilərsiniz?

10 Asanın oğlu Yəhuşafat da atasının yolu ilə getdi (2 Saln. 20:31, 32). O da atası kimi xalqı Yehovaya ibadətə təşviq edirdi. Yəhuşafat göstəriş vermişdi ki, «Yehovanın verdiyi Qanun kitabı»ndan xalqa təlim verilsin (2 Saln. 17:7—10). O, xalqı Yehovaya tərəf döndərmək üçün hətta İsrail padşahlığının ərazisinə, Əfraim dağlıq bölgəsinədək gedib çıxmışdı (2 Saln. 19:4). Göründüyü kimi Yəhuşafat Yehovaya sidqi-ürəkdən ibadət edən padşah idi (2 Saln. 22:9).

11 Bu gün hər birimiz Yehovanın təşkil etdiyi ən böyük maarifləndirmə işinə töhfəmizi verə bilərik. Bəs siz kiməsə Müqəddəs Kitab dərsi keçmək, onu Yehovanın yolunu tutmağa təşviq etmək istəyirsiniz? Cəhd göstərsəniz və Yehovadan kömək istəsəniz, bu arzunuza çata bilərsiniz. Bəs bu barədə dua edirsiniz? Özünüzə ayırdığınız vaxtı kiməsə dərs keçməyə sərf etmək lazım gəlsə belə, bunu etməyə hazırsınız? Xalqı pak ibadətə döndərmək üçün Əfraim ərazisinə qədər gedib çıxan Yəhuşafat kimi, siz də qeyri-fəal təbliğçiləri ziyarət edib onlara kömək edə bilərsiniz. Ağsaqqallar da yığıncaqdan kənar olunmuş, amma günahlı əməllərdən əl çəkmiş insanlara baş çəkib kömək edirlər.

12, 13. a) Çıxılmaz vəziyyətdə olanda Yəhuşafat nə etdi? b) Nəyə görə biz də Yəhuşafat kimi aciz olduğumuzu etiraf etməliyik?

12 Yəhuşafat böyük bir ordunun hədə-qorxusu qarşısında belə, atası Asa kimi Allaha sadiq qaldı. (2 Salnamələr 20:2—4 ayələrini oxuyun.) Sözsüz ki, bu vəziyyətdə Yəhuşafat qorxmuşdu. Amma o, «Yehovaya üz tutdu». Duada o, özünün və xalqın adından etiraf etmişdi: «Bu böyük izdihamın qarşısında acizik, bilmirik nə edək». Sonra o demişdi: «Gözümüzü Sənə dikmişik». Bu sözlərdən  görünür ki, Yəhuşafat tamamilə Yehovaya güvənirdi (2 Saln. 20:12).

13 Hərdən biz də Yəhuşafat kimi bilmirik nə edək, hətta canımıza qorxu düşür (2 Kor. 4:8, 9). Amma diqqət yetirin ki, Yəhuşafat camaat qarşısında özünün və xalqın gücsüz olduğunu etiraf etmişdi (2 Saln. 20:5). Məsihi ailə başçısı problemlərlə üzləşəndə Yəhuşafatdan nümunə götürərək Yehovadan məsləhət və güc istəməlidir. Ailəsinin yanında Yehovadan yalvarıb kömək istəməyə utanmamalıdır. Belə halda ailə üzvləri onun Yehovaya ürəkdən güvəndiyini görəcəklər. Ailə başçısı əmin ola bilər ki, Yehova Yəhuşafata kömək etdiyi kimi, ona da kömək edəcək.

HİZQİYYƏ YEHOVANIN BƏYƏNDİYİ İŞLƏRİ GÖRÜRDÜ

14, 15. Hizqiyyə Yehovaya arxalandığını necə göstərdi?

14 İndi isə gəlin Yehovaya bağlı qalan Hizqiyyə padşahın nümunəsinə baxaq. Yəhuşafatın atasından fərqli olaraq, onun atası bütpərəst idi. Hizqiyyə atasının pis təsirinə düşməmək üçün mübarizə aparmalı olmuşdu. O, «dik daşları parça-parça etdi, Aşera bütünü kəsdi. Həmçinin Musanın düzəltdiyi mis ilanı da sındırdı», çünki xalq onu bütləşdirmişdi. Hizqiyyə «Yehovanın Musaya verdiyi əmrlərə» əməl etdiyi üçün Yehovaya sonadək sadiq qalmışdı (2 Pad. 18:1—6).

15 Hətta o dövrün ən qüdrətli dövləti olan Aşşur Yəhuda ərazisinə soxulub Yerusəlimi dağıtmaqla hədələyəndə Hizqiyyə bütün ürəyi ilə Yehovaya güvənmişdi. Aşşur padşahı Sinaxerib Yehovaya istehza edirdi. O, Hizqiyyəni qorxuya salmağa çalışırdı ki, o təslim olsun. Hizqiyyə isə Yehovaya dua edib Onun qüdrətinə arxalandığını söylədi. (Əşiya 37:15—20 ayələrini oxuyun.) Allah onun duasını eşitdi, mələyini göndərib aşşurluların ordugahında 185 000 nəfəri qırdı (Əşy. 37:36, 37).

16, 17. Bir məsihi kimi Hizqiyyədən necə nümunə götürə bilərik?

16 Sonralar Hizqiyyə ölümcül xəstəliyə tutulur. O, Yehovaya yalvarır ki, onun sədaqətini yadına salsın. (2 Padşahlar 20:1—3 ayələrini oxuyun.) Müqəddəs Kitabda yazılanlardan bilirik ki, bizim dövrdə Yehova nə möcüzə ilə şəfa vermir, nə də ömrü uzatmır, buna görə də bunu Yehovadan gözləmirik. Amma hər birimiz Hizqiyyə kimi duada Allaha deyə bilərik: «Önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm». Bəs siz inanırsınız ki, yatağa düşəndə belə, Yehova sizə dayaq olacaq? (Zəb. 41:3).

17 Hizqiyyənin nümunəsini nəzərdən keçirəndə, ola bilsin, başa düşdünüz ki, Yehova ilə münasibətinizə zərər vuran və sizi ibadətdən yayındıran şeyləri həyatınızdan çıxarıb atmaq lazımdır. Məsələn, bu gün insanlar sosial şəbəkələrdə kimlərisə ilahiləşdirir. Aydındır ki, biz onlar kimi olmaq istəmirik. Düzdür, məsihilər də qohumları və dostları ilə əlaqə saxlamaq üçün sosial şəbəkələrdən istifadə edirlər. Lakin dünyadakı insanlar bu şəbəkələrin xəstəsinə çevriliblər: tanımadıqları insanların həyatını izləyir, bütün vaxtlarını onların şəkillərinə baxmağa, onlarla bağlı məlumat oxumağa sərf edirlər. Məsihilər ehtiyatlı olmasalar, insanın bütün vaxtını alan bu cür mənasız şeylərə qurşana bilərlər. Hətta bəzən məsihi sosial şəbəkələrdə yerləşdirdiyi şəkilləri və məlumatı çoxları bəyənəndə, necə deyərlər, «layk» edəndə qürurlana, kimsə artıq onun səhifəsini izləməyəndə inciyə bilər. Həvari Bulusun, ya da Akvilasla Priskillanın hər gün  oturub səhifələrinə şəkil yerləşdirdiyini, yaxud yığıncaqdan olmayan bir adamın səhifəsini izlədiyini təsəvvür edə bilirsiniz?! Müqəddəs Kitabda yazılıb ki, həvari Bulus «bütün vaxtını Allahın sözünü yaymağa» həsr edirdi. Priskilla ilə Akvilas isə vaxtlarını başqalarına «Allahın yolunu daha dəqiqliklə» izah etmək üçün sərf edirdilər (Həv. 18:4, 5, 26). Gəlin özümüzdən soruşaq: «Kimisə həyatımda ilahiləşdirməmək, vaxtımı mənasız şeylərə sərf etməmək üçün nə dərəcədə ehtiyatlıyam?» (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.)

YUŞİYYƏ YEHOVANIN ƏMRLƏRİNƏ TABE OLURDU

18, 19. Yuşiyyədən özünüzə nədə nümunə götürürsünüz?

18 Hizqiyyənin nəticəsi Yuşiyyə padşah da sidqi-ürəkdən Yehovanın əmrlərinə tabe olurdu (2 Saln. 34:31). Hələ çox gənc yaşlarında o, «əcdadı Davudun Allahına ibadət etməyə», iyirmi yaşında isə Yəhudanı bütlərdən təmizləməyə başlamışdı. (2 Salnamələr 34:1—3 ayələrini oxuyun.) Yəhuda padşahlarının arasında Yehovanı razı salmaq üçün Yuşiyyə qədər qətiyyət göstərən ikinci padşah olmayıb. Ancaq bir dəfə, çox ehtimal ki, Musa peyğəmbərin yazdığı Tövrat kitabı tapılanda və Yuşiyyənin hüzurunda oxunanda padşah başa düşür ki, Yehovanı razı salmaq üçün görüləsi hələ çox iş var. Yuşiyyə xalqı da Yehova Allaha ibadətə səslədi. Beləcə, «onun dövründə heç kim... Yehovanın yolundan çıxmadı» (2 Saln. 34:27, 33).

19 Gənclər Yuşiyyədən nümunə götürərək erkən yaşlarından Yehovanı axtarmalıdırlar. Ola bilsin, Yuşiyyənin babası, günahlarından tövbə etmiş Mənəssə padşah ona Yehovanın mərhəməti barədə danışmışdı. Əziz gənclər, Allaha sədaqətlə xidmət edən yaşlı ailə üzvlərinizlə və həqiqət yolunda sədaqətlə ömür sürüb yaşa dolmuş dindaşlarınızla ünsiyyət edin. Onlardan Yehovanın onlara etdiyi yaxşılıqlar barədə soruşun. Yadınızdadırsa, Yuşiyyəyə təsir edən və onu hərəkətə təşviq edən Müqəddəs Yazılar olmuşdu. Müqəddəs Kitabı oxumaq Yehova ilə dostluğunuzu möhkəmləndirəcək, sizi xoşbəxt edəcək. Həmçinin sizdə həvəs oyadacaq ki, başqalarına Yehovaya yaxınlaşmağa kömək edəsiniz. (2 Salnamələr 34:18, 19 ayələrini oxuyun.) Müqəddəs Kitabı mütaliə edəndə xidmətinizi məharətlə yerinə yetirmək üçün çatışmayan məqamları görə bilərsiniz. Belə olanda Yuşiyyə kimi lazımi addımlar atın.

YEHOVAYA SİDQİ-ÜRƏKDƏN İBADƏT EDİN!

20, 21. a) Yəhudanın dörd padşahı arasında oxşar cəhət hansıdır? b) Növbəti məqalədə hansı suala cavab tapacağıq?

20 Yehovaya sidqi-ürəkdən xidmət edən dörd Yəhuda padşahının nümunəsindən nə öyrənirik? Onlar Allahın iradəsini qətiyyətlə yerinə yetirirdilər və ömürləri boyu Ona sadiq olmuşdular. Bu padşahlar həmişə, hətta güclü düşmənlə üz-üzə olanda belə, Allahı razı salan işlər görürdülər. Ən əsası isə onlar Yehovaya səmimi-qəlbdən ibadət edirdilər.

21 Növbəti məqalədə görəcəyik ki, bu padşahların hər biri səhvlər edirdi. Amma ürəkləri araşdıran Yehova Allah onlara nəzər salanda onların sidqi-ürəkdən xidmət etdiyini görmüşdü. Biz də səhvlər edirik. Bəs Yehova bizim ürəyimizə baxanda nə görəcək, biz Ona səmimi-qəlbdən xidmət edirik? Bu sualı növbəti məqalədə cavablandıracağıq.